9K32 Strela-2
“Strela-2” (QRAU indeksi 9K32, NATO kod adı ilə SA-7 “Grail”) – Sovetlərin daşınan zenit raket kompleksidir. Kompleks üzərində çalışmalar SSRİ-də 1960-cı ildə başlayıb. Hökumətin 1968-ci il 10 yanvar tarixli qərarı əsasında “Strela-2” DZRK silahlanmaya qəbul edildi, sentyabrın 2-də isə “Strela-2M” və “Strela-3” kompleksinin təkmilləşdirilmiş versiyalarının hazırlanmasına başlandı. “Strela-2M” 1970-ci ildə silahlanmaya qəbul edildi. 1970-ci illərin ortalarında 9M32 raketli “Strela-2” kompleksi “hava-hava” tipli raketlərlə Mi-2 helikopterlərində (hər birində 4 raket olmaqla) sınaqdan keçirildi. Komplekslərin seriyalı istehsalı 1980-ci illərin ilk yarısına qədər davam etdi. Bu kompleks müxtəlif vaxtlarda dünyanın 60 ölkəsinin ordularında uğurla istismar edildi.
Enerji mənbəyi olan atıcı konteynerdən, 9M32 zenit raketindən və atıcı qurğudan ibarət olan “Strela-2” hava hücumundan müdafiə kompleksinin aparıcı qurucusu olaraq SKB QKOT dizayn bürosu seçildi.
SKB QKOT dizayn bürosunun baş mühəndisi, İkinci dünya müharibəsi dövründə Qızıl Ordu tərəfindən istifadə edilən çoxsaylı minaatanların əksəriyyətinin yaradılmasını təmin edən B.İ. Şavirin idi. Müharibədən sonrakı illərdə Kolomnada yerləşən büro 406 mm-lik özüyeriyən “Oka” sisteminin də daxil olduğu müxtəlif hərbi qurğuların yaradılması işlərini davam etdirirdi. 1950-ci illərin ortalarından etibarən SKB, naqillə idarəolunan “Şmel” tank əleyhinə raketə malik özüyeriyən TƏİRK-in hazırlanmasına başladı və layihəni 1960-cı ildə uğurla başa çatdırdı.
1965-ci ildə Şavırin vəfatından sonra, S.P. Nepodimi baş konstruktor təyin edildi və 1966-cı ildə müəssisə Maşınqayırma Konstruktor (KBM) adlandırıldı. Daşınan HHM sisteminin inkişafı əvvəlcə mütəxəssislərə çox problemli görünürdü. “Strela-2” DZRK üçün texniki tələblərin hazırlanması Dövlət Artilleriya İdarəsinin 3-cü Elmi-Tədqiqat İnstitutunda dərin elmi tədqiqatların təşkili və sənaye sahəsində cəsarətli texniki ideyaların hazırlanması ilə qeyri-adi bir şəkildə aparılırdı. İlk Sovet DZRK-sının inşası tamhəcmli bir “beyin hücumu” ilə başlandı. Şavırin və mütəxəssis qrupu iki həftə ərzində təmamilə bütün işlərdən ayrıldılar və müzakirələrin sonunda gələcək kompleksə qarşı irəli sürülən tələbləri və onun görünüşünün elementlərinin layihəsini hazırlaya bildilər. Nəticədə “Strela-2” DZRK-nın taktiki və texniki tələblərini tərtib etmək üçün təkliflər hazırlamaq mümkün oldu.
Daha sonra xaricdən SSRİ-yə verilən ABŞ-nin “Red-Ay” daşınan zenit raket kompleksi, bu sistemlərin texniki təkliflərinin oxşar olduğunu təsdiqlədi və nəticədə onlar “Strela-2” DZRK-nın əsasını təşkil etdi. Hər iki ölkənin dizaynerləri müstəqil olaraq layihələrin texniki komponenti sahəsində ən məqsədəuyğun qərarların tətbiq edilməsinin zəruri olduğunu etiraf etdilər.
DZRK-nın idarəolunan zenit raketinin ən vacib elementi olan istilik tuşlama başlığının hazırlanması Leninqrad Xalq Təssərüfatının OKB-357 müəssisəsinə (gələcəkdə Leninqrad Optik Mexanika Birliyinin (LOMO-nun) bir hissəsi oldu) həvalə edildi.
Yeni kompleksin kiçik ölçülü idarəolunan zenit raketi, hava hədəfinə yalnız birbaşa zərbə ilə əhəmiyyətli zərər verə biləcək 1.17 kq çəkidə yüngül bir döyüş başlığı ilə təchiz edilirdi. Az həssaslıqlı istilik axtaran başlıqdan istifadə edən kompleksin raketi hədəfə “yaxalama” rejimində yönəldilirdi.
Raketlərin hədəflə sürətlə toqquşması nəticəsində partlayış baş verirdi. Belə olan şəraitdə raket tərəfindən hava hədəfinin uğurlu və effektiv şəkildə məhv edilməsi üçün, ilk dəfə partlayıcı qurğuda yarımkeçirici gücləndiricilərdən və həssas impulslu maqnit-elektrikli generatordan istifadə edildi.
