Cəfərilik

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Bu məqalə Cəfərilik haqqındadır. Digər mənalar üçün Cəfəri səhifəsinə baxın.

Cəfərilik (ərəb. الجعفريون‎) və yaxud İsna əşəriyyə, Azərbaycanca On ikiçilik (ərəb. اثنا عشريةis̱nā ʿəşəriyyə) məzhəbi. On iki imam şiəliyi (əş-şiə əl-imamiyyə əl-isna əşəriyyə), İmamiyyə və yaxud İmamilik olaraq adlandırılır. Dünya şiələrinin ən böyük hissəsi məhz Cəfəri məzhəbinin nümayəndələridir. Hal hazırda İran İslam Respublikasının rəsmi məzhəbidir. İsmaililikZeydiliklə birlikdə İslam dinində, Şiə əqidəsinin fiqhi məzhəblərindən biri sayılır.

Cəfərilik şiələrin 6-cı imam olan İmam Cəfər-i Sadiqin adından alınmışdır və fiqhi məzhəblərin ortaya çıxdığı İmam Cəfər-i Sadiqin zamanında, yəni h.q. 2-ci yüzillikdə (m. 9–10-cu yüzillik) Cəfərilik o İmamın (ə) tərəfdarlarına verilən bir ad olaraq işlədilmişdir. Məsələn Kufədə Abbasi xəlifəsi Mehdi tərəfindən qazilik vəzifəsini tutan Şərik ibn Abdullah, İmam Cəfər-i Sadiq (ə) — in tələbələrindən Məhəmməd ibn Müslim və Əbu Kureybənin şahidliklərini "Cəfəri" günahlandırılması ilə rədd etmişdir.[1]

Şiəliyin Səfəvi dövlətinin rəsmi məzhəbi elan olunması

16-cı yüzillikdə Səfəvi Dövləti İmamiliyi dövlətin rəsmi məzhəbi elan edəndə "Cəfəri" sözünü işlətmişdir.

On iki imam şiələrinə rəsmi olaraq "cəfəri" adı isə Nadir şah Əfşar zamanında verildi. Belə ki, 1736-cı il Muğan qurultayından sonra İranAzərbaycanın yeni hakimi olan sünni Nadir şah şiəliyi qəbul etmişdi, lakin O, şiəliyi qəbul edərkən bir neçə şərtlər də irəli sürmüşdü. Bu haqda tarixçi Ədalət Tahirzadə belə yazır :

Nadir xan qurultay nümayəndələrinin bu şərtlərə əməl edəcəyi halda şahlığa razılıq verə biləcəyini bəyan etdi: 1) II Təhmasib və övladları şah olmaq istəsə onları cəzalandırmaq əvəzinə müdafiə etsəniz cəzanızın ölüm olmasına yazılı razılıq verəcəksiniz; 2) şiəliklə yanaşı, sünni məzhəbinə də hörmət edəcək, Ömərə, Osmana lənət oxumayacaq, sünnilər Məkkəyə həcc ziyarətinə gedəndə əziyyət verməyəcəksiniz; 3) məni şah etsəniz məndən sonra övladlarıma, ailəmə hörmətsizlik etməyəcəyinizə, onlara tabe olacağınıza and içəcəksiniz (14 fevral.1736).[2]

Bu hadisədən bir az sonra Nadir xan şah seçildi və dini işlərə qarışmağa başladı. O, şiə məzhəbində reformasiya aparırdı. Bu isə sonda Nadir şaha baha başa gələcəkdi

Şah elə ilk gündən din işlərinə ciddi diqqət yetirməyə məcbur oldu. Belə ki, sünni Nadir şiə dövlətində şah olmaq üçün şiəliyi qəbul etmişdi. Ancaq bu zaman şiələr sünnilərə hətta xaçpərəstlərdən də artıq nifrət bəsləyir, onlara hədsiz düşmənçiliklə yanaşır, ilk üç raşdin xəlifəni: Əbu Bəkr, ÖmərOsmanı söyürdülər. Nadir şah şiə məzhəbini xeyli yumşaldaraq sünniliyə yaxın bir hala gətirməyi bacardı və bu yeniləşmiş şiə məzhəbini həm sünnilərin, həm də şiələrin hörmət bəslədiyi İmam Cəfər Sadiqə bağlayaraq "cəfəriyyə" adlandırdı. Şah seçilərkən o, Osmanlı sultanı I Mahmudun (1730–1754) xəlifəliyini tanıyacağını bildirdi və Osmanlılarla sülh bağlamağın 5 şərtini mərasimdə bəyan etdi: 1)Osmanlılar yeni cəfəri məzhəbini tanıyacaq; 2) bu məzhəbə Məkkədə bir ibadət yeri (rükn) veriləcək; 3) Əfşarlar hər il Şam (Suriya) üzərindən bir əmirhac göndərəcək; 4) əsirlər dəyişdiriləcək; 5) qarşılıqlı elçilər göndəriləcək.[3]

İslam

İslam tarixi

İmanın şərtləri

TövhidMələklər
KitablarPeyğəmbərlər
MəadAxirət
Qəza ve Taleh

İslamın beş şərti

Kəlmeyi-şəhadətNamaz
OrucHəcc
Zəkat

Etiqad məzhəbləri
ƏşərilərMatüridilərQədərilər (Mötəzililər)CəbrilərMürcilərCəhmiyyəMüşəbbihilərSələfilər
Fiqh məzhəbləri
Sünnilər:
HənəfilərMalikilərŞafiilərHənbəlilər
Yox olmuş məzhəblər:
ZahirilərAuzailərLeysilərSəvrilərCəririlər

Şiələr:
İmamilər (Cəfərilər (ƏxbarilərÜsulilərŞeyxilər)ƏləvilərƏnsarilərQızılbaşlar) • Zeydilər
İsmaililər (QərmətilərXaşxaşilərFəthilərXəttabilər)VaqifiyyəRafizilər (Batinilər)QeysanilərXürrəmilərBaziğiyyəQurabiyyə
Xaricilər:
MühakkiməƏcrədilər (MeymunilərSəələbilər) • ƏzraqilərBəyhəsilərİbadilərNəcdatilərSüfrilər

