Bakı qəzası

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Bakı qəzası
Qəzanın gerbi Quberniyanın gerbi
Qəzanın gerbi Quberniyanın gerbi
Ölkə  Rusiya İmperiyası
Quberniya Bakı quberniyası
Mərkəzi Bakı[1]
Yaradılıb 1840
Ləğv edilib 1929
Sahəsi 4,2 min кm²
Əhalisi
  • 182.897 nəf. (1897)[2]
Xəritə

Bakı qəzası (rus. Бакинский уезд) — Rusiya imperiyası (Kaspi vilayəti, ŞamaxıBakı quberniyaları tərkibində), Azərbaycan Demokratik RespublikasıZaqafqaziya Sosialist Federativ Sovet Respublikası (Azərbaycan Sovet Sosialist Respublikası tərkibində) tərkibində mövcud olmuş inzibati–ərazi vahidi. İnzibati mərkəzi Bakı şəhəri idi.

Rusiya imperiyası Bakı xanlığını işğal etdikdən (1806) sonra xanlıq üsuli-idarəsini ləğv edib, onu əyalətə çevirmişdi. 1840-cı il 19 aprel inzibati islahatı nəticəsində inzibati cəhətdən Xəzər vilayətinə daxil olan Bakı qəzası yaradıldı. Çar I Nikolayın 1846-cı il 14 dekabr tarixli fərmanı ilə Şamaxı quberniyası yaradıldıqda Bakı qəzası həmin quberniyanın tərkibinə verildi. 1859-cu il Şamaxı zəlzələsindən sonra quberniya mərkəzinin Bakıya köçürülməsilə eyniadlı quberniyanın qəzası oldu. 1888-ci il 10 may tarixli qərara əsasən Bakı qəzası Balaxanı-Sabunçu, Maştağa və Saray məntəqələrinə bölündü. 1906-cı il 28 oktyabr tarixli fərmana görə Bakı və onun ətrafındakı fabrik-mədən rayonları əsasında Bakı qradonaçalnikliyi (Bakı şəhər rəisliyi) təşkil edildikdə qəzanın tərkibində ancaq kənd icmaları qaldı. Bakıda sovet hakimiyyəti qurulduqdan sonra S. Şaumyanın daşnak-bolşevik rejimi qəzalarda, o cümlədən Bakı qəzasında da möhkəmlənməyə can atırdı. 1918-ci il 28 mayda yaranan Azərbaycan Xalq Cümhuriyyətinin öz hakimiyyətini bütün ölkə ərazisində bərqərar etmək siyasəti uğurla nəticələndi. Həmin il 15 sentyabrda Bakı şəhəri azad edildikdən sonra Bakı qəzasında da Azərbaycan Xalq Cümhuriyyətinin hakimiyyəti quruldu. Qafqaz təqviminin (1917) məlumatına görə, Bakı qəzasının sahəsi 2610,22 kv. verst (2,77 min km²), əhalisi 15746 nəfər (o cümlədən, 533 nəfəri müvəqqəti yaşayan) idi. Qəzanın bütün əhalisi azərbaycanlılardan ibarət idi. Bakı qəzasının təsərrüfat həyatında əkinçilik, bağçılıq və üzümçülük əsas yer tuturdu. 1920-ci il 28 apreldə XI Qızıl Ordu Bakını işğal etdikdən sonra qəzada Azərbaycan Xalq Cümhuriyyətinin hakimiyyətinə son qoyuldu. Bakı qəzası 1929-cu ildə ləğv edildi.

1851-ci ildə Rusiyada əhali sayının araşdırılması üçün həyata keçirilmiş IX təftişə əsasən, inzibati cəhətdən Bakı, Şamaxı, Lənkəran, Nuxa və Şuşa qəzalarını əhatə edən Şamaxı quberniyasının əhalisi 319.923 nəfəri kişilər, 283.083 nəfəri qadınlar olmaqla 603.006 nəfər idi.[3] Əhalinin ümumi sayı haqqında məlumatlar imperiyanın Maliyyə Nazirliyinin Zaqafqaziya idarəsi tərəfindən təqdim olunmuşdu.[3] Qəzalar üzrə qadınların ayrıca sayını müəyyən etmək münkün olmamışdır.[3] Kişilərin qəzalar üzrə sayı haqqında məlumatlar isə Tiflisdən həqiqi dövlət məsləhətçisi Aleksey Fyodoroviç Kruzenştern tərəfindən təqdim olunmuşdu.[3] Beləliklə, həmin məlumatlara əsasən Bakı qəzasının bütün yaşayış yerlərində kişi cinsindən toplam 22.380 nəfər əhali yaşayırdı.[3]

  1. О народонаселенiи Россiи по губернiямъ и уѣздамъ: LXII. Шемахинская губернiя, стр. 154. // Девятая ревизiя. Изслѣдованie о числѣ жителей въ Россiи въ 1851 году Петра Кеппена. Санктпетербургь: Вь Типографiи Императорской Академiи наукь, 1857, 297 стр.
  2. Azərbaycan Xalq Cumhuriyyəti Ensiklopediyası, I cild, Bakı, 2004.
  1. Баку (rus.). // Энциклопедический словарь / под ред. И. Е. Андреевский СПб: Брокгауз — Ефрон, 1891. Т. IIа. С. 770–774.
  2. http://demoscope.ru/weekly/ssp/rus_gub_97.php?reg=61.
  3. 1 2 3 4 5 О народонаселенiи Россiи по губернiямъ и уѣздамъ: LXII. Шемахинская губернiя, стр. 154. // Девятая ревизiя. Изслѣдованie о числѣ жителей въ Россiи въ 1851 году Петра Кеппена. Санктпетербургь: Вь Типографiи Императорской Академiи наукь, 1857, 297 стр.