Qlobus
Qlobus (lat. globus, “kürə”) – Yer kürəsinin 3 ölçülü modelidir.[1] Digər planetlərin, həmçinin, Yerin təbii peyki olan Ayın da qlobusu mövcuddur.
Qlobuslar 1:30000000 (böyükmiqyaslı), 1:50000000 (ortamiqyaslı), 1:83000000 (kiçikmiqyaslı) miqyaslarda olur. Onlar əsasən fiziki və siyasi məzmunda hazırlanır. Qlobusda Yerin qütblərdən basıqlığı nəzərə alınmır. Üfüqi müstəviyə qlobusun oxunun meylliyi 66.5 dərəcə olur. Bu bucaq Yerin fırlanma oxunun orbit müstəvisinə olan meylliyinə bərabərdir.[2]
Yerin bu modeli və ya bu cür hər hansı bir model bizim dövrümüzə gəlib çatmasa da, onu görənlər belə nəql etmişlər ki, Kratos hazırladığı kürənin üzərində böyük bir quru hissə çəkmiş, onu kəsişən çaylar vasitəsilə hissələrə bölmüşdür, çayları Kratos okean adlandırırmış. Bu qlobus bizim zəmanəmizə gəlib çatmadığından onun haqqında dəqiq bir söz demək mümkün deyil.
Bu səbəbdən də ilk alman coğrafiyaşunası, səyyahı və riyaziyyatçısı olan Martin Behaymın 1492-ci ildə hazırladığı, diametri 54 sm olan kürəşəkilli “Yer modeli” ilk və ən qədim qlobus hesab edilir. Bu qlobus dövrümüzədək gəlib çatmış və hal-hazırda Nürnberq şəhər muzeyində saxlanılır.
M. Behaym hazırladığı kürəni – “Yer alma üzərində” adlandırmışdır. “Qlobus” - latın sözüdür. “Globus” – “kürə” mənasını daşıyır. Yer kürəsinin modelləri sonralar “qlobus” adlandırılmışdır. Coğrafiyaşunasların düşüncəsində Yer kürəsinin dəqiq modeli Amerika qitəsinin kəşfi ərəfələrində formalaşmışdır. Bu isə eramızın II əsrində yaşamış qədin yunan alimi Ptolomeyin hazırladığı xəritədən götürülmüşdür.
Yer kürəsi haqqında dəqiq təsəvvür yaradan qlobuslar orta əsrlərdə çox dəbdə olmuşdur. Hər bir monarxın xüsusi ayrılmış otağında, kabinetlərdə, alimlərin iş otaqlarında, dənizçilərdə və zadəgan evlərində qlobusa rast gəlmək mümkün idi. Bu bir növ ziyalılıq simvolu hesab edilirdi.
O dövrlər holland qlobusları daha çox dəbdə idi. Bu qlobusları Amsterdam ustaları hazırlayırdı. İlk qlobuslardan ən məşhuru alman alimi Adam Olşlehelin 1664-cü ildə hazırladığı “Qottorp qlobusu” hesab edilir. Qlobusun diametri 311 sm olmuşdur və 1727-cü ildə imperator I Pyotra hədiyyə edilmişdir. Bu nəhəng qlobusun içərisində planetari düzəldilmişdir.
İndiki, müasır qlobuslar sözsüz ki, coğrafi baxımdan ilk qlobuslardan çox fərqlənir. Çünki əvvəlki qlobuslarda o dövrlərdə kəşf olunmamış ərazilər, adalar göstərilmirdi. İndiki qlobuslarda isə hər bir ərazi dəqiqliyi ilə göstərilir. Müasir dövrümüzdə qlobuslar daha çox təhsil ocaqlarında əyani bir vəsait kimi istifadə olunmur.
Mənbə
[redaktə | mənbəni redaktə et]- ↑ "YER SƏTHİ QURULUŞUNUN ƏSAS XÜSUSİYYƏTLƏRİ". 2015-09-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-06-11.
- ↑ "Arxivlənmiş surət". 2018-08-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-08-23.
Coğrafiya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |