SSRİ Dövlət Təhlükəsizlik Komitəsi

Vikipediya, azad ensiklopediya
(DTK səhifəsindən yönləndirilmişdir)
Naviqasiyaya keç Axtarışa keç
SSRİ Dövlət Təhlükəsizlik Komitəsi
Комитет Государственной Безопасности
Möhürün şəkli
Loqonun şəkli
Ümumi məlumatlar
Ölkə
Yurisdiksiya Sovet Sosialist Respublikaları İttifaqı
Yaradılma tarixi 12 mart 1954
Əvvəlki qurum SSRİ Xalq Daxili İşlər Komissarlığı
Ləğv edilib 3 dekabr 1991
Sonrakı Rusiya Federal Təhlükəsizlik Xidməti
Tabelik Sovet Sosialist Respublikaları İttifaqı
Ştat sayı
  • 480.000 nəf. (1991)
Baş qərargah
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Sovet dövlət təhlükəsizlik orqanları tarixi

SSRİ Dövlət Təhlükəsizlik Komitəsi (rus. Комитет государственной безопасности CCCP, qısaca rus. КГБ CCCP) — SSRİ-də 1954–1991-ci illərdə dövlət təhlükəsizliyini təmin etmək üçün fəaliyyət göstərmiş ümumittifaq dövlət orqanı.

SSRİ DİN-dən müvafiq qurumların ayrılması nəticəsində SSRİ Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsi adı ilə yaradılmışdı.

Fəaliyyