Cənub-Qərbi Qafqaz Cümhuriyyəti

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Tarixi dövlət
Cənub-Qərbi Qafqaz Cümhuriyyəti
Cenub-ı Garbi Kafkas Hükümet-i Cumhuriyesi
Bayraq
Bayraq
xəritəsi
xəritəsi
 
 
 
 
 
1918 — 1919

Paytaxt Qars
Dilləri türk dili
Rəsmi dilləri Osmanlı dili
Dövlət dini İslam
İdarəetmə forması Parlament respublikası
Rəhbər
 • 30 noyabr 1918 — 27 mart 1919 İbrahim bəy Cahangirzadə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Cənub-Qərbi Qafqaz Cümhuriyyəti (türk. Güney-Batı Kafkasya Cumhuriyeti; osman. Cenub-ı Garbi Kafkas Hükümet-i Cumhuriyesi) və ya Qars Demokratik Cümhuriyyəti (türk. Kars Demokratik Cumhuriyeti) — Birinci Dünya Müharibəsi dövründə Rusiya imperiyasının Qars, Batumİrəvan quberniyalarının ərazisində mövcud olmuş dövlət.

Birinci Dünya müharibəsinin sonunda, 30 oktyabr 1918 tarixində imzalanmış Mudros barışığı nəticəsində Osmanlı ordusu Cənubi Qafqazdan çəkilmişdir. Razılaşmaya görə 4 dekabr 1918 tarixində Osmanlı əsgərləri 1877 Rusiya-Osmanlı sərhədlərinədək geri çəkilcəkdi, lakin Osmanlı tərəfi Qarsdan 2 ay gec çəkilmə qərarı almışdı. Bu qərarın səbəbi yerli xalqın hökumət qurmasına vaxt tanımaq idi. Əks halda bölgə Ermənistan tərəfindən işğal təhlükəsi ilə üzləşə bilərdi.[1]

Elviye-i Selasə heyəti İstanbulda.

Beləliklə 29 oktyabr 1918-ci ildə Axısqa və Axalkələk ətrafında Axısqa Müvəqqəti Hökuməti, 3 noyabr 1918 tarixində Əmir bəy Nərimanbəyov rəhbərliyində Araz Türk Cümhuriyyəti qurulmuşdur.[1]

Fəxrəddin bəy Yusif Kənan bəy və Rza bəy Qaraşarlı rəhbərliyində yaradılan Qars Gizli İslam Komitəsində fəaliyyət göstərmişdir.[2] Oktyabr inqilabının ardından Qarsda türk, rum və ermənilərdən ibarət xalq hökuməti quruldu. Bu hökumət bir həftəlik müddətdə rəhbərliyi rum, türk və ermənilər arasında dəyişirdi. Türkləri Əlixan Qantəmir təmsil edirdi. Bu hökumət Zaqafqaziya Seymində təmsil olunurdu. Seym yerli hökumətin ordusunun milliyət prinsipləri ilə təşkil olunacağını elan etdikdən sonra türklər İslam Hərbi Məclisini qurdular.[3]

Brest-Litovsk sülh müqaviləsinin ardınca, 14 iyul 1918-ci ildə müqaviləyə əsasən Qars, Ardahan, Batum, Oltu, Kağızman və Artvin çevrəsində referendum keçirilmiş, səsvermə hüququ olan 87 048 nəfərdən 85 129-nun "hə" səsiylə Elviye-i Selase adlanan Üç Sancaq Osmanlı torpaqlarına birləşdirilmişdir.[4] Birləşmənin ardınca Dəli Həmid bəy Batuma, Şakir bəy Ardahana vali, Hilmi bəy Qarsa, Asəf Tələt bəy Kağızmana mütəsərrif, Hamamlılı Bəkir bəy isə Sarıqamışa kaymakam təyin olunmuşdur. Təyinatların ardınca Qarsda bələdiyyə seçkiləri keçirilmiş və Fəxrəddin bəy, Mehmet bəy Hacı Abbas oğlu, Qazili Xeyrulla Əfəndi, Hafiz Qurban Əfəndi və rum cəmiyyətindən müəllim Stefan Vəfiyəddin bəy ilə Tevhiddin Mamiloğlu Əfəndi bələdiyyə üzvü seçilmişdir. Yaşca ən böyük Tevhiddin bəy olduğu üçün sədr də o seçilmişdir.[5]

Mondros atəşkəsinin 11-ci maddəsinə əsadən Osmanlı 30 oktyabr 1918-ci il tarixində Üç Sancağı boşaltmaq məcburiyyətində qaldı. Qarsın Aralıq və İğdır bölgələri ermənilər, Ardahan isə ingilislər tərəfindən işğal edildi.[5] Bu dövrdə Qars Bələdiyyə Başçısı olan Fəxrəddin bəy mütəsərrif Hilmi bəylə razılaşaraq 5 noyabr 1918-ci ildə Əli Rza Ataman, Qarslı Sari Xəlil oğlu Muhlis, Orenburqlu Tevhüddin Mamil (Mamlıoğlu) və Emin ağa Acalov kimi şəxslərlə bir araya gələrək özünün başçılığında Qars İslam Şurasını çağırmışdır.[6] Bu şuranım təməlini usə 1917-ci ildə qurulmuş Qars Gizli İslam Komitəsi təşkil etmişdir. Şura elə həmin gün iki vacib qərar almışdır. Birincisi, Vudro Vilsonun 14 maddəsinə ədasən bölgədəki türk-islam ünsürlərinin bir siyasi iradə birliyi altında toplamaq üçün çalışmalar aparmaq, ikincisi isə Qars və ətraf bölgələrdə yaşayan təmsilçilərin Qars Konqresinə dəvət etmək.[7]

14 noyabr 1918-ci ildə Qarsda, indiki Atatürk prospektində yerləşən bələdiyyə binasının altındakı keçmiş Səhiyyə İdarəsinin binasında Birinci Qars Konqresi toplandı. Konqresdə Fəxrəddin bəy Piroğlu başçılığında 8 nəfərlik Müvəqqəti Heyət, Emin ağa Acalovun rəhbərliyində isə Milli İslam Şurası Ümumi Mərkəzi qurulmuşdur. Şuranın rəhbər müavinliyinə Fəxrəddin bəy təyin olundu.[8] Konqresdə həmçinin Batumdan Ordubada qədər bütün türk bölgələrindən nümayəndələrin iştirakıyla daha geniş konqresin keçirilməsi üçün dəvət telqrafları və telefonları edildi.[8]

30 noyabr — 2 dekabr 1918-ci illərdə keçirilən İkinci Qars Konqresinə ilk gün 60 xalq təmsilçisi qatıldı. Növbəti günlərdə bu say 70-ə çatdı. Səsverməylə yekdilliliklə İbrahim bəy Cahangirzadə konqresin sədri seçildi.[9] Burada alınan qərarla mərkəzi Qars olmaqla Milli İslam Şurası Hökuməti quruldu. Hökumətin başçılığına İbrahim bəy, başçı müavinliyinə isə Emin ağa Acalov seçildi.[9] Daha öncə qurulan Axıska Müvəqqəti Hökuməti, Araz Türk Cümhuriyyəti və Batum Milli Şurası bu hökumətə qoşulmuşdur.[9] Konqresdə Türk bayrağının istifadəsinə, idari işlərdə Osmanlı qanunlarının keçərli qəbul olunmasına və ordu qurulmasına qərar verilmişdir. Həmçinin Oltu, Ardahan, Kağızman və Naxçıvanda 5 nəfərlik milli şuraların qurulması da qərarlaşdırıldı.[9]

İkinci Qars Konqresinin ardınca, 3 yanvar 1919-cu il tarixində Ənvər paşanın dayısı Xəlil (Qut) Paşa, Kaymakam Xalid bəy, Hamşioğlu Rasim və Əbülhindili Cəfər bəyin təşkilatçılığı ilə Birinci Ardahan Konqresi toplandı. Konqres Axısqadan Ardahana geri çəkilən Xalid bəyin rəhbərliyində, Doktor Haqqı Cənab, Doktor Abidin, Ağacıqoğlu Doktor Fuad, Filibeli Hilmi, Baytar Kaymakam Arif və Ardahan əşrafından Əbülhindili Köseoğlunun daxil olduğu səkkiz nəfərlik heyət tərəfindən həyata keçrilmişdir. Xəlid bəyin açılış çıxışını etdiyi konqresdə Mondros mütarəkəsinin tanınmadığı, əldəki silahların təslim olunmayacağı, Üç Sancaq və qonşu şuralarla birgə vətənin qurtuluşu üçün mübarizə aparacağı qərara alınmışdır. Həmçinin, komqresdə Milli Şura Hökumətinə daxil bölgələrdən gələcək nümayəndələrlə ikinci konqresin təşkili qəratlaşdırılmışdır. 5 yanvar tarixində konqres sona çatmışdır.[10]

7 yanvar 1919-cu ildə isə İkinci Ardahan Konqresi keçirilmişdir. Bu konqresi keçmiş konqresin 8 nəfərlik heyəti ilə yanaşı Milli Şura Hökumətinin 12 təmsilçi nümayəndəsi — Axalkələkdən Mehmed Əli bəy, Çıldırdan Doktor Əsəd bəy, Qarsdan İbrahim bəy Cahangirzadə və Həsən bəy Cahangirov, Oltudan Yusif Ziya bəy, Əhməd bəy Şakiroğlu, Mehmet Ramiz bəy, Olur bölgəsindən Rüstəm bəy Hamşioğlu, Kağızmandan Əli Rza Ataman, Şörəyeldən Ağbabalı Hacıabbasoğlu və Kərbəlayi Məmməd bəy də qatılmışdır.[11] Konqresə rəhbərlik üçün IX Ordu komandanı Yaqub Şevki Paşaya müraciət olunsa da, o gözlərindəki problem üçün İstanbula getməli olduğunu bildirmişdir. Konqres Hamşioğlu Rasim bəyin evində keçirilmişdir.[11] Konqresdə Cənub-Qərbi Qafqaz Müvəqqəti Milli Hökumətini qurmaq üçün büyük konqres təşkil etmək, erməni-gürcü birləşmələrinə qarşı vuruşma, Batumda yayımlanan "Səda-yi Millət", Trabzondakı "İstiqbal", Ərzurumdakı "Albayraq" qəzetləri vasitəsilə məlumatlandırma və bir neə başqa qərar alınmışdır.[12]

Mütasarrıf Hilmi (Uran) bəy 9 yanvar 1918-ci ildə Qarsı məcburi şəkildə tərk etmiş, Milli Şura tərəfindən Şura rəisi İbrahim bəy Cahangirzadə Qars valisi təyin olunmuşdur.[13] 11 yanvar tarixindən İbrahim bəy xəstələndiyi üçün onun yerinə müvəqqəti olaraq bu vəzifəni Fəxrəddin bəy Piroğlu icra etmişdir.[13]

13 yanvar tarixində General Beach və hərbi vali Temperlay Qarsa gələrək erməni Karqanovun hərbi vali təyin etdiklərini açıqlasa da, Milli Şura valini qəbul etməmiş, ingilislərə ermənilərin Qarsı tərk edərkən qətliam törətdikləri ilə bağlı nota təqdim etmişdir.[14] İngilis general hökumət üzvlərini razı sala bilməmiş və Gümrüyə geri qayıtmışdır.[15]

17 yanvar 1919-cu il tarixində 131 nümayəndənin iştirakı ilə Üçüncü və ya Böyük Qars Konqresi təşkil olundu. Konqres Doktor Əsəd bəyin rəhbərliyində bugünkü Qars Valiliyi İqamətgahında topanmışdır.[15] Konqresə Qars, Ərdəhan, Batum, Naxçıvan, Ordubad, Culfa, Axısqa, Axalkələkdən nümayəndələr gəlmişdir.[15] Konqresdə Cənub-Qərbi Qafqaz Cümhuriyyəti elan olunmuş və rəhbəri İbrahim bəy Cahangirzadə seçilmişdir.[16] 18 yanvar tarixində Batumdan gələn Uçaksa vəkilləri də hökumətə birləşmişdir.[17] Hökumətin tərkibi aşağıdakı kimi olmuşdur:[18]

Vəzifə Vəzifəli şəxs Başlama Bitmə
Hökumət
Məclis sədri Çıldırlı Doktor Əsəd Oktay
Məclis Rəyasət Heyətinin sədri Oltulu Hüseyn bəy Hafiz oğlu
Nazirlər Şurasının sədri İbrahim bəy Cahangirzadə
Daxili işlər naziri Kağzmanlı Əli Rza bəy Ataman
Ədliyyə naziri İrəvanlı Abbasəli bəy Ağabababəyoğlu Əlibəyov
Xarici işlər naziri Divirğili Fəxrəddin bəy Piroğlu
Hərbi nazir Həsən bəy Cahangiroğlu (Aydın)
Maliyə naziri Gümrülü Məmməd bəy Xudatbəy oğlu Sultanov
Molla Bilal
Maarif naziri Yunan Mixail Andreyanot
Müəllim Mehmed bəy Kocaoğlu
İaşə naziri Mehmed bəy Həsənoğlu
İctimai işlər naziri İrəvanlı mühəndis Mahmud bəy
Əkinçilik, Meşə və Ticarət naziri Naxçıvanlı Əli Əkbər Kazım
Ümumi Müdirliklər
Poçt və Telegraf Ümumi Müdirliyi Yunan Arlof
Qarslı Muhlis bəy Mehmed Bəyoğlu (Ataman)
Dəmiryolları Ümumi Müdirliyi Qaraçantalı Əhməd bəy Hacı oğlu
Polis Ümumi Müdirliyi Orenburqlu Tevhiddin bəy Mamlioğlu
Jandarmeriya Ümumi Komandanlığı Sarıqamışlı Hacı Şərifoğlu Mehmed (Sungur) bəy

Həmçinin, İrəvanlı Bəhmən bəy Kazımbəyzadə prokuror, Mustafa bəy Pəhlivan iaşə nazirinin müavini, İrəvanlı Taki əfəndi Əhmədoğlu ümumi xəzinədar, İğdırlı Mehmed bəy Əlibəyzadə Qars Ümumi Valisi, Talınlı Hüseyn bəy Cahangirov sərhəd komandiri, Əziz bəy Cahangiroğlu və Nazif bəy Atbaşoğlu məhkəmə üzvü, Yeniqazili Əhməd Xeyrullah bəy Qars Bələdiyyə Rəisi, Arslan əfəndi Akifoğlu isə Bələdiyyə Komissarı təyin olunmuşdur.[19]

25 mart 1919 tarixində hökumətin adı Cənub-Qərbi Qafqaz Cümhuriyyəti adını almışdır[1] Həmin vaxtdan Cümhuriyyətin Parlamenti olan "Şura" işə başlamışdır. 27 mart tarixində parlament hökuməti təsdiq etmiş, hökumətin başçısı İbrahim bəy Cahangirzadə seçilmişdir. 10 nazirlik və 4 idarə təşkil olunmuşdur.

Yeni yaranan dövlət ixtisaslı kadrlar və maliyyə baxımından çətinliklərlə üzləşirdi. Azərbaycan Cümhuriyyətinin Batumdakı konsulu məsələ ilə bağlı Bakıya teleqram göndərərək bildirdi ki, Cənub-Qərbi Qafqaz Cümhuriyyəti əhalisi Azərbaycan Xalq Cümhuriyyətinin ona hərtərəfli yardım edəcəyinə böyük ümidlər bəsləyir. Cənub-Qərbi Qafqaz Cümhuriyyəti hökuməti 1919-cu il yanvarın 25-də Azərbaycan Xalq Cümhuriyyətinə müraciət edərək, hərbi və maddi yardım istəmişdi. Buna cavab olaraq, Azərbaycan hökuməti Cənub-Qərbi Qafqaz Cümhuriyyətinə hərbi təlim keçmək üçün zabitlər və xeyli qızıl pul göndərdi.

Fəxrəddin bəy Piroğlu mart ayında Maqsud ağanın oğlu Həsən ağa ilə birgə Ərzuruma yola düşmüşdü. O, Ərzurum XV Kolordudan yardım alma, ana vətənə bağlılığı davam etdirmə, Osmanlı ilə əlaqələr qurma Paris Sülh Konfransında iştirak edəcək nümayəndələrə maddi yardım göndərmə məqsədi ilə hökumət tərəfindən göndərilmişdir. O, həmçinin, hökumətin sərhədlərini açıqlayan hüdudnaməyi, əhali statistikalarını və nümayəndələrin konfrnasda müdafiə edəcəyi tezisləri də hökumətdən tapşırıq olaraq almışdır.[20]

