Adi üzərlik
Adi üzərlik | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Cins: ???: Adi üzərlik |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Adi üzərlik (lat. Peganum harmala) — şorgiləkimilər fəsiləsinin üzərlik cinsinə aid bitki növü.
Təbii yayılması
Üzərlik kserofil coğrafi tipinin aralıq dənizi sinfinin şərqi-aralıq dənizi qrupuna aiddir. Qərbi və Şərqi Aralıq dənizi, Balkan və Kiçik Asiya ölkələri, İran, Əfqanıstan, Hindistan, Himalay, Monqolustan, Rusiya, Orta Asiya və Qafqazda yayılmışdır.
Botaniki təsviri
Hündürlüyü 25-70 sm olan çoxillik, çılpaq ot bitkisidir. Gövdəsi düz, budaqlı solğun yaşıl rəngdədir. Yarpaqları növbəli, açılmış hissəciklərə bölünmüş ovalvaridir. Açıq sarı rəngli çiçəkləri 10-15 mm, üzün saplaqlıdır. Meyvəsi bir qədər yastıkürəyəbənzər, üç yuvalı qutucuqdur. May-iyul aylarında çiçəkləyir, iyul-avqust aylarında meyvə verir.[2]
Ekologiyası
Üzərliyin kimyəvi tərkibi: 5,69% su, 17,75% kül, 18,05% sellüloz, 3,66% yağ, 24,13% protein, 30,72% azotsuz ekstrakt maddələrdən ibarətdir. Kserofitdir, səhra və dağ-bozqır bitkilik tiplərində rast gəlir. Əsasən quru yamaclarda, boş yerlərdə, yarımsəhrada, suvarılan və dəmyə torpaqlarda seyrək və qrup şəklində bitir. Bəzən cəngəlliklər əmələ gətirir.[2] Alkaloid, piyli yağlar, saponin, flavonoid və steroidlərlə zəngindir.[2]
Azərbaycanda yayılması
Azərbaycanda üzərrik Xəzəryanı, Kür-Araz ovalıqları, Kür və Naxçıvan düzənliyi, Qobustan, Abşeron, Böyük Qafqazın Quba massivi və Diabarda yayılmışdır. Arandan aşağı dağ qurşağına kimi (dəniz səviyyəsindən 900 m qədər) bitir.[2]
İstifadəsi
Farmakopeyaya daxil olan ofisinal dərman bitkisidir. Elmi, eksperimental, Hind və xalq təbabətində, eləcə də baytarlıqda geniş tətbiq edilir. Əsasən göz, dəri, bronxial astma, bağırsaq, revmatizm, malyariya, epilepsiya xəstəlikləri, həmçinin iflic, soyuqdəymə, allergiya, baş və diş ağrıları zamanı istifadə olunur. Antiseptik, antivirus, antihelmint, antioksidant, spazmolitik, sakitləşdirici, yuxugətirici, sidik və ödqovucu, tərlədici, ağrıkəsici, işlədici və tonusqaldırıcı təsirə malikdir. Zəhərli olduğu üçün daxilə qəbul edilərkən ehtiyatlı olmaq zəruridir.[2] Müalıcə məqsədi ilə bitkinin yerüstü hissəsi, kökü və toxumları istifadə edilir. Boyaq bitkisidir. İnsektisid xüsusiyyətlərə malikdir, həşəratlara qarşı istifadə olunur. Toxumları pambığa büküb mis qabda yandırdıqda baş ağrısını aparmaqla, xalq arasında bədnəzər və göz dəyməyə qarşı istifadə olunur.
İstinadlar
- ↑ Linnaeus C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 1. S. 444.
- ↑ 1 2 3 4 5 Mehdiyeva N.P. Azərbaycanın dərman florasının biomüxtəlifliyi. Bakı: 2011