Location via proxy:   [ UP ]  
[Report a bug]   [Manage cookies]                
MÜHAZİRƏ № 11-12 OLİQOPOLİYA Mənbə: N. Qreqori Mənkyu. Ekonomiksin əsasları. (Azərbaycan dilində tərcümə, E. İbadov və b.) Fəsil 16 Öyrənmə hədəfləri oliqapoliya (oligapoly) inhisarçı rəqabət (monopolistic competition) birləşmə (collusion) kartel (cartel) Nəş tarazlığı (Nash equilibrium) oyunlar nəzəriyyəsi (game theory) dustaqların dilemması (prisoners’ dilemma) dominant strategiya (dominant strategy) Əgər siz mağazaya tennis topu almağa gedirsinizsə, yəqin ki, evə dörd əmtəə nişanından biri ilə qayıdacaqsınız: Wilson, Penn, Dunlop və ya Spalding. Birləşmiş Ştatlarda satılan demək olar ki, bütün tennis toplarını bu dörd şirkət istehsal edir. Birlikdə bu firmalar bazarın tələb əyrisi və tennis toplarının qiymətindən asılı olaraq tennis toplarının istehsal həcmini müəyyən edir. Tennis topları üçün bazarı necə təsvir etmək olar? Əvvəlki iki fəsildə bazar strukturunun iki növü müzakirə edilmişdir. Rəqabətli bazarda hər bir firma bazarla müqayisədə onun əmtəələrinin qiymətlərinə təsir edə bilməyəcək dərəcədə kiçikdir və bu səbəbdən, bazar şərtləri ilə müəyyən edilmiş qiymətlə razılaşır. İnhisarlaşmış bazarda bütün bazarı hər hansı əmtəə ilə yalnız bir firma təchiz edir və bazarın tələb əyrisi üzrə istənilən qiymət və həcmi seçir. Tennis topları bazarı nə rəqabətli, nə də inhisarlaşmış bazar modelinə uyğun gəlir. Rəqabət və inhisar bazar strukturunun marjinal formalarıdır. Rəqabət bazarda mahiyyətcə eyni məhsulları təklif edən çoxlu firma olduqda mövcud olur; inhisar bazarda yalnız bir firma olduqda mövcud olur. Bu iki əks hal daha asanlıqla anlaşılan olduğundan sənayenin təşkilinin öyrənilməsinə onların təhlili ilə başlamaq təbii olardı. Lakin, bir çox sənaye sahələri, o cümlədən tennis topları sənayesi bu iki formanın ortasındadır. Bu sənaye sahələrindəki firmaların rəqibləri olsa da, onları qiymətlə razılaşmağa məcbur edəcək dərəcədə rəqabətlə rastlaşmırlar. İqtisadçılar bu situasiyanı qeyri-mükəmməl rəqabət adlandırırlar. Bu fəsildə qeyri-mükəmməl rəqabətin növləri müzakirə edilir və oliqopoliya adlanan ayrıca bir növü araşdırılır. Oliqopolistik bazarın mahiyyəti burada yalnız bir neçə satıcının olmasıdır. Bunun nəticəsi olaraq, bazardakı hər hansı satıcının fəaliyyəti bütün digər satıcıların mənfəətlərinə güclü təsir göstərə bilər. Yəni, oliqopolistik firmalar, rəqabət aparan firmalardan fərqli olaraq, qarşılıqlı şəkildə bir-birindən asılıdırlar. Bu fəsildə məqsədimiz bu qarşılıqlı asılılığın firmaların davranışını necə formalaşdırdığını və onun dövlət siyasətinə necə təsir göstərdiyini öyrənməkdir. İNHİSAR VƏ MÜKƏMMƏL RƏQABƏT ARASINDA OLİGOPOLİYA oxşar və ya eyni məhsullar satan yalnız bir neçə satıcının olduğu bazar strukturu İNHİSARÇI RƏQABƏT oxşar lakin eyni olmayan məhsullar satan çoxlu firmanın olduğu bazar strukturu Əvvəlki iki fəsildə çoxlu rəqabət aparan firmaların mövcud olduğu bazarlar və yalnız bir inhisarçı firmanın olduğu bazarlar təhlil edilmişdir. Fəsil 14-də qiymətin həmişə istehsalın marjinal maya dəyərinə bərabər olduğunu gördük. Fəsil 15-də bazar gücünə malik firmaların qiymətlərin marjinal maya dəyərindən yüksək saxlanılması üçün bu gücdən necə istifadə etdiyini və firma üçün pozitiv iqtisadi mənfəət, cəmiyyət üçün isə itirilmiş iqtisadi səmərəyə səbəb olduğunu gördük. Mükəmməl rəqabət və inhisarla bağlı bu hallar bazarların necə işləməsi ilə bağlı bəzi vacib anlayışları əks etdirir. Lakin, iqtisadiyyatdakı əksər bazarlara hər iki halın elementləri daxildir və bu səbəbdən onlardan hər hansı biri ilə tam təsvir edilmir. İqtisadiyyatdakı tipik firma rəqabətlə üzləşsə də, bu rəqabət firmanın Fəsil 14-də təhlil edildiyi kimi qiymətlə razılaşan firma kimi təsvir edilməsi üçün kifayət qədər sərt deyil. Tipik firma həmçinin müəyyən dərəcədə bazar gücünə malik olsa da, bu güc firmanın Fəsil 15-də təhlil olunan inhisarçı firma kimi təsvir edilməsi üçün kifayət qədər böyük deyil. Başqa sözlə desək, iqtisadiyyatımızdakı tipik firma qeyri-mükəmməl rəqabətlidir. Qeyri-mükəmməl rəqabətli bazarların iki növü var. Oliqopoliya, hər biri digərləri ilə oxşar və ya eyni məhsulları təklif edən yalnız bir neçə satıcının mövcud olduğu bazardır. Tennis topu bazarını bir misal olaraq göstərmək olar. Digər misal dünya xam neft bazarıdır: Bir necə Yaxın Şərq ölkəsi dünyanın neft ehtiyatlarının əsas hissəsinə nəzarət edir. İnhisarçı rəqabət oxşar, lakin eyni olmayan məhsullar satan çoxlu firmaların mövcud olduğu bazar strukturunu təsvir edir. Romanlar, filmlər, CD-lər və kompüter oyunları bazarlarını da misal göstərmək olar. İnhisarçı rəqabətin olduğu bazarda hər bir firma istehsal etdiyi əmtəə üzərində inhisara sahibdir. Lakin bir çox firmalar eyni müştərilər üçün rəqabət aparan oxşar əmtəələr istehsal edir. Təsvir 1-də bazar strukturunun dörd növü ümumiləşdirilmişdir. Hər hansı bazar haqqında soruşulacaq ilk sual orada neçə firmanın mövcud olmasıdır. Əgər yalnız bir firma mövcud olarsa, bazar inhisarçılığa meyllidir. Əgər yalnız bir neçə firma mövcud olarsa, bazar oliqopoliyadır. Əgər çoxlu firma varsa, başqa bir sual meydana çıxır: firmalar eyni, yoxsa fərqli məhsullar satır? Əgər çoxlu firmalar fərqli əmtəələr satırsa, bazar inhisarçı rəqabətli bazardır. Əgər çoxlu firmalar eyni məhsulları satırsa, bazar mükəmməl rəqabətlidir. Əlbəttə, reallıq heç vaxt nəzəriyyə kimi dəqiq müəyyən edilmiş olmur. Bəzi hallarda hansı strukturun bazarı daha yaxşı təsvir etdiyini müəyyən etmək çətin görünə bilər. Məsələn, firmaların sayını hesablayarkən "bir neçə" ilə "çoxlunu" bir-birindən ayıran sehrli rəqəm yoxdur. (Birləşmiş Ştatlarda maşın satan təxminən on-on iki şirkət bu bazarın oliqopoliya və ya rəqabətli olduğunu müəyyən edir. Cavab müzakirə üçün açıqdır.) Buna oxşar olaraq, əmtəələrin fərqli və ya eyni olduğunu müəyyən etməyin dəqiq yolu yoxdur. (Müxtəlif əmtəə nişanlı südlər əslində eynidirlərmi? Yenə də cavab mübahisəlidir.) Mövcud bazarları təhlil edərkən iqtisadçılar bazar strukturunun bütün növlərinin öyrənilməsinə dair dərsləri nəzərə alır və sonra uyğun gələn hər bir dərsi tətbiq edirlər. İqtisadçıların bazar strukturunun müxtəlif növlərini necə müəyyən etdiklərini bildikdən sonra onların təhlilinə davam edə bilərik. Növbəti fəsildə inhisarçı rəqabət təhlil olunur. Bu fəsildə isə oliqopoliya araşdırılır. QiSA Təkrar: Oliqopoliya və inhisarçı rəqabəti izah edin və hər birinə aid misal göstərin. YALNIZ BİR NEÇƏ SATICININ OLDUĞU BAZARLAR Oliqopolistik bazarda yalnız satıcıların kiçik qrupu olduğundan oliqopoliyanın əsas xüsusiyyəti əməkdaşlıqla şəxsi maraqlar arasındakı gərginlikdir. Oliqopolistlər qrupu inhisarçılar kimi əməkdaşlıq etməklə və fəaliyyət göstərməklə, kiçik həcmdə əmtəə istehsal etməklə və qiyməti marjinal maya dəyərindən daha yüksək saxlamaqla gəlir əldə edirlər. Lakin hər bir oliqopolist yalnız öz mənfəəti üçün çalışdığından firmaların inhisarçı əmtəə istehsalını saxlamasına mane olan güclü səbəblər mövcuddur. Duopoliyaya Misal Oliqopoliyaların davranışını anlamaq üçün duopoliya adlanan, yalnız iki üzvün mövcud olduğu oliqopoliyanı nəzərdən keçirək. Duopoliya oliqopoliyanın ən sadə növüdür. Üç və ya daha artıq üzvləri olan oliqopoliyaların yalnız iki üzvü olan oliqopoliyaların üzləşdiyi eyni problemlərlə üzləşdiyini nəzərə alsaq, təhlilə duopoliyanın öyrənilməsi ilə başlamaqla çox şey itirmirik. Yalnız iki sakinin - Cek və Cilin içməli su istehsal edən quyusunun olduğu şəhər təsəvvür edin. Hər şənbə Cek və Cil neçə qallon su çıxarmağı qərara alır, suyu şəhərə gətirir və bazarda olan qiymətə satır. Məsələni sadələşdirmək üçün, Cek və Cilin heç bir xərc olmadan istədikləri qədər su çıxarmaq imkanına malik olduğunu təsəvvür edin. Bu o deməkdir ki, suyun marjinal maya dəyəri sıfıra bərabərdir. Cədvəl 1-də şəhərin suya olan tələbat qrafiki göstərilmişdir. Birinci sütunda məcmu tələb həcmi, ikinci sütunda isə qiymət göstərilmişdir. İki quyu sahibi cəmi 10 qallon su satdıqda, su 110 dollara satılır. Onlar cəmi 20 qallon su satarlarsa qiymət 100 dollara düşür. Əgər rəqəmlərdən ibarət bu iki sütunu diaqram şəklində çəksəniz, tipik, aşağıya doğru meylli tələb əyrisi alacaqsınız. Cədvəl 1-dəki son sütunda suyun satışından əldə edilən məcmu gəlir göstərilmişdir. Bu satılmış həcmlə qiymətin hasilinə bərabərdir. Suyun çıxarılmasına heç bir maya dəyəri tələb olunmadığından iki istehsalçının məcmu gəliri onların məcmu mənfəətinə bərabərdir. Cədvəl 1 İndi isə şəhərin su sənayesinin təşkilinin suyun qiymətinə və satılmış suyun həcminə necə təsir etdiyini nəzərdən keçirək. Rəqabət, İnhisarlar və Kartellər SÖVDƏLƏSMƏ bazardakı firmalar arasında istehsalın həcmi və ya qiymətin dəyişdirilməsi ilə bağlı razılaşma KARTEL birgə fəaliyyət göstərən firmalar qrupu Cek və Cilin duopoliyasından irəli gələn suyun qiymət və həcmini nəzərdən keçirməzdən əvvəl artıq tanış olduğumuz iki bazar strukturunu - rəqabət və inhisarçılığı qısaca müzakirə edək. İlk olaraq bazarın mükəmməl rəqabətli olması halında nə baş verdiyini nəzərdən keçirək. Rəqabətli bazarda hər bir firmanın istehsalla bağlı qərarları qiyməti marjinal maya dəyəri ilə bərabərləşdirir. Su bazarında maya dəyəri sıfırdır. Beləliklə, rəqabət üzrə suyun tarazlıq qiyməti sıfır, tarazlıq miqdarı isə 120 qallon olacaq. Suyun qiyməti onun istehsalına çəkilən xərci əks etdirəcək və rasional həcmdə su istehsal və istehlak ediləcək. İndi isə inhisarçılığı nəzərdən keçirək. Cədvəl 1 60 qallon həcmində və hər qallon üçün 60 dollar qiymətində məcmu mənfəətin maksimum səviyyəyə çatdırıldığını göstərir. Bu səbəbdən, mənfəəti maksimallaşdıran inhisarçı bu həcmi istehsal edəcək və bu qiyməti qoyacaq. İnhisarçılıq üçün səciyyəvi olaraq qiymət marjinal maya dəyərini üstələyəcək. Nəticə səmərəsiz olacaq. Çünki, istehsal və istehlak olunan suyun həcmi sosial cəhətdən səmərəli olan 120 qallondan aşağı düşəcək. Duopolistlərimizdən buraxılan məhsulla bağlı nə gözləmək olar? Ehtimallardan biri Ceklə Cilin bir araya gələrək istehsal olunacaq suyun miqdarı və təyin olunacaq qiyməti ilə bağlı razılığa gəlməsidir. Firmalar arasında istehsal və qiymət üzrə belə razılaşma xüsusi sövdələşmə adlandırılır və razılaşma əsasında fəaliyyət göstərən firmalar qrupu kartel adlandırılır. Kartel formalaşdırıldıqda bazar inhisarçılığa məruz qalır və bu halda Fəsil 15-dəki təhlili tətbiq etmək olar. Bu o deməkdir ki, məhsul buraxılışı istehsalçıların bazardan əldə edə biləcəyi məcmu mənfəəti maksimallaşdırdığından, Cek və Cil sövdələşmiş olsaydılar onlar inhisarçı məhsul buraxılışı üzrə razılığa gəlmiş olardılar. Bizim iki istehsalçı cəmi 60 qallon istehsal edərdi və bir qallonun qiyməti 60 dollar olardı. Yenə də qiymət marjinal maya dəyərini üstələyir və məhsul buraxılışı sosial cəhətdən səmərəsizdir. Kartel yalnız istehsalın ümıımi səviyyəsi deyil, həm də hər bir üzv tərəfindən istehsal ediləcək həcm üzrə razılığa gəlməlidir. Bizim baxdığımız halda, Cek və Cil 60 qallonluq inhisar istehsalını öz aralarında necə bölmək haqqında razılaşmalıdırlar. Kartelin hər bir üzvü bazardan daha böyük paya sahib olmaq istəyir. Çünki, daha böyük bazar payı daha böyük mənfəət deməkdir. Əgər Cek və Cil bazarı bərabər bölüşərlərsə, hər biri 30 qallon istehsal edər və bir qallonun qiyməti 60 dollar olar və onlardan hər biri 1 800 dollar mənfəət əldə etmiş olarlar. Oliqopoliya Üçün Tarazlıq Oliqopolistlər kartellər formalaşdırmaqla inhisar mənfəəti əldə etmək istəsələr də, əksər hallarda bu mümkün olmur. Bu fəsildə müzakirə olunduğu kimi, dövlət siyasəti olaraq, oliqopolistlər arasındakı açıq razılaşmalar anti-inhisar qanunları ilə qadağan olunur. Bundan əlavə, kartel üzvləri arasında bazardakı mənfəətin bölüşdürülməsi ilə bağlı ziddiyyətlər onlar arasında razılaşmanı qeyri-mümkün edir. Bu səbəbdən Cek və Cilin ayrı-ayrılıqda nə qədər su istehsal etməklə bağlı qərar verdiyi halda nə baş verdiyini öyrənək. İlk olaraq, inhisarçı səviyyədə məhsul buraxılışı onların birgə mənfəətini maksimallaşdırdığından, Cek və Cilin təklikdə bu məhsul buraxılışına nail olacağını gözləmək olar. Lakin, məcburi razılaşma olmadığı halda, inhisarçı səviyyədə məhsul buraxılışına nail olunması inandırıcı görünmür. Nə üçün belə olduğunu görmək üçün Cekin Cilin yalnız 30 qallon (inhisar həcminin yarısı) istehsal edəcəyini gözlədiyini təsəvvür edin. Bu halda Cek düşünəcək: "Mən də 30 qallon istehsal edə bilərəm. Bu halda ümumilikdə 60 qallon su bir qallonu 60 dollar qiymətində satılacaq. Mənim mənfəətim 1 800 dollar (30 qallon, bir qallonu 60 dollar) olacaq. Alternativ olaraq, 40 qallon istehsal edə bilərəm. Bu halda cəmi 70 qallon su bir qallonu 50 dollar qiymətinə satılacaq. Mənfəətim 2 000 dollar (40 qallon, bir qallonu 50 dollar) olacaq. Hətta bazarda mənfəət azalsa da mənim mənfəətim daha çox olacaq, çünki daha böyük bazar payına malik olacağam." Anti-inhisar qanunları kartelləri qadağan etdiyindən onlara nadir hallarda rast gəlinir. Lakin aşağıdakı məqalədə göstərildiyi kimi okean gəmiçilik nəqliyyat şirkətləri bu qanunlardan azaddır və bunun nəticəsi olaraq adi halda təyin edə biləcəkləri qiymətlərdən daha yüksək qiymətlər təyin edirlər. ABŞ Ticarəti İnkişaf Etdikcə, Gəmiçilik Kartelləri Daha Çox Diqqət Mərkəzinə Gəlir (Anna Uilde Mətyus) RUTHERFORD N.J.-iki həftədən bir burada kiçik ofis binasında təxminən 20 gəmi nəqliyyatı menecerlərinin növbəti yığıncaqlarına toplaşırlar. Onlar uzun konfrans stolu arxasında əyləşir, bublik və qəhvədən dadaraq bir qədər söhbət edir və sonra isə yükləri Atlantik Okeanından keçirmək üçün təyin edəcəkləri qiyməti müzakirə edirlər. Bir detal istisna olmaqla hər bir şey qaydada baş verir. Onlar eyni şirkət üçün işləmirlər. Onlardan hər biri guya biznes sahəsində rəqabət aparan müxtəlif gəmi nəqliyyat şirkətini təmsil edirlər. ABŞ anti-inhisar qanununa əsasən bu işlə məşğul olanların əksəriyyətinin işi məhkəməlik ola bilər. Lakin gəmi nəqliyyatı digər biznes sahələrinə bənzəmir. ABŞ-ın Sea-Land Service Inc. şirkətindən tutmuş Danimarkanın A.P. Moller/Maersk Line şirkətinə kimi dünyanın bir çox böyük gəmi nəqliyyatı şirkətləri on illər boyu on milyard dollarlıq yük üçün tarifləri müəyyən edən kiçik kartelin üzvləridir. Dəniz vasitəsilə idxal və ya ixrac olunan ABŞ istehlak mallarının əksəriyyəti müəyyən dərəcədə təsirə məruz qalır. Əslində hər bir böyük gəmiçilik marşrutu üzrə biri olmaqla bir neçə karteldən ibarət olan kartel idxalçı və ixracçılara daşınma müqavilələrinin nə vaxt başladığını və nə vaxt bitdiyini deyə bilər. Onlar hər hansı limana üstünlük verməklə çox tələbat olan ticarət sahəsini bütöv şəhərdən uzaqlaşdıra bilərlər. Gəmi nəqliyyat sənayesi Konqres tərəfindən antiinhisar qanunlarından azad edildiyinə görə bunlar hamısı qanuni hesab edilir. Ədliyyə nazirliyinin anti-inhisar məsələləri üzrə keçmiş rəsmisi Robert Litanın dediyi kimi "bu mövcud olan ən son qanuniləşdirilmiş qiymətqoyma tədbirlərindən biridir. Aviaşirkətlər və banklar bunu edə bilməzlər, lakin əgər siz okean gəmi nəqliyyat şirkətisinizsə heç nə sizə qiymət qoymaqda mane ola bilməz." Üzvlərinin həddindən çox gəmi hazırlanmasının qarşısını ala bilməməsi səbəbindən kifayət qədər güclü olmasa da, onları gəmiçiliyin OPEK-i adlandırmaq olar. Daha böyük biznesə nail olmaq üçün, bəzi gəmiçilik kartellərinin öz üzvləri kartel qiymətlərini azaldır və ya böyük müştərilərlə xüsusi sazişlər bağlayırlar. Həmçinin onlar eyni bazarda qiymətləri aşağı səviyyədə saxlayan rəqiblərin peyda olması ilə də üzləşirlər. Lakin, hazırda Amerika şirkətləri dünya ticarətinə daha çox nüfuz etdikcə, bu sənaye sahəsi ABŞ iqtisadiyyatında daha böyük rol oynayır. Dəniz vasitəsilə ixrac son iki ildə 26%, on illiyin başlamasından bəri isə 50% artmışdır, istehlakçılara təsiri isə ölçmək çətindir. Nəqliyyat xərcləri əksər malların qiymətlərini 5% - 10% artırmışdır və daşıma tariflərinin artmasının yükü adətən istehlakçıların üzərinə düşür. 1993-cü il tarixdə 5 milyard dollarlıq kənd təsərrüfatı ixracını öyrənən Kənd Təsərrüfatı Nazirliyinin keçirdiyi məhdud araşdırmada kartellərin daşıma tariflərini 18%-ə qədər artırdığı müəyyən edilmişdi. Federal Ticarət Komissiyası tərəfindən 1995-ci ildə hazırlanan digər bir hesabata əsasən gəmiçilik şirkətlərini kartel qiymətlərini pozması halında müqavilə qiymətlərinin təxminən 19% daha aşağı olduğu aşkar edilmişdi. Detroitdəki Wayne State Universitetinin nəqliyyat üzrə professoru Con Teylorun fikrincə "kartellərin bütün tərkibi anti-istehlakçıdır. Onlar qiymətləri yüksək səviyyədə saxlanılması üçün “yaradılmışdır”. Bəzi tədbirlər nəticəsində bütün bunların dəyişdirilməsi nəzərdə tutulur. ABŞ senatı, on illikdə ilk dəfə, üzvlərinin idarə olunmasında güclərini azaltmaqla kartelləri zəiflədəcək qanun layihəsini nəzərdən keçirir. Texas senatoru Belli Haçison tərəfindən irəli sürülən bu layihə çoxluğun lideri Trent Lott da daxil olmaqla bəzi yüksək çinli Respubiikaçılar tərəfindən də dəstəklənirdi. .. . Səkkiz onillikdir ki, gəmiçilik kartelləri 1916-cı ildə kartellərin etibarlı xidmətini təmin edəcəyini düşünən gəmiçilik sahəsindəki müştərilərin istəyi ilə qəbul edilmiş Gəmiçilik Qanunu ilə Konqres tərəfindən müdafiə olunur. Qanuna yalnız iki dəfə, 1961 və 1984-cü illərdə əhəmiyyətli düzəlişiər edilsə də, hər iki dəfə bu sənaye sahəsinin toxunulmazlığı dəyişilməz qaldı. Ən son böyük araşdırma 1991-ci ildə konqres komissiyası tərəfindən həyata keçirilmişdir. 100-dən çox şahid dinlənilmiş, 250 səhifəlik hesabat hazırlanmış və heç bir nəticə və ya tövsiyələr verilməmişdir. .. . Konqresdə illərlə fəaliyyətsizliyin mövcudluğunun səbəbi laqeydlik və ya müxtəlif qruplar tərəfindən lobbiçilik fəaliyyəti ola bilər. Məsələn, tərsanə işçiləri gizli müqavilələrin gəmiçilik şirkətlərinə yükü ittifaqın xəbəri olmadan qeyri-ittifaq işçilərinə ötürməsinə imkan verəcəyindən qorxurlar. Gəmiçiliklə bağlı araşdırmalar aparan Miçiqan Universitetinin iqtisadçısı Devid Butzun fikrincə seçicilər bu məsələ ilə maraqlanmır; kartellər aktual mövzu deyillər. Onun dediyinə görə "o, diqqəti cəlb etmir. Müştərilər malik olduqları təsir imkanından xəbərsizdirlər." Mənbə: The Wall Street Journal. 7 oktyabr 1997-ci il. səh. A1. © 1997 Dow Jones & Co. Inc. DOW JONES & CO INC-in icazəsi ilə Müəlliflik Hüququ Mərkəzi vasitəsilə Dərslik formatında hazırlanmışdır. Əlbəttə, Cil də eyni qaydada düşünə bilər. Belə olarsa, Cek və Cil hər biri şəhərə 40 qallon gətirəcək. Ümumi satış 80 qallon olacaq, qiymət isə 40 dollara düşəcək. Beləliklə, duopolistlər nə qədər istehsal etməklə bağlı qərar verərkən ayrı-ayrılıqda öz maraqlarını güdərlərsə, onlar birlikdə inhisar həcmindən artıq miqdarda istehsal edəcək, inhisar qiymətindən aşağı qiymət təyin edəcək və inhisar mənfəətindən az məcmu mənfəət əldə edəcəklər. Şəxsi maraq məntiqinin, duopoliya məhsul buraxılışını inhisar səviyyəsindən yüksək olmasına səbəb olmasına baxmayaraq, bu duiopoloistin rəqabətli paylaşdırmaya nail olmasını təmin etmir. Hər bir duopolistin 40 qallon istehsal etdiyi halda nə baş verdiyinə nəzər salın. Qiymət 40 dollar olur və hər duopolist 1 600 dollar mənfəət götürür. Bu halda Cekin şəxsi maraq məntiqi onun başqa bir nəticəyə gəlməsinə səbəb olur: "İndi mənim mənfəətim 1 600 dollardır. Təsəvvür edək ki, istehsalımı 50 qallona qədər artırıram. Bu halda ümumilikdə 90 qallon su satılacaq və bir qallonun qiyməti 30 dollar olacaq. Onda mənim mənfəətim cəmi 1 500 dollar olacaq. İstehsalı çoxaldıb qiyməti aşağı salmaqdansa 40 qallon istehsalı saxlamaq daha yaxşı olardı." Cek və Cilin hər birinin 40 qallon istehsal etdiyi məhsul buraxılışı tarazlığın müəyyən formasını təşkil edir. Əslində bu məhsul buraxılışı Nəş tarazlığı adlandırılır. (Həyatı "Gözəl təfəkkür" kitabı və filmində canlandırılmış iqtisadi nəzəriyyəçi Con Nəşin şərəfinə adlandırılmışdır). Nəş tarazlığı bir-biri ilə qarşılıqlı fəaliyyətdə olan iqtisadi subyektlərin digərlərinin artıq seçdikləri strategiyanı nəzərə alaraq, hər birinin özünün ən yaxşı strategiyasını seçdiyi situasiyadır. Bu halda Cilin 40 qallon istehsal etdiyini nəzərə alaraq Cek üçün ən yaxşı strategiya 40 qallon istehsal etməkdir. Eyni qaydada, Cekin 40 qallon istehsal etdiyini nəzərə almaqla Cil üçün ən yaxşı strategiya 40 qallon istehsal etməkdir. Bu Nəş tarazlığı əldə edildikdə nə Cek, nə də Cil fərqli bir qərar çıxarmaq niyyətində olmayacaqlar. Bu misal əməkdaşlıqla şəxsi maraqlar arasında gərginliyi əks etdirir. Oliqopolistlər üçün əməkdaşlıq etmək və inhisarçı səviyyədə məhsul buraxılışına nail olmaq daha yaxşı olardı. Lakin, onlar şəxsi maraqlarını güddüklərindən, inhisar məhsul buraxılışına çataraq birgə mənfəətlərini maksimallaşdıra bilmirlər. Hər bir oliqopolist istehsalı artırmaq və bazarın daha böyük payını zəbt etməyə çalışır. Onlardan hər biri bunu etməyə çalışdığından məcmu istehsal artır, qiymət isə düşür. Eyni zamanda, şəxsi maraqlar heç də bazarı tam olaraq rəqabətli məhsul buraxılışına gətirib çıxarmır. İnhisarçılar kimi, oliqopolistlər də istehsal həcminin artırılmasının onların əmtəələrinin qiymətinin düşməsinə səbəb olduğundan xəbərdardırlar. Bu səbəbdən, onlar rəqabət aparan firmaların qiymətin marjinal maya dəyərinə çatdığı nöqtəyə qədər istehsalı davam etdirmələrini tələb edən qaydaya sona qədər əməl etmirlər. Nəş tarazlığı Bir-biri ilə qarşılıqlı əlaqədə olan iqtisadi subyektlərin hər birinin bütün digər subyektləri seçdiyi strategiyanı nəzərə almaqla ən yaxşı strategiyanı seçdiyi situasiya Yuxarıda deyilənləri ümumiləşdirərək qeyd etmək olar ki, oliqopoliyadakı firmalar mənfəəti maksimallaşdırmaq üçün ayrı-ayrılıqda istehsalı seçdikdə onlar inhisarda olduğundan daha çox, rəqabətdə olduğundan isa daha az məhsul istehsal edirlər. Oliqopololiya qiyməti inhisar qiymətindən daha aşağı, rəqabət qiymətindən (marjinal maya dəyərinə bərabər olan) isə daha yüksək olur. Oliqopoliyanın Həcmi Bazarda Məhsul Buraxılışına Necə Təsir Göstərir Duopoliyanın bu təhlilindən öyrəndiklərimizdən oliqopoliyanın bazarda məhsul buraxılışına necə təsir göstərdiyini müzakirə etmək üçün istifadə edə bilərik. Məsələn, Con və Coanın qəflətən öz mülkiyyətlərində su mənbəyi aşkar etdiklərini və su oliqopoliyasında Cek və Cilə qoşulduqlarını fərz edək. Cədvəl 1-dəki tələb qrafiki əvvəlki kimi qalsa da, indi bu tələbi ödəmək üçün daha çox istehsalçı mövcuddur. Satıcıların sayının ikidən dördə qədər artması şəhərdə suyun qiymətinə və miqdarına necə təsir göstərəcək? Əgər su satıcıları kartel yarada bilərsə, onlar yenə inhisar miqdarını istehsal etməklə və inhisar qiyməti təyin etməklə məcmu mənfəətlərini maksimallaşdırmağa çalışacaqlar. İki satıcının mövcud olduğu halda olduğu kimi kartelin üzvləri hər bir üzv üçün istehsal səviyyəsi üzrə razılığa gəlməli və razılaşmanı həyata keçirməyin yolunu tapmalıdırlar. Lakin kartel genişləndikcə bu nəticənin əldə edilməsi ehtimalı azalır. Qrupun həcmi böyüdükcə razılaşmanın əldə edilməsi və həyata keçirilməsi daha da çətinləşir. Oliqopolistlər kartel yaratmazlarsa - bu anti-inhisar qanunları ilə qadağan edilə bilər - onlardan hər biri nə qədər su istehsal etməklə bağlı özü qərar verməlidir. Satıcıların sayının artmasının məhsul buraxılışına necə təsir göstərdiyini bilmək üçün, hər bir satıcının qarşılaşdığı seçimi nəzərdən keçirmək lazımdır. İstənilən vaxtda, hər bir quyu sahibinin istehsalı 1 qallon artırmaq seçimi var. Bu qərarı verərkən quyu sahibi iki effekti müqayisə edir: • İstehsal həcmi effekti: Qiymət marjinal maya dəyərindən yüksək olduğuna görə mövcud qiymətlə satılmış hər əlavə 1 qallon mənfəəti artıracaq. • Qiymət effekti: Istehsalın artırılması məcmu satış həcmini artırır, bu isə suyun qiymətini aşağı salacaq və satılmış bütün digər qallonlardan gələn mənfəəti azaldacaq. İstehsal həcmi effekti qiymət effektindən böyük olarsa, quyu sahibi istehsalı artıracaq. Qiymət effekti istehsal həcmi effektindən böyük olduqda isə, quyu sahibi istehsalı artırmayacaq. (Əslində, bu halda istehsalı azaltmaq faydalıdır.) Hər bir oliqopolist, digər firmaların istehsalını nəzərə almaqla bu iki marjinal effektin tam balansı yaranana qədər istehsalı artırır. İndi isə sənaye sahəsindəki firmaların sayının hər bir oliqopolistin marjinal təhlilinə necə təsir göstərdiyinə baxaq. Satıcıların sayı nə qədər çox olarsa, hər bir satıcının bazar qiymətinə təsir imkanı bir o qədər az olur. Bu o deməkdir ki, oliqopoliyanın həcmi artdıqca, qiymət effektinin həcmi azalır. Oliqopoliya çox böyüdükdə, qiymət effekti tamamilə yoxa çıxır və yalnız istehsal həcmi effekti qalır. Son həddə aid bu halda oliqopoliyadakı hər bir firma qiymət marjinal maya dəyərindən yuxarı olduqca istehsalı artırır. Bununla da, böyük oliqopoliyanın mahiyyətcə rəqabət aparan firmalar qrupu olduğunu görmək olar. Rəqabət aparan firma nə qədər istehsal etməklə bağlı qərar qəbul edərkən yalnız istehsal həcmi effektini nəzərə alır: Rəqabət aparan firma qiymətlə razılaşan firma olduğundan qiymət effekti mövcud olmur. Beləliklə, oliqopoliyadakı satıcıların sayı artdıqca oliqopolistik bazar getdikcə daha çox rəqabətli bazara bənzəməyə başlayır. Qiymət marjinal maya dəyərinə, istehsal həcmi sosial cəhətdən səmərəli səviyyəyə yaxınlaşır. Oliqopoliyanın bu təhlili beynəlxalq ticarətin effektləri üzrə yeni perspektivlər təklif edir. Toyota və Hondanın Yaponiyada, Volkswagen və BMW-nin Almaniyada, Ford və "General Motors"un isə Birləşmiş Ştatlarda yeganə avtomobil istehsalçıları olduğunu təsəvvür edin. Bu dövlətlər avtomobil üzrə beynəlxalq ticarəti qadağan edərlərsə, hər bir ölkədə yalnız iki üzvü olan oliqopoliyalar mövcud olacaq və yəqin ki, bazarda məhsul buraxılışı rəqabətə aid idealdan əhəmiyyətli şəkildə fərqlənəcək. Lakin beynəlxalq ticarət olduqda, maşın bazarı dünya bazarıdır və bu misalda oliqopoliyanın altı üzvü olur. Azad ticarətə icazə verilməsi istehsalçının aralarından seçə bildiyi istehsalçıların sayını artıracaq və bu rəqabət qiymətini marjinal maya dəyərinə yaxın saxlayır. Beləliklə, oliqopoliya nəzəriyyəsi, Fəsil 3-də müzakirə olunan nisbi üstünlük nəzəriyyəsinə əlavə olaraq, bütün ölkələrin azad ticarətdən fayda götürə biləcəyini bir daha sübut edir. Real Həyatdan Misal OPEK VƏ DÜNYA NEFT BAZARI Şəhərin su bazarı haqqında hekayəmiz uydurma olsa da suyu xam neft, Cek və Cili isə İran və İraq ilə əvəz etsək hekayə reallığa yaxın olar. Dünyadakı neftin əsas hissəsi bir neçə ölkə tərəfindən əsasən yaxın Şərqdə istehsal edilir. Bu ölkələr birlikdə oliqopoliya təşkil edirlər. Onların nə qədər neft çıxarmaqla bağlı qərarları Cek və Cilin nə qədər su çıxarmaqla bağlı qərarları ilə, demək olar ki, eynidir. Dünya neftinin əsas hissəsini istehsal edən ölkələr Neft İxrac Edən Ölkələr (OPEK) adlanan kartel yaratmışdırlar. 1960-cı ildə ilk dəfə yarandıqda OPEK-ə İran, İraq, Küveyt və Venesuela daxil idi. 1973-cü ilə qədər daha səkkiz ölkə: Qətər, İndoneziya, Liviya, Birləşmiş Ərəb Əmirlikləri, Əlcəzair, Nigeriya, Ekvador və Qabon təşkilata qoşuldular. Dünyanın neft ehtiyatlarının dörddə üç hissəsi bu ölkələrin nəzarətindədir. Bütün kartellər kimi, OPEK istehsal həcminin koordinasiya edilmiş şəkildə azaldılması ilə öz əmtəəsinin qiymətini qaldırmağa çalışır. OPEK üzv ölkələrin hər biri üçün istehsal səviyyəsini müəyyən etməyə çalışır. OPEK-in üzləşdiyi problem bizim hekayədə Cek və Cilin üzləşdiyi problemlə, demək olar ki, eynidir. OPEK ölkələri neftin yüksək qiymətini saxlamaq istərdi. Lakin hər bir üzv ölkə məcmu mənfəətdən daha böyük pay əldə etmək üçün istehsalını artırmaq istəyir. OPEK üzvləri tez-tez istehsalı azaltmaq üçün razılığa gəlsələr də, sonradan razılaşmaları pozurlar. OPEK 1973-1985-ci illər arasındakı müddətdə uğurla əməkdaşlıq edir və qiyməti yüksək saxlayırdı. Xam neftin bir barrelinin qiyməti 1972-ci ildə 2.64 dollardan 1974-cü ildə 11.17 dollara, daha sonra isə 1981-ci ildə 35.10 dollara qalxdı. Lakin, 1980-ci illərin əvvəllərində üzv ölkələr arasında istehsal səviyyəsi ilə bağlı fikir ayrılıqları meydana çıxmağa başladı və OPEK əməkdaşlığın davam etdirilməsində səmərəsini itirdi. 1986-cı ilədək xam neftin bir barreli yenidən 12.52 dollara düşdü. Son illərdə, OPEK üzvləri müntəzəm görüşlər keçirməkdə davam etsələr də, kartel razılaşmaların əldə edilməsi və həyata keçirilməsində müvəffəqiyyət əldə edə bilməmişdir. Xam neftin qiyməti bütün inflyasiya nəzərə alınmaqla OPEK-in 1981-ci ildə əldə etdiyi səviyyədən çox aşağıda qalmışdır. Əməkdaşlığın olmaması neft istehsal edən dövlətlərin mənfəətinə mənfi təsir göstərsə də, dünyadakı istehlakçılar bundan faydalandı. Bu məqalədə oliqopoliyaların iqtisadiyyatın daha vacib hissəsinə çevrilməkdə olduğu bildirilir. Böyük Biznes: Birləşmək və Oliqopoliya Yaratmaq Niyyətinın Qəfil Artmasının Səbəbi Nədir? Hər bir tərəfdə qüdrətli güclər Amerikanın sənaye sahələrini oliqopoliyalara çevirir və maneələr əhəmiyyətini itirir. Daha böyük olmaq üçün mükafatlar, xüsusilə, dəyişməz xərclərin olduqca böyük, hər bir əlavə müştəriyə xidmət xərclərinin isə kiçik olduğu texnologiya, rabitə və telekommunikasiya sahəsində böyüməkdədir. Bəzi fikirlər: • iyirmi il əvvəl kabel televiziyası sahəsinde minlərlə çox kiçik, ailə-idarəçilikli şirkətlər hökmranlıq edirdi. Bu gün gözlənilən saziş bazarın üçdə iki hissəsini üç şirkətin nəzarətinə verəcək. • 1990-cı ildə kollec dərslikləri nəşr edən üç şirkət bu sahənin 35 faizini əhatə edirdi. Bu gün bu faiz 62-dir. . . . • 1999-cu ildə 10-dan çox firma işə götürülmə üzrə sayt təklif edirdi. Bu gün isə üç firma hökmranlıq edir. İqtisadi güclər bu sahələri oliqopoliyalara çevirməyə çalışsa da, 1990-cı illərdə bu meyli sınaqdan çıxarmış bəzi güclər zəifləməkdədir. ABŞ anti-inhisar polisləri, tənzimləyiciləri və hakimlər biznesə qarşı daha az antaqonist görünür. Keçən həftə federal apelyasiya məhkəməsi əslində kabel televiziyası şirkətlərinin yayım şəbəkələrini almasının qarşısını alan qaydaları ləğv etməklə, öz qapılarını media birliklərinin yeni raundu üçün açdı. ... Bir neçə satıcının oxşar əmtəələri satdığı bazar olan oliqopoliya heç də həmişə arzuolunmaz deyil və qaçılmaz olur. Bu, firmaların istehlakçılara aşağı qiymətlə daha yaxşı əmtəələr təklif etməsinə və istehlakçıların həyatını asanlaşdıran sənaye standartlarına gətirib çıxara bilər. Lakin, oliqopoliya böyük biznes sahələrinə istehlakçıların və iqtisadi tərəqqinin hesabına böyük mənfəət əldə etmək imkanı verə bilər. Bu, firmaların qiymətləri maya dəyərindən kifayət qədər yüksək saxlamasının və şirkətləri dəyişmək və ya məhv olmağa