Location via proxy:   [ UP ]  
[Report a bug]   [Manage cookies]                

Palıd (lat. Quercus) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin fıstıqkimilər fəsiləsinə aid bitki cinsi.

Palıd
Elmi təsnifat
Beynəlxalq elmi adı

Təbii yayılması

redaktə

Palıdın təbii yayılma sahəsi Şimal Yarımkürəsinin mülayim iqlimli əraziləridir. Yayılma ərazisinin cənub sərhədlərini tropik hündür dağlar təşkil edir.

Dünya florasının tərkibində fıstıq fəsiləsinin 9 cinsi, 900-ə qədər növü yayılmışdır. Bunların əksəriyyəti ağac, nadir hallarda kol olub, yer kürəsinin bütün ərazilərində yayılmışdır.[3]

Palıd qiymətli dərman, aşı, boyaq, texniki, yem və bəzək bitkisidir. Azərbaycanda isə 12 növünə rast gəlinir. Onun 3 növü mədəni hala keçirilərək yaşıllaşdırma məqsədilə geniş istifadə edilir. Respublikamızın ərazisində palıd növləri uzunömürlü olub, hündürlükləri 12–40 m-ə çatır. Palıd növləri ən çox şimal yarımkürəsinin mülayim tropik zonalarında yayılmışdır. Ərazimizdə şabalıdyarpaq palıd (Quercus castaneifolia C.A.Mey.), Şərq palıdı (Q. macranthera Fisch. et C.A.Mey.), uzunsaplaq palıd (Q. longipes Stev.), kövrək palıd (Q. erucifolia Stev.), gürcü palıdı (Q. iberica Stev.=Q. Peduneuliflora C.Koch.), qırmızı (qızıl) palıd (Q. crispata Stev.) daha çox və geniş yayılmışdır.

Palıd növləri şiddətli şaxtaya, kəskin istilərə davamlı olduğu üçün Yer kürəsinin hər zonasında bitir.

Hələ çox qədim dövrlərdə xalq təbabətində palıdın müalicəvi əhəmiyyəti öyrənilmiş və onun köməyi ilə bir sıra xəstəliklər müalicə edilmişdir. Hazırda palıddan bir çox dərman preparatları hazırlanır. Dərman məqsədilə cavan palıd ağaclarının qol-budaqlarının qabıqlarından istifadə edilir. Yazın ilk ayında qabıq altında şirələrin axınının çoxalması zamanı xüsusi alət vasitəsilə qabıqdan çevrə formasında kəsir, soyur günəşli havada qurudurlar. Qabığının tərkibində 2,5-25%-ə qədər aşı maddəsi vardır. Bu aşı maddəsindən qədimlərdə gön-dəri məmulatlarının aşılanmasında geniş istifadə edilib. Palıd ağacının qabıqlarında dərman əhəmiyyətli əsas təsiredici aşı maddəsi olduğu hesab edilir. Bununla yanaşı qabıqlarda qall, ellaq, katexin, qallokatexinqallat, pantoten turşusu, flavonoidlərdən - kversetin, kempferol, kversitrin, leykosianidin, vitaminlərdən B1, B2, B6, C, PP və s. aşkar edilmişdir. Bundan əlavə qabığının tərkibindən 6,21% zol (kül), 1,40 mq%, Ca - 23,00, Mg - 0,6 Fe - 0,20 makroelementləri, Mn - 142,60, Cu - 142,60, Zn - 10,20, Cr - 0,80, Al - 116,08, Ba - 537,12, V - 0,08, Se - 0,04, Ni - 1,84, Sr - 212,00, Pb - 3,04, B - 74,80 və s. mikroelementləri aşkar edilmşdir.

