Location via proxy:   [ UP ]  
[Report a bug]   [Manage cookies]                

Teatr (yunanca: τό θέατρον théatron "tamaşa yeri"; və θεάομαι theaomai "tamaşa etmək sözündəndir") — incəsənətin bir növü olub hiss, fikir və emosiyaları tamaşaçı və ya tamaşaçılar qrupuna bir və ya bir qrup aktyor tərəfindən ötürülməsini əks etdirir. Teatr tamaşası nümayiş olunan bina da teatr adlanır.

Teatr
Nyu-Yorkda teatr səhnəsi
 
Roma dövründə mövcud olan Dionis teatrının rekonstruksiyası

Teatr rəqs formasında hələ daş dövründə mövcud olsa da, onun yeni əsasları antik Yunanıstanda işlənir və teatr sənətinin inkişafına təkan verir. "Teatron"nun yaradılması ilə bir tərəfdən yunan demokratiyasının müzakirəsinə imkan verilmiş, digər tərəfdən dini bayramların keçirilməsi mümkün olmuşdur. Çünki, o dövrdə din və siyasət bir vəhdət kimi çıxış edirdi. Aristotel öz işlərində teatr elmini də əsaslandırmışdır. O hadisə, məkan və vaxtı dramada birləşdirməyi tələb etmişdir.

Dini bayramların keçirilməsi üçün yaradılan "Dionis teatrı" teatr üçün prototip rolunu oynayırdı. O aralıq dənizi hövzəsində yerləşən Yunanıstan koloniyasına daxil olan bütün ölkələrə aparılmışdır. Tamaşaçılar yerindən başqa orada "skene", (hansı ki, sonra "sçene", yəni "səhnə" şəklində yayılmışdır) də qurulurdu. Yunan allahı Dionisin şərəfinə b.e.ə. 534-cü ildən drama, b.e.ə. 480-ci ildən başlayaraq isə komediya tamaşaları nümayiş etdirilirdi. O dövrdəki bütün dramlar yalnız bir neçə on illikdən sonra yenidən səhnəyə qoyulmuşdur.

Romalılar Pun müharibələri dövründə yunan teatr mədəniyyətini mənimsəyirlər. Bütün Roma imperiyasında teatrlar qurulur. Sonralar isə teatr öz əhəmiyyətini pantomimanın inkişafı ilə əlaqədər olaraq itirir.

Orta əsrlərdə dini mövzulu tamaşaların teatrlarda səhnələşdirilməsi geniş yayılır. İntibah dövründə yenidən keçmişdə yayılmış olan dram və komediyalara üstünlük verilir. Teatrın şimali İtaliyada açıq havada oynanılan komediya forması (commedia erudita) geniş təşəkkül tapır . Nikkolo Makiavelli öz dövrünün məşhur komediya əsərlərini qələmə alır. Dramların məzmunu Aristotel təsəvvürünə əsaslanır.

Teatr sənəti Barokko dövründə olduğu kimi hələ geniş yayılmamışdır. XVII əsrdə səhnədə oynanılan hadisələr gözəl dünyanın əksini göstərirdi. Feodalizmin tənəzzüllü və mütləqiyyətin qələbəsi köhnə dəyərləri dağıtmış və yeni düşüncə tərzini formalaşdırmışdır. Dünya və səhnə arasındakı müqayisə, hər bir şəxsə aid olan rolun oynanılması Vilyam ŞekspirPedro Kalderonun əsərlərində özünə yer tapır. İnsan cəmiyyətin həqiqi üzü, allah rejissoru və tamaşaçısı ideologiyası o dövrün teatralikinin əsasını təşkil edirdi.

Romantika dövründə teatr səhnələrində əsasən lirik pyeslər tamaşaya qoyulurdu və vacib insan hisslərinin ifadə olunmasına yer verilirdi.

Yeni dövrdə teatr antik dövrdə mövcud olmuş xəttdən o qədər də kənara çıxmır. Teatr səhnələrinin mövzusu bu ərəfədə naturalizm, dadaizm, ekspressionalizm, sürrealizm, absurdizm və postmodernizm kimi cərəyanların təsirinə məruz qalır. Bu dövrdə teatr sənətinin inkişafında Antonin Artaud, Konstantin Stanislavski, Bertold Brext, Stiven Berkof, Samuel BekertToni Kuşner kimi şəxslərin rolu olmuşdur.