vadar etməsinin qarşısını almaqda həyati əhəmiyyət daşıyan rəqabəti məhv edə bilər. Məsələn, kabel televiziyası üçün tariflər 1996-cı ildə bu sənaye sahəsi üzrə qanunvericilik məhdudiyyətlər aradan qaldırıldıqdan və bir neçə böyük firma arasında sövdələşmə əldə edildikdən bəri 36 faiz, demək olar ki, inflyasiyanın üç misli qədər yüksəlmişdir. Mənbə: The Wall Street Journal, 25 fevral 2002, seh. A1. © 2002 Dow Jones & Co. Inc. DOW JONES & CO INC-in icazəsi ilə Müəlliflik Hüququ Mərkəzi vasitəsilə Dərslik formatında hazırlanmışdır. QISA Təkrar: Əgər oliqopoliya üzvləri ümumi istehlak həcmi üzrə razılığa gəlsəydilər, hansı həcmi seçərdilər? Əgər oliqopolistlər bir araya gəlmədən istehsalla bağlı qərarları ayn-ayrılıqda verərlərsə, əvvəlki suala cavabınızdakından çox, yoxsa az məcmu həcm istehsal edəcəklər? Niyə? OYUNLAR NƏZƏRİYYƏSİ VƏ ƏMƏKDAŞLIQ Bildiyimiz kimi, oliqopoliyalar inhisar məhsul buraxılışına nail olmaq istəsə də bunun üçün əməkdaşlıq tələb olunur ki, bunun təmin edilməsi isə bəzən çətin olur. Bu bölmədə əməkdaşlıq arzu olunan, lakin çətin olduqda insanların qarşılaşdığı problemlərə yaxından nəzər salacağıq. Əməkdaşlığı təhlil etmək üçün oyunlar nəzəriyyəsi haqqında bir qədər məlumat almaq lazımdır. Oyunlar nəzəriyyəsi insanların strateji situasiyalarda necə davrandığının öyrənilməsidir. "Strateji" dedikdə hər bir insanın hansı tədbirlər görməklə bağlı qərar qəbul edərkən digərlərinin bu tədbirə necə cavab verə biləcəyini nəzərə almalı olduğu situasiya nəzərdə tutulur. Oliqopolistik bazardakı firmaların sayı az olduğundan hər bir firma strategiya ilə hərəkət etməlidir. Hər bir firma mənfəətin yalnız onun nə qədər istehsal etməsindən deyil, həm də digər firmaların nə qədər istehsal etməsindən asılı olduğunu bilir. İstehsalla bağlı qərarlar qəbul edərkən oliqopoliyadakı hər bir firma onun istehsal qərarlarının bütün digər firmaların istehsal qərarlarına necə təsir göstərə biləcəyini nəzərə almalıdır. Rəqabətli və ya inhisarçı bazarların öyrənilməsi üçün oyunlar nəzəriyyəsinə ehtiyac yoxdur. Rəqabətli bazarda hər bir firma bazarla müqayisədə o qədər kiçikdir ki, digər firmalarla strateji qarşılıqlı fəaliyyət vacib deyil. İnhisarlaşmış bazarda yalnız bir firma olduğundan strateji qarşılıqlı fəaliyyət mövcud deyil. Lakin, oyunlar nəzəriyyəsi oliqopoliyaların davranışının öyrənilməsi üçün faydalıdır. Xüsusilə vacib "oyun" dustaqların dilemması adlanır. Bu oyun əməkdaşlığın saxlanılmasının çətinliyi haqqında təsəvvür yaradır. İnsanlar həyatları boyu əməkdaşlığın hamıya fayda verdiyi bir çox hallarda əməkdaşhq edə bilmir. Oliqopoliya bu misallardan biridir. Dustaqların dilemması hekayəsində öz üzvləri arasında əməkdaşlığı saxlamağa çalışan istənilən qrupa tətbiq olunan ümumi dərs verilmişdir. OYUNLAR NƏZƏRİYYƏSİ insanların strateji situasiyalarda davranışının öyrənilməsi DUSTAQLARIN DİLEMMASI iki yaxalanmış dustaq arasında hətta qarşılıqlı olaraq faydalı olduğu halda belə əməkdaşlığın qorunmasının nə üçün çətin olduğunu göstərən"oyun" Dustaqların Dilemması Dustaqların dilemması polis tərəfindən yaxalanmış iki cinayətkar haqqında hekayədir. Onları Bonni və Klayd adlandıraq. Polisin Bonni və Klaydı qanunsuz silah daşıma kimi kiçik cinayətdə ittiham etmək üçün kifayət qədər sübutu var və hər biri dustaqda bir il keçirəcək. Polis bu iki cinayətkarın bank oğurluğunda iştirak etməsindən şübhələnsə də, onları bu böyük cinayətdə ittiham etmək üçün ciddi sübutları yoxdur. Polis Bonni və Klaydı ayrı-ayrı otaqlarda dindirir və onlardan hər birinə aşağıdakı sövdələşməni təklif edirlər: "Bu dəqiqə səni bir illiyə həbs edə bilərik. Lakin, bank oğurluğunu və ortağının da bu işdə əli olduğunu da boynuna alsan sənə bəraət verər və azad edərik. Ortağın isə 20 il iş alacaq. Lakin, əgər hər ikiniz cinayəti boynunuza alsanız sizin ifadənizə ehtiyac olmayacaq və məhkəmə xərclərindən qaça bilərik və hər biriniz dərhal 8 il alacaqsınız." Qəddar bank oğruları olan Bonni və Klayd yalnız öz hökmləri haqqında düşünərsə onların nə edəcəyini düşünürsünüz? Önlar cinayəti etiraf edəcəklər yoxsa susacaqlar? Təsvir 2-də (səh. 356) onların hər birinin seçimi göstərilmişdir. Hər bir dustağın iki strategiyası var: etiraf etmək və ya susmaq. Hər bir dustaq üçün çıxarılan hökm onun özünün və cinayət ortağının seçdiyi strategiyadan asılıdır. İlk olaraq, Bonninin qərarına baxaq. O, belə düşünür: "Mən Klaydın nə edəcəyini bilmirəm. Əgər o, susarsa, mənim ən yaxşı strategiyam cinayəti etiraf etmək olar. Onda mən azad olar və bir ili həbsxanada keçirmərəm. Əgər o, cinayəti etiraf edərsə, yenə də mənim üçün ən yaxşı strategiya cinayəti etiraf etmək olar. Onda mən həbsxanada 20 il deyil 8 il keçirəcəyəm. Deməli, Klaydın nə etməsindən asılı olmayaraq cinayəti etiraf etməyim yaxşı olardı" Oyunlar nəzəriyyəsi dilində digər oyunçuların hansı strategiyanı seçməsindən asılı olmayaraq, oyunçu üçün ən yaxşı olan strategiya dominant strategiya adlandırılır. Bu halda cinayətin etiraf edilməsi Bonni üçün dominant strategiyadır. DOMİNANT STRATEGİYA digər oyunçuların seçdiyi strategiyalardan asılı olmayaraq oyundakı oyunçu üçün ən yaxşı strategiya Klaydın cinayəti etiraf etməsindən və ya susmasından asılı olmayaraq o, həbsxanada daha az vaxt keçirəcək. İndi isə Klaydın qərarına nəzər salaq. O da Bonni kimi eyni seçimlə üzləşir və demək olar ki, eyni qaydada düşünür. Bonninin nə etməsindən asılı olmayaraq, cinayəti etiraf etməklə Klayd həbsxanada keçirəcəyi müddəti azalda bilər. Nəticə etibarilə sonda Bonni və Klayd hər ikisi cinayəti etiraf edir və hər ikisi həbsxanada 8 il keçirir. Lakin, onlar üçün bu dəhşətli nəticədir. Əgər onların hər ikisi susmuş olsaydı daha yaxşı olardı, onlar qanunsuz silah gəzdirməyə görə 1 il həbsxanada yatacaqdılar. Hər biri öz maraqlarını güddüyündən hər ikisi onlar üçün daha pis olan nəticə əldə edir. Əməkdaşlıq etməyin nə qədər çətin olduğunu bilmək üçün Bonni və Klaydın polis onları yaxalamazdan əvvəl cinayəti etiraf etməməklə bağlı razılığa gəldiyini təsəvvür edin. Aydındır ki, onlar bu razılaşmaya əməl etmiş olarlarsa, bu onların hər ikisi üçün daha yaxşı olardı. Belə olduqda onların hər biri həbsxanada bir il keçirərdi. Lakin, bu iki cinayətkar yalnız razılığa gəldiyinə görə doğrudan da susacaqmı? Onlar ayrı-aynlıqda dindirildiyindən şəxsi maraq məntiqi üstün gəlir və onları cinayəti etiraf etməyə vadar edir. Fərdi yanaşmada əməkdaşlıq məntiqsiz olduğundan iki cinayətkarın əməkdaşlıq etməsi çətindir. Oliqopoliyalar Dustaqların Dilemması Kimi Dustaqların dilemmasının bazarlar və qeyri-mükəmməl rəqabətlə nə əlaqəsi var? Oliqopolistlərin inhisarçı səviyyədə məhsul buraxılışına nail olmaq üçün oynadıqları oyunun iki dustağın dustaqların dilemmasında oynadığı oyunla eyni olduğu üzə çıxır. İran və İraq adlanan iki üzvü olan oliqopoliyanı nəzərdən keçirək. Hər iki ölkə xam neft satır. Uzun danışıqlardan sonra ölkələr neftin dünya qiymətini aşağı səviyyədə saxlamaq üçün neft istehsalını aşağı səviyyədə saxlamaq haqqında razılığa gəlirlər. Onlar istehsal səviyyəsi ilə bağlı razılığa gəldikdən sonra hər bir ölkə əməkdaşlıq edərək bu razılaşmaya əməl etməyi və ya ona məhəl qoymayaraq İraqın daha yüksək səviyyədə istehsal həyata keçirməyi seçməlidir. Təsvir 3-də iki ölkənin mənfəətinin onların seçdikləri strategiyalardan necə asılı olduğu göstərilmişdir. Təsəvvür edin ki, İraqın prezidentisiniz. Siz aşağıdakı şəkildə düşünə bilərsiniz: "Razılaşdığımız kimi istehsalı aşağı səviyyədə saxlaya və ya istehsalı artırmaqla dünya bazarlarında daha çox neft sata bilərəm. Əgər İran razılaşmaya əməl edərək istehsalı aşağı səviyyədə saxlayarsa, ölkəm yüksək istehsal səviyyəsi ilə 60 milyard dollar, aşağı istehsal səviyyəsi ilə 50 milyard dollar mənfəət əldə edəcək. Bu halda yüksək istehsal səviyyəsi İraq üçün daha sərfəlidir. Əgər İran razılaşmaya əməl etməyərək istehsalın səviyyəsini qaldırarsa, onda ölkəm yüksək istehsal səviyyəsi ilə 40 milyard dollar, aşağı istehsal səviyyəsi ilə isə 30 milyard dollar mənfəət əldə edəcək. Bu halda da yüksək istehsal İraq üçün daha sərfəlidir. Deməli, İranın nə etməsindən asılı olmayaraq, razılaşmaya əməl etməyərək istehsalın səviyyəsini qaldırmaq ölkəm üçün daha sərfəlidir." Yüksək səviyyədə istehsal İraq üçün dominant strategiyadır. Əlbəttə, İran da eyni qaydada düşünür və buna görə də hər iki ölkə yüksək səviyyədə istehsal həyata keçirir. Bu isə hər bir ölkənin mənfəətini azaltmaqla daha pis nəticəyə (İran və İraq üçün) gətirib çıxarır. Bu misal oliqopoliyaların inhisar mənfəətinə nail olmaqda nə üçün çətinlik çəkdiyini göstərir. İnhisar məhsul buraxılışı birlikdə oliqopoliya üçün səmərəli olsa da, hər bir oliqopolist hiylə işlətməyə meyllidir. Şəxsi maraq dustaqların dilemmasında dustaqları cinayəti etiraf etməyə sövq etdiyi kimi, oliqopoliya üçün əməkdaşlıq edərək aşağı istehsal, yüksək qiymət və inhisar mənfəətinə nail olmağı çətinləşdirir. Dustaqların Dilemmasının Digər Misalları Dustaqların dilemmasının oliqopoliyaların üzləşdiyi problemlərin öyrənilməsində necə istifadə edildiyini gördük. Eyni məntiq bir çox digər situasiyalarda da tətbiq edilə bilər. Burada şəxsi marağın əməkdaşlığa mane olduğu və maraqlı tərəflər üçün daha pis nəticələrə səbəb olduğu üç misal göstərilmişdir. Silahlanma yarışı dustaqların dilemması ilə, demək olar ki, eynidir. Bunu görmək üçün iki ölkə - Birləşmiş Ştatlar və Sovet İttifaqının yeni silahlar yaratmaq və ya tərksilah olmaqla bağlı seçimini nəzərdən keçirək. Daha böyük arsenal dünya məsələlərinə daha böyük təsir imkanı verdiyindən, hər bir ölkə digərindən daha çox silaha sahib olmağı üstün tutur. Lakin hər bir ölkə eyni zamanda digər ölkənin silahları olmayan təhlükəsiz dünyada yaşamağı üstün tutur. Təsvir 4-də ölümlə nəticələnə biləcək oyun göstərilmişdir. Sovet İttifaqı silahlanmanı seçir və Birləşmiş Ştatlar qüdrətinin azalmasının qarşısını almaq üçün eyni şeyi edir. Əgər Sovet İttifaqı tərksilah olmağı seçərsə, Birİəşmiş Ştatların silahlanması daha faydalıdır. Bu onu daha da qüdrətli edəcək. Hər iki ölkə üçün silahlanma dominant strategiyadır. Beləliklə, hər iki ölkə silahlanmanı seçir ki, bu da hər iki ölkəni risk altında qoyan daha pis nəticəyə səbəb olur. Soyuq Müharibənin hökm sürdüyü müddətdə Birləşmiş Ştatlar və Sovet İttifaqı silahlara nəzarət üzrə danışıqlar və razılaşmalar vasitəsilə həll etməyə çalışmışlar. İki ölkənin üzləşdiyi problemlər oliqopolistlərin karteli saxlamağa çalışan zaman qarşılaşdığı problemlərlə oxşardır. Oliqopolistlər istehsal səviyyəsi ilə bağlı mübahisə etdiyi kimi, Birləşmiş Ştatlar və Sovet İttifaqı hər bir ölkə üçün icazə verilən silahların miqdarı ilə bağlı mübahisə edirdilər. Kartellər istehsal səviyyəsinə əməl etməkdə çətinlik çəkdiyi kimi, Birləşmiş Ştatlar və Sovet İttifaqı hər biri digərinin razılaşmanı pozacağından qorxurdu. Həm silahlanma yarışı, həm də oliqopoliyalarda sarsılmaz şəxsi maraq məntiqi iştirakçıları hər iki tərəf üçün daha pis olan əməkdaşlıqdan kənar nəticəyə sövq edir. Eyni müştərini cəlb etmək üçün reklam verən iki firma dustaqların dilemmasına oxşar problemlə üzləşir. Misal üçün iki siqaret şirkəti, Marlboro və Camel-in qarşılaşdığı seçimi nəzərdən keçirək. Heç biri reklam verməzsə iki şirkət bazarı bölüşəcək. Hər ikisi reklam verərsə, yenə onlar bazarı bölüşəcəklər, lakin hər bir şirkət reklam xərclərinə məruz qaldığından mənfəətləri daha az olacaq. Lakin əgər şirkətlərdən biri reklam verdiyi halda digəri bunu etməzsə, reklam verən şirkət digərinin müştərilərini cəlb etmiş olur. . Təsvir 5-də iki şirkətin mənfəətinin onların fəaliyyətindən necə asılı olduğu göstərilmişdir. Reklam verilməsinin hər iki şirkət üçün dominant strategiya olduğunu görmək olar. Beləliklə, heç bir firmanın reklam vermədiyi halda daha çox mənfəət etməsinə baxmayaraq, hər iki firma reklam verməyi seçir. Reklam nəzəriyyəsinin sübutu 1971-ci ildə siqaretin televiziyada reklamına Konqres tərəfindən qadağa qoyulduqda meydana çıxdı. Siqaret şirkətlərinin qanuna qarşı böyük siyasi təsir imkanlarından istifadə etməməsi bir çox müşahidəçilərin təəccübünə səbəb olmuşdu. Qanun qüvvəyə mindikdə siqaret reklamı azaldı və siqaret şirkətlərinin mənfəəti artdı. Bu qanun siqaret şirkətlərinin özlərinin özləri üçün edə bilmədiyini etdi. O, az reklamla yüksək mənfəət əldə etdirən əməkdaşlığı həyata keçirməklə dustaqların dilemmasını həll etdi. Fəsil 11-də insanların ortaq sərvətlərdən necə sui-istifadə etməyə meylli olduğunu görə bilərik. Bu problemə dustaqların dilemmasının bir misalı kimi baxmaq olar. İki neft şirkəti Exxon və Texaco-nun qonşuluqda yerləşən neft yataqlarına sahib olduğunu təsəvvür edin. Yataqların altında 12 milyon dollar dəyərində ümumi neft hövzəsi mövcuddur. Neftin çıxarılması üçün quyunun qazılması 1 milyon dollara başa gəlir. Əgər şirkətlərdən hər biri bir quyu qazarsa, hər biri neftin yarısını əldə edəcək və 5 milyon dollar mənfəət əldə edəcək (6 milyon dollar mədaxilin 1 milyon dollar xərclərlə fərqi). Neft hövzəsi ortaq sərvət olduğundan şirkətlər ondan səmərəli istifadə etməyəcəklər. İki şirkətdən birinin ikinci quyunu qaza biləcəyini fərz edək. Üç quyudan ikisinə sahib olan şirkət neftin üçdə iki hissəsini əldə edir ki, bu da 6 milyon dollar mənfəət gətirir. Digər şirkət isə neftin üçdə bir hissəsini əldə edir ki, bu da 3 milyon dollar mənfəət gətirəcək. Lakin, hər iki şirkət ikinci quyunu qazarsa, iki şirkət yenə də nefti bölüşürlər. Bu halda onların hər biri ikinci quyuya çəkilən xərcə məruz qaldığından hər bir şirkət üçün mənfəət 4 milyon dollar olur. Təsvir 6-da oyun göstərilmişdir. İki quyunun qazılması hər iki şirkət üçün dominant strategiyadır. Bu halda da iki oyunçunu şəxsi maraqları daha pis nəticəyə gətirib çıxarır. Dustaqların Dilemması və Cəmiyyətin Rifahı Dustaqların dilemması əksər həyat situasiyalarını təsvir edir və hətta əməkdaşlığın oyundakı hər iki oyunçuya fayda gətirdiyi halda belə əməkdaşlığın saxlanılmasının çətin olduğunu göstərir. Aydındır ki, əməkdaşlığın olmaması bu situasiyalarda maraqlı tərəflər üçün problemdir. Lakin, əməkdaşlığın olmaması bütövlükdə cəmiyyət üçün problemdirmi? Cavab şəraitdən asılıdır. Bəzi hallarda, əməkdaşlığın olmadığı tarazlıq həm cəmiyyət, həm də oyunçular üçün pisdir. Təsvir 6-da silahlanma yarışı oyununda həm Birləşmiş Ştatlar və Sovet İttifaqı sonda risk altında qahr. Təsvir 6-dakı ortaq sərvətlər oyununda Texaco və Exxon tərəfindən qazılmış əlavə quyular sadəcə israfçılıqdır. Hər iki halda, hər iki oyunçunun əməkdaşlıq etməsi cəmiyyət üçün daha faydalı olardı. Əksinə, oliqopolistlərin inhisar mənfəətinə nail olmaq istədiyi halda əməkdaşlığın olmaması bütövlükdə cəmiyyət nöqteyi-nəzərindən arzuolunandır. İnhisar məhsul buraxılışı oliqopolistlər üçün yaxşı olsa da, məhsul istehlakçıları üçün pisdir. Fəsil 7-dən göründüyü kimi, məcmu izafiliyi maksimallaşdırdığından rəqabətli məhsul buraxılışı cəmiyyət üçün daha yaxşıdır. Oliqopolistlər əməkdaşlıq edə bilmədikdə onların istehsal həcmi optimal səviyyəyə yaxın olur. Başqa sözlə desək, "gözəgörünməz əl" yalnız bazarlar rəqabətli olduqda və bazardakı firmalar bir-biri ilə əməkdaşlıq edə bilmədikdə resursların səmərəli paylaşdırılması üçün bazarları idarə edir. Eyni qaydada, polisin iki şübhəli şəxsi dindirdiyi halı nəzərdən keçirmək olar. Polislərə daha çox cinayətkar tutmaq imkanı verdiyindən şübhəli şəxslər arasında əməkdaşlığın olmaması anlaşılandır. Dustaqların dilemması dustaqlar üçün dilemma olsa da qalan hamı üçün faydalıdır. Nə Üçün İnsanlar Bəzən Əməkdaşlıq Edir Dustaqların dilemması əməkdaşlığın çətin olduğunu göstərir. Lakin bu qeyri-mümkündürmü? Heç də bütün dustaqlar polis tərəfindən dindirildikdə öz ortaqlarını satmaq qərarına gəlmirlər. Bəzən kartellər ayrı-ayrı üzvlərin xəyanət etmək istəyinə baxmayaraq razılaşma üzrə fəaliyyəti həyata keçirməyə nail ola bilirlər. Əksər hallarda oyunçuların dustaqların dilemmasını həll edə bilməsinin səbəbi onların bu oyunu bir dəfə deyil, dəfələrlə oynamasıdır. Təkrar oyunlarda əməkdaşlığın təmin edilməsinin nə üçün asan olduğunu görmək üçün duopolistlər olan Cek və Cilə qayıdaq. Yadınıza salın ki, Cek və Cil hər birinin 30 qallon istehsal etməklə inhisar məhsul buraxılışına nail olmaq istəsələr də, şəxsi maraq onları hər birinin 40 qallon istehsal etdiyi tarazlığa gətirib çıxardı. Təsvir 7-də onların oynadığı oyun göstərilmişdir. 40 qallonun istehsal edilməsi bu oyundakı hər iki oyunçu üçün dominant strategiyadır. Cek və Cilin kartel yaratmağa çalışdığını təsəvvür edin. Məcmu mənfəəti maksimallaşdırmaq üçün onlar hər birinin 30 qallon istehsal etdiyi birgə məhsul buraxılışı üzrə razılığa gəlirlər. Əgər, Cek və Cil bu oyunu ilk dəfə oynayırlarsa, onlardan heç biri razılaşmaya əməl etmək niyyətində olmayacaq. Şəxsi maraq onların hər ikisini razılaşmaya əməl etməməyə və 40 qallon istehsal etməyə təhrik edir. İndi isə Cek və Cilin eyni oyunu hər həftə oynayacağını təsəvvür edin. Onlar istehsalın aşağı səviyyədə saxlanılması üzrə ilkin razılaşmanı əldə edərkən, hər hansı tərəfin bu razılaşmanı pozması halında nə baş verəcəyini də təsbit edə bilərlər. Məsələn onlar belə bir razılığa gələ bilərlər ki, əgər onlardan biri razılaşmanı pozarsa və 40 qallon istehsal edərsə, bundan sonra həmişə onların hər ikisi 40 qallon istehsal edəcək. Bu cəriməni həyata keçirmək asandır, çünki, bir tərəf istehsalın səviyyəsini qaldırarsa, digər tərəfin eyni şeyi etmək üçün bütün əsasları olacaq. Bu cərimənin qorxusu əməkdaşlığın qorunması üçün lazım olan şeydir. Hər bir kəs razılaşmanın pozulmasının onun mənfəətini 1 800 dollardan 2 000 dollara qaldıracağını bilir. Lakin bu mənfəət yalnız bir həftə davam edəcək. Ondan sonra mənfəət 1 600 dollara düşəcək və həmin səviyyədə qalacaq. Oyunçuların gələcək mənfəətdə kifayət qədər maraqları olduğundan onlar razılaşmanın pozulmasından əldə ediləcək gəlirdən imtina etmək qərarına gələcəklər. Beləliklə, dustaqların dilemmasının təkrarlandığı oyunda iki oyunçu birgə məhsul buraxılışına asanlıqla nail ola bilər. Real Həyatdan Misal DUSTAQLARIN DİLEMMASI TURNİRİ Ayrıca otaqda dindirilən şəxslə dustaqların dilemması oyununu oynadığınızı təsəvvür edin. Bundan əlavə bir dəfə deyil, dəfələrlə oynayacağınızı təsəvvür edin. Oyunun sonunda sizin xalınız həbsxanada keçirilən illərin ümumi sayıdır. Bu xalın mümkün qədər az olması sizin üçün daha yaxşı olardı. Hansı strategiya ilə oynayardınız? Cinayəti etiraf edər yoxsa, susardınız? Digər oyunçunun hərəkətləri sizin cinayəti etiraf edib-etməməklə bağlı qərarlarınıza necə təsir edər? Təkrarlanan dustaqların dilemması kifayət qədər mürəkkəb oyundur. Əməkdaşlıq imkanı yaratmaq üçün tərəflər əməkdaşlıq etmədiyi üçün bir-birini cərimələməlidirlər. Lakin, Cek və Cilin su karteli üçün bir qədər əvvəl təsvir olunan strategiya - digər oyunçu razılaşmanı pozduqda razılaşmanı həmişəlik pozmaq - ümidvericidir. Dəfələrlə təkrarlanan oyunda tərəflərə əməkdaşlığın olmadığı müddətdən sonra birgə məhsul buraxılışına qayıtmaq imkanı verən strategiya daha münasibdir. Hansı strategiyanın daha yaxşı olduğunu bilmək üçün politoloq Robert Akselrod turnir keçirmişdir. İnsanlar təkrarlanan dustaqların dilemması oyununu oynamaq üçün hazırlanmış kompüter proqramları göndərməklə oyuna daxil olurdular. Sonra hər bir proqram bütün digər proqramlara qarşı oynayırdı. "Qalib" ümumilikdə ən az iş alan proqram olurdu. "Əvəz-əvəz" adlanan sadə strategiya sonda qalib oldu. "Əvəz-əvəz" strategiyasına əsasən, oyunçu oyuna əməkdaşhq etməklə başlamalı, sonra isə digər oyunçunun axırıncı dəfə etdiyini etməlidir. Beləliklə, "əvəz-əvəz" oyunçusu digər oyunçu razılaşmanı pozana qədər əməkdaşlıq edir; sonra o, digər tərəf əməkdaşlıq edənədək razılaşmanı pozur. Başqa sözlə desək, bu strategiya dostcasına başlayır, dostluq etməyən oyunçuları cərimələyir və bəraət qazandıqda bağışlayır. Bu sadə strategiyanın insanların göndərdiyi bütün daha mürəkkəb strategiyalardan daha uğurlu olması Akselrodun təəccübünə səbəb oldu. "Əvəz-əvəz" strategiyası uzun tarixə malikdir. Mahiyyətcə bu "gözə-göz, dişə-diş" strategiyası ilə eynidir. Dustaqların dilemması turniri bunun bəzi həyat oyunlarının oynanılması üçün yaxşı praktiki üsul olduğunu göstərir. QlSA Təkrar: Dustaqların dilemması hekayəsini danışın. Dustaqların seçimlərini göstərən cədvəl çəkin və hansı nəticələrin