Palıdın gövdə, qabıq, çanaq, yarpaq və tullantılarının tərkibində 15-18%-ə qədər aşı və flavonoid tərkibli boyaq maddəsi tapılmışdır. Palıddan alınan boyaq ekstraktından yun və ipək məmulatlarını boyamaq üçün qonur, açıq qəhvəyi, qonur-qəhvəyi, tünd-qəhvəyi, şabalıdı, bozumtul-qara, zeytunu, bozumtul-zeytunu, qaramtıl-boz, yaşılı-bozumtul, yaşılı-qəhvəyi və s. rəng və çalarlar almağa nail olduq. Aparılan tədqiqatlar nəticəsində məlum olmuşdur ki, bir inkişaf etmiş ağacdan 1,5-2 kq çanaq toplamaq olar. Boyaq maddəsi ən çox palıdın yarpaq və çanaq hissəsindən alınır. Hər il respublikamızın palıd bitən meşələrindən 100 tonlarla çanaq məhsulu toplamaq olar. Biz ilk dəfə olaraq çanaq hissədən boyaq məhlulu hazırlayıb yun ipi sarımtıl-boz, bozumtul, bozumtııl-qonur, qonurumtul-zeytunu, zeytunu, qonur, qonurumtul, qonurumtul-yaşıl, yaşılımtıl, açıq-qəhvəyi, tünd-qəhvəyi, şabalıdı-qara, qaramtıl və s. rəng və çalarlar boyamağa nail olduq.

Palıddan düzəldilmiş çənlərdə uzun müddət saxlanılan ağ, şəffaf konyak spirtinin rənginin getdikcə tündləşərək çayabənzər rəng alması palıd oduncağında 10-12%-ə qədər rəngləyici və aşı maddələrinin olması nəticəsində baş verir. Palıdın cavan qabıqlarından tanin və tannalbin adlı dərman preparatları alınır. Həmin dərman maddələri mədə-bağırsaq xəstəliklərində, qarın nahiyəsində şiddətli ağrılar zamanı, ishala və dizenteriyaya qarşı dezinfeksiyaedici dərman kimi istifadə olunur. Hələ eramızdan çox əvvəllər xalq təbabətində palıdın qabığı, çanağı, yarpaqları dəmlənərək daxilə qəbul edilmiş və həmin xəstəliklərin qarşısı vaxtında alınmışdır.

Elmi təbabətdə palıd ağacı qabıqlarından sulu bişirmə formasında hazırlanmış preparat boğaz ağrılarında, diş ətinin iltihabında, stomatitlərdə, gingivitlərdə iltihabı aradan qaldırıcı, antiseptik və büzüşdürücü dərman vasitəsi kimi istifadə edilir. Bundan başqa ağır metal duzlarından (civə, qurğuşun və s.) zəhərlənmələr zamanı zəhər əleyhinə də işlədilir. Palıdın qurudulmuş qabığını, çanağını, qozasını çay kimi dəmləyərək bir çox xəstəliklərin müalicəsində (ağız boşluğunun iltihabında, qırtlaq, udlaq və diş ətinin iltihabında, stomatitdə və s.) qarqara kimi istifadə edirlər. Bu məqsədlə 10 qram qurudulmuş palıd qabığını və ya yarpağını 200 ml suda dəmləyib qarqara etmək lazımdır. Palıd qabığı, qozası, yarpağı və çanağının yüksək konsentrasiyalı dəmləməsindən isə (20 q palıd qabıgı, yaxud qozası 200 ml suya nisbətdə) dəri nahiyəsində baş vermiş yanıqları müalicə etmək üçün istifadə edilir. Bu məqsədlə dəmlənmiş ekstraktla tənzifi isladaraq yanmış nahiyəyə qoymaq lazımdır.

Aparılan kimyəvi analizlər zamanı müəyyən edilmişdir ki, palıd qozasının meyvəsində 6% pektin, 13-41% pentoza, şəkər, flabofen, 40%-ə qədər nişasta, zülal maddələri, 5% piyli yağ vardır. Məhz buna görə palıdın qozası iribuynuzlu mal-qara və ev donuzu üçün yüksək kalorili yem sayılır. Siloslaşdırılmış palıd qozası iribuynuzlu mal-qaranın südünü artırmaqla bərabər, onun keyfiyyətini də yaxşılaşdırır. Palıd qozasından hazırlanmış surroqat (saxta) qəhvə uşaqlarda uzun sürən xroniki ishalın müalicəsində yaxşı nəticə verir.