1919-cu ilin mart ayında General Mille və Tomsonun tapşırıqları ilə Qars, Naxçıvan və İrəvandan cavabdeh general K.M. Devi hökumətin süquta uğradılması, ermənilərin geri köçürülməsi və ermənilər yerləşənədək müvəqqətən hökumət qurulması üçün planlar başlatdı. Bu planlar çərçivəsində bildiriş dağıtmaq üçün Tiflisdən iki təyyarə gətirildi. Həmçinim, qatar yollar ilə yüzlərlə ingilis əsgəri Qarsa gətirildi.[21] Cənub-Qərbi Qafqaz Cümhuriyyəti müvəqqəti hökumətinin sədri Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinə 1919-cu il 26 yanvar tarixli notasında bildirirdi ki, Gürcüstan Ərdəhan mahalını və Axalsıx qəzasını işğal etməyə cəhd göstərir. Bütün müsəlman əhalisi buna qarşı ayağa qalxmışdır. Ermənilər də Naxçıvan qəzasına hücumlar edirlər. Gürcülərin Axalsıx və Axalkələk qəzalarına hücumları zamanı 45 min davar aparılmışdı. Ermənilər 1919-cu il aprelin 12-də ingilislərin dəstəyi ilə Qars vilayətinə girdilər. Azərbaycan Cümhuriyyəti Hökuməti ermənilərin Qarsda törətdiyi soyqırımı ilə bağlı Britaniya komandanlığına etirazını bildirdi. Bu dövrdə gürcülərlə olan müharibəni idarə etmək üçün Ərdəhanda olan İbrahim bəy Cahangirzadə Qarsa gəlmiş, hökumət üzvləri ilə toplantı keçirmiş və ingilislərə əsgər yığma ilə bağlı sorğu ünvanlamışdır.[22] Həmin dövrdə Qarsda işləyən ingilis hərbi nümayəndəsi yüzbaşı Preston 12 aprel tarixində parlamentə ziyarət edəcəyini və bütün parlament üzvlərinin və hökumət başçısının orada olmasını istəmişdir. 12 aprel 1919-cu il tarixində saat 16:00-da parlamentə gələn Preston baş nazir İbrahim bəy Cahangirzadə ilə görüş keçirmiş və hökumət üzvlərinin tək-tək adlarını istəmişdir.[23] İbrahim bəy adları bir-bir açıqlarkən silah səsləri gəlmiş və parlament xaricində olan ingilis əsgərlər parlamentə girərək 12 vəzifəli şəxsi həbs etmişdir. Bunlar baş nazir İbrahim bəy Cahangirzadə, daxili işlər naziri Əli Rza Ataman, hərb naziri Həsən bəy, iaşə naziri Yusif bəy, Qars valisi Mehmed bəy, Teleqraf Müdiri Muhlis bəy, Polis müdiri Tevhiddin Mamiloğlu, Muhacir müdiri Stefan Vafiyettin, Ədliyyə Nazirliyində Əziz bəy Cahangirzadə, Qars Polis Müdiri Musa bəy, yunan millət vəkili Pavlo Camuşov və millət vəkili Raçinski idi.[23]

Parlamentə girərkən nisbi qarşıdurma yaşansa da, ingilislər 12 nəfəri həbs etmiş, onları yük maşını ilə Qars qatar stansiyasına, oradan Tiflisə, oradan isə Batuma göndərmişdir.[24] Daha sonra onlar Batum yolu ilə Malta adasına sürgünə göndərildi.

Bu hadisədən sonra hökumətin süquta yetirilməsi ilə bağlı 2 bəyənnamə xalqa çatdırıldı. General Deviye aid rusca bəyənnamədə bugündən etibarəm Qarsın ingilislər tərəfindən işğal olunduğu, idarəetmənin hərbi vali Prestona həvalə edildiyi, sivil xalqa silah daşımağın qadağan olunduğu və axşam 19:30-dan sonra küçəyə çıxma qadağasının gətirildiyi qeyd olunmuşdur.[24]

Eyni gündə general Tomson tərəfindən Şərq mətbəəsində türkcə bəyənnamə də çap olunmuş, təyyarələrlə şəhərə, qəsəbələrə və kəndlərə dağıdılmışdır.[24]