əldə edilmək ehtimalı olduğunu izah edin. Dustaqların dilemması oliqopoliyalarla bağlı bizə nə öyrədir? OLİQOPOLİYALARLA BAĞLI DÖVLƏT SİYASƏTİ Fəsil 1-dəki Ekonomiksin On Prinsipindən biri bəzən dövlətin bazar fəaliyyətinin nəticələrini yaxşılaşdıra bilməsidir. Bu prinsip, ümumi məsələ olaraq, oliqopolistik bazarlara birbaşa tətbiq edilə bilər. Bildiyimiz kimi, çox aşağı istehsal və çox yüksək qiymətə səbəb olduğundan oliqopolistlər arasında əməkdaşlıq cəmiyyət nöqteyi-nəzərindən arzu olunan deyil. Resursların paylaşdırılmasını sosial cəhətdən optimal nöqtəyə çatdırmaq üçün səlahiyyətli şəxslər oliqopoliyadakı firmaları əməkdaşlıq etməyə deyil rəqabət aparmağa vadar etməlidir. Səlahiyyətli şəxslərin bunu necə etdivini nəzərdən keçirək və dövlət siyasətinin bu sahəsində ortaya çıxan ixtilafları araşdıraq. Ticarətin Məhdudlaşdırılması və Anti-inhisar Qanunları Siyasət vasitəsilə əməkdaşlığa mane olmağın yollarından biri ümumi qanunlardır. Normal olaraq, müqavilələr bağlamaq hüququ bazar iqtisadiyyatının əsas hissələrindən biridir. Ticarət müəssisələri və təsərrüfatlar müqavilələrdən qarşılıqlı faydalı ticarəti təşkil etmək üçün istifadə edirlər. Bunu edərkən onlar müqavilələrin həyata keçirilməsində məhkəmə sisteminə etibar edirlər. Lakin, əsrlər boyu İngiltərə və Birləşmiş Ştatların hakimləri rəqiblər arasında istehsal həcmini azaltmaq, qiyməti isə qaldırmaq üçün bağlanmış müqavilələrin ictimai rifaha zidd olduğunu hesab etmişlər. Bu səbəbdən onlar belə razılaşmaları həyata keçirilməkdən imtina etmişlər. 1980-ci il Şerman Anti-inhisar Qanunu bu siyasəti sistemləşdirmiş və gücləndirmişdir: Müxtəlif ştatlar arasında və ya xarici dövlətlərlə istehsal və ya ticarətin məhdudlaşdırılması məqsədi güdən razılaşma, birləşmə və sövdələşmə qanunsuz hesab edilir.... müxtəlif ştatlar arasında və ya xarici ölkələrlə istehsal və ya ticarətin hər hansı hissəsini inhisarlaşdıran və ya inhisarlaşdırmağa çalışan və ya inhisarlaşdırmaq məqsədilə hər hansı şəxs və ya şəxslərlə birləşən və ya sövdələşən hər bir şəxs cinayətdə təqsirli bilinəcək və ittiham edilərək məhkəmənin qərarına əsasən əlli min dollardan çox olmayaraq cərimələnəcək və ya bir ildən artıq olmayaraq bir il müddətinə həbs olunacaq və ya hər iki cəza tətbiq olunacaq. Şerman Qanunu oliqopolistlər arasındakı razılaşmaları həyata keçirilməyən müqavilədən cinayətkar sövdələşməyə çevirdi. 1914-cü il Kleyton Qanunu anti-inhisar qanunlarını daha da gücləndirdi. Bu qanuna görə əgər hər hansı şəxs ticarətin qanunsuz məhdudlaşdırılması səbəbindən ziyana məruz qaldığını sübut edə bilərsə, həmin şəxs iddia ilə məhkəməyə müraciət edə bilər və məruz qaldığı ziyanın üç qatını geri qaytara bilər. Bu ziyanın üç qatının qaytarılması ilə bağlı qeyri-adi qayda sövdələşmiş oliqopolistlərə qarşı şəxsi məhkəmə iddialarını stimullaşdırmaq məqsədi daşıyırdı. Bu gün həm ABŞ Ədliyyə Nazirliyi, həm də siyasi partiyalar anti-inhisar qanunlarının həyata keçirilməsi ilə bağlı məhkəmə işi açmaq səlahiyyətinə malikdir. Fəsil 15-də göstərildiyi kimi, bu qanunlardan hər hansı bir firmanın həddən artıq bazar gücünə malik olmasına səbəb olan birləşmələrin qarşısının alınması üçün istifadə edilir. Bundan əlavə, bu qanunlar oliqopolistlərin onların bazarlarını daha az rəqabətli edəcək şəkildə birgə fəaliyyətinin qarşısını almaq üçün istifadə edilir. Real Həyatdan Misal QANUNSUZ TELEFON ZƏNGİ Oliqopoliyalardakı firmalar istehsalı azaltmaq, qiyməti qaldırmaq və mənfəəti artırmaq məqsədilə gizli sövdələşmələrə girməyə olduqca meylli olurlar. On səkkizinci əsrin böyük iqtisadçısı Adam Smit bazarın belə potensial iflasından xəbərdar idi. Xalqların Sərvətində (The Wealth of Nations) o, yazır: "Eyni ticarət sahəsinin adamları bir-biri ilə nadir hallarda görüşsələr də, danışıqlar cəmiyyətə qarşı sövdələşmə və ya qiymətləri qaldırmaq üçün hər hansı geri çəkilmə ilə bitir." Smitin dediklərinin müasir misalını görmək üçün 1980-ci illərin əvvəllərində iki aviaşirkət rəhbərlərinin telefon danışığının aşağıda verilmiş hissəsinə nəzər salaq. Telefon zəngi haqqında 24 fevral 1983-cü ildə The New York Times qəzetində məlumat verilmişdir. Robert Krandall American Airlines, Horvard Putnam isə Braniff Airways şirkətinin prezidenti idi. KRANDALL: Məncə burada oturub bir-birimizdən pul qoparmağa çalışmağımız və heç birimizin pul qazanmamağımız mənasızdır. PUTNAM: Mənə təklifiniz var? KRANDALL: Bəli sizə təklifim var. Siz uçuş qiymətlərinizi 20 faiz qaldırın. Səhəri gün mən də qaldıracağam. PUTNAM: Robert, biz ... KRANDALL: Siz də çox pul qazanacaqsınız, mən də. PUTNAM: Biz qiyməti müəyyən etmək haqqında danışa bilmərik! KRANDALL: Ah, Hovard. Biz istədiyimiz hər bir şey haqqında danışa bilərik. Putnam haqlı idi: Şerman Anti-inhisar Qanunu rəqabət aparan şirkətlərin rəhbərlərinə qiymətin təyin edilməsi ilə bağlı hətta danışmağı belə qadağan edirdi. Putnam bu söhbətin lent yazısını Ədliyyə Nazirliyinə verdikdə Ədliyyə Nazirliyi Krandalla qarşı məhkəmə işi başlatdı. İki il sonra, Krandallın digər aviaşirkətlərin rəsmiləri ilə müqavilələr də daxil olmaqla, biznes fəaliyyətində müxtəlif məhdudiyyətlər qoyulmaqla Krandall və Ədliyyə Nazirliyi arasında razılıq əldə edildi. Ədliyyə Nazirliyinin dediyinə görə razılığın şərtləri "Amerikan və Krandallın rəqibləri ilə avianəqliyyat xidmətlərinin qiymətləri ilə bağlı danışıqlar vasitəsilə, hər hansı marşrut üzrə hava sərnişin nəqliyyatı xidmətində inhisar yaratmaq cəhdlərinin qarşısını almaqla avianəqliyyat sahəsində rəqabəti qoruyacaq" Anti-inhisar Siyasəti ilə Bağlı Fikir Ayrılıqları Uzun müddət anti-inhisar qanunlarının hansı növ fəaliyyəti məhdudlaşdırmalı olması məsələsi ilə bağlı fikir ayrılıqları mövcuddur. Əksər şərhçilər rəqabət aparan firmalar arasında qiymətin təyin edilməsi ilə bağlı razılaşmaların qanunsuz hesab edilməsi ilə razılaşır. Lakin anti-inhisar qanunlarının təsirləri o qədər də nəzərə çarpmayan bəzi işgüzar münasibətlərin qadağan edilməsində istifadə edilmişdir. Pərakəndə Satış Qiymətlərinin Saxlanılması Mübahisəli işgüzar fəaliyyətə aid misal kimi, həm də vicdanlı ticarət adlanan pərakəndə satış qiymətlərinin saxlanılmasını göstərmək olar. Superduper Electronics-in DVD pleyerləri pərakəndə satış mağazalarına 300 dollara verdiyini təsəvvür edin. Əgər Superduper pərakəndə satıcılardan müştərilər üçün qiyməti 350 dollar müəyyən etməsini tələb edirsə, o halda o, pərakəndə satış qiymətini saxlanılması ilə məşğul olmuş olur. 350 dollardan az qiymət müəyyən edən hər hansı pərakəndə satıcı Superduperlə müqaviləni pozmuş olur. İlk baxışda pərakəndə satış qiymətinin saxlanılmasının rəqabətə qarşı və bu səbəbdən cəmiyyət üçün zərərli olduğunu düşünmək olar. Kartel üzvləri arasındakı razılaşma kimi bu, pərakəndə satıcıların qiymət üzrə rəqabət aparmasının qarşısını alır. Bu səbəbdən, tez-tez məhkəmələr pərakəndə satış qiymətinin saxlanılmasını anti-inhisar qanunlarının pozulması kimi qəbul etmişdirlər. Lakin bəzi iqtisadçılar iki şeyə əsaslanaraq pərakəndə satış qiymətlərinin saxlanılmasını müdafiə edirlər. İlk olaraq, onlar bunun rəqabəti azaltmaq məqsədi daşıdığını inkar edirlər. Superpuder Electronics hər hansı bazar gücünə malik olduqda bu gücdən pərakəndə satış qiymətlərinin saxlanılması üçün deyil, topdansatış qiymətlərinə təsir etmək üçün istifadə edə bilər. Bundan əlavə, Superduperin öz pərakəndə satıcıları arasında rəqabətə mane olmaq niyyəti yoxdur. Aydındır ki, pərakəndə satıcılardan ibarət kartel rəqabət aparan pərakəndə satıcılardan daha az satdığına görə pərakəndə satıcılarının kartel təşkil etməsi Superduper üçün sərfəli deyil. İkincisi, iqtisadçılar pərakəndə satış qiymətlərinin saxlanılmasının qanuni məqsəd daşıdığını hesab edirlər. Superduper pərakəndə satıcılarının müştərilərə gözəl vitrin və bacarıqlı satış personalı ilə təmin etməsini istərdi. Lakin, pərakəndə satış qiymətlərini saxlamadıqda bəzi müştərilər DVD pleyerlərin xüsusiyyətləri haqqında məlumat almaq üçün bir mağazanın xidmətindən istifadə edib, sonra həmin əşyanı bu xidməti göstərməyən mağazadan güzəştlə almaq istəyər. Müəyyən mənada, yaxşı xidmət Superduper əmtəələri satan pərakəndə satıcılar arasında ictimai əmtəədir. Fəsil 11-də göstərildiyi kimi, bir şəxs ictimai əmtəəni təmin etdikdə digərləri heç nə ödəmədən bu xidmətdən istifadə edə bilirlər. Bu halda, güzəşt verən pərakəndə satıcılar digər pərakəndə satıcılar tərəfindən təmin edilən xidmətdən müftə istifadə edərək arzu olunandan daha pis xidmətin təmin edilməsinə səbəb olurlar. Pərakəndə satış qiymətinin saxlanılması müftə istifadəçi probleminin həlli yollarından biridir. Pərakəndə satış qiymətlərinin saxlanılması misalı vacib prinsipi əks etdirir. Rəqabəti azaltdığı düşünülən işgüzar fəaliyyət növlərindən bəziləri əslində qanuni məqsədlər daşıya bilər. Bu prinsip anti-inhisar qanunlarının tətbiqini daha da çətinləşdirir. Bu qanunların həyata keçirilməsi üçün məsuliyyət daşıyan iqtisadçılar, hüqüqşünaslar və hakimlər hansı növ fəaliyyətin rəqabətə mane olduğuna və iqtisadi rifahı aşağı saldığına görə dövlət siyasəti ilə qadağan olunmalı olduğunu müəyyən etməlidir. Əksər hallarda bu asan olmur. Bazar gücünə malik firmalar normal olaraq bu gücdən qiymətin rəqabətli səviyyədən daha yüksək etmək üçün istifadə edirlər. Lakin, səlahiyyətli şəxslər bazar gücünə malik firmaların həddindən artıq aşağı qiymətlər təyin edə biləcəyinə görə narahat olmalıdırlarmı? Bu sual anti-inhisar siyasəti ilə bağlı başqa bir müzakirənin əsasını təşkil edir. Coyote Air adlandırdığımız böyük aviaşirkətin hər hansı marşrut üzrə inhisara sahib olduğunu təsəvvür edin. Sonra Roadrunner Express daxil olaraq bazarın 20 faizini ələ keçirərək Coyote Air-a 80 faizi saxlayır. Bu rəqabətə cavab olaraq Coyote gediş haqlarını azaltmağa başlayır. Bəzi anti-inhisar analitikləri Coyote-nin hərəkətinin rəqabətə qarşı olduğunu iddia edirlər: Qiymətin aşağı salınması Roadrunner-i bazardan çıxarmaq məqsədi daşıya bilər. Belə olduqda Coyote yenidən inhisarı ələ keçirə və qiymətləri yenidən qaldıra bilər. Belə davranış yırtıcı qiymət siyasəti adlandırılır. Yırtıcı qiymət siyasətinin anti-inhisar məhkəmə işləri üçün xarakterik