Briozoylar

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Briozoylar
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Ranqsız:
Tipüstü:
Tip:
Briozoylar
Beynəlxalq elmi adı

Briozoylar (lat. Ectoprocta və ya Bryozoa) — İlkağızlılar yarımbölməsindən onurğasız heyvan tipi.

Hazırda 4000 növü məlumdur, onlardan Xəzər dənizində 6 növ qeyd edilmişdir. Bowerbankia imbricata, Bowerbankia grasilis, Paludicella articulata, Victorella pavida Xəzərdə geniş yayılmışlar. Conopeum seurati Xəzər dənizinə 1958-ci ildə Azov dənizindən gəlmişdir. Hazırda bioloji örtüklərin əmələ gəlməsində mühüm rol oynayır.

Ectoprocta (Nitsche, 1869)

Briozoylar oturaq həyat tərzi keçirən dəniz heyvanları olub, nadir hallarda şirin sularda rast gəlinir. Briozoylar koloniya halında yaşayırlar, onların koloniyaları hidroid və mərcan poliplərinin əmələ gətirdikləri koloniyaları xatırladır. Koloniyalar bir neçə on santimetrlə ölçülür, koloniyanı təşkil edən hər bir fərdin ölçüsü isə 1mm- dən böyük olmur. Briozoy koloniyaları şaxəli budaq, yarpaq dəstəsi, bəzən bir müstəvi üzərində yerləşən lövhə şəklində olur. Koloniyalar polimerf və monomorf tipdə olur. Dənizdə yaşayan növlər hər iki tipdə, şirin su formaları isə yalnız monomorf olur. Monomorf koloniyadakı fərdlər quruluşca oxşar olub, eyni funksiya yerinə yetirirlər. Polimorf koloniyanın üzvləri həm quruluşuna, həm də yerinə yetirdikləri funksiyaya görə fərqlənirlər. Polimorf koloniyada bir qrup fərdlər ayırd edilir. Birinci qrup – adi fərdlər olub, lofofora, çıxıntılar tacına, cinsi məhsullar, hazırlayan sadə quruluşlu bağırsağa malikdir. Belə fərdlər koloniyada sayca üstünlük təşkil edir. Onlar qidanın tutulmasında, həzm edilməsində, mənimsənilməsində iştirak edir və bütün koloniyanı qidalandırır. Bununla əlaqədar olaraq, belə fərdlər qidalandırıcı və ya adi fərdlər adlanır. Çox vaxt bu fərdlərin üzərində və yanında oetsiya adlanan xüsusi fərdlər əmələ gəlir. Onlar yumurta hüceyrələrinin inkişaf etdiyi rüşeym kamerasına malik olurlar. İkinci qrup fərdlərin bir qismi substrata yapışmağa xidmət edir, bir qismi isə müdafiə funksiya daşıyır, koloniyanı kiçik qurdlardan, xərçənglərdən, və digər kiçik yırtıcılardan qoruyur. Belə fərdlərin arasında avikulyarilər adlanan «quş başı»na oxşar fərdlər yerləşir. Onların çıxıntıları olmadığına görə sərbəst qidalana bilmirlər, adi fərdlərin hesabına qidalanırlar. Avikulyarilərdə «alt çənəyə» oxşar törəmə inkişaf edir ki, xüsusi əzələlərin yığılması nəticəsində bu törəmə qapana bilir. Avikulyarilərin belə uyğunlaşma qabiliyyəti koloniyanı düşmənlərin təqibindən müdafiə edir. Koloniyada nadir hallarda vibrakulyarilər adlanan, müdafiə funksiyası daşıyan fərdlər olur. Vibrakulyarilərdə uzun hərəkətli qamçılar inkişaf edir ki, bunlar xüsusi əzələlərin köməyi ilə titrəyərək düşmənlərini koloniyaya yaxınlaşmağa qoymur. Avikulyarilərdə və vibrakulyarilərdə olan xüsusi hissedici törəmələr sinir sistemi ilə əlaqəlidir və düşmənin yaxınlaşmasını xəbər verir. Koloniya aktiv müdafiə edən belə fərdlərdən əlavə, əksər formaların xarici divarında passiv müdafiə orqan olan müxtəlif çıxıntılar – tikancıqlar inkişaf edir. Bir sıra formalarda bu çıxıntılar bütün koloniyanı əhatə edərək, onu tikanlı edir və düşmənlərini qorxudur. Sibir dənizlərində yayılan Uschakovia gorbunovi növündə bütün koloniya uzun tikanlı çıxıntılarla örtülmüşdür və bu da onu düşmənlərin təqibindən mühafizə edir. Bu növə 700m-ə qədər dərinlikdə, -0,9º -1,4ºC temperaturda rast gəlinir. Bu növün digər maraqlı cəhəti odur ki, koloniyanın aşağı hissəsində çıxıntılarda məhrum, cinsi məhsullar əmələ gətirməyən fərdlər yerləşir. Bu fərdlərin yuvacıqlarında ağ dənəvər kütlə toplanır. Bu özünəməxsus yuvacıqlar koloniyadakı fərdlərin şəkildəyişməsində əmələ gəlib, mürəkkəb koloniyanın böyüməsi üçün lazım olan ehtiyat qida maddələri saxlayır. Şirinsu briozoy koloniyaları az rəngarəngdir. Onlar suyun dibindəki əşyalarda, su bitkilərində budaqlanmış nazik boru şəklində yerləşirlər. Əksər hallarda sualtı əşyalarda – daşlarda, batmış ağac kötüklərində, bitkilərdə , bəzən heyvanlarda – molyusklarda, xərçənglərdə iri həcimli koloniyalar əmələ gətirirlər. Briozoy koloniyaları çoxlu kiçik fərdlərdən ibarət olur. Məsələn, Flustra foliacea koloniyasının 1 q kütləsində 1330 –a qədər fərd olur. Hər bir fərd geniş boşluğu olan ayrı-ayrı yuvacıqlarda yerləşir və zooid adlanır. Zooidin bədəni polipid adlanan ön, sistid adlnan dal hissədən ibarətdir. Sistid hissə xarici epitelinin törətdiyi kutikula qatı ilə əhatə olunmuşdur. Polipid hissə zərifdir və qalın kutikula qatından məhrumdur. Bu hissədə uzun çıxıntılarla əhatə olunmuş ağız dəliyi yerləşir. Ağız örtüyü briozoylarda dilşəkilli kiçik ağızönü pərlə və ya epistomla qapanır. Çılpaqağızlı briozoylarda isə ağız açıq olur. Çıxıntılar lotofor adlanan əsası nal şəklində olan pərin üzərində oturur. Çıxıntıların üzəri kirpikli epiteli hüceyrələri ilə örtülüdür. Polipid hissə çıxıntılarla birlikdə sistid hissənin içərisinə doğru tam çəkilə bilir. Bu çəkilmə iki əzələnin – retraktorun köməyi ilə baş verir. Retraktor bağırsağın yan tərəflərində yerləşərək, ön uca ilə polipid hissənin divarında, dal ucu ilə sistidin əsasına birləşir. Briozoylar ikinci bədən boşluğuna - seloma malik heyvanlardır. Selom nazik arakəsmələrlə üç şöbəyə ayrılır: ön şöbə kiçik ölçülü olub, epistomda yerləşir. Bədən boşluğunun orta şöbəsini udlağı əhatə edən həlqəvi kanal təşkil edir və kor şaxələrlə çıxıntıların içərisinə daxil olur. Nisbətən böyük ölçülü arxa şöbə bütün bədəni tutaraq, gövdə selomu adlanır. Bir çox briozoylarda epistom selomla birlikdə reduksiya olunur.

Briozoylar qidasını təşkil edən detrit və ibtidai orqanizmləri çıxıntıların üzərində olan kirpikli hüceyrələrin titrək hərəkəti ilə ağıza doğru qovurlar. Ağıza düşmüş qida qısa udlağa, sonra isə uzun qida borusuna keçir. Briozoyların həzm sistemi ön, orta və dal şöbədən ibarətdir. Ön şöbəni – ağız, udlaq, qida borusu, orta şöbəni ilgək şəklində əyilmiş iri həcmli bağırsaq təşkil edir. Dal şöbə qısa dal bağırsaqdan ibarət olub anal dəliyi ilə nəhayətlənir . Anal dəliyi bədənin ön hissəsindəki çıxıntılar olan tacın arxasında yerləşir və birbaşa xaricə açılır. Bağırsağın xarici divarı peritoneal epiteli ilə örtülmüşdür. Rekraktor adlanan əzələ orta bağırsağın ilgək şəklində əyilmiş hissəsinə birləşir, onun yığılması nəticəsndə əvvəlcə bağırsaq, sonra isə polipid hissə bütövlükdə sistid hissənin içərisinə doğru çəkilir.

Sinir sistemi oturaq həyat tərzi ilə əlaqədar çox sadədir və demək olar ki, hiss orqanlarından məhrumdur. Sinir sistemi udlaq ilə dal bağırsağın arasında yerləşən tək udlaqüstü sinir düyünündə və ondan uzanan sinirlərdən ibarətdir. Çıxıntıların üzərində hissedici tükcüklər yeganə hiss orqanlarıdır. Briozoyların tənəffüs və qan –damar sistemi yoxdur. Tənəffüs bütün bədən səthini, çıxıntılar tənəffüs orqanı rolunu oynayır. Briozoyların qan –damar sisteminin reduksiya etməsi onların kiçik ölçülü olmaları və koloniya halında yaşamaları ilə izah olunur.

İfrazat orqanları

[redaktə | vikimətni redaktə et]

İfrazat orqanları yoxdur. İfrazat məhsulları bağırsağın və çıxıntıların divarındakı faqosit hüceyrələr vasitəsilə xaric edilir .

Cinsi orqanlar sisteminə görə briozoylar hermofrodit orqanizmlərdir. Onlar cinsi və qeyri – cinsi yolla çoxalırlar

Briozoylarda cinsi məhsullar selomun epiteli hüceyrələrində əmələ gəlir. Şirinsu briozoylarının sürfələri dəniz briozoylarının sürfələrinə nisbətən daha sadə quruluşludur. Hazırda briozoyların 4000 - ə qədər növü məlumdur. Qazıntı halında tapılan növlərin sayı isə 15000 –dən çoxdur. [3]

  • B.İ.Ağayev, Z.A.Zeynalova. Onurğasızlar zoologiyası. Bakı, «Təhsil» 2008, 568 səh

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]