Qozadan alınmış quru ekstrakt diabetin (şəkər xəstəliyinin) müalicəsinə müsbət təsir göstərir. Ağır zəhərlənmələr zamanı qoz hissəsini çay kimi (30 q 200 q suya nisbətdə) dəmləyərək imalə etmək çox yaxşı müalicəvi təsir göstərir. Palıd qabığının tərkibindəki aşı maddəsi zəhərlənmə verən maddələrlə birləşərək suda həll olmayan çöküntülər əmələ gətirir. Həmin çöküntülər qana sorulmayaraq çökür və tezliklə orqanizmdən xaric olur. Müxtəlif növ dəri iltihabında palıdın qurudulmuş qabıq və çanaq hissəsinin dəmləməsində (bişirilməsində) tənzifi isladıb iltihablaşmış nahiyəyə qoyurlar. Hər 10-15 dəqiqədən bir tənzif isladılmalıdır. İltihab keçənə kimi bir neçə gün bunu təkrar etmək lazımdır. Palıd qabığının və ya çanaq hissəsinin dəmləməsi ilə qliserinin qarışığından (10 hissə dəmləmə, 1 hissə qliserin) tər əleyhinə istifadə edilir. Yəni bədənin tərləyən nahiyəsinə (əl, ayaq və s.) həmin qarışıqdan sürtdükdə tərləmənin qarşısını almaq mümkündür. Palıdın yarpağından duzlu xiyara və digər tərəvəzlərə ətirli və xoş tam vermək üçün ədviyyat kimi istifadə edilir.

15-20 illik palıd ağacından 20 kq-a qədər qoza və 500 q-a qədər çanaq tədarük etmək olar. Bir hektar sahədən 500 kq palıd qozası, 100 kq-a qədər çanaq məhsulu əldə olunur.

Hələ XVIII-XIX əsrdə palıdın “qall” hissəsindən dəmir duzunun iştirakı ilə qara mürəkkəb hazırlayıb yazı işlərində istifadə olunurdu. “Qallın” tərkibində 58-60%-ə qədər aşı maddəsi olduğundan bundan hazırlanan tannin ekstraktından gön-dəri sənayesində geniş istifadə edilir. Palıd yarpaqlarının havaya buraxdığı uçucu maddə təngnəfəslik və yuxusuzluğa tutulmuş xəstələrin müalicəsində geniş istifadə edilir. Bu məqsədlə “Aerofin” adlı müalicəvi preparat buraxılır. Bir hektar palıd ağacı sahəsi bir gün ərzində 9 tona qədər CO2 udur və 6,5 tona qədər oksigen buraxır. Palıdın buraxdığı uçucu ətirli maddələrin köməyi ilə insan orqanizmi üçün zərərli təsirə malik bakteriyalar məhv edilir.

Palıd ağacı ən yaxşı tikinti materialı hesab olıınur. Ondan bir çox tikinti materialları hazırlamaqla yanaşı göz oxşayan əntiq mebel növləri hazırlanır. Palıd yağışa, qara, rütubətə olduqca davamlı xammaldır.

Qeyd etdiyimiz kimi palıdın qabıq, yarpaq və çanaq hissələrindən tibb sahəsində də geniş istifadə edilir. Bu məqsədlər üçün palıdın qabıq, cavan budaqlarını tədarük edib, doğrayıb qurudur və saxlayıb yeri gəldikcə preparatlar hazırlayıb müxtəlif xəstəlikləri müalicə edirlər.

Palıd möhkəm sağlamlıq, güc və uzunömürlülük simvolu hesab edilir. Qədim slavyan, eləcə də bir sıra ölkələrin xalqları palıdı müqəddəs bir qüvvə sanmış, ona itaət etmiş, mahnılar qoşmuş, ondan çələnglər düzəldib, müharibədə, idmanda qalib gələnləri təltif edirmişlər.

Din xadimlərinin icazəsi olmadan bu nəhəng ağacı kəsmək və budaqlarını qırmaq qadağan idi. Çox qədim dövrlərdə insanlar palıdın müalicəvi xüsusiyyətləri ilə tanış olduqdan sonra onun müxtəlif hissələrindən - qabıq, çanaq, yarpaq və s. hissələrindən dəmləmə və cövhərlər hazırlayıb ishal, irinli yaraların, ağız və dişlərdə baş verən qanaxmaların, soyuqdəymələrin müalicəsində geniş istifadə edirmişlər.

Azərbaycanda yayılması

redaktə

Bu cins özündə 600-ə yaxın növü birləşdirir ki, onlardan da 12-si Azərbaycanda bitir.