Həmçinin bax

SufilərYəsəvilikNəqşibəndilikSührəvərdilikXəlvətilikSəfəvilikBayramilikBəktaşilikCəlvətilikCərrahilikÇiştiyyəEhqaqiyəGülşənilikHürufilikKübravilikMəlamətilikMövləvilikNemətullahiyyəNöqtəvilikQələndərilikQadiriyyəRahmaniyyəRifailikRövşənilərSənusilərŞaziliyyəZahidiyyəNüseyrilərDruzlarİslam fəlsəfəsi

Nadir şah bir çox islahatlardan sonra Osmanlı sultanı I Mahmuddan Cəfəriliyi sünniliyin dörd fiqhi məzhəbi ilə yanaşı beşinci fiqhi məzhəb olaraq qəbul etmələrini istəmişdi. Osmanlı sultanı və alimləri Nadir şahın bütün bu fəaliyyətini təqdir etsələr də 1746-cı il, Əfşarlarla Osmanlılar arasında bağlanmış "Kerden" (II Qəsri Şirin adı ilə də tanınır) müqaviləsində — Cəfəriliyi beşinci haqq fiqhi məzhəb olaraq tanımadılar.

Cəfərilikdə dini hüquq və şəriət hökmləri Quran və Sünnətdən çıxarılır. SünniŞiəlik arasındakı əsas fərqlərdən biri də odur ki, onlar Sonuncu peyğəmbər Hz. Muhamməd (s) — dən sonra ilk xəlifənin həm peyğəmbərin vəsiyətiylə, həm də İlahi seçimlə Hz. Əlinin (ə) olmasını iddia edirlər. Bütün bunların çıxan nəticələrə görə Cəfərilər ; 12 İmam yolu ilə Hz. Muhamməddən (s) gələn sözləri (hədis) olaraq qəbul edirlər. Fiqh üsulu olaraq qiyas yerinə əqli qəbul edib, ictihadı önəmsəyirlər. Sünnilərin qəbul etdikləri 116 İslam xəlifəsindən yalnız ikisini (IV xəlifə Hz. Əli (ə) və V xəlifə Hz. Həsən (ə)-i) qəbul edirlər. Cəfərilərə görə Sonuncu Peyğəmbər (s) — dən sonrakı haqq xəlifələr 12 imamlardır. Onlara görə I xəlifə Əbu Bəkirin hakimiyyətə gəlməsi ilə 12 haqq xəlifənin xəlifəlikləri qəsb olunmuşdur. Hz. Muhamməd peyğəmbər (s), Xanım Fatimey-i Zəhra (s.ə.) və 12 imamı (həmçinin digər bütün peyğəmbərləri) məsum olaraq qəbul edir və onların günahsız olduqlarını iddia edir və yalnız O 14 məsumu örnək alırlar.

Fiqh qaydaları

[redaktə | vikimətni redaktə et]
  • Üsuli: Fiqh üsulu (fiqhi qaynaq) olaraq Quran, Hədis və İcma-dan başqa Əqil (hikmət)-i də qəbul edir və Böyük Qeybət (Böyük Qeybət iddia olunan İmam Mehdi — nin h.q. 329-cu ildə qeybətə çəkilməsindən bu günə qədər olan dövrdür) dövründə fəqihlərin ictihadına önəm verirlər. (Bu qaydalar hal-hazırda İranda da istifadə olunan Vilayət-i Fəqih sisteminə yol açmışdır.)
  • Əxbari: Məhəmməd peyğəmbərOn iki imamın xəbərlərinə (hədislərinə) önəm verir və (bu məsələlərdə) İctihad hüququnun istifadə olunmasını qəbul etmirlər.
  • Fiqhi mənbələr: Bütün islami məzhəblərdə olduğu kimi, Şiə-Cəfəri məzhəbində fiqhi mənbə Quran-i Kərimdir. Bu kitabdan başqa heç bir kitab cəfəri şiələrinə görə səhih deyildir. Şiəlikdə "səhih hədis kitabı" anlayışı yoxdur, "səhih hədis" anlayışı mövcuddur. Cəfəri-şiələrinin ən məşhur dörd fiqhi kitabı isə Dörd kitab adı ilə məşhur olan kitablardır.

Əqidəyə aid hökmlərin bir dəstəsi elə bir hökmlərdən ibarətdir ki, insan zehnində o barədə sual yaranan kimi dərhal həqiqəti tapmağı vacib olub, onun şəkk və şübhə halında qalması isə haram sayılır. Bu hökmlər Şiə əqidəsi ünvanı ilə qeyd olunmuşdur ki, aşağıdakılardan ibarətdir:

1. Şiə kainat xilqətinin xaliqi olan "vacibul-vücud" (varlığı vacib olan) Allahın varlığına inanır, həmçinin Onun müqəddəs zatının yeganəliyi, Zatı camal və cəlal sifətlərində heç bir şərikinin olmamasına, yəni "La ilahə illəllah" olduğuna inanır.

2. Şiə Allah-taalanın "cəlal" və "cəmal" sifətlərinə inanır. ("Cəlal" sifətlərindən məqsəd, Onun müqəddəs zatının hər bir eybdən uzaq olması, "cəmal" sifətlərindən isə məqsəd Onun müqəddəs Zatının bütün gözəl və kamal (üstün) sifətlərə malik olmasından ibarətdir.)

3. Şiə ümumi risalət və peyğəmbərliyə inanır. Belə ki, Allah-taala bəşəriyyət üçün onların özündən bir sıra peyğəmbərlər və onların vasitəsilə asimandan (müəyyən) kitablar göndərmişdir. Həmçinin insanlar cəmiyyətini hidayət etmək, təlim və tərbiyələndirmək üçün din (şəriət) göndərmişdir. Şiə Qurani-Kərimdə adı gəlmiş peyğəmbərlərə aydın, adları çəkilməmiş peyğəmbərlərə qarşı isə ictimai şəkildə inanır.

