Location via proxy:   [ UP ]  
[Report a bug]   [Manage cookies]                

Bibliya

Xristianlığın Müqəddəs Kitablar toplusu

BibliyaXristianlığın Müqəddəs Kitablar toplusu. Bibliya Əhdi-Ətiq (Əski Əhd) və Əhdi-Cədid (Yeni Əhd) adlı toplulara bölünür. Onların hərəsi, öz növbəsində, çoxlu kitablardan ibarətdir. Əhdi-Ətiq xristian kilsəsi tərəfindən qəbul edilən qədim yəhudi dininin Müqəddəs Kitablarıdır.[1] Bibliya 66 kitabdan ibarətdir. Bunlardan 39-u Əhdi-Ətiqə, 27-si Əhdi-Cədidə daxildir.

Qutenberq Bibliyası həm də dünya tarixində çap edilmiş ilk kitabdır

Müqəddəs Kitab bütün zamanların ən çox satan kitab hesab olunur və 100 milyon nüsxə illik satış qiymətləndirmişdir.[2][3] Başqa dillərə tərcümə nöqteyi-nəzərindən Bibliya dünyada birinci yeri tutur. 2007-ci ilin sonunadək Bibliya dünyada mövcud olan 6900 dildən tam surətdə 438 dilə, yalnız Əhdi-Cədid olmaqla qismən 1168 dilə tərcümə olunmuşdur. Bu kitab son zamanlar yeni dillərə daha sürətlə tərcümə edilir.[4]

Müqəddəs Kitab ilk dəfə Katolik Kilsəsində toplu hala gətirildi və ilk tərcümə Katolik Kilsəsi tərəfindən olunmuşdur. İlk tərcümə Müqəddəs Jerome tərəfindən edilmişdir latın dilinə.


Dünya ədəbiyyatı və incəsənətində Bibliya mövzuları geniş yayılmışdır. Kitabdakı obrazlardan (Adəm, Həvva, Davud, Süleyman, İsa və s.) Şərq, o cümlədən Azərbaycan ədəbiyyatında geniş istifadə edilmişdir.

Əhdi-Ətiq kitabları

redaktə
  Əsas məqalə: Əhdi-Ətiq

Əhdi-Cədid kitabları

redaktə
  Əsas məqalə: Əhdi-Cədid

Bibliyanın Azərbaycan dilinə tərcümələri

redaktə

Bibliyanın Azərbaycan dilinə ilk tərcüməsi 1842-ci ilə aiddir. 1842-ci ildə İsveçrənin Bazel şəhərindəki missioner cəmiyyəti Mirzə Fərrux və Feliks Zarembanın tərcüməsində İncilin (Əhdi Cədid) bir kitabı olan Mattanın İncilini Londonda çap etmişdir. 1878-ci ildə Əhdi-Cədid tam şəkildə tərcümə edilmiş və Londonda nəşr olunmuşdur. 1975-ci ildə İsveçin paytaxtı Stokholmda yerləşən Bibliyanı Tərcümə İnstitutu Mirzə Xəzərə müraciət edib, Bibliyanın müasir Azərbaycan dilinə yeni tərcüməsini hazırlamaq işini ona tapşırmışdır. 1982-ci ildə Bibliyanı Tərcümə İnstitutu Mirzə Xəzərin tərcüməsində Əhdi-Cədidin yeni tam mətnini Zaqreb şəhərində çap etdirib. Bu tərcümə sonrakı illərdə beş dəfə yenidən nəşr edilib. Mirzə Xəzər Əhdi-Ətiqin tərcüməsini 1984-cü ildə bitirib, lakin onun tərcüməsi indiyədək çap olunmadan qalır. Əhdi-Ətiqin Müqəddəs Kitab Şirkəti tərəfindən yeni tərcüməsi 2004-cü ildə çap edilib. 2009-cu ildə Müqəddəs Kitab Şirkəti Əhdi-Cədidin yeni tərcüməsini tamamlayıb Bibliyanı bütövlükdə nəşr etmişdir.[5]