Yaranması və inkişafı

redaktə

Azərbaycanda teatr sənətinin kökləri xalqın fəaliyyəti, məişəti, şənlik və toy ənənələri, həmçinin dünyagörüşü ilə bağlıdır. Qədim tarixə malik "Sayaçı", "Novruz", "Gəvsəç" kimi mərasimlərdə xor, rəqs və dialoqla yanaşı, dramatik süjetə, hərəkətə, bəzən isə bədii surətə də rast gəlinir. "Novruz" mərasiminin mühüm epizodunu təşkil edən "Kosa-kosa" oyunu əsl teatr örnəyidir. Burada ardıcıl süjet, dramatik hərəkət, həmçinin xüsusi paltar geyinən maska taxan aktyor vardır. Bir neçə gün davam edən toy mərasimlərində ifa olunan "Xan-xan", "Mütriblərin rəqsi", "Gəlinlə qayınananın deyişməsi" və s. epizodlar, burada oyun və tamaşa ünsürlərinin müstəqil əhəmiyyət kəsb etdiyini göstərir. Ozan-aşıq məclislərində, "Zorxana" səhnələrində, kəndirbazların çıxışlarında, habelə qədimdə el arasında geniş yayılan "Yuğ" mərasimində də meydan teatrı ünsürləri güclü olmuşdur. Mərasim, ayin və oyunlardakı tamaşa elementləri müstəqil xalq teatrının yaranmasında mühüm rol oynamışdır. Uzaq zamanlardan bəri xalq arasında geniş yayılmış "Kosa-kosa", "Qaravəlli" (meydan teatrı formalarından biri), "Kilimarası", "Şah Səlim" (kukla tamaşaları) və s. Azərbaycanda xalq teatrının müstəqil tarixə malik olduğunu göstərir. Bu tamaşa biçimlərindən bir qismi sabit süjet üzərində qurulduğundan oyun xarakteri daşıdığı halda, başqa qismi xırda məzhəkələrdən ibarət repertuara malik olub, Azərbaycan xalq teatrının daha yetkin mərhələsini təşkil edirdi.

Azərbaycan xalq teatrı realist özəllik daşımış və əməkçi təbəqələrlə bağlı olmuşdur. Xalq teatrının repertuarını müəyyən etik məzmunlu kiçik tamaşalar (farslar) təşkil etmişdir. "Kosa-gəlin", "Tapdıq çoban", "Tənbəl qardaş" (üçpərdəli komediya) və s. tamaşalar el arasında məşhur olmuşdur. Bu tamaşalarda, əsasən, kəndin təsərrüfat və məişət həyatı əksini tapmışdır. Nikbinlik onların başlıca xüsusiyyətidir. Həmin tamaşalarda gülüş bəzən ciddiləşib, acı kinayə, satiraya çevrilərək, adamların əmək, məişət və psixologiyasındakı qüsurları qamçılayırdı.

Şiəliyi rəsmi dini təriqət kimi müdafiə edən Səfəvilər dövründə (XVI yüzil) xalqın şüuruna təsir göstərmək üçün müxtəlif vasitələrə əl atmışdır. Bu dövrdən "Şəbih" dini tamaşası geniş yayılmışdı. "Şəbih"lər Azərbaycanda professional teatrın yaranmasına səmərəli təsir göstərməklə yanaşı bir çox sənətçilərin səhnəyə gəlməsinə müəyyən imkan yaratmışdır.

Azərbaycan professional teatrının təşəkkülündə xalq teatrı əhəmiyyətli rol oynamışdır. Azərbaycan teatrının tarixi M. F. Axundovun 1873-cü ilin mart və aprel aylarında Bakıda səhnəyə qoyulan "Lənkəran xanın vəziri" və "Hacı Qara" tamaşalarından başlanır. H. Zərdabinin təşəbbüsü, N. Vəzirov və Ə. Adıgözəlovun (Gorani) yaxından iştirakı ilə realni məktəbin şagirdləri tərəfindən göstərilən bu ilk həvəskar tamaşalar milli teatrın yaranması üçün qüdrətli təkan idi.