4. Şiə Ərəb, Qüreyş tayfası, MəkkəMədinə əhlindən olan həzrət Məhəmməd ibni Abdullahın (s) risalət və peyğəmbərliyinə inanır. Həmçinin O həzrətin (s) sonuncu peyğəmbər, dini və kitabının isə sonuncu din və kitab olduğuna inanır. Belə ki, bəşəriyyətin O həzrətdən sonra ayrı bir peyğəmbər və dinin gəlməsinə ehtiyacı yoxdur. Çünki onun gətirdiyi din (şəriət), insanların bu dünyada yaşadığı müddətdə hər növ fərdi, ictimai, maddi və mənəvi ehtiyaclarını ödəyən bütün hökmlərə şamildir.

5. Şiə axirət aləmi və cismani qayıdışa inanır. Belə ki, dünyaya gəlib ölmüş bütün insanlar, bu maddi aləm dağıldıqdan sonra bir daha bu maddi təbiətdən kənar bir aləmdə diriləcək, həmçinin Məhşər adlı bir yerdə və Qiyamət günü adlı bir zamanda Allah-taala qarşısında hazır olacaqdır. Şübhəsiz belə bir böyük və misilsiz hadisədə bütün mələklər, cinlər və heyvanlar belə hazır olacaqdır.

6. Şiə həzrət Peyğəmbərdən (s) sonra təşrii (şəri) və intisabi (Allah tərəfindən seçilmə) xilafət və imamətə inanır.

7. Şiə imamların Allah tərəfindən təyin edildiyinə, 11 imamın xilafət dövranı Hicri-qəməri tarixi ilə 260-cı ilədək davam etdiyinə, qeyb pərdəsi arxasında olan 12-ci imamın rəhbərliyinin isə indiyədək davam etməsinə və Allah-taalanın istədiyi vaxt onu zühur edərək dünyanı ədalətlə dolduracağına inanır.

8. Şiə hal-hazırda müsəlmanlar əlində olan Allahın böyük kitabı Qurani-məcid, Allah-taala tərəfindən islam Peyğəmbərinin (s) mübarək qəlbinə nazil olmuş yeganə və əbədi bir möcüzə olmasına inanır. Belə ki, bu müqəddəs kitabda nə surə və ayə adı ilə qeyri-ilahi bir söz artırılmış, nə də ondan bir surə və ya ayə azaldılmışdır. Həmçinin bu müqəddəs kitab heç bir yol ilə təhrif olunmamışdır.

9. Şiə inanır ki, Allah-taala cism deyil, başqa şeylərdən təşkil (tərkib) tapmamışdır. Onda heç bir dəyişiklik baş verməz və Onun sifətləri zatından ayrı deyildir. O zaman və məkana bağlı deyil, birindən doğulmamış və biri ondan doğulmamışdır. O müqəddəs Allah vacibul-vücuddur ki, Onun zatının həqiqətini dərk etmək, hər bir ağıllı şəxsin ixtiyarı və dərrakəsindən kənardır. İstər peyğəmbərlər, istər mələklər, istərsə də dünya alimləri bu işdən acizdirlər.

10. Şiə mələklərin vücudu, isməti (günahsızlığı) və Allahın iradəsi ilə dünyada geniş istilasına inanır. Şiə əqidəsinə görə mələkləri (xüsusi ilə adları Qurani-kərimdə zikr olunanları) inkar etmək, küfrə səbəb olur, həmçinin istər bir cins, istərsə də müxtəlif olan cin və şeytanlar vardır.

11. Şiə Allah-taala tərəfindən sonuncu peyğəmbər həzrət Məhəmməddən (s) qabaqkı ilahi peyğəmbərlərə nazil olmuş bütün asimani kitablara inanır. Belə ki, Quranda adları çəkilmiş kitablara qarşı aydın, Quranda adları çəkilməyən kitablara qarşı isə ictimai şəkildə inanır.

12. Şiə vəhyə inanır.

13. Şiə əqidəsinə görə bütün ilahi peyğəmbərlər dini işlərdə hər növ günah, xəta və səhvdən məsumdurlar. Belə ki, istər uşaqlıq, istərsə də sonrakı, həmçinin istər peyğəmbərlikdən qabaq, istərsə də ondan sonra dövrlərində onlardan heç bir böyük və ya kiçik günah baş verməz. İlahi peyğəmbərlər Allah-taala tərəfindən hökmləri öyrənmək və onu xalqa danışıq və ya yazı yolları ilə çatdırmaqda səhvə yol verməzlər. Həmçinin onların (ilahi hökmləri) cəmiyyət arasında da icra etmək, şəxsi əməllər və fərdi təqva halları da bu qəbildəndir.

14. Şiə Peyğəmbər (s), imamlar, həmçinin onların hər bir səhabə və yaxınları mələklər və s. müqəddəslər haqqında "ğüluv" etməyi, istər ağıl, istərsə də şəriət baxımından təkidlə haram bilir. Belə ki, "ğüluv" isə əqidə baxımından onların həqiqi həddini aşmaqdan ibarətdir ki, aşağıdakılardan ibarətdir:

1. Allah-taalanın vücudunu inkar edərkən onları Allah bilmək;
2. Həm Allah, həm də onları müstəqil şəkildə Allah bilmək;
3. Məsihilərin İsa (ə) barədə dedikləri şərikə qail olmaq;
4. Onların Allaha məxsus olan bəzi sifətlərə malik olmasını bilmək; məsələn göylər və yerin xaliqiyyəti, insanlar və heyvanların yaradanı, bütün dirilərə ruzi verən, canlı və qeyri-canlıları dirildib, öldürmək və s. bu kimi xüsusiyyətləri qeyd etmək olar. Qeyd etmək lazımdır ki, "ğüluv" çox vaxtlar küfrə səbəb olur.

