Henniq Brand

Vikipediya, azad ensiklopediya
C Mirəli2001 (müzakirə | töhfələr) (vikiləşdirmə) tərəfindən edilmiş 05:56, 23 mart 2024 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç
Henniq Brand fəlsəfə daşını tapmaq üçün öz laboratoriyasında işləyərkən.

Henniq Brand (alm. Hennig Brand‎ — Alman əlkimyaçısı. Məhz onun 1669-cu ildə ilk dəfə fosforu kəşf etdiyi güman olunur. Otuzillik müharibə vaxtı sıravi əsgər kimi xidmət göstərən Brand sonradan bu sənətin onun üçün təhlükəli olduğunu hesab etmiş və həkim olmaq qərarına gəlmişdi. Bir sıra əlkimyaçılar ətrafında dolanaraq bu sahənin sirrlərinə dərindən bələd olsa da, varlı himayədarı olmadığından bu işi də atıb ticarətlə məşğul olmağa başlayır. Qısa zaman ərzində kifayət qədər uğurlu tacirə çevrilən Brand qazandığı vəsait hesabına elmi təcrübələr üçün lazımı avadanlıqlar alaraq yenidən əlkimya sahəsinə qayıdır. Bu sahədə onun qarşına qoyduğu əsas hədəf, dövrün bir çox əlkimyaçılarının da arzusu olan fəlsəfə daşı (metaldan qızıl düzəltmək üçün lazımı olan reaktiv) hazırlamaqdı.

Məhz bu sahədə təcrübələr apararkən Brand təsadüfən fosfor elementini kəşf edir. Brand metalı qızıla çevirmək üçün lazım olan ilkin maddənin insan sidiyində olduğuna inanırdı. Belə ki, təcrübələrindən birində kazarmadan bir neçə çəllək insan sidiyi əldə edən Brand onu iki dəfə distillə etmiş və nəticədə yaranan siropa bənzər mayeyə ölü baş adını vermişdi. Daha sonra alim bu qarışığa qum və kömür əlavə edərək ocaqda qızdırmış və nəticədə qaranlıqda işıq saçan ağ tozun yarandığını müşahidə etmişdi.

Yaranan elementi fəlsəfi daş zənn edən alim ona fosfor, yəni işıqsaçan adını vermişdi. Bundan sonra alınan maddəni qızıla çevirmək istəyən Brandın bütün təcrübələri uğursuzluqla nəticələnir və sonda bunun baş tutmayacağını anlayan alim fosforun özünü satmaqla pul qazanmaq qərarına gəlir. Fosfor cəmiyyətdə böyük maraq oyatdığından alim onun alınma texnologiyasını heç kimə deməz və onu qızıldan da baha qiymətə satardı. Lakin sonradan bu sirri çox saxlaya bilməyəcəyini anlayan Brand fosforun alınma texnologiyasını 200 talerə Drezdenli kimyagər Krafta satmışdı. Henniq Brand 1710-cu ildə doğulduğu Hamburq şəhərində vəfat etmişdir.