Qabaqcıl Azərbaycan ziyalıları, sonralar Qori seminariyasını bitirən müəllimlər Şuşa, Naxçıvan və başqa şəhərlərdə teatr tamaşaları düzəldir, eyni zamanda, bu tamaşalarda "aktyor" kimi çıxış edirdilər. Şuşada qabaqcıl müəllim və ziyalı qüvvələri Y. Məlik-Haqnəzərovun rəhbərliyi ilə yay tətilləri zamanı klubda və Xandəmirovun teatrında müntəzəm surətdə tamaşalar təşkil edir, M. F. Axundovun komediyalarını ("Xırs-quldurbasan", "Müsyö Jordan və dərviş Məstəli şah") oynayırdılar.

M. F. Axundovun əsərlərindən ibarət tamaşalar verildiyi bəllidir. 1876-cı ildən M. F. Axundovun komediyaları Tiflisdə də oynanılmışdır (Azərbaycan dilində). Qabaqcıl ziyalılardan bir sıra komediya və vodevillərin müəllifi N. Vəzirov, B. Bədəlbəyov, Ə. Vəlibəyov, F. Köçərli, H. Sarıcalinski, Muxtar Muradov, İ. Şəfibəyov, məşhur xanəndə Cabbar Qaryağdıoğlu (Şuşa), M. Sidqi, C. Məmmədquluzadənin qardaşı Mirzə Ələkbər, dramaturq E. Sultanov (Naxçıvan), R. Əfəndiyev (Nuxa) və başqalarının fəaliyyəti özəlliklə qeyd olunmalıdır. 70–80-ci illərdə Azərbaycanın müxtəlif şəhərlərində fəaliyyət göstərən teatr həvəskarları tədricən Bakıdakı teatr xadimləri ətrafında formalaşmağa başlayırlar. Ona görə də Bakının teatr həyatı 80-ci illərin axırlarına doğru yenidən canlanır və burada əsl mənada müəyyən bir teatr kollektivinin yaranmasına səbəb olur. 1887-ci ildən etibarən Bakıdakı teatr dəstəsinə H. Mahmudbəyov, S. M. Qənizadə və N. Vəliyev başçılıq edirlər. Onlar həmin dəstəni xeyli qüvvətləndirərək, truppa halına saldılar və bu truppa 1888 ildən artıq müstəqil teatr kollektivi kimi fəaliyyətə başladı.

1890-cı illərdən başlayaraq, N. Nərimanovun Azərbaycan teatrının ideyaca sağlam bir yöndə inkişaf etməsində, teatrda səhnə realizmi tələblərinin həyata keçirilməsində böyük xidməti olmuşdur. O, teatra xalqın ictimai şüurunu yüksəltməyin və zamanın qabaqcıl ideyalarını yaymağın mühüm vasitələrindən biri kimi qiymət verir və teatrdan tribuna kimi istifadə edirdi. N. Nərimanov ziyalı gəncləri aktyor truppasına dəvət edir, eyni zamanda özü də bir çox tamaşalarda baş rolları oynayırdı.1896-cı ildə H. Zərdabi Bakıda "Birinci müsəlman dram truppası" adlı ilk professional teatr kollektivini təşkil etdi. 1897-ci ildə Bakıda ilk dəfə "Artistlər ittifaqı" yaradıldı. İnqilaba qədərki Azərbaycan teatrının repertuarı milli dramaturqların — M. F. Axundov, N. Vəzirov, H. Vəzirov, N. Nərimanov, Ə. Haqverdiyev, C. Məmmədquluzadə və başqalarının pyeslərindən tərtib olunur, həmçinin rus (N. V. Qoqol, İ. S. Turqenev, L. N. Tolstoy) və Qərbi Avropa (V. Şekspir, F. Şiller, H. Heyne, J. B. Molyer) klassiklərinin əsərləri ilə zənginləşdirilirdi. Azərbaycan teatrı ilk illərdən maarifçilik və demokratik ideyalara sadiq idi. M. F. Axundovun komediyaları ilə yanaşı, N. Vəzirovun "Müsibəti Fəxrədin", "Yağışdan çıxdıq, yağmura düşdük", Ə. Haqverdiyevin "Dağılan tifaq", "Bəxtsiz cavan", "Ağa Məhəmməd şah Qacar", N. Nərimanovun "Nadanlıq", "Nadir şah" pyeslərində feodal adətlər, mülkədar-kapitalist quruluşunun zülm və despotizmi cəhalətpərəstlik ifşa olunurdu.