15. Şiə hal-hazırda müsəlmanlar əlində olan Qurani-məcidin təhrif olmamasına inanır.

16. Şiə əqidəsinə görə 12-ci imam Məhəmməd ibni Həsən Əl-höccət, imam Həsəni Əskərinin əsrində o həzrətin belindən dünyaya gəlmiş və o həzrətin vəfatından qabaq Allah-taala tərəfindən və həzrət Peyğəmbərin (s) göstərişinə əsasən, yer üzündə bütün mələklər üçün imam və rəhbərliyə seçilmiş və o zamandan indiyədək qeyb pərdəsi arxasında olaraq vilayət və imamət vəzifəsi, həmçinin cəmiyyətin ilahi hakimiyyətinin qeyb işlərinə yiyələnməkdədir. Allah-taalanın məşiyyəti olduqda isə dünyanı ədalətlə dolduraraq onu gözəl və ürəyəyatan bir məkana çevirəcəkdir.

17. Şiə əqidəsinə görə islam Peyğəmbəri (s) ilahi təlim vasitəsilə bütün dini hökmlər, dinin əsasları və əməlləri, bütün Quran sirləri və maarifi, həmçinin özündən qabaqkı peyğəmbərlərə nazil olmuş kitablardan, peyğəmbərliyi əsrində mövcud olan bütün elmlər, qarşılaşdığı bütün elmi suallar və təsəvvür və dərk edilməsi bizim dərkimizdən kənar olan bütün elmlər və qeybi xəbərlərdan agah olmuşdur. Həmçinin o həzrətin (s) məsum canişinləri barədə də belə bir əqidəyə bağlıdır.

18. Şiə Qurani-Kərimin höccət olmasına inanır. Yəni müəyyən şəraitlə Quran zahirinin dəlalət etdiyi hər hansı bir dini əsas, əməl və ya elmi qəbul etmək lazım, onları rədd etmək isə haram sayılır.

19. Şiə Məhəmməd peyğəmbərin (s) sünnətinin (davranışının) höccət olmasına inanır.

Sünnət Qurani-kərimdən əlavə həzrət Peyğəmbərin (s) dini hökmlər və ilahi maarif adı ilə bəyan etdiyi kəlamından ibarətdir. Həmçinin şiə əqidəsinə görə, imamlar o həzrətin sünnətini (davranışını) nəql və bəyan edənlərdir. Həmçinin Peyğəmbərin (s) sünnəti tam şəkildə və olduğu kimi O həzrətdən (s) məsum imamlara çatmışdır ki, məhz onların vasitəsilə başqalarına çatan sünnət hər növ xatarkarlıq, təhrif və şübhədən kənardır. Allah-taala qiyamət günündə bütün insanları Quran və sünnət vasitəsilə sorğu-suala çəkəcək və onlardan hesab çəkəcəkdir. İnsanlar da öz iddialarını isbat etmək və ya özlərini səhvlərdən təmizə çıxartmaq üçün bu iki höccətə üz gətirəcəklər.

20. Şiə sağlam ağıl və qəti idrakın höccət (sübut) olmasına inanır. Belə ki, hər bir insanın əqidə və əməllərin yaxşılıq və pisliyinə qarşı qəti idrakı, Qurani-kərim və Peyğəmbərin (s) sünnəti kimi möhkəm dəlil və sübut sayılır. Qiyamət günü Allahın ədalət məhkəməsində də ağıl, insanın əncam verdiyi bütün xeyir işlərə, həmçinin savablar və onun bütün günahları barədə məhkumiyyət və cəzalanma sənədi olacaqdır.

21. Şiə varlıq aləminin zaman baxımından sonradan vücuda gəlməsinə inanır. Yəni Allah-taala aləmin bütün varlıqlarını öz uca iradə və məşiyyəti ilə mütləq olan yoxluqdan vücuda gətirmişdir. Allah-taalaın müqəddəs zatı əzəli olan vacibul-vücud, ondan başqalarının varlığı isə mümkinul-vücud"dur. Belə ki, Allah-taala olduqca ondan başqa heç bir şey (varlıq) olmamışdır.

22. Şiə insanın ixtiyar üzündən əncam verdiyi işləri barədə "əmrun bəynəl-əmrəyn" əqidəsinə bağlıdır. Belə ki, onun əncam verdiyi hər bir işdə həm özünün, həm də Allahın rolu vardır. Ondan iradə və hərəkət, Allah-taaladan isə müqəddimə və əməldə köməkdir.

İnsan sırf şəkildə müstəqil deyildir. Yəni onun iradə və istəyi əncam verdiyi işlərin tam səbəbi və Allah-taalanın onun işlərində heç bir rolunun olmaması kimi deyildir. Bu isə "təfviz" (insanın Allahdan tam şəkildə ayrı və müstəqil olması) adlanır. Həmçinin Allah-taala iradəsi də onun işlərində tam ixtiyar daşımır. Belə ki, insan öz işlərində ixtiyar və iradədən məhrum olaraq, bayraq üzərində külək vasitəsilə hərəkət edən şəkil kimi deyildir. Bu isə "cəbr" (insanın öz işlərində heç bir ixtiyara malik olmayıb, məcburiyyət üzündən iş görməsi) adlanır. Elə buna görə də "əmrun bəynəl-əmrəyn" insan və Allahın onun ixtiyarı üzündən həyata keçən işlərində təkvini şərik olması deməkdir. Bu baxımdan halal və haram işlərin arasında heç bir fərq yoxdur. Baxmayaraq ki, bunlar sair baxımlardan bir-biri ilə fərqlidir. Belə ki, Allah-taala halal işdən razı, haram işdən isə narazıdır. Halal işə fərman və ya icazə verərək, haram işi qadağan və nəhy edir. Yaxşı və halal iş üçün savab, haram iş üçün isə əzab verəcəkdir. Bu üstünlüklər insanın ixtiyarı ilə əncam verdiyi işlərin şəri baxımındandır.