iddia olmasına baxmayaraq, bəzi iqtisadçılar bu arqumentə şübhə ilə yanaşır və yırtıcı qiymət siyasetinin nadir hallarda, bəlkə də heç vaxt səmərəli strategiya olmadığını hesab edirlər. Nə üçün? Rəqibi aradan götürmək üçün qiymət müharibəsində qiymətləri maya dəyərindən aşağı səviyyəyə salınmalıdır. Lakin əgər Coyote ziyanla ucuz bilet satmağa başlayarsa, daha çox təyyarə uçurmağa hazır olmalıdır, çünki, aşağı qiymətlər daha çox müştərini cəlb edəcək. Eyni zamanda, Roadrunner Coyote-nin yırtıcı hərəkətinə uçuşları azaltmaqla cavab verə bilər. Bunun nəticəsi olaraq, itkilərin 80 faizini öz üzərinə götürməklə Roadrunner-i qiymət müharibəsində sağ qalmaq üçün yaxşı vəziyyətdə qoyur. Roadrunner-Coyote cizgi filmlərində olduğu kimi yırtıcı şikardan daha çox əziyyət çəkir. İqtisadçıların yırtıcı qiymət siyasətinin anti-inhisar sahəsində məsul şəxslərin narahatlığı üçün səbəb olub-olmaması ilə bağlı mübahisəsi davam etməkdədir. Yırtıcı qiymət siyasəti nə vaxtsa səmərəli biznes strategiyası hesab edilə bilərmi? Bilərsə, nə vaxt? Məhkəmələr hansı qiymət salmanın rəqabətli və bununla da istehlakçılar üçün yaxşı, hansının isə yırtıcı olduğunu müəyyən etmək iqtidarındadırlarmı? Bu suala cavab vermək o qədər də asan deyil. Ziddiyyətli fəaliyyətin bir misalı şərtlərin yeridilməsidir. Makemoney Movies-in iki yeni film - Hörümçək adam və Hamlet filmlərini çəkdiyini təsəvvür edin. Əgər Makemoney iki filmi ayrı-ayrılıqda deyil birlikdə bir qiymətlə kinoteatrlara təklif edirsə, studiya iki əmtəəsini yeritmiş olur. Filmlərin yeridilməsi fəaliyyətinə məhkəmələrdə baxıldıqda Ali Məhkəmə onu qadağan etdi. Məhkəmə aşağıdakı şəkildə düşünürdü: Hörümçək adamın blokbaster olduğu halda, Hamletin gəlir gətirməyən bədii film olduğunu təsəvvür edin. Studiyanın yeritmə strategiyasından bazar gücünün artırılması mexanizmi kimi istifadə etdiyi görünür. Bir çoxları bu arqumentə şübhə ilə yanaşırlar. Kinoteatrların Hörümçək adam üçün 20 000 dollar, Hamlet üçün isə heç nə ödəmək istəmədiyini təsəvvür edin. Bu halda kinoteatrın iki film üçün ödəmək istədiyi ən böyük məbləğ 20 000 dollar - yalnız Hörümçək adam üçün ödəmək istədiyi qədərdir. Kinoteatrı dəyərsiz filmi sövdələşmənin bir hissəsi olaraq almağa məcbur etmək kinoteatrın daha çox pul ödəmək istəyini artırmır. Makemoney sadəcə olaraq iki filmi paket olaraq birləşdirməklə bazar gücünü artıra bilməz. Onda yeritmə siyasəti nə üçün mövcuddur? Ehtimallardan biri onun qiymət diskriminasiyası olmasıdır. İki kinoteatrın mövcud olduğunu təsəvvür edin. Şəhər kinoteatrının Hörümçək adam üçün 15 000 dollar, Hamlet üçün 5 000 dollar ödəmək istəyir. Əyalət kinoteatrı isə əksinə Hörümçək adam üçün 5 000 dollar, Hamlet üçün isə 15 000 dollar ödəmək istəyir. Əgər Makemoney iki film üçün ayrı-ayrılıqda qiymət təyin edirsə, ən yaxşı strategiya hər bir film üçün 15 000 dollar qiymət təyin etməkdir və hər bir kinoteatr bir filmi nümayiş etdirməyi seçir. Lakin Makemoney iki filmi paket olaraq təklif edirsə, o, filmlər üçün hər bir kinoteatra 20 000 dollar qiymət təyin edə bilər. Beləliklə, əgər müxtəlif kinoteatrlar filmləri fərqli şəkildə dəyərləndirirsə, yeritmə siyasəti studiyaya alıcıların ümumi ödəmə istəyinə yaxın birləşdirilmiş qiymət təklif etməklə mənfəətini artırmaq imkanı verir. Yeritmə siyasəti ziddiyyətli biznes fəaliyyəti olaraq qalır. Ali Məhkəmənin yeritmə siyasətinin firmaya digər əmtəələr üzrə bazar gücünü artırmaq imkanı verməsi ilə bağlı arqumenti yaxşı əsaslandırılmamışdır. Lakin iqtisadçılar yeritmə siyasətinin rəqabətə necə mane olması ilə bağlı daha müfəssəl nəzəriyyələr təklif etmişlər. Malik olduğumuz iqtisadi biliklərdən çıxış etdikdə yeritmə siyasətinin ümumilikdə cəmiyyət üçün əks təsiri olub olmaması tam aydın deyil. Real Həyatdan Misal MİCROSOFTLA BAĞLI MƏHKƏMƏ İŞİ Son illərdə ən əhəmiyyətli və ziddiyyətli anti-inhisar işi 1998-ci ildə ABŞ hökuməti tərəfindən "Microsoft" Corporation-a qarşı qaldırılmış məhkəmə işi olmuşdur. Məhkəmə işi dramatikliyi ilə seçilirdi. O, dünyanın ən varlı adamlarından birini (Bill Qeyts) dünyanın ən qüdrətli tənzimləyici orqanına (ABŞ Ədliyyə Nazirliyi) qarşı qoymuşdu. Dövlətin maraqlarını məşhur iqtisadçı (MİT professoru Franklin Fişer), Microsoft-un maraqlarmı isə məşhur iqtisadçı (MİT professoru Riçard Şmalensi) təmsil edirdi. İqtisadiyyatın ən sürətlə inkişaf edən sənaye sahəsində (kompüter proqramları) dünyanın ən çox gəlir gətirən şirkətlərindən birinin (Microsoft) gələcək taleyi həll olunurdu. Microsoft-la bağlı işdə əsas məsələ yeritmə siyasəti idi - daha dəqiq, Microsoft-a öz İnternet brauzerini Windows əməliyyat sisteminə daxil etməyə icazə verilib-verilməməsi idi. Hökumət Microsoft-un bu iki əmtəəni kompyuter əməliyyat sistemləri bazarındakı gücünü onunla əlaqəli olmayan bazara (İnternet brauzarləri) daxil olmaq üçün genişləndirmək məqsədilə paket şəklində təklif etdiyini iddia edirdi. Hökumətin fikrincə Microsoft-a belə əmtəələri öz əməliyyat sistemlərinə daxil etməyə icazə verilməsi Netscape kimi proqram təminatı sahəsindəki digər şirkətlərin bazara daxil olmasını və yeni əmtəələr təklif etməsini məhdudlaşdıracaq. Microsoft isə buna, köhnə əmtəələrə yeni xüsusiyyətlərin əlavə edilməsi texnoloji tərəqqinin təbii hissəsi olduğunu göstərməklə cavab verdi. Bu gün maşınlara ayrılıqda satılan maqnitofon və kondisionerlər qoyulur, kameralara işıqlandırıcılar quraşdırılır. Əməliyyat sistemləri ilə də eyni şey baş verir. Zaman keçdikcə Microsoft Windows-a əvvəllər ayrıca əmtəə olan çoxlu xüsusiyyətlər əlavə etmişdir. Bu kompyuterləri daha etibarlı edir və istehlakçılar hissələrin birlikdə işləməsindən əmin olduğundan onlardan istifadəni asanlaşdırır. Microsoft-un iddia etdiyi kimi İnternet texnologiyasının inteqrasiyası növbəti təbii addım idi. Fikir ayrılıına səbəb olan məsələ Microsoft-un bazar gücünü artırması ilə bağlı idi. Yeni fərdi kompyuterlərin 80 faizindən çoxunun Microsoft əməliyyat sistemindən istifadə etdiyini qeyd etməklə, hökumət şirkətin əhəmiyyətli inhisar gücünə malik olduğunu və onu genişləndirməyə çalışdığını iddia edirdi. Microsoft isə proqram təminatı bazarının daim dəyişdiyini və Microsoft Windows-un davamlı olaraq Apple Mac və Linux əməliyyat sistemləri kimi rəqibləri tərəfindən rəqabətə cəlb olunduğunu qeyd etməklə cavab verirdi. O, həmçinin, Windows üçün təyin edilmiş qiymətin - təxminən 50 dollar və ya tipik kompyuterin cəmi 3 faizi - onun bazar gücünün sərt şəkildə məhdud olmasmı sübut etdiyini iddia edirdi. Bir çox inhisara qarşı məhkəmə işlərində olduğu kimi, Microsoft-la bağlı iş də hüquqi bataqlığa çevrildi. 1999-cu ilin noyabr ayında uzun araşdırmadan sonra Hakim Penfild Jackson Microsoft-un böyük inhisar gücünə malik olduğunu və bu gücdən qanunsuz sui-istifadə etdiyini müəyyən etdi. 2000-ci ilin iyun ayında mümkün həll yolları ilə bağlı dinləmələrdən sonra o qərara aldı ki, Microsoft -əməliyyat sistemi satan və tətbiqi proqramları satan iki şirkətə bölünməlidir. Bir il sonra apelyasiya məhkəməsi Ceksonun parçalanma ilə bağlı qərarını ləğv edərək işi yeni hakimə verdi. 2001-ci ilin sentyabr ayında Ədliyyə Nazirliyi artıq şirkətin parçalanmasına nail olmağa çalışmadığını və işin tezliklə həll olunmasını istədiyini elan etdi. Sonda, 2002-ci ilin noyabr ayında məsələ həll olundu. Microsoft biznes fəaliyyətində bəzi məhdudiyyətləri qəbul etdi. Hökumət brauzerin Windows əməliyyat sisteminin tərkib hissəsi olaraq qalmasını qəbul etdi. QlSA Təkrar: Ticarət müəssisələri üçün hansı müqavilələrin bağlanılması qanunsuz hesab edilir? Nə üçün anti-inhisar qanunları ziddiyyətlidir? Proqram təminatı kimi bir çox müasir texnologiyalar təbii inhisar xarakteri daşıyır. Bu anti-inhisar qanunlarının tətbiqində nə məna daşıyır? Microsoft Rəsmilər üçün Modellərə Yenidən Baxılmasının Vacib Olduğunu göstərir. Microsoft-la bağlı iş yenicə başlamaqdadır. Hökumət rəsmiləri sürətlə dəyişən Amerika bazarı ilə məşğul olduqca bu fakt onları daha çox təəccübləndirir; Yeni iqtisadiyyatda inhisar istisna deyil, qaydaya çevrilir. Bu gün Qlobal şəbəkə xidmətləri, işgüzar mübadilə və ya MP3 mahnıları ilə məşğul olan böyük şirkətlər iqtisadiyyat üzrə dərsliklərdə "təbii inhisarlar" adlandırılan modellərə bənzəyirlər. Əmtəə və xidmətlər əksər hallarda nisbətən böyük sərmayə cəlb edirlər. Lakin, rəqəmli məlumatların internetdə yayılmasının asan olması sayəsində onların istehsal və paylanılması çox az və ya heç bir xərc tələb etmir. Belə bir biznes sahəsində aparıcı mövqeyə sürətlə qalxmaq ucuz, qalxmamaq isə təhlükəlidir. Eyni əmtəə və xidmətlər təklif edən çoxsaylı firmalarla ənənəvi rəqabət qiymətləri tez bir za-manda sıfıra endirə bilər. Bəs hökumət bu yeni inhisarabənzər biznes sahələrinə necə cavab verməlidir? . . . Bu dövlət anti-inhisar qüvvələrinin "Microsoft"-la olduğu kimi digər şirkətlərlə də daha da aktivləşdirməli olduğu mənasına gəlirmi? Klinton administrasiyasının baş iqtisadçısı, Maliyyə katibi Lorens Sammers digər administrasiya rəsmiləri kimi "Microsoft"-un işi ilə bağlı şərh verməkdən qətiyyətlə imtina edir. Lakin, keçən ay o, San Fransiskoda "Dövlətin Yeni Sərvəti" adlı maraqlı çıxış edərək təbii inhisarların genişlən-məsinin pis deyil, yaxşı olduğunu bildirmişdir. Onun dediyi kimi informasiyaya əsaslanan iqtisadiyyat sahəsində "hər hansı şeyi istehsal etmək üçün yeganə səbəb müvəqqəti inhisar gücüdür - çünki bu güc olmadan qiymət marjinal maya dəyərinə enəcək və yüksək dəyişməz xərcləri kompensasiya etmək mümkün olmayacaq.. . .beləliklə bu inhisar gücünün əldə edilməsi istəyi Yeni iqtisadiyyatın mərkəzi aparıcı məsələsinə çevrilmişdir. Bu istəkdən irəli gələn yaradıcı yolla məhvetmə iqtisadi inkişafın əsas stimuluna çevrilir." Mənbə: The Wall Street Joumal, 9 iyun 2000, səh. A1. A8. © 2000 Dow Jones & Co. DOW JONES & CO INC-in icazəsi ilə Müəlliflik Hüququ Mərkəzi vasitəsilə Dərslik formatında hazırlanmışdır. NƏTİCƏ Oliqopoliyalar inhisarlar kimi fəaliyyət göstərmək istəsələr də, şəxsi maraq onları rəqabətə yaxınlaşdırır. Beləliklə, oliqopoliyalar firmaların sayından və onların necə əməkdaşlıq etməsindən asılı olaraq inhisarlara və ya rəqabətli bazarlara bənzəyirlər. Dustaqların