Bibliya tərcümələri

redaktə

Əhdi-ətiqin yunan dilinə tərcüməsini e.ə. 3–1 əsrlərdə İsgəndəriyyədə yəhudi tərcüməçiləri həyata keçirmişlər (lat. Septuaginta — 70; əfsanəyə görə, 70 tərcüməçi eyni zamanda, lakin ayrı-ayrılıqda tərcümə üzərində işləmiş, nəticədə hamıda eyni mətn yaranmışdır). Yunan pravoslav kilsəsində o, bu günədək Əhdi-ətiqin kanonik versiyası olaraq qalır. Bununla yanaşı, Əhdi-ətiqi arami dilində şərh edən kitablar da meydana gəlirdi. Bibliyanın ən qədim xristian tərcümələri olan Peşitta (Əhdi-ətiq) və Diatessaron (Əhdi-cədid) Suriya mənşəlidir (eramızın 2–3 əsrləri); ehtimal ki, Əhdi-cədidin tərcüməsi üçün yunan mətni deyil, dil baxımından yaxın olan arami materiallarından birbaşa istifadə edilmişdir. Sonrakı dövrlərdə latın tərcümələri meydana gəlmişdir; bunlar 2 əsrin sonu — 3 əsrin əvvəllərində yaşayıb-yaratmış erkən xristian müəlliflərinin əsərlərindəki sitatlardan məlumdur. 4 əsrdə həyata keçirilmiş İyerominin tərcüməsini katolik ənənəsi kanonlaşdırmışdır (lat. Vulqata; faktiki olaraq İyerominəqədərki materialı da ehtiva edir). Qibti (3 əsr) və gürcü (5 əsr) tərcümələri digərlərindən daha qədimdir. Bibliyanın slavyan tərcümələri ənənəsi 9 əsrin 2-ci yarısında Kirill və Mefodi tərəfindən başlanmışdır; mitropolit Aleksi ilə əlaqələndirilən 14 əsr rus redaksiyası da qeyd edilir. Reformasiya Bibliyanın xristian tərcümələri tarixinə təkan vermiş, bu dövrdə M. Lüterin (1520–30-cu illər) və ingilis tərcüməsi (1611; kral I İakovun Bibliyası adlanır) meydana gəlmişdir. M. Mendelson və onun əməkdaşları tərəfindən Əhdi-ətiqin alman dilinə tərcüməsi Maarifçilik dövrünün Bibliyaya yanaşmasını əks etdirirdi. Bibliyanın rus tərcüməsi (Sinodal tərcümə) 1876 ildə həyata keçirilmişdir. Əhdi-cədidin K. P. Pobedonostsev tərəfindən tərcüməsi (Əhdi-cədid. Rus dilinə tərcümənin təkmilləşdirilməsinə dair təcrübə, 1906) ilk növbədə slavyan tərcümələri ənənəsinə əsaslanırdı. 1950-ci illərdə yepiskop Kassianın (Bezobrazov) başçılığı altında rus mühacirətinin nümayəndələri Əhdi-cədidin yeni tərcüməsi üzərində işə başlamış və bu iş ilk dəfə 1970 ildə tam nəşr edilmişdir. Sonralar "Qədim Şərqin poeziya və nəsri" (1973) cildinin tərkibin də Əhdi-ətiqin bəzi kitablarının İ. M. Dyakonov, S. K. Apt, İ. S. Braginski və S. S. Averintsev tərəfindən ədəbi tərcümələri işıq üzü görmüşdür. Ən yeni tədqiqatlar nəticəsində müxtəlif dillərdəki mətnlər arasında bəzi ziddiyyətlər aşkara çıxmışdır; bu, Əhdi-ətiqin ənənəvi Avropa mətni ("masoret mətni") ilə "masoret mətni"ndən əvvəlki qədim tərcümələr arasındakı fərqlərdə əksini tapmışdır. Bununla belə, 20 əsrin ortalarında əldə olunmuş və Bibliyanın ən qədim əlyazmaları kimi elmə daxil edilmiş Kumran tapıntıları Bibliya mətnlərinin nisbətən sabit korpusunu müəyyənləşdirməyə, mətnşünas tənqidçilərin bir çox düzəlişlərindən imtina etməyə imkan vermiş dir.