23. Şiə "Bərzəx" aləminə inanır. Bərzəx dünya aləmi ilə Qiyamət arasında olan fasilədə yerləşən xüsusi bir yerdir ki, bu aləm dünyasını dəyişmiş bütün insanlar və oranın işlərini öhdəsinə alan mələklərin qaldığı müvəqqəti yerdən ibarətdir. Bərzəx aləmindən müvəqqəti Behişt, Cəhənnəm, savab və əzab mövcuddur və ora daxil olan ruhlar üç növdür.

1. Oyaq olub, nemətlər içində qalan xalis möminlərin ruhu;

2. Oyaq olub, əzab içində qalan əsil kafir və fasiqlərin (azğınların) ruhu;

3. "Subat" adlanan və Qiyamət gününədək ölümdən sonra yuxuya bənzər bir halda qalan əqidə və ağıl baxımından müstəzəf olan orta vəziyyətli insanlar.

24. Şiə əqidəsinə görə Qiyamət günü mükəlləflərin hamısından onların əqidə və əməllərinin hər birindən sorğu-sual olunacaq və onların hər biri bu barədə mühakiməyə çəkiləcəklər. Yəni qadir olan Allah-taala insanların şəxsi və fərdi əqidə və əməllərindən sorğu-sual apararaq, onları mühakimə edəcəkdir. Həmçinin tövhid və sair dini əsaslardan tutmuş kiçik mal və hüquqlara qədər işlər yoxlanılaraq, onların haqqında əlalətlə qəzavət olunacaqdır.

25. Şiə Qiyamət günü mühakimə və sorğu-sual zamanı şəhadət və şahidlərin olmasına inanır. Yəni günahkarlar və azğın əqidə və əməl sahibləri məhşər və qiyamətin qorxusundan peyğəmbərlərin gəlişi, onların tərəfindən dinin çatdırılması və ya onlara çatmasını, həmçinin özləri üçün höccətin tamamlanması, günahkarlıq və ya başqalarının hüquqlarına təcavüzkarlıqlarını inkar etdikdə, Allah-taala və ya peyğəmbərlər, yaxud da xüsusi şəxslər tərəfindən şahid gətirilərək onların barəsində qəzavət olunacaqdır. Allah-taala, hər ümmətin peyğəmbəri, peyğəmbərlərin canişinləri, əməllər üçün məmur olmuş mələklər, yaxşı və pis əməlləri yazanlar, alimlər, saleh bəndələr, pis işlərdən xəbərdar olan şəhidlər, həmçinin günah əncam verilmiş zamanlar və məkanlar və hətta insanın öz bədən üzvləri belə qiyamət gününün şahidlərindən sayılır.

26. Şiə axirət aləmində əməllərin hesab olunmasına inanır. Belə ki, bir insanın daxili əqidələri, zahiri əməlləri və ruhi sifətləri və əxlaqına dair yaxşı və pis əməlləri ağıl və mənəvi cəhətdən hesablanaraq o aləmin mütəxəssislərinin ayırd etdiyinə əsasən savab və cəza veriləcəkdir. Belə bir hesablamada yaxşı və dəyərli əməllər "ağır", pis və dəyərsiz əməllər isə "yüngül" adlanır.

27. Şiə əqidəsinə əsasən dünyada hər bir insanın yaxşı və pis əməlləri onun dərrakə qüvvəsi kamilləşdikdən ömrünün sonunadək məmur olunmuş mələklər vasitəsilə yazılır. Onun əməlləri istər zahiri bədən işləri, istər yaxşı əqidələr, həmçinin istər böyük, istərsə də kiçik günahlardan olsa belə, axirət aləmində kitab şəkildə sağ və ya sol əlinə veriləcək və o da aşkar mühakimədən qabaq (əməl) kitabında mövcud olanlar, həmçinin əməllərinin necə hesablanması ilə tanış olacaqdır.

28. Şiə axirət aləmində "şəfaət" məsələsinə inanır. Belə ki, bəzi günahkarlar Cəhənnəm əzabına məhkum olunduqdan sonra Allah-taala bəzi şəxslərə şəfaət və vasitəçilik icazəsini verəcək və beləliklə də o günahkarları bağışlayacaqdır. Şəfaət yalnız Allah-taala izni həmçinin şəfaət edənlər və ya (şəfaət istəyən) günahkarların xahişi ilə olacaqdır.

Şəfaət edənlər böyük ilahi peyğəmbərlər, mələklər, almilər, şəhidlər və saleh bəndələrdən ibarətdir.

Həmçinin şəfaət küfr və şirk üçün deyil, əksinə əməli günahlara aiddir. Şəfaətin faydası isə əzabdan xilas olmaq və yaxud əzabın azalmasından ibarətdir. Qeyd etmək lazımdır ki, şəfaət Behişt əhli haqqında da həyata keçəcəkdir. Belə ki, əməli naqis, savabı az və məqamı aşağı olan bəzi Behişt əhli, şəfaət vasitəsilə daha uca olan məqam və daha artıq savaba nail olacaqdır.

29. Şiə Qiyamət günü sona çatdıqdan sonra əbədi Behiştə inanır. Yəni Qiyamət günü sona çatıb, bir dəstə yaxşı əməl və ya şəfaət vasitəsilə gözəl savaba, ayrı bir dəstə isə cəzaya layiq görüldükdən sonra, Allah-taala yaxşı bəndələr və səadətə çatanları gözəllikdə vəsfi olmayan və əzəmətdə ürəyəyatan olan Cənnət və ya Behişt adlı yerdə sakin edəcəkdir ki, bu Behişt əbədi və daimi bir yerdir. Behiştin insanın təsəvvüründən kənar olan otaqları, mərtəbələri, bağları, ağacları, sonsuz meyvələri, qadınları, kənizləri və xadimləri vardır. Ora daxil olan şəxs, heç vaxt oradan xaric olmayacaqdır. Behiştdə qocalıq, köhnəlik, xəstəlik, narahatlıq, qəm-qüssə, həmçinin heç bir ziyanverici, zərərli və şərr olmayacaqdır və qeyd olunmuş Behişt hal-hazrıda mövcuddur.