“Strela-2” DZRK-nın döyüş istifadəsi onun effektivliyinin aşağı olmasını göstərdi. Raket kompleksi tərəfindən zədələnən təyyarələrin çoxu öz aerodromlarına qayıda bilirdilər, burada qısa təmirdən sonra yenidən uçuşlarını bərpa etdirirdilər. Bu zenit raketlərinin təyyarələrin uçuşunun davam etdirilməsi üçün az əhəmiyyətə malik olan quyruq hissəsinə tuş gəlməsi və raket başlığı gücünün hava hədəfini məhv etməsi və ya daha böyük dağıntıya səbəb olması üçün yetərli olmaması ilə əlaqəli idi.
1968-ci il sentyabrın 2-də SSRİ hökumətinin qərarı ilə “Strela-2” kompleksinin modernləşdirilməsi işinə başlandı. Yeni daşınan kompleks “Strela-2M” (GRAU 9K32M indeksi) təyinatını aldı. Kompleks, “yaxalma” və “qarşı” kurslarda vizual görünüş sahəsində aşağı yüksəklikdə uçan hədəfləri vurmaq üçün nəzərdə tutulurdu. DZRK sabit və manevr edən hava hədəflərinə qarşı da raketlərin buraxılmasına imkan verirdi. Raket əsasən 950 km/saata qədər sürətlə uçan bütün tip helikopter və təyyarələrə təqib kurslarında atəş açmaq üçün nəzərdə tutulur. Qarşı kurslarda isə raketlərdən yalnız 550 km/saata qədər sürətlə uçan hava vasitələrinə qarşı atəş açmaq tövsiyə olunur.
“Strela-2M” DZRK-nın təkmilləşdirilən versiyası 1969-cu ilin oktyabrından 1970-ci ilin fevralına qədər Donquz poliqonu ərazisində sınaqlardan keçirildi. Sınaqları tamamlandıqdan sonra, fevralın 16-da Kolomnadakı KBM-də hazırlanan kompleks rəsmi olaraq silahlanmaya qəbul edildi. 1970-ci ildə Deqtyarev adına Kovrovsk zavodunda onun üçün idarəolunan zenit raketlərin, İjevsk mexaniki zavodunda isə atıcı qurğuların istehsalına başlandı. Kompleksin xüsusiyyətlərindən biri qarşı kurslarda uçan hədəfləri məhvetmə imkanının yaxşılaşdırılmasından (məhv edilə biləcək hədəflərin sürəti 100 m/s-dən 150 m/s-ə qədər artırıldı) ibarət oldu.
“Strela-2M” DZRK-nın tərkibi aşağıdakılardan ibarət idi:
- Atıcı konteynerdə yerləşən 9M32M özütuşlanan zenit raketi;
- Birdəfəlik enerji mənbəyi;
- Yenidən istifadə edilə bilən atıcı qurğu.
İdarəolunan zenit raketini buraxılışa hazırlamaq üçün ilk növbədə enerji mənbəyini açmaq lazımdır. Bu zaman özütuşlanan başlıq enerji ilə qidalanmağa başlayır. Beş saniyə ərzində avtopilotun giroskopundakı rotor fırlanır, bundan sonra isə DZRK tam döyüşə hazır vəziyyətə gəlir.
Operator uyğun anda atıcı qurğunu hava hədəfinə doğru yönəldir və tətiyi çəkir. Hava hədəfinin istilik şüaları özütuşlanan başlığın görüntü sahəsinə daxil olan kimi operator bu barədə qurğudan gələn səs siqnalı ilə xəbərdar edilir.
Raket başlığının avtomatik izləmə rejiminə keçdiyi anda operator bir işıq siqnalı görür. 0,8 saniyədən sonra gecikmə blokuna və barıt təzyiqinin akkumulyatorunun elektrik alışqanına gərginlik verilir. Bundan 0.6 saniyə sonra isə akummlyatorlar işçi rejimə keçir və marş mühərrikinin elektrik alışqanına gərginlik ötürülür. İşıq siqnalı görünəndən təxminən 1.5 saniyə sonra raket buraxılır.
Raketin başlığı konteynerdən çıxdıqdan sonra, yayların hərəkəti nəticəsində idarəetmə rulları açılır. Bundan sonra sabitləşdiricilər geri atılır və operatordan 5-6 metr məsafədə raketin marş mühərriki işə düşür.
Raketin marş mühərrikinin çalışmasının başlanğıcında ətalət qüvvələrin təsiri ilə xüsusi bir partlayıcı qurğunu hazırlamağa cavabdeh olan qoruyucunu aktivləşdirilir. Operatordan 80-250 metr məsafədə, qoruyucunun ikinci mərhələsi aktivləşir - pirotexniki qoruyucular tam yanıb qurtarır, partlayıcı qurğunun hazırlığı tam başa çatır.
Uçuşda özütuşlanan başlığın optik oxları daim hava hədəfinə yönəldilir: zenit raketinin oxunun istiqamətindən asılı olmayaraq, başlıq davamlı olaraq obyekti izləyir və hədəfə çatana qədər raketin uçuşunu nizamlayır. Raket hədəfdən yayındığı halda, buraxılandan 14-17 saniyə sonra “özünü məhv edən” sensor işə düşür və raket sıradan çıxarılır.
“Strela-2” DZRK ilə müqayisədə təkmilləşdirilən “Strela-2M” kompleksi taktiki və texniki xüsusiyyətlərini yaxşılaşdıra bildi:
- Hava hədəflərinin özütuşlanan başlıq ilə ələ keçirilməsi, raketin “yaxalama” rejimində buraxılması prosesi avtomatlaşdırıldı. Bu isə xüsusilə hərəkət edən obyektlərə atəş zamanı operatorun vəzifələrini yerinə yetirməsini asanlaşdırdı;
- Hərəkətli hədəflərin seçimi stasionar təbii maneələr fonunda həyata keçirilə bilir;
- “Təqib” kurslarında 260 m/s sürətlə (əvvəl 220 m/s idi) uçan hava hədəflərini məhv etmək mümkün oldu;
- “Qarşı” kurslarda 150 m/s (əvvəllər 100 m/s) sürətlə uçan hava hədəflərinə atəş açmaq mümkün oldu;
- Raket buraxılma zonasının yaxın sərhədinin müəyyən edilməsində operator səhvinin istisna edilməsi təmin olundu;
- “Yaxalama” kurslarında reaktiv təyyarələrin məhvetmə zonası həm hündürlük, həm də məsafə baxımından genişləndi.
Modernləşmə zamanı buludlu bir havada işləyərkən daşınan “Strela-2M” kompleksinin istilik axtaran başlığının maneələrə qarşı davamlılığı da artırıldı.
Konstruktorların səyləri sayəsində, hava hədəflərini davamlı (lay), yüngül (dağınıq) və topa buludların 3 ballıq fonunda aşkar edilərək atəşin təmin edilməsi mümkün oldu. Eyni zamanda, üç baldan çox günəşlə işıqlandırılan bulud topaları şəraitində, xüsusilə bahar-yaz dövründə, DZRK-ların fəaliyyəti əhəmiyyətli dərəcədə məhdudlaşırdı.
Başlığın hava hədəflərini izləməsi günəşin minimum 22-43° bucaqları arasında mümkün idi. Üfüq xətti də günəşli bir gündə istifadə üçün bir məhdudiyyət yaradır, kompleksin özünün əhatə dairəsi 2° yüksəklik bucağına qədər məhdudlaşırdı. Digər şərtlərdə üfüq atəşə təsir etmirdi. Eyni zamanda kompleks saxta istilik maneələrindən (helikopter və təyyarələr tərəfindən atılan istilik “tələləri”) də qoruna bilmirdi.
Hava hədəfinə qarşı raketi ayaq üstü və ya diz üstü vəziyyətdə çiyindən atmaq mümkündür. DZRK-nı səngərdən, binaların damından, su hövzəsindən, bataqlıqdan, qısa müddətli dayanacaqlardan və hətta 20 km/saatdan çox olmayan sürətlə hərəkət edən zirehli nəqliyyat vasitələrindən atmağa icazə verilir. “Strela-2M” fərdi kimyəvi mühafizə vasitələrdən istifadə edən operator tərəfindən də buraxıla bilər. Səfər vəziyyətində kompleks operator tərəfindən xüsusi bir çiyin kəməri vasitəsilə kürəkdə daşınır.
“Strela-2” (9K32) DZRK-nın taktiki və texniki xüsusiyyətləri
[redaktə | mənbəni redaktə et]Hədəflərin məhv edilmə məsafəsi - 3400 m
Hədəflərin məhv edilmə hündürlüyü - 50–1500 m
Raketin maksimal sürəti - 430 m/s
Hədəflərin maksimum sürəti: “yaxalama” rejimində - 220 m/s, “qarşı” rejimdə - 100 m/s
Raket - 9M32
Raketin kalibri - 72 mm
Raketin uzunluğu - 1443 mm
Raketin çəkisi - 9.15 kq
Döyüş başlığının kütləsi - 1.17 kq
Döyüş vəziyyətində olan kompleksin kütləsi - 14,5 kq
Raketin atəşə hazırlıq müddəti - 10 saniyə
Versiyaları
[redaktə | mənbəni redaktə et]- Rusiya
- 9K32 Strela-2
- 9KM32 Strela-2M
- Çin
- HN-5 (Hongying 5)
- Pakistan
- Anza MK 1
- Anza MK 2
- Anza MK 3
- Misir
- Ayn as Saqr
Anza MKI və Ayn as Saqr
[redaktə | mənbəni redaktə et]Yenə, Pakistanda Anza MKI və Misirdə Ayn as Saqr adları ilə lisenziya altında istehsal edilən döyüş raketi.
HN-5A
[redaktə | mənbəni redaktə et]Çin, bu sistemi lisenziyasız olaraq HN-5A adı altında kopyalayıb, infraqırmızı əks-tədbir sistemlərini təkmilləşdirmiş və daha ağır döyüş başlıqlarından istifadə etmişdir.