dilemması hekayəsində əməkdaşlıq onların maraqlarını ən yaxşı şəkildə təmin etdiyi halda belə nə üçün əməkdaşlıq edə bilməməsi göstərilmişdir. Siyasət sahəsindəki səlahiyyətli şəxslər anti-inhisar qanunları vasitəsilə oliqopoliyaların davranışını tənzimləyir. Bu qanunların təsir dairəsi davam etməkdə olan ziddiyyətlərə səbəb olur. Rəqabət aparan firmalar arasında qiymətin təyin edilməsinin iqtisadi rifahı aşağı salmasına və qanunsuz hesab edilməli olmasına baxmayaraq, rəqabəti azaltması güman edilən bəzi biznes fəaliyyətləri məharətlə incə məqsədlər daşıdıqda qanuni hesab edilə bilər. Bu səbəbdən, səlahiyyətli şəxslər firmaların davranışına məhdudiyyətlər qoymaq üçün anti-inhisar qanunlarından istifadə edərkən diqqətli olmalıdırlar. XÜLASƏ • Oliqopoliyalar kartel formalaşdırmaqla inhisarçılar kimi fəaliyyət göstərməklə məcmu mənfəətlərini maksimallaşdırırlar. Lakin oliqopoliyalar istehsal səviyyəsi ilə bağlı ayrı-ayrılıqda qərarlar çıxardıqda, bu, inhisar məhsul buraxılışında olduğundan daha böyük istehsal həcmi və daha aşağı qiymətə səbəb olur. Oliqopoliyadakı firmaların sayı nə qədər çox olarsa, istehsal həcmi və qiymət rəqabətdə olduğu səviyyəyə daha yaxın olur. • Dustaqların dilemması şəxsi marağın, hətta əməkdaşlığın insanların qarşılıqlı maraqlarını təmin etdiyi halda belə onların əməkdaşlıq etməsinə mane olduğunu göstərir. Dustaqların dilemmasındakı məntiq bir çox situasiyalara, o cümlədən silahlanma yarışı, reklam, ortaq sərvətlər problemlərinə və oliqopoliyalara tətbiq edilə bilər. Səlahiyyətli şəxslər anti-inhisar qanunlarından oliqopoliyaların rəqabəti azaldan fəaliyyətlə məşğul olmasının qarşısını almaq üçün istifadə edirlər. Rəqabəti azaltdığı güman edilən bəzi fəaliyyətlərin əslində qanuni biznes məqsədləri daşıya bilməsi səbəbindən bu qanunların tətbiqi ziddiyyətli ola bilər. ƏSAS ANLAYIŞLAR oliqopoliya, səh. 346 kartel, səh. 348 Nəş tarazlığı səh. 351 oyunlar nəzəriyyəsi, səh. 355 inhisarçı rəqabət, səh. 346 birləşmə, səh. 348 dustaqların dilemması, səh. 355 dominant strategiya, səh. 355 TƏHLİL ÜÇÜN SUALLAR 1. Əgər satıcılar qrupu kartel yarada bilərsə, onlar hansı istehsal həcmi və ya qiymətə nail olmağa çalışacaqlar? 2. Oliqopoliyadakı istehsal həcmi və qiyməti inhisardakı istehsal həcmi və qiymətlə müqayisə edin. 3. Oliqopoliyadakı istehsal həcmi və qiyməti inhisardakı istehsal həcmi və qiymətlə müqayisə edin. 4. Oliqopoliyadakı firmaların sayı onların bazarda məhsul buraxılışına necə təsir edir? 5. Dustaqların dilemması nədir və onun oliqopoliya ilə nə əlaqəsi var? 6. Oliqopoliyadan başqa dustaqların dilemmasının davranışın izah edilməsinə necə kömək etdiyini göstərən iki misal göstərin. 7. Anti-inhisar qanunları hansı növ fəaliyyəti qadağan edir? 8. Pərakəndə satış qiymətinin saxlanılması nədir və o, nə üçün ziddiyyətlidir? TAPŞIRIQ VƏ TƏTBİQİ MƏSƏLƏLƏR 1. The New York Times (30 noyabr 1993-cü il) məlumat verirdi ki, “OPEK”-in keçən həftə istehsalın azaldılması ilə bağlı razılığa gələ bilməməsi bazarda qarışıqlıq salaraq.....yerli xam neftin qiymətini 1990-cı ilin iyun ayından bəri ən aşağı səviyyəyə düşməsinə səbəb oldu." a. OPEK üzvləri nə üçün istehsalın azaldılması ilə bağlı razılığa gəlməyə çalışırdılar? b. Sizcə OPEK nə üçün istehsalın azaldılması ilə bağlı razılığa gələ bilmədi? c. Qəzetdə həmçinin, OPEK-in "Norveç və Britaniya kimi təşkilata daxil olmayan neft istehsal edən dövlətlərin payına daxil olaraq istehsalı azaltmalı olmaları" haqqında fikri də qeyd edilmişdir. "Paya daxil olmaq" ifadəsi OPEK-in Norveç və Britaniya ilə arzu olunan münasibətləri haqqında nə bildirir? 2. Dünyanın almaz təchizatının böyük bir hissəsi Rusiya və Cənubi Afrikanın payına düşür. Almazın çıxarılmasının marjinal dəyərinin sabit olaraq bir almaz üçün 1 000 dollar olduğunu fərz edin. Almaza olan tələb aşağıdakı qrafikdə göstərilmişdir: Qiymət $8 000 7 000 6 000 5 000 4 000 3 000 2 000 1 000 Miqdar 5 000 6 000 7 000 8 000 9 000 10 000 11 000 12 000 a. Əgər çoxlu almaz tədarükçüsü olsaydı, qiymət və istehsal həcmi ilə nə baş verərdi? b. Əgər yalnız bir almaz tədarükçü olsaydı qiymət və istehsal həcmi ilə nə baş verərdi? c. Əgər Rusiya və Cənubi Afrika kartel yaradarsa, qiymət və istehsal həcmi ilə nə baş verərdi? Əgər ölkələr bazarı bərabər paylaşdırarsa, Cənubi Afrikanın istehsal həcmi və mənfəəti nə olacaq? Rusiyanın kartel razılaşmasına əməl etdiyi halda, Cənubi Afrika istehsalını 1 000 artırarsa onun mənfəəti ilə nə baş verər? d. (c) hissəsinə verdiyiniz cavabdan kartel razılaşmalarının nə üçün əksər hallarda uğursuz olmasını izah etmək üçün istifadə edin. 3. Bu fəsildə satdıqları əmtəələrin bazarında oliqopolist olan şirkətlərdən bəhs olunur. Eyni fikirlərin əksəriyyəti aldıqları əmtəələrin bazarında oliqopolist olan şirkətlərə də şamil edilə bilər. a. Oliqopolist satıcılar satdıqları əmtəələrin qiymətini qaldırmağa çalışırlarsa, oliqopolist olan alıcıların məqsədi nədir? b. Böyük Beysbol Liqası komandalarının sahibləri beysbol oyunçuları bazarında inhisara sahibdirlər. Komanda sahiblərinin oyunçuların məvacibləri ilə bağlı məqsədi nədir? Bu məqsədə nail olmaqda çətinlik törədən nədir? c. 1994-cü ildə komanda sahiblərinin məvaciblərə tətbiq etmək istədikləri məhdudiyyətləri qəbul etmək istəməyərək tətilə çıxdılar. Komanda sahibləri məvaciblərlə bağlı artıq sövdələşmişdilərsə, məvaciblərdə məhdudiyyətə nə ehtiyac var idi? 4. Həyatınızda oyunlar nəzəriyyəsinin faydalı ola biləcək bir neçə fəaliyyət növünü təsvir edin. Bu fəaliyyət növləri arasında ortaq əlaqə nədir? 5. Birləşmiş Ştatlar və Meksika arasındakı ticarət əlaqələrini nəzərdən keçirin. İki ölkənin liderlərinin alternativ ticarət siyasətinin nəticələrini aşağıdakı kimi düşündüyünü təsəvvür edin: Birləşmiş Ştatlar üçün dominant strategiya hansıdır? Bəs Meksika üçün? İzah edin. Nəş tarazlığını müəyyən edin. Ticarət siyasəti üçün Nəş tarazlığı nədir? 1993-cü ildə ABŞ Konqresi ticarət baryerlərinin birlikdə azaldılması ilə bağlı Birləşmiş Ştatlarla Meksika arasındakı razılaşmanı əks etdirən Şimali Amerika Azad Ticarət Müqaviləsini (NAFTA) ratifikasiya etdi. Əldə edilməsi nəzərdə tutulan nəticələr ticarət siyasətinə belə yanaşmaya haqq qazandırırmı? Ticarətdən əldə edilən fayda (Fəsil 3 və 9-da müzakirə edilmişdir) haqqında fikirlərinizə əsaslanmaqla, sizcə dörd mümkün nəticə üzrə faydalar dövlətin rifahını əks etdirirmi? 6. Sinif yoldaşınızla sizə nəticəsinə görə birgə qiymət alacağınız layihə tapşırıldığını təsəvvür edin. Hər biriniz yaxşı qiymət almaq istəyir, həm də mümkün qədər az iş görmək istəyirsiniz. Qərar qutusu və nəticələr aşağıdakı kimidir: Əylənməyin sizin üçün normal hal olduğunu, lakin əylənməməyin isə iki hərf aşağı qiymət almaq kimi xoşagəlməz olduğunu təsəvvür edin. a. Hər bir nəticə üçün hərflərlə ifadə olunan qiymətlərin və əyləncənin həcminin birlikdə göstərildiyi qərar qutusunu çəkin. b. Əgər nə siz, nə də sinif yoldaşınız digər şəxsin nə qədər iş gördüyünü bilmirsə, ehtimal olunan nəticə hansıdır? Sizin bu şəxslə bir daha işləmək ehtimalının hər hansı əhəmiyyəti varmı? Cavabınızı izah edin. 7. Bu fəsildə 1971-ci ildə siqaretin televiziyada reklamına qadağa qoyulmasının siqaret şirkətlərinin mənfəətlərini artırdığı göstərilir. Qadağanın qoyulması hələ də yaxşı dövlət siyasəti hesab edilə bilərmi? Cavabınızı izah edin. 8. Bu fəsildəki konkret halın təhlilində American Airlines və Braniff Airways şirkətlərinin prezidentləri arasındakı telefon danışığı verilmişdir. İki şirkət arasındakı oyunu təhlil edək. Hər bir şirkətin biletlər üçün ya daha yüksək, ya da, daha aşağı qiymət təyin edə bildiyini təsəvvür edin. Bir şirkət 100 dollar qiymət təyin edərsə, digər şirkət də 100 dollar təyin etdikdə aşağı mənfəət, 200 dollar təyin etdikdə isə yüksək mənfəət edər. Digər tərəfdən, əgər şirkət 200 dollar qiymət təyin edərsə, digər şirkət 100 dollar təyin etdikdə çox aşağı mənfəət, 200 dollar təyin etdikdə isə orta mənfəət əldə edər. a. Bu oyun üçün qərar qutusunu çəkin. b. Bu oyunda Nəş tarazlığı hansıdır? İzah edin. c. Hər iki şirkət üçün Nəş tärazlığından daha yaxşı olan nəticə ola bilərmi? Buna necə nail olmaq olar? Buna nail olunarsa, kim uduzar? 9. Fermer Cons və Fermer Smit mal-qaralarını eyni tarlada otarırlar. Əgər tarlada otarılan 20 inək varsa, hər bir inək həyatı boyu 4 000 dollarlıq süd verir. Əgər tarlada daha çox inək olarsa, hər bir inək daha az ot yeyəcək və verdiyi süd azalacaq. Tarlada 30 inək olduqda hər biri 3 000 dollarlıq süd; 40 inək olduqda isə 2 000 dollarlıq süd verir. Hər bir inəyin dəyəri 1 000 dollardır. a. Fermer Cons və Fermer Smitin hər birinin 10 və 20 inək ala bildiyini, lakin heç birinin digərinin neçə inək aldığından xəbəri olmadığını təsəvvür edin. Hər bir mümkün nəticəni hesablayın. b. Bu oyunun ehtimal olunan nəticəsi hansıdır? Ən yaxşı nəticə hansı olardı? İzah edin. c. Əvvəllər indi olduğundan daha çox ortaq tarlalar olardı. Nə üçün? (Bu mövzunun müzakirəsi üçün Fəsil 11-i yenidən oxuyun.) 10. Little Kona Big Brew-in hökmranlıq etdiyi bazara daxil olmaq fikrində olan kiçik qəhvə şirkətidir. Hər bir şirkətin mənfəəti Little Kona-nın bazara daxil olmasından və Big Brew-un yüksək və ya aşağı qiymət təyin etməsindən asılıdır: vuracağını tapmasından asılıdır. Big Brew Little Kona-ya hədə-qorxu gəlir, "Əgər bazara daxil olsan aşağı qiymət təyin edəcəyik, ona görə də daxil olmasan yaxşıdır" Sizcə Little Kona hədə-qorxuya inanacaq? Nə üçün bəli və ya nə üçün xeyr? Sizcə Little Kona nə etməlidir? 11. Cef və Stiv tennis oynayırlar. Hər bir xal qazanılması Stivin Cefin topu sağa və ya sola vurmasından asılıdır. Nəticələr aşağıdakı kimidir: Oyunçulardan hansınınsa dominant strategiyası varmı? Əgər Cef müəyyən strategiya (Sağ və ya Sol) seçərsə və ona əməl edərsə, Stiv nə edər? Sizcə Cef üçün daha yaxşı strategiya nə ola bilər? PAGE \* MERGEFORMAT46 Birləşmiş Ştatların Qərarı tiraf etmək Susmaq ABŞ $25milyard qazanır ABŞ $30 milyard qazanır ABŞ$ 10 milyard qazanır ABŞ $20 milyard qazanır Meksika $30 milyard qazanır Meksika $20 milyard qazanır Meksika 10 milyard qazanır Meksika 25 milyard qazanır Aşağı Rüsum Meksikanın Qərarı Yüksək Rüsum