Raquf Orucov
Raquf Orucov | |
---|---|
Şəxsi məlumatlar | |
Ləqəbi | Murov qartalı |
Doğum tarixi | |
Doğum yeri | Cinli, Ağdam, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (43 yaşında) |
Vəfat yeri | Talış kəndi, Ağdərə, Azərbaycan |
Dəfn yeri | |
Vətəndaşlığı |
SSRİ Azərbaycan |
Milliyyəti | Azərbaycanlı |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Xüsusi Təyinatlı Qüvvələr |
Xidmət illəri | 1990—2016 |
Rütbəsi |
Polkovnik-leytenant |
Döyüşlər | |
Təltifləri | |
|
Raquf İbrahim oğlu Orucov (12 iyul 1972, Cinli, Ağdam rayonu — 4 aprel 2016, Talış kəndi, Ağdərə rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, Qarabağ müharibəsi iştirakçısı, 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub, ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilib.[1]
Həyatı
[redaktə | mənbəni redaktə et]Erkən illəri
[redaktə | mənbəni redaktə et]Raquf Orucov 1972-ci il 12 iyulda Ağdam rayonunun Cinli kəndində Raya və İbrahim Orucovların ailəsində anadan olub. Ailənin birinci övladı olan Raqufun özündən başqa üç qardaşı və bir bacısı var idi. 1990-cı ildə Sovet Qoşunlarında xidmət edən Raquf Orucov bir müddət Özbəkistanda xidmət etdikdən sonra Qarabağ müharibəsinin başlaması xəbərini almış və Sovet ordusundan ayrılaraq Azərbaycan Ordusunun sıralarına qoşulmuş, üç-dörd ay ərzində Fərrux dağı və Aranzəmin kəndində aparılan hərbi əməliyyatlar zamanı ayağından ağır qəlpə yarası almışdı. O, Qarabağda döyüşməyə başlayarkən Ağdamda Allahverdi Qənbərovun rəhbərlik etdiyi özünümüdafiə batalyonuna qatılmışdı. Onun anası Raya xanım 1993-cü ilin 12 iyununda Ağdam rayonunun Cinli kəndini işğal edilməsi nəticəsində şəhid olmuşdur. Elə həmin ildən Raquf Orucov sənədlərini Bakı Ali Hərbi Ümumqoşun Komandirləri Məktəbinə vermiş, lakin ertəsi il həmin məktəbə qəbul ola bilmişdi.
Şəxsi həyatı
[redaktə | mənbəni redaktə et]Raquf Orucov 1999-cu ildə Sevinc Alızadə ilə ailə həyatı qurmuşdu, Aqşin və Nihad adında iki oğlu var idi.
Hərbi xidməti
[redaktə | mənbəni redaktə et]Raquf Orucov Bakı Ali Hərbi Ümumqoşun Komandirləri Məktəbində iki il ərzində lazımi biliklərə yiyələnmişdi. 1996-cı ildə həmin məktəbi bitirən Raquf Orucov daha sonra Bakı şəhərində yerləşən hərbi hissələrin birinə təyinat almış, amma gənc zabit ön cəbhədə olmağa üstünlük vermişdi. 1996-cı ildə təyinatını Murovdağa almış və kəşfiyyat bölüyünün komandiri kimi fəaliyyətini davam etdirmişdi. 2003-2005-ci illər arasında Ali Hərbi Akademiyanı bitirib. Hərbi xidməti dövründə həmişə ön cəbhədə xidmət edərək, Ağdam rayonunda yerləşən “N” saylı hərbi hissənin komandiri vəzifəsinədək yüksəlib.
Raquf Orucova Murovdağda həyata keçirdiyi uğurlu kəşfiyyat əməliyyatlarınına görə “Murov Qartalı” ləqəbi verilmişdir.
2016-cı ilin aprel ayının 4-də Ağdərə rayonunun Talış kəndinin erməni işğalçılarından azad edilməsi uğrunda Xüsusi Təyinatlı Qüvvələrin tərkibində polkovnik-leytenant Raquf Orucov sonuncu döyüşünə qatılıb və qəhrəmancasına şəhid olub. Aprelin 5-i polkovnik-leytenant Raquf Orucov son mənzilə yola salınmış, Sumqayıt şəhərində baş tutan dəfn mərasiminə minlərlə insan, Müdafiə Nazirliyinin üst rütbəli zabitləri iştirak etmişdir. Sumqayıtın Şəhidlər Xiyabanında dəfn olunan Raquf Orucovun məzarının solunda 2014-cü il döyüşlərində şəhid olan əsgər Hüseyn Abdulov, sağında elə Aprel döyüşlərində şəhid olan Murad Məmmədov dəfn edilib. Həm Hüseyn Abdulov, həm də Murad Məmmədov polkovnik-leytenant Raquf Orucovun əsgərləri olmuşdur.