30. Şiə Qiyamət günü sona çatdıqdan sonra əbədi Cəhənnəmə inanır. Yəni Qiyamət məhkəməsində şiddətli əzab və cəzaya məhkum olunmuş şəxslər, insan təsəvvüründən kənar, müxtəlif əzab və odlarla dolu olan Cəhənnəm adli bir yerdə dustaq olacaqlar. Cəhənnəm kafirlər, həmçinin azğın əqidəli şəxslər üçün əbədi və daimidir və heç vaxt oradan xaric ola bilməyəcəklər, Amma əməl baxımından günahkar olanlar üçün isə müvəqqəti bir yerdir.

Bir gün Əbu Hənifə İmam Sadiq (əleyhissəlam) ilə görüşmək məqsədilə onun evinə gəlib görüş üçün icazə istədi. İmam Sadiq (əleyhissəlam) icazə vermədi.

Əbu Hənifə deyir: Bir qədər qapının ağzında gözlədim. Bu vaxt bir neçə kufəli şəxs gəlib İmam əleyhissəlamla görüşmək üçün icazə istədi. İmam onlara icazə verdi. Mən də onlarla birlikdə içəri girdim. Onun hüzuruna yetişdikdə dedim: "Yaxşı olar ki, siz Kufəyə bir nümayəndə göndərib oranın əhalisini Peyğəmbərin səhabələrinə nalayiq sözlər deməkdən çəkindirəsiniz. Orada on min nəfərdən çox adam Peyğəmbərin dostları üçün nalayiq sözlər deyir." İmam Sadiq (əleyhissəlam) buyurdu: "Camaat mən deyəni qəbul etmir."

Əbu Hənifə: "Siz Allah Peyğəmbərinin nəvəsi olduğunuz bir halda, necə ola bilər camaat sizin sözünüzü qəbul etməsin?!" İmam Sadiq (əleyhissəlam): "Mənim sözümə qulaq asmayanlardan biri də, elə sən özünsən. Məgər mənim icazəm olmadan evə daxil olmamısan, mənim icazəm olmadan oturmamısan və mən icazə verməmiş sözə başlamamısan?" Sonra əlavə edib buyurdu: "Eşitdiyimə görə sən müqayisə əsasında hökm verirsən!"

— Bəli!

— Vay olsun sənə! Müqayisə əsasında hökm verən ilk şəxs (məxluq) Şeytan olmuşdur. Allah ona "Adəmə səcdə et" — deyə buyurduqda o cavab verdi ki: "Mən səcdə etmirəm, çünki mən ondan daha yaxşıyam. Sən məni oddan, onu isə palçıqdan yaratdın." (Sonra İmam Sadiq (əleyhissəlam) şəriətdə müqayisənin batil olduğunu isbat etmək üçün bununla zidd olan bir neçə şəriət hökmü qeyd edərək buyurdu

— Səncə bir nəfəri nahaqdan öldürməyin günahı ağırdır, yoxsa zinanın?

— Bir nəfəri nahaqdan öldürməyin.

— (Əgər müqayisə olunan hökmə əməl etmək olarsa) bəs nə üçün qətl hadisəsini isbat etmək üçün iki, zinanı isbat etmək üçün isə dörd şahid lazımdır? İslamın bu qanunu müqayisə ilə uyğun gəlirmi?

— Xeyr!

— Sidik daha çox murdardır, yoxsa məni?

— Sidik.

— Bəs nəyə görə birincidə (sidikdə) Allah-taala insanlara dəstəmaz almağı, ikincidə (mənidə) isə qüsl almağı əmr edir? Bu hökm müqayisə ilə uyğundur?

— Xeyr!

— Namaz daha çox əhəmiyyətlidir, yoxsa oruc?

— Namaz.

— Bəs nəyə görə heyz (aybaşı) halı görmüş qadına namazın qəzası vacib deyil, ancaq orucun qəzası vacibdir? Bu hökm müqayisə ilə uyğun gəlir?

— Xeyr!

— Qadın daha çox zəifdir, yoxsa kişi?

— Qadın.

— Bəs nə üçün kişinin irs payı qadının irs payının iki bərabəri qədərdir? (Əgər qadın zəifdirsə, onda qoy o daha çox irs aparsın.) Bu hökm müqayisə ilə uyğun gəlirmi?

— Xeyr!

— Nə üçün on dirhəm oğurlamış şəxs barədə Allah onun əlinin kəsilməsini, ancaq bir nəfər digər birisinin əlini kəsərsə, beş yüz dirhəm diyə verməsini əmr etmişdir? Bu hökm müqayisə ilə uyğun gəlirmi?

— Xeyr!

— Eşitmişəm ki, sən "Sonra da həmin gün [Qiyamət günü] [Allahın dünyada sizə əta etdiyi] nemətlər barəsində mütləq sorğu-sual olunacaqsınız"[4] ayəsini belə təfsir edirsən: "Allah insanları yay fəslində yedikləri dadlı yeməklər və içdikləri sərin sular barədə sorğu-suala çəkəcək."

— Düzdür, mən bu ayəni bu cür təfsir etmişəm.

— Əgər bir nəfər səni evinə qonaq aparıb qarşına dadlı yemək və sərin su qoysa, sonra bu işinə görə sənə minnət qoyarsa, bu adam barəsində necə fikirləşərsən?

— Deyərəm ki, xəsis adamdır.

— Allah xəsisdirmi? (Yəni, bizə bəxş etdiyi yeməklər barədə bizi sorğu-suala çəkər?)

Əbu Hənifə: "Bəs, Quranın "insanlar onlar barədə sorğu-sual olunacaqlar" dediyi nemətlərdən məqsəd nədir?"