1906-cı ildə Bakıda "Müsəlman dram artistləri" şirkəti yaradıldı. "Şirkət"ə məşhur teatr xadimi C. Zeynalov rəhbərlik edirdi. Təqiblərə, maddi çətinliklərə baxmayaraq, "Şirkət" arası kəsilmədən tamaşalar verir, repertuarını genişləndirirdi. Bu illərdə Bakının fəhlə rayonlarında tamaşalar göstərən dram dərnəkləri və teatr trppaları ("Balaxanı dram dərnəyi", "Həmiyyət") təşkil edildi. "Təkamül" qəzeti yanında yaradılmış "Həmiyyət" truppasının heyətində onun bilavasitə təşkilatçısı M. A. Əliyevdən başqa Ə. Rzayev, C. Hacınski və b. var idi. Truppanın üzvləri həm tamaşa hazırlayır, həm də tamaşaçı yığırdılar. Yaxşı bina tutmağa vəsait olmadığından, tamaşalar ticarət passajının "Qranvio" adlı salonunda verilirdi. 1906-cı ildə burada N. Nərimanovun "Nadanlıq" pyesi oynanmışdı. 1905 il inqilabından sonra Bakıda bir sıra "cəmiyyətlər" yaradılmasına icazə verilir, qabaqlar gizli fəaliyyət göstərən cəmiyyətlər açığa çıxırdı. Bunlardan biri də "Nicat" mədəni-maarif cəmiyyəti idi. 1907 ildə bu cəmiyyətin yanında teatr truppasının təşkil edilməsi həmin dövr teatr həyatında mühüm rol oynadı. 1908-ci ildə "Nicat" cəmiyyəti yanında H. Ərəblinski, S. Ruhulla, Ə. Vəli kimi professional aktyorları birləşdirən vahid dram truppası yaradıldı; onun daimi qarderobu, rekviziti var idi. Truppa həftədə bir-iki dəfə Tağıyev teatrında, həm də fəhlə rayonlarında tamşalar verirdi. Ə. Haqverdiyevin "Bəxtsiz cavan", "Ağa Məhəmməd şah Qacar", N. Nərimanovun "Nadir şah", N. Vəzirovun "Pəhləvanani-zamanə", Ş. Saminin "Qaveyi ahəngar", F. Şillerin "Qaçaqlar", N. Neynenin "Əlmənsur", V. Şekspirin "Otello", J. B. Molyerin "Zorən təbib", N. V. Qoqolun "Müfəttiş", "Evlənmə", L. N. Tolstoyun "Əvvəlinci şərabçı" kimi pyesləri məhz bu dövrdə Azərbaycan teatrının repertuarında mühüm yer tutdu.