Aprelin 14-də ingilis generalı Devinin çağırışı ilə keçmiş hökumət üzvlərindən ibarət 6-sı türk, 1-i rus, 1-i yunandan ibarət yeni müvəqətti idarə etmə çağırıldı. Aprelin 15-də toplanan bu quruma Əsəd Oktay, Mahmud Hidayəy bəy, Dr. Canbolat bəy, Gümrülü Həşim bəy Sultanbəyoğlu, Əsədulla bəy, Xeyrulla bəy, Məşədi Səməd ağa və Əziz bəy daxil idi.[25]

Aprelin 19-da S. Korqanov Qarsda qubernator kimi fəaliyyətə başladı. Bunun ardınca, erməni qoşunları Qars vilayətinə soxuldular. Yerli müsəlman-türk əhali dəhşətli soyqırımına məruz qaldı.

Aprelin 30-da müvəqqəti hökumət ləğv edildi və şəhər ermənilərə təslim edildi.[26]

İbrahim bəy Cahangirzadə başda olmaqla, Cənub-Qərbi Qafqaz Cümhuriyyətinin hökumət üzvləri yalnız 1921-ci il mayın 23-də Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri Nəriman Nərimanovun köməyi sayəsində Maltadan əsirlikdən vətənə qayıtdılar.

Bu hökumət 18 maddəlik konstitusiya qəbul etmiş, rəsmi bayraq seçmişdir. Həmçinin hökumət 12 üzvlük Nazirlər Şurası və xalqın səsi ilə seçilən 131 (65) nəfərlik parlament də təsis etmişdir. Partiyalar olmadığından, 65 bitərəf deputatdan ibarət parlament yaradıldı. Doktor Əsəd bəy Oktay (Əsəd bəy Hacıyev) parlamentin sədri seçildi.

Cənub-Qərbi Qafqaz Respublikasının başında milli azlıqların: rusların, yunanmalakanların öz nümayəndələri daxil edilmiş Milli Şura dururdu. Müvəqqəti hökumət Milli Şura qarşısında məsuliyyət daşıyırdı. Cənub-Qərbi Qafqaz və ya Qars Demokratik Cümhuriyyətinin 18 maddədən ibarət Konstitusiyası qəbul olundu. Dövlət dili olaraq türk dili qəbul olunmuşdu. Üçrəngli (ağ, yaşıl və qara), ay-ulduzlu bayrağı vardı.

Parlament respublikanın xarici və daxili siyasətinin aşağıdakı istiqamətlərini müəyyənləşdirdi:

  1. Cənub-Qərbi Qafqaz və ya Qars Demokratik Cümhuriyyəti bütün qonşuları ilə, xüsusən yeni yaradılmış Qafqaz dövlətləri ilə mehriban qonşuluq əlaqələri qurmaq niyyətindədir;
  2. Cənub-Qərbi Qafqaz və ya Qars Demokratik Cümhuriyyəti neytral dövlətdir;
  3. Cənub-Qərbi Qafqaz və ya Qars Demokratik Cümhuriyyətinin vətəndaşları milliyyətindən, dinindən, sosial mənşəyindən, siyasi əqidəsindən asılı olmayaraq, bərabər hüquqlara malikdirlər.

Respublikanın 18 maddəlik konstitusiyası da qəbul olunmuşdu.[27]

Ərazisi və əhalisi

[redaktə | mənbəni redaktə et]

40 min km² sahəsi olan bu dövlətin tərkibinə Qafqazın cənub-qərb əraziləri daxil idi.

Cənub-Qərbi Qafqaz Cumhuriyyəti hüdudnaməsinə görə bölgənin əhalisi 1 milyon 738 min 478 nəfər olmuşdur. Bunlardan 1 milyon 534 min 824-ü türk, 227 min 324-ü isə rus, rum və malakanlardan ibarət olmuşdur.[28]