İmam Sadiq (əleyhissəlam): "Ondan məqsəd biz Əhli-beytin (əleyhissəlam) dostluğudur[5]."[6][7][8][9][10][11][12][13][14]

Günlük ibadətlər əsnasında namazı Sünnilikdə olduğu və Quranda buyurulduğu kimi 5 vaxt qəbul edib və 5 vaxt qılırlar, lakin ikinci və üçüncü namaz (zöhr və əsr) ilə, dördüncü və beşinci namazın (məğrib və işa) yaxın qılınmasına da icazə verildiyini iddia edirlər. Və cəfərilərə görə Peyğəmbər (s) özü də müəyyən vaxtlarda belə (yaxın-yaxın) namaz qılmışdır. Onlar buna dəlil olaraq bəzi sünni hədislərini də misal gətirirlər :

وحدثني أبو الربيع الزهراني حدثنا حماد عن الزبير بن الخريت عن عبد الله بن شقيق قال خطبنا ابن عباس يوما بعد العصر حتى غربت الشمس وبدت النجوم وجعل الناس يقولون الصلاة الصلاة قال فجاءه رجل من بني تميم لا يفتر ولا ينثني الصلاة الصلاة فقال ابن عباس أتعلمني بالسنة لا أم لك ثم قال رأيت رسول الله صلى الله عليه وسلم جمع بين الظهر والعصر والمغرب والعشاء قال عبد الله بن شقيق فحاك في صدري من ذلك شيء فأتيت أبا هريرة فسألته فصدق مقالته

وحدثنا ابن أبي عمر حدثنا وكيع حدثنا عمران بن حدير عن عبد الله بن شقيق العقيلي قال قال رجل لابن عباس الصلاة فسكت ثم قال الصلاة فسكت ثم قال الصلاة فسكت ثم قال لا أم لك أتعلمنا بالصلاة وكنا نجمع بين الصلاتين على عهد رسول الله صلى الله عليه وسلم

Tərcüməsi :

Mənə Əbu ər-Rabi əz-Zəhrani rəvayət etdi və (dedi ki), bizə Həmmad, Zubeyr b. Xirritdən, o da Abdullah b. Şəqiqdən rəvayət etdi. Dedi: Bir gün İbn Abbas əsrdən sonra günəş batıb ulduzlar görünənə qədər bizə xütbə oxudu. İnsanlar "Namaz! Namaz!" — deməyə başladılar. Bu zaman onun yanına Təmim qəbiləsindən sözünü deməkdən çəkinməyən bir adam gələrək: "Namaz! Namaz!…" – dedi. İbn Abbas dedi: "Mənə sünnətimi öyrədəcəksən?! Anasız qalasan!" Sonra dedi: "Allahın elçisini (s) zöhr ilə əsri və məğrib ilə işanı birləşdirək qıldığını gördüm." Abdullah b. Şəqiq deyir: "Bu sözdən qəlbimə şübhə düşdü. Əbu Hureyrənin yanına gəlib bu barədə soruşdum və o da İbn Abbasın sözünü təsdiqlədi."

Bizə İbn Əbi Ömər rəvayət etdi (və dedi ki), bizə Vəki rəvayət etdi (və dedi ki), bizə İmran b. Hudeyr, Abdullah b. Şəqiq əl-Uqeylidən rəvayət etdi. Dedi: Bir nəfər İbn Abbasa "Namaza!" – dedi. O, susdu. Sonra yenə "Namaza!" – dedi. O, yenə susdu. Sonra yenə "Namaza!" – dedi. İbn Abbas yenə susdu və sonra dedi: "Anasız qalasan! Namazı bizəmi öyrədəcəksən? Biz Rəsulullahın (s) zamanında iki namazı birləşdirərək qılardıq."[15][16][17]

باب الجمع بين الصلاتين في الحضر حدثنا يحيى بن يحيى قال قرأت على مالك عن أبي الزبير عن سعيد بن جبير عن ابن عباس قال صلى رسول الله صلى الله عليه وسلم الظهر والعصر جميعا والمغرب والعشاء جميعا في غير خوف ولا سفر

وحدثنا أحمد بن يونس وعون بن سلام جميعا عن زهير قال ابن يونس حدثنا زهير حدثنا أبو الزبير عن سعيد بن جبير عن ابن عباس قال صلى رسول الله صلى الله عليه وسلم الظهر والعصر جميعا بالمدينة في غير خوف ولا سفر قال أبو الزبير فسألت سعيدا لم فعل ذلك فقال سألت ابن عباس كما سألتني فقال أراد أن لا يحرج أحدا من أمته

Tərcüməsi :

Həzərdə (sabit məskəni olanların qaldıqları məmləkət, vətən) namazların birləşdirilməsi haqqında bab Bizə Yəhya b. Yəhya rəvayət etdi və dedi ki, Malikə Əbu əz-Zubeyrdən dinlədiyim, onun da Səid b. Cubeyrdən, onun da İbn Abbasdan nəqlən rəvayət etdiyi bu hədisi oxudum: "Rəsulullah (s) heç bir qorxu olmadan və heç bir səfər yox ikən zöhr və əsr namazlarını bir yerdə qıldı."

Bizə Əhməd b. Yunus və Aun b. Səllam biryerdə Zuheyrdən rəvayət etdilər. İbn Yunus dedi ki, bizə Zuheyr rəvayət etdi və dedi ki), bizə Əbu əz-Zubeyr, Səid b. Cubeyrdən, o da İbn Abbasdan nəqlən rəvayət etdi: "Rəsulullah (s.ə.a.s) Mədinədə heç bir qorxu olmadan və səfər yox ikən zöhr və əsr namazlarını bir yerdə qıldı." Əbu əz-Zubeyr dedi: "Mən Səiddən görəsən nəyə görə belə etdiyini soruşdum. Səid dedi: Mən də sənin soruşduğun kimi İbn Abbasdan soruşdum." Rəsulullah (s) buyurdu: "Ümmətimdən heç kəsin əziyyət çəkməsini istəmirəm."[18][19][20]

Namaz zamanı qiyam halında dayanarkən əllər birləşdirilmir və əllər yanda sabit qalır. Cəfəri şiələrinə görə namaz zamanı əllər bilərəkdən və səbəbsiz birləşdirilərsə namaz batil olar. Cəfəri şiələrinə görə namaz qılmağa başlayarkən mütləq "bismillah" deyilməlidir. Maliki məzhəbinin banisi Malikə görə isə bu məkruhdur. Namazlarda müstəhəb olaraq 2-ci rükətdən sonra (cümə namazında isə hər iki rükətdə) qünut tuturlar. Namazı bitirərkən 3 dəfə təkbir ("Əllahu Əkbər") deyib bitirirlər.