Bibliya tənqidi

redaktə

Bibliya tənqidinin ən erkən nümunəsinə antik dövrün sonunda, neo platonizmlə xristianlığın münaqişəsi dövründə rast gəlmək mümkündür (neoplatonçu alim Porfiriyə görə, Daniil peyğəmbərin kitabı e. ə. 2 əsrə aiddir). Orta əsrlər alimi İbn Ezranın əsərlərində "Beş kitab"ın Musaya məxsus olmaması haqqında yalnız ehtiyatlı eyhamlar vardır. İntibah və Reformasiya dövründə Bibliyanın katolik kilsəsi tərəfindən qəbul edilmiş latın tərcüməsinə (Vulqate) tənqidi münasibət geniş yayılır, Əhdi-cədidin yunan dilindəki əslinin, sonralar isə Əhdi-ətiqin yəhudi dilindəki əslinin filoloji və üslubi təhlili praktikası meydana gəlirdi. M. Lüter "həvari Yakovun Müraciəti"nin autentikliyini şübhə altına alırdı. Ümumilikdə protestantizm ilkin mərhələdə Bibliyanın tənqidi üçün münbit zəmin deyildi və bu tənqid daha çox Maarifçiliyin ideya kontekstində inkişaf etmişdi. T. Hobbs "Leviafan"da Bibliyaya rasional təhlil üsullarının tətbiq edilməsi tələbini qoyurdu. Bunun Spinoza "Siyasi-ilahiyyatşünaslıq traktatı"nda həyata keçirdi. Əsərdə Bibliya mətnlərinin ənənəvi atribusiyasına sistemli şəkildə yenidən baxılmışdır; məqsəd mətnləri mistik səciyyəsindən təmizləmək, burada qeyd olunmuş normaları ən ümumi əxlaqi ideala müncər etmək idi. 1753 ildə J. Astryuk özünün "Musa Varlıq kitabını yazarkən, böyük ehtimalla istifadə etdiyi ilkin əsatirlər haqqında fərziyyələr"ində Bibliya mətninin iki mənbəyi — "İyeqova" və "Elohim" haqqında fərziyyəsini irəli sürdü. 18 əsr fransız maarifçiliyi, əsasən, özündən əvvəl Bibliya tənqidi sahəsində əldə olunmuş məlumatların təbliği, onlardan ədəbi və publisist yazılarda istifadə edilməsi ilə məşğul idi. Almaniyada İ. Zemlerin fəaliyyəti ilə ("Kanonun sərbəst tədqiqi haqqında mülahizə", 1771–75; "Əhdi-cədidin sərbəst şərhinə dair vəsait", 1773) Bibliya tənqidi yeni səviyyəyə qalxdı. İ. Q. Herder ilk dəfə Bibliya mətnlərinə ən qədim xalq poetik yaradıcılığı nümunələri kimi yanaşmış, Bibliya tənqidinə tarixilik prinsipini gətirmişdir. 19 əsrin əvvəllərində V. M. L. de Vette Əhdi-ətiqdə əksini tapmış dini ideyaların tarixi inkişafı haqqında məsələ qaldırmışdır. V. Fatkenin fəaliyyəti ilə (1835) G. V. F. Hegelin ideyaları Bibliya tənqidinə nüfuz etməyə başlamış və bu təsir D. F. Ştrausun ("İsanın tənqidi baxımdan yenidən işlənmiş həyatı", 1–2 c., 1835–36), B. Bauerin ("İoann İncilinin tən qidi",1840) əsərlərində daha dərin olmuşdur. 19 əsrin pozitivist bibleistikasında da təkamülçü tarixilik hakim idi. 20 əsrin əvvəllərində filosof A. Drevs, belletrist A. Nemoyevski Əhdi-cədid tənqidinə öz töhfələrini vermiş, bu sahədə bir sıra fər ziyyələr irəli sürmüşlər. Müasir dövrdə tarixi-tənqidi təhlil metodu elmi bibleistikada hamılıqla qəbul edilmiş norma kimi təsdiqlənmişdir.

Nümunə

redaktə
Tərcümə İncil, Matta 6:9–13
Mirzə Xəzərin tərcüməsi, 1982 Ey göylərdə olan Atamız! İsmin müqəddəs tutulsun. Padşahlığın gəlsin. Göydə olduğu kimi, yerdə də Sənin iradən olsun. Gündəlik çörəyimizi bizə bu gün ver; Və bizə borclu olanları bağışladığımız kimi, bizim borclarımızı da bizə bağışla; Və bizi imtahana çəkmə, fəqət bizi hiyləgərdən xilas et. Çünki padşahlıq, qüdrət və izzət Əbədi olaraq Sənindir. Amin.

İstinadlar

redaktə
  1. Aydın Əlizadə. Xristianlıq: Tarix və fəlfəsə (ilk çağlar). http://alizadeh.narod.ru/kitablar/Xristianliq/1.2.html Arxivləşdirilib 2022-03-25 at the Wayback Machine
  2. "Best selling book of non-fiction". 2014-10-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-12-15.
  3. "The battle of the books". 2013-01-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-12-15.
  4. Müqəddəs Kitab. Əhdi-Ətiq və Əhdi-Cədid. Müqəddəs Kitab Şirkəti, Bakı 2009. Səh. i
  5. Müqəddəs Kitab. Əhdi-Ətiq və Əhdi-Cədid. Müqəddəs Kitab Şirkəti, Bakı 2009

Həmçinin bax

redaktə

Xarici keçidlər

redaktə