Təltifləri
[redaktə | mənbəni redaktə et]- (1995) — "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı
- (1998) — "Hərbi xidmətlərə görə" medalı[2]
- (2001) — "Azərbaycan Silahlı Qüvvələrinin 10 illiyi" yubiley medalı
- (2003) — "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı
- (2008) — "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı
- (2008) — "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı
- (2013) — "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı
- (2013) — "Qüsursuz xidmətə görə" 1-ci dərəcəli medalı
- (2016) — "İgidliyə görə" medalı (ölümündən sonra)[1]
İrsi
[redaktə | mənbəni redaktə et]2016-cı ilin iyulun 12-də UEFA Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində baş tutan "Qarabağ"-"Dudelanj" (2:0) görüşündən əvvəl Tofiq Bəhramov adına Respublika Stadionunda, həmin gün 44 yaşı tamam olan Raquf Orucovun xatirəsinə banner açıldı.[3][4] Bannerdə Raquf Orucovun şəkili və "ÖLMƏZ KOMANDİR RAQUF ORUCOV" yazısı yer aldı.[3][4]
Elə həmin gündə də Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında 44 yaşı tamam olan Raquf Orucovun anım mərasimi baş tutdu. Anım mərasiminə şəhərin ziyalıları, habelə iki qat Paralimpiya çempionu İlham Zəkiyev, Olimpiya çempionu Fərid Mansurov, Olimpiya Oyunlarının bürünc medalçısı Şahin İmranov, pəşəkar boks üzrə Dünya çempionu Fariz Məmmədov və digər şəxslər qatıldı. Ağdam şəhərinin sabiq meri Nizami Sadıqov və 2013-cü ildə Raquf Orucovun rəhbərliyi altında hərbi xidmətdə olan pəşəkar boksçu Fazir Məmmədov onun haqqında xatirələrini bölüşdü.
2017-ci il 13 fevralda isə Oxford Məktəbində Raquf Orucovun həyatından bəhs olunan "Murov qartalı" kitabının təqdimatı mərasimi oldu.[5] Mərasim Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başladı.[6] Təqdimat mərasiminə Parlamentin deputatlatı Qənirə Paşayeva, Adil Əliyev və Fuad Muradov, habelə iki qat Paralimpiya çempionu İlham Zəkiyev, Olimpiya çempionu Fərid Mansurov, pəşəkar boks üzrə Dünya çempionu Fariz Məmmədov, ombudsman Elmira Süleymanova və digər şəxslər qatıldı.[5] Təqdimat mərasimi natiqlərin çıxışı və şagirdlərin vətənpərvərlik mövzusunda şeir və musiqi nömrələri ilə başladı.[6] Daha sonra mərasimə dəvət olunan ictimai xadimlər, deputatlar, idman ictimaiyyətinin nümayəndələri Raquf Orucov barəsində xatirələrini bölüşdü.[5] Elşən Əliyev və Elxan Salahovun müəllifliyi və tərtibçili ilə ərsəyə gələn kitabda şəhidin həyat yoldaşı Sevinc Orucovanın yazdığı olduğca təsirli esse də yer alıb.[6] Kitab Raquf Orucovun əsgər yoldaşları, dostları və ailə üzvlərinin xatirələri əsasında yazılıb.[5] Təqdimat mərasiminin sonunda Raquf Orucov haqqında sənədli film nümayiş olundu.[6] 2019-cu ildə Şərif Ağayar tərəfindən Raquf Orucovun düşmən arxasına keçərək düşmənin alay komandirinin oğlunu əsir götürməsi və bunun sayəsində əsir düşən 5 əsgərimizin xilas olmasından bəhs edən “Komandir” kitabı yazılıb.[7] “Cüdo Klub 2012” tərəfindən Raquf Orucov adına Beynəlxalq Cüdo Turniri təsis edilib. Hər il Bakıda onun adına ənənəvi cüdo turniri keçirilir.[8]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". e-qanun.az. 19 aprel 2016. 5 January 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 may 2021.
- ↑ "Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı". e-qanun.az. 24 iyun 1998. 2 February 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 may 2021.
- ↑ 1 2 "Raquf Orucov "Qarabağ"ın UEFA Çempionlar Liqası oyununda anılıb". www.az.azvision.az. 2016-07-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 13 iyul 2016.
- ↑ 1 2 ""Qarabağ"ın UEFA Çempionlar Liqası matçından əvvəl şəhid polkovnik-leytenant Raquf Orucov anılıb". www.musavat.com. 2020-11-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 iyul 2016.
- ↑ 1 2 3 4 "Raquf Orucov - taleyin özü seçən "Murov qartalı"". www.apa.tv. 2017-02-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 10 fevral 2017.
- ↑ 1 2 3 4 "Raquf Orucov gecəsi... "Murov qartalı" kitabının təqdimat mərasimi". www.azpress.az. 2021-09-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 fevral 2017.
- ↑ "Şərif Ağayar: "Raquf Orucovdan yalan yaza bilməzdim" – Müsahibə". kulis.az. 3 aprel 2019. 2023-12-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 dekabr 2023.
- ↑ ""Raquf Orucov Kuboku" beynəlxalq cüdo turniri start götürüb". xalqqazeti.az. 16 noyabr 2023. 2023-12-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 dekabr 2023.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- 12 iyulda doğulanlar
- 1972-ci ildə doğulanlar
- 43 yaşında vəfat edənlər
- 4 apreldə vəfat edənlər
- 2016-cı ildə vəfat edənlər
- Sumqayıt Şəhidlər Xiyabanında dəfn olunanlar
- Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantları
- "İgidliyə görə" medalı ilə təltif edilənlər
- "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilənlər
- "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilənlər
- "Qüsursuz xidmətə görə" 1-ci dərəcəli medalı ilə təltif edilənlər
- "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı ilə təltif edilənlər
- "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı ilə təltif edilənlər
- "Azərbaycan Silahlı Qüvvələrinin 10 illiyi" yubiley medalı ilə təltif edilənlər
- "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı ilə təltif edilənlər
- "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı ilə təltif edilənlər
- Əlifba sırasına görə hərbi xadimlər
- Ağdam rayonunda doğulanlar
- "Qüsursuz xidmətə görə" medalı ilə təltif edilənlər
- Aprel döyüşlərində həlak olanlar
- Sumqayıtda dəfn olunanlar
- Azərbaycanlı zabitlər