Cəfərilikdə ibadətdən əvvəlki təmizlik (dəstəmaz) zamanı sünnilərdən fərqli olaraq ayaqların yuyulması əvəzinə yaş olan əllər xəfif şəkildə ayaqlara çəkilir (məsh edilir). Buna səbəb kimi onlar Quran ayəsini dəlil gətirirlər. Çünki Quranda "baş və ayaqlarınızı məsh edin" yazılıb.

Cəfərilikdə Sünnilərdə olduğu kimi nikahın bir çox qayda-qanunları ortaq qəbul edilir, lakin bu məzhəbdə daimi nikahla yanaşı, müvəqqəti nikah da vardır[21][22][23]. Əhli Sünnə məzhəbinin isə əksər alimləri bu nikahı qanuni saymırlar.

Sünnilikdən fərqli olaraq Cəfərilikdə Xums adlanan və gəlirin 1/5 (beşdə bir) hissəsini təşkil edən vergi də mövcuddur. Zəkatdan fərqlidir. Cəfəri alimlərinə və qaydalarına görə Xumsun yarısı Peyğəmbər (s) nəslindən olan şəxslərə və kasıb, yetim olan seyidlərə (İmam Hüseyn (ə) — in nəslindən olan şəxslərə seyid deyilir), digər yarısı isə dini bilgisi geniş olub hökm verə bilən müctəhidlərə verilir. Müctəhidlərin bu pulu özləri üçün xərcləmək ixtiyarları yoxdur. Bu pullar din yolunda xərclənməlidir.

Digər fərqlər

[redaktə | vikimətni redaktə et]

Bütün bunlardan başqa cəfəri şiələri azan, iqamə, kəlmeyi-şəhadət və kəlmeyi teyyibədə (müstəhəb niyyəti ilə) Həzrəti Əli (ə) — nin adını da çəkirlər, lakin bu, dualarda vacib şərt olmayıb, müstəhəb əhəmiyyət daşıyır.[24]

  1. Şeyx Müfid, "Əl-İxtisas", səh. 202
  2. Ədalət Tahirzadə. Nadir şah Əfşar.(Tərcümeyi-hal oçerki). 2-ci nəşr. Bakı. "Çıraq" nəşriyyatı. 2005. səh. 12
  3. Ədalət Tahirzadə. Nadir şah Əfşar.(Tərcümeyi-hal oçerki). 2-ci nəşr. Bakı. "Çıraq" nəşriyyatı. 2005. səh. 13
  4. "Təkasur" surəsi, ayə 8
  5. Əllamə Məclisi, "Biharül Ənvar", c.10, səh.22.
  6. Təzkirətül-hüffaz, c.1, səh.166.
  7. Biharül-ənvar, c.47, səh.217.
  8. Təhzibüt-təhzib, c.1, səh.88.
  9. Əl-İmamüs-Sadiq vəl məzahibül-ərbəəh, c.1, səh.53.
  10. Əl-İrşad, səh.270.
  11. Əs-Səvaiqül-mühriqə, səh.201.
  12. Əl-İmamüs-Sadiq vəl-məzahibül-ərbəə, c.1, səh.55.
  13. Müxtəsəri-tarixil ərəb, səh.193.
  14. Vəfəyatül-ə’yan, c.1, səh.327.
  15. Müslim ibn Həccac, əl-Müsnəd əs-səhih bi nəqlil ədli, s.490–491, Hədis № 705 (57,58); Dar İhya əl-Kutub əl-Ərəbiyyə
  16. Müslim ibn Həccac, əl-Müsnəd əs-səhih bi nəqlil ədli, s.320, Hədis № 705 (57,58); Dar Teybə — Riyad, 1427/2006; təhqiq: Nəzər ibn Muhəmməd əl-Qurtubi
  17. Müslim ibn Həccac, əl-Müsnəd əs-səhih bi nəqlil ədli, s.491–492, Hədis № 705 (57,58); Dar İhya əl-Kutub əl-Ərəbiyyə — Riyad, 1412/1991; təhqiq: Muhəmməd Fuad Əbdül-Baqi
  18. Müslim ibn Həccac, əl-Müsnəd əs-səhih bi nəqlil ədli, s.489–490, Hədis № 705; Dar İhya əl-Kutub əl-Ərəbiyyə
  19. Müslim ibn Həccac, əl-Müsnəd əs-səhih bi nəqlil ədli, s.318–319, Hədis № 705 (49,50); Dar Teybə — Riyad, 1427/2006; təhqiq: Nəzər ibn Muhəmməd əl-Qurtubi
  20. Müslim ibn Həccac, əl-Müsnəd əs-səhih bi nəqlil ədli, s.489–490, Hədis № 705 (49,50); Dar İhya əl-Kutub əl-Ərəbiyyə — Riyad, 1412/1991; təhqiq: Muhəmməd Fuad Əbdül-Baqi
  21. "Əl-xilaf", c.4, səh. 340
  22. "Ən-nihayə" səh. 489
  23. Seyid Cəfər Mürtəza Amili, "Zivacul-müt’ə", c.1, səh. 29.
  24. "Namaz Təlimi". "Nurlar". Bakı. 2009. səh 35.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]