Amin (xəlifə)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Əl-Amin
Əl-Mehdi dönəminə aid qızıl dinarlar
Əl-Mehdi dönəminə aid qızıl dinarlar
ƏvvəlkiƏr-Rəşid
SonrakıƏl-Məmun
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri
Vəfat tarixi (26 yaşında)
Vəfat yeri
Fəaliyyəti yazıçı, Xəlifə
Atası Ər-Rəşid
Anası Zübeydə bint Cəfər
Həyat yoldaşları Arib bint al-Məmuniyyə
Lübanə bint Əli ibn Əl-Mehdi
Uşaqları Musa
Abdullah
Ailəsi Abbasilər
Dini islam
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Əbu Musa Məhəmməd ibn Harun Ər-Rəşid (ərəb. أبو موسى محمد بن هارون الرشيد‎) (d. 14 aprel 787 - ö. 27 sentyabr 813) — 6. Abbasi xəlifəsi.

787-ci ildə Bağdadda dünyaya gəldi. Atası xəlifə Harun Ər-Rəşid, anası isə onun nigahlı xanımı olan əmisi qızı Zübeydə bint Cəfərdir. Həm anası, həm də atası xəlifə Əl-Mənsur soyundan gəldiyi üçün, anası fars bir kəniz olan yaşca böyük qardaşı Abdullaha nəzərən vəliəhdliyə daha çox layiq görülürdü. Bu səbəblə hələ 5 yaşında ikən Əl-Amin ünvanıyla vəliəhd elan edildi (792). Böyük qardaşı Abdullah isə yalnız 6 il sonra Raqqada Əl-Məmun ünvanıyla ikinci vəliəhdliyə yüksələ bildi. 802-ci ildə həcc ziyarəti edən xəlifə Ər-Rəşid MəkkəKəbə divarına asdırdığı əhdnaməylə ölümündən sonra xilafətin 3 oğlu arasında bölüşdürüləcəyini bildirdi. Bu əhdnaməyə görə, oğulları Əl-Amin, Əl-MəmunƏl-Mötəmin bir-birinin ardınca xəlifə olacaq, o günədək İraq daxil olmaqla bütün qərb mülkləri Əl-Aminə, şərqdəki əyalətlər Əl-Məmuna, Əl-Cəzirə, AnadoluHindistan sərhəddindəki mülkləri isə Əl-Mötəminə veriləcəkdi.

Xəlifəliyi və taxt mübarizəsi

[redaktə | mənbəni redaktə et]

Atasının Tus şəhərində vəfatından sonra (24 mart 809) Əl-Amin Bağdadda xəlifə elan edildi və qardaşı Əl-Məmun da daxil olmaq üzrə hər kəs tərəfindən xəlifəliyi tanındı. Ancaq çox keçmədən atasının vəziri Fəzl ibn Rəbinin də təhrikiylə qardaşlarını vəliəhdlik sırasından çıxarmağa cəhd göstərdi. 810-cu ildə qardaşı Əl-Mötəmini bütün vəzifələrindən azad edib Bağdadda yaşamağa məcbur etdi. Ardından oğlu Musanı qardaşı Əl-Məmundan sonrakı ikinci vəliəhd təyin edərək xutbələrdə adının çəkilməsini istədi və qardaşı Əl-Məmunun əmrindəki orduyla birlikdə Bağdada gəlməsini tələb etdi. Ancaq qardaşlarının bu istəklərə tabe olmamasının ardından hər ikisi taxt sırasından uzaqlaşdırıldı (810). İki qardaş arasındakı taxt mübarizəsi bir müddət sonra hakimiyyət və bürokratiyada güclənməyə çalışan ərəbfars fraksiyalarının mübarizəsinə çevrilmişdi.

Əl-Amin qardaşının müqavimətini sındırmaq üçün onu 24 mart 811-ci ildə vətən xaini elan etdi və qəddarlığıyla tanınan keçmiş Xorasan canişini İbn Mahanı 40 minlik orduyla qardaşı Əl-Məmunun üzərinə göndərdi. Bu əsnada Əl-Məmun özünü xəlifə elan etmişdi (8 may 811) və fars əsilli ordu komandiri Tahir ibn Hüseynin rəhbərliyində 4 min nəfərlik ordu toplamışdı. Sayının az olmasına baxmayaraq, Tahir ibn Hüseynin intizamlı ordusu Rey yaxınlığında baş tutan döyüşdə qalib gəldi və ordusu darmadağın edilən İbn Mahan döyüş meydanında həlak oldu. Həmin ilin sonlarında göndərilən ikinci ordu da Həmədan yaxınlığında məğlub edildi. 812-ci ildə göndərilən üçüncü ordu isə Xanakin yaxınlığında döyüşmədən geri çəkildi.

İki qardaş arasında davam edən taxt mübarizəsi əsnasında özünün Əməvi sülaləsinin varisi olduğunü iddia edən Əli ibn Abdullah Suriyada ayaqlandı. Qısa zamanda genişləyən üsyan nəticəsində Dəməşq və ətraf bölgələr işğal olunmuş, Bağdadda öz vəziyyətinin pis olması səbəbilə Əl-Amin bölgəyə böyük bir ordu göndərə bilməmişdi. Bütün bu iğtişaşlara son qoymaq məqsədilə Suriya birliklərinin rəhbəri Hüseyn ibn Əli tərtiblədiyi saray çevrilişiylə Əl-Amini həbs etdirdi. Ancaq sadiq adamlarının köməyilə Əl-Amin həbsdən qaçırıldı və yenidən xəlifə elan edildi. Hüseyn ibn Əli isə öldürüldü (aprel 812).

Əl-Məmunun göndərdiyi Tahir ibn Hüseyn rəhbərliyindəki ordu 812-ci ilin avqustunda Bağdadı mühasirəyə aldı. O əsnada Bağdad istisna olmaqla, bütün xilafət Əl-Məmunun xəlifəliyini tanımışdı. Bir il davam edən mühasirənin ardından bir çox ordu və saray mənsubu Əl-Məmunun tərəfinə keçməyə başlamışdı. Nəhayət, 813-cü ilin sentyabrında ordu Bağdada daxil oldu. Qaça bilməyəcəyini anlayan Əl-Amin, öldürülməməsi şərtilə atasının sadiq komandirlərindən Hərsəmə ibn Ayənə məktub yazaraq təslim olacağını bildirdi. Ancaq bundan xəbər tutan Tahir ibn Hüseyn dərhal saraya daxil olaraq xəlifəni həbs etdi və 27 sentyabr 813 günü gecə saatlarında onu edam etdirdi. Kəsilən başı Əl-Məmuna göndərildi. Bağdadın qərbində dəfnedilən cəsədi daha sonralar Kazımeyn türbəsinə dəfn edildi.

  • Rekaya, M. (1991). "al-Maʾmūn". In Bosworth, C. E.; van Donzel, E. & Pellat, Ch. (eds.). The Encyclopaedia of Islam, New Edition, Volume VI: Mahk–Mid. Leiden: E. J. Brill. pp. 331–339. ISBN 978-90-04-08112-3
  • El-Hibri, Tayeb (2010). "The empire in Iraq, 763–861". In Robinson, Chase F. (ed.). The New Cambridge History of Islam, Volume 1: The Formation of the Islamic World, Sixth to Eleventh Centuries. Cambridge: Cambridge University Press. pp. 269–304. ISBN 978-0-521-83823-8
  • Kennedy, Hugh (2004). The Prophet and the Age of the Caliphates: The Islamic Near East from the 6th to the 11th Century (Second ed.). Harlow: Longman. ISBN 978-0-582-40525-7