1910-cu ildə "Səfa" adlı yeni mədəni maarif cəmiyyəti və onun yanında teatr şöbəsi yaradıldı. "Səfa" cəmiyyətinin dram truppası "Nicat"a nisbətən xeyli zəif idi. Ancaq "Nicat"ın aktyorları tədricən "Səfa"ya keçirdilər. Cəmiyyətin işində D. Bunyadzadə, şair Səməd Mənsur, aktyorlardan C. Zeynalov, A. M. Şərifzadə fəal iştirak edir, teatr tamaşalarına "Nicat"dan H. Ərəblinski, M. A. Əliyev, S. Ruhulla, H. Sarabski və b. vaxtaşırı dəvət olunurdular. "Səfa" cəmiyyətinin truppası tamaşa verməkdən başqa, teatın həyatı ilə bağlı mədəni-maarif işləri ilə də məşğul olurdu. 191-ci ildə truppa C. Zeynalovun səhnə fəaliyyətinin 25 illiyini, 1911-ci ildə M. F. Axundovun anadan olmasının 100 illiyini, 1913-cü ildə isə N. Vəzirovun ədəbi fəaliyyətinin 40 illiyini təntənə ilə qeyd etmişdi. "Şəfa" truppasının işində nəzəri cəlb edən cəhətlərdən biri də onun istər Azərbaycanın şəhər və kəndlərində, istərsə də daha geniş dairədə (Güney Qafqaz, Orta Asiya, Quzey Qafqaz, İran şəhərlərində, Həştərxanda, Kazanda və s.) qastrol tamaşaları təşkil etməsi idi. Ümumiyyətlə istər "Nicat", istərsə də "Səfa" cəmiyyətləri Azərbaycan teatrının təşkilat və yaradıcılıq baxımından möhkəmləndirilməsində müəyyən rol oynadılar. 1908-ci il yanvarın 12-də (yeni üsulla 25-də) Bakıda ilk milli opera — Ü. Hacıbəyovun "Leyli və Məcnun" əsərinin tamaşası ilə Azərbaycan professional musiqili teatrının əsası qoyuldu. Musiqili teatrın yarandığı ilk illərdə onun repertuarını Ü. Hacıbəyovun 1908–1913-cü illərdə yaratdığı "Leyli və Məcnun", "Şeyx Sənan", "Rüstəm və Zöhrab", "Şah Abbas və Xurşid Banu", "Əsli və Kərəm" operaları, "Ər və arvad", "O olmasın, bu olsun", "Arşın mal alan" musiqili komediyaları təşkil edirdi. Sonrakı illərdə Azərbaycan musiqili teatrının repertuarı Z. Hacıbəyov ("Aşıq Qərib" operası, "Əlli yaşında cavan", "Evli ikən subay" musiqi komediyaları), M. Maqomayev ("Şah İsmayıl"), M. M. Kazımovski ("Vurhavur" musiqili komediyası), M. C. Əmirov ("Seyfəlmülk" operası) və başqalarının əsərləri ilə zənginləşdi. Ancaq özünün ayrıca repertuarı olmasına baxmayaraq, musiqili teatrda peşəkar ifaçılara böyük ehtiyac duyulurdu. Musiqili tamaşalarda H. Sarabski, M. Məmmədov (Bülbül), H. Hacıbababəyov, H. Terequlov, M. Bağırov, Ə. Ağdamski kimi opera müğənniləri ilə yanaşı, əsasən dram aktyorları H. Ərəblinski (rej. kimi) Ə. Hüseynzadə, H. Abbasov, A. və Y. Olenskayalar, R. Darablı, Ə. Anaplı və b. çıxış edirdilər. Musiqili teatr və dram teatrları arasında dəqiq bölgü aparılmamış, truppaların repertuarına həm dram, həm də musiqili əsərlər daxil edilmişdi (1910-cu illərdə musiqili tamaşalar üstünlük təşkil edirdi).

1916-cı ildə C. Məmmədquluzadənin "Ölülər" komediyasının tamaşaya qoyulması Azərbaycan teatrının ideyaca yetkinləşdiyini göstərən bir olay idi. Bu tamaşa mövhumat və cəhalət, yalan və zülm dünyasına qarşı bir ittihamnamə kimi səslənərək böyük uğur qazandı.1917-ci ildə Bakıda "Müsəlmən artistləri ittifaqı" yaradıldı. A. M. Şərifzadə ittifaqa sədr seçildi. İttifaq bütün teatr dəstələrini öz ətrafına toplayaraq, yoldaşlıq münasibətləri əsasında tamaşalar verirdi. Ancaq bu ittifaq 1918-ci ilin mart ayınadək fəaliyyət göstərə bildi. Mayılov teatrının anterprenyorları binada Azərbaycan aktyorlarının çıxış etməsinə imkan vermirdilər. Aktyorların çoxu qastrol səfərlərində idi. Yalnız Ü. və Z. Hacıbəyov qardaşlarının truppası nisbətən müntəzəm fəaliyyət göstərirdi.

Truppa öz tərkibində dram, opera və operetta artistlərini birləşdirirdi. Qabaqcıl, demokratik ideyalarla sıx bağlı olan Azərbaycan teatrı xalqın mədəni inkişafında mühüm rol oynamışdı. Ancaq, eyni zamanda, bu illərdə teatr hələ yüksək səhnə mədəniyyəti səviyyəsinə qalxmamışdı.

Klassik teatr növləri

redaktə

Klassik teatrın dörd növü var:

  • Danışıq teatrı (dram, komediya, tamaşa)
  • Musiqi teatrı (opera, operetta, musiqi)
  • Rəqs teatrı (balet, milli rəqslər)
  • Fiqur (və ya kukla) teatrı (marionet teatrı, kölgə teatrı)

Göstərilən sahələr üzrə çalışan sənətçilərin ixtisasları da bir-birindən fərqlənir:

  • Danışıq teatrında: Aktyorlar, rejissorlar, musiqiçilər;
  • Musiqi teatrında: Müğənnilər (solistlər və xor ifaçıları), orkestr musiqiçiləri, repetitorlar, dirijorlar, rejissorlar;
  • Rəqs teatrında: Rəqqasələr, xoroeqraflar, repetitorlar çalışır.

Həmçinin bax

redaktə

Xarici keçidlər

redaktə