İstifadəsi

redaktə

1311-ci ildə Yusif İbn İsmayıl Xoyi yazırdı ki, palıd qozası büzüşdürücü təsirə malikdir və onu köhnə ishala, qanaxmaya və qanlı bəlğəmə qarşı istifadə edirlər. Sidikburaxma çətinliyində, bağırsaq xoralarında, ürək döyüntüsü və ürəkbulanmada palıd qozalarını yemək xeyirlidir. Qozanın un və donuz piyi ilə qarışığından hazırlanan sarıq irinli şişlərdə istifadə olunur. "Cəmül-Bağdadi" (1311 il) əsərinin müəllifi yazır ki, palıd qozasının külü ağızda olan irinli yaralara (aftlara, stomatitə) qarşı xeyirlidir.

İbn Sina həmçinin qeyd edir ki, palıd qozalarının keçi piyi və ya duzlu donuz piyi ilə qarışığı xaricdən sürtmə vasitəsi kimi bərk şişlərin müalicəsində xeyirlidir. Qozanın külü yaraları müalicə etmək üçün istifadə edilir. Palıd yarpaqlarını əzərək yara üzərinə töksək, onları birləşdirər. Qozaları yemək qanlı bəlğəmə kömək edər, qarını bərkidər, bağırsaqda olan çat və xoralara, qanaxmaya, sidik tutulmasına və nəhayət zəhərlənməyə qarşı xeyirlidir.

Palıdın gövdəsindəki fır ("qall" və ya "türk palıd fındığı", loru dildə – "palıd xərçəngi") güclü büzüşdürücü və qansaxlayıcı vasitə kimi Şərqdə geniş yayılmışdır. Onlara "mazu" və ya "mazı" deyirdilər. Fırlardan hazırlanmış tozu suya tökərək, bağırsaq xoraları və xroniki ishalda istifadə edirdilər. Bəzən onları uzun müddət qaynadaraq kompres şəklində babasilə qarşı işlədirlər. Fırları kömürdə yandıraraq sirkədə söndürərək döyərdilər. Əmələ gəlmiş toz müxtəlif cürə qanaxmanın qabağını alardı.

Orta əsr Tibet təbabətində palıdın kökü və qozalarından düzəldilmiş tozu işlətmənin (ishalın) qarşısını almaq üçün, qızdırma salan və əsməyə qarşı vasitə kimi istifadə edirlər.

Hindstan və Seylonun ənənəvi təbabətində Ön Asiyadan gətirilən Luzitan palıdının qabığı, qozası və fırları qədimdən istifadə olunurdu. Spirtdə saxlanan qabığı və qozasının cövhəri ekzemada və başqa dəri xəstəliklərində işlənir. Fırların həlimi qanaxmada və dizenteriyada istifadə olunur və eləcə də bitki alkoloillərindən zəhərlənərkən zəhərlənmənin qarşısını alan bir vasitədir. Palıd fırlarından və tiryəkdən hazırlanmış məlhəm effektli vasitə kimi babasildə işlədilirdi.

Elmi təbabətdə qış palıdının qabığından istifadə edirlər. Palıdın qabığı 10%-li sulu həlim formasında, bəzən isə zəylə qarışdırılaraq stomatit, gingivit, yumşaldılmış və qanaxma verən damaqlar və başqa iltihablı proseslər zamanı ağız boşluğunu yaxalamaq üçün istifadə edilir.

Palıd kökünün həlimi mədə-bağırsaq xəstəliklərində büzüşdürücü və antiseptik vasitə kimi, həmçinin ağır metalların duzundan və başqa zəhərlərdən zəhərlənmə hallarında imalə kimi işlədilir. Kökünün həlimindən yanıqlarda, əl və ayaq tərləməsində istifadə edilir. Qozalarının sulu ekstraktı şəkərazaldıcı keyfiyyətə malikdir və yüngül formada olan şəkər xəstəliyinə qarşı kömək edir.

Sinonimləri

redaktə

Heterotipik sinonimləri

redaktə

Növləri

redaktə

İstinadlar

redaktə
  1. Linney K. Genera plantarum eorumque characteres naturales, secundum numerum figuram, situm, & proportionem omnium fructificationis partium. 5 Stokholm: 1754. S. 431. doi:10.5962/BHL.TITLE.746
  2. Linnæi C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 2. S. 994.
  3. "Arxivlənmiş surət". 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-12.

Həmçinin bax

redaktə