  • Fəxrəddin Ərdoğan. Türk ellərində xatiratlarım. Ankara. Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyi. 1998. ISBN 975-17-2029-X.
  • Fəxrəddin Ərdoğan. Cenubi Garbi Kafkas Cumhuriyeti'nden İlk Meclise. Ankara. Anadolu Kültürünü Koruma ve Araştırma Vakfı (AKKAV). 2017.
  • Azərbaycan Respublikası MDƏYTA, f. 970, siy. 1, iş 27, v. 14.
  • Asif Hacılı. Qafqazda türk cümhuriyyətləri // "Ədəbiyyat qəzeti", 01.04.1991
  • Asif Hacılı. Qəribəm bu vətəndə /Axısqa türklərinin etnik mədəniyyəti/. B., "Gənclik", 1992
  • Asif Hacılı. Qafqazda türk cümhuriyyətləri// "Ədəbiyyat qəzeti", 01.04.1991
  • Asif Hacılı. Axısqa türkləri: Vətən bilgisi. İstanbul, 2009
  • "Из истории образования и падения Юго-Западной Кавказской(Карсской) Демократической Республики — Айдын Гаджиев". 2012-03-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 20 iyul 2015..
  1. 1 2 3 "Arxivlənmiş surət". 2021-08-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-23. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  2. Cenubi Garbi Kafkas Cumhuriyeti'nden İlk Meclise, 2017. səh. 49
  3. Cenubi Garbi Kafkas Cumhuriyeti'nden İlk Meclise, 2017. səh. 50
  4. Cenubi Garbi Kafkas Cumhuriyeti'nden İlk Meclise, 2017. səh. 51-52
  5. 1 2 Cenubi Garbi Kafkas Cumhuriyeti'nden İlk Meclise, 2017. səh. 52
  6. Cenubi Garbi Kafkas Cumhuriyeti'nden İlk Meclise, 2017. səh. 53
  7. Cenubi Garbi Kafkas Cumhuriyeti'nden İlk Meclise, 2017. səh. 55156
  8. 1 2 Cenubi Garbi Kafkas Cumhuriyeti'nden İlk Meclise, 2017. səh. 56
  9. 1 2 3 4 Cenubi Garbi Kafkas Cumhuriyeti'nden İlk Meclise, 2017. səh. 57
  10. Cenubi Garbi Kafkas Cumhuriyeti'nden İlk Meclise, 2017. səh. 58
  11. 1 2 Cenubi Garbi Kafkas Cumhuriyeti'nden İlk Meclise, 2017. səh. 59
  12. Cenubi Garbi Kafkas Cumhuriyeti'nden İlk Meclise, 2017. səh. 59-60
  13. 1 2 Cenubi Garbi Kafkas Cumhuriyeti'nden İlk Meclise, 2017. səh. 63
  14. Cenubi Garbi Kafkas Cumhuriyeti'nden İlk Meclise, 2017. səh. 63-64
  15. 1 2 3 Cenubi Garbi Kafkas Cumhuriyeti'nden İlk Meclise, 2017. səh. 64
  16. Cenubi Garbi Kafkas Cumhuriyeti'nden İlk Meclise, 2017. səh. 64-65
  17. Cenubi Garbi Kafkas Cumhuriyeti'nden İlk Meclise, 2017. səh. 65
  18. Cenubi Garbi Kafkas Cumhuriyeti'nden İlk Meclise, 2017. səh. 65-66
  19. Cenubi Garbi Kafkas Cumhuriyeti'nden İlk Meclise, 2017. səh. 66
  20. Cenubi Garbi Kafkas Cumhuriyeti'nden İlk Meclise, 2017. səh. 71-72
  21. Cenubi Garbi Kafkas Cumhuriyeti'nden İlk Meclise, 2017. səh. 72-73
  22. Cenubi Garbi Kafkas Cumhuriyeti'nden İlk Meclise, 2017. səh. 73-74
  23. 1 2 Cenubi Garbi Kafkas Cumhuriyeti'nden İlk Meclise, 2017. səh. 74
  24. 1 2 3 Cenubi Garbi Kafkas Cumhuriyeti'nden İlk Meclise, 2017. səh. 75
  25. Cenubi Garbi Kafkas Cumhuriyeti'nden İlk Meclise, 2017. səh. 75-76
  26. Cenubi Garbi Kafkas Cumhuriyeti'nden İlk Meclise, 2017. səh. 77
  27. Cenubi Garbi Kafkas Cumhuriyeti'nden İlk Meclise, 2017. səh. 69
  28. Cenubi Garbi Kafkas Cumhuriyeti'nden İlk Meclise, 2017. səh. 67