SENTO
Mərkəzi Müqavilə Təşkilatı və ya SENTO (ing. The Central Treaty Organization — CENTO), 1958-ci ilədək Bağdad paktı — Böyük Britaniya və ABŞ-nin təşəbbüsü ilə yaradılan, 1955-1979-cu illərdə Yaxın və Orta Şərq ölkələrini birləşdirən hərbi-siyasi blok. Təşkilatın üzvləri Böyük Britaniya, Fransa, Türkiyə, İran, İraq (1958-dək) və Pakistan idi. ABŞ formal olaraq təşkilata üzv olmasa da, 1957-ci ildən onun əsas komitələrinin iştirakçısı olmuşdur.
SENTO CENTO, СЕНТО, SENTO | |
---|---|
Yaranma tarixi | 24 fevral 1955 |
Ləğvolma tarixi | 16 mart 1979 |
Mərkəzi | |
Vikianbarda əlaqəli mediafayllar |
SENTO-nun əsası 24 fevral 1955-ci ildə Bağdadda İraq və Türkiyə arasında imzalanan hərbi paktla qoyulmuşdur. Aprelin 4-də Böyük Britaniya, 23 sentyabrda Pakistan, 3 noyabrda isə İran bu pakta qoşuldular. 1958-ci ildə İraq blokdan çıxdığını elan etdikdən sonra, 1959-cu ildə ABŞ ilə İran, Pakistan və Türkiyə arasında birbaşa və ya dolayı "kommunizm aqressiyası"na qarşı əməkdaşlıq barədə ikitərəfli müqavilələr imzalandı. Bu müqavilələr SENTO-nun fəaliyyət göstərdiyi ərazilərdə sovetpərəst, qərb əleyhdarı və digər təxribatçı qüvvələrə qarşı həlledici rol oynayırdı.
XX əsrin 60-cı illərində və 70-ci illərinin əvvəllərində SENTO-ya üzv olan ölkələr arasında fikir ayrılıqları yaranmışdır. Bloka üzv olan müsəlman dövlətləri İsrailin ABŞ və digər qərb dövlətləri tərəfindən dəstəklənən fəaliyyətini tənqid edərək blok daxilində iqtisadi əməkdaşlığın gücləndirilməsini təklif edirdilər.
SENTO-nun əsas institutları — Daimi nazirlər şurası (sessiyalar hər il keçirilirdi), Katiblik və 4 komitə (hərbi, təxribatçı fəaliyyətlə mübarizə, iqtisadi və qarşılıqlı əlaqələr) idi. Blokun hərbi planlaşdırma üzrə birləşmiş qərargahı, həmçinin bəzi alt komitələri və texniki qrupları da mövcud idi.
1961-1979-cu illərdə təşkilatın mərkəz-qərargahı Ankarada yerləşirdi. Hərbi blok 1979-cu il İslam inqilabından sonra İranın, ardınca isə Pakistanın blokdan çıxması ilə fəaliyyətini dayandırmışdır .