Sakit okean plitəsi
Sakit okean plitəsi — Sakit okeanın altında yerləşən tektonik plitədir. Sahəsi 105 milyon kvadrat kilometr olmaqla bu ən böyük tektonik plitə hesab olunur. Şimal-şərq tərəfdə bu plitə Kəşfiyyatçı plitəsi, Xuan de Fuka plitəsi və Qorda plitəsi ilə sərhədlərə sahibdir və bu sərhədlər müvafiq olaraq Kəşfiyyatçı, Xuan de Fuka və Qorda dağ silsilələrini əmələ gətirir. Şərq hissədə mərkəzdə isə San Andreas qırığı üzrə Şimali Amerika plitəsi ilə və eləcə də Kokos plitəsi ilə sərhədlərə sahibdir. Cənub-şərq hissədə isə Naska plitəsi ilə divergent sərhədlər Şərqi-Sakit qalxmasını əmələ gətirir. Cənub hissə Antarktika plitəsi ilə sərhədlərə malikdir və bu sərhəddə Sakit-Atlantik dağ silsiləsi əmələ gəlir. Qərb hissədə plitə Oxotsk plitəsi ilə (burada Kuril-Kamçatka çökəkliyi və Yapon çökəkliyi əmələ gəlir), Filippin dənizi plitəsi ilə subduksiya nəticəsində konvergent, Karolina plitəsi ilə transform və Şimali-Bismark plitəsi ilə kəsişmə sərhədlərinə sahibdir. Cənub-qərbdə Sakit okean plitəsi Hind-Avstraliya plitəsi ilə mürəkkəb də olsa, ümumilikdə konvergent sərhədlərə sahibdir. Yeni Zelandiyanın şimalında subduksiya etməsi nəticəsində Tonqa çökəkliyi və Kermadek çökəkliyi əmələ gəlir. Alp qırığı bu plitələr arasında transform sərhəddi müəyyən edir və uzaq cənuba doğru Hind-Avstraliya plitəsi Sakit okean plitəsinin altına subduksiya etməklə Puysequr çökəkliyini əmələ gətirir. Şimal hissədə plitə Şimali Amerika plitəsinin altına subduksiya etməklə konvergent sərhədlər əmələ gətirir. Burada Aleut çökəkliyi və ona uyğun olaraq Aleut adaları əmələ gəlir. Sakit okean plitəsi daxildə ocağa sahibdir və bu Havay adalarını əmələ gətirir. Hillis və Muller bildirir ki, Quşbaşı plitəsi Sakit okean plitəsi ilə birlikdə hərəkət edir. Bu plitədə yerləşən Alov qövsü seysmikliyinə görə xüsusilə məşhurdur. Bu sahədə bir çox zəlzələlər və vulkanlar baş verir. 40.000 km.-lik ərazidə yerləşən Alov qövsü okean çökəklikləri, vulkanik adalar və vulkan kəmərləri ilə zəngindir. Bu qövsdə 452 vulkan yerləşir və dünyadakı aktiv vulkanların 75 faizi də məhz buradadır. Dünyada baş verən zəlzələlərin 90 faizi və ən böyük zəlzələlərin 81 faizi Alov qövsündə baş verir.