Braziliya Qara Cəbhəsi
Braziliya Qara Cəbhəsi (port. Frente Negra Brasileira) — Braziliyada zənci hərəkatının bir hissəsi olub, ölkənin ilk qara siyasi partiyası.
Yaranması üçün zəmin
[redaktə | mənbəni redaktə et]1920–1930-cu illərdə Braziliyada kapitalizmin inkişafı aqrar əsaslara zərbə vurdu. Artan milli hisslər, tədricən baş verən sənayeləşmə və urbanizasiya siyasi transformasiyalara səbəb oldu. Bu yeniliklərdən biri də yerli zəncilərin ilk qəzeti olan "Klarim d`Alvorada"nın (Clarim d’Alvorada) idi. Afro-braziliyalılar hələ 1888-ci ildə ləğv edilmiş quldarlığın nəticələri ilə mübarizə aparırdı. İqtisadi imkanların, təhsil səviyyəsinin və hüquqların aşağı səviyyədə olması isə onların cəmiyyətdə tam iştirakına maneçilik törədirdi.
Yaranması
[redaktə | mənbəni redaktə et]Braziliya Qara Cəbhəsi 16 sentyabr 1931-ci ildə San-Pauloda yaradılmış və zəncilərin cəmiyyətdə tam iştirak hüquqlarını tələb edən ilk afro-braziliya təşkilatı olmuşdur. Mənzil-qərargahı San-Pauloda yerləşən təşkilatın şəbəkəsi tezliklə ölkə ərazisinə yayılmışdır. Onun mürəkkəb strukturuna prezident, sədr, katib və köməkçi şura aid idi. Frentenin rəsmi qəzeti — "İrqin səsi" (A Voz da Raça) 18 mart 1933-cü ildə fəaliyyətə başlamışdır.
Fəaliyyətinə son qoyulması
[redaktə | mənbəni redaktə et]Siyasi çevriliş yolu ilə hakimiyyətə gələn prezident Jetuliu Varqasın fəaliyyəti tezliklə Braziliyanın zənci əhalisinin maraqlarına zərbə vurmağa başladı. Solçu və sağçı radikal qüvvələr rejimə təhlükə törətdiyindən və 1935-ci ildə uğursuzluqla nəticələnmiş kommunist çevrilişi cəhdindən sonra Varqas yeni siyasi istiqamət — "Yeni Dövlət" (Estado Novo, 1937–1945) elan etdi. Siyasi hakimiyyətin təmərküzləşməsi və vətəndaş hüquqlarının məhdudlaşdırılması fonunda Braziliya Qara Cəbhəsi 1937-ci ildə qanundan kənar elan olundu. Təşkilatın Braziliya Qara Birliyi (União Negra Brasileira) adı altında fəaliyyəti isə 1938-ci ilin mayına qədər davam etdi.
Əhəmiyyəti
[redaktə | mənbəni redaktə et]Braziliya Qara Cəbhəsinin fəaliyyəti ölkə tarixində ilk dəfə olaraq afro-braziliyalıların böyük kütlələrinin təşkilatlanaraq öz hüquqları uğrunda mübarizə aparması baxımından əhəmiyyətlidir. Frente təhsil, əməkdaşlıq və həmrəylik əsasında milli inteqrasiyanın pionerlərindən sayılır.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Kimberly Jones-de-Oliveira, "The Politics of Culture or the Culture of Politics: Afro-Brazilian Mobilization, 1920–1968," Journal of Third World Studies, v. 20, part I (2003)
- Elizabeth Marchant and Fernando Conceição, "An Interview with Fernando Conceição," Callaloo, v.25, n.2 (Spring 2002)
- Quintard Taylor, "Frente Negra Brasileira: The Afro Brazilian Civil Rights Movement, 1924 1937," Umoja: A Scholarly Journal of Black Studies 2:1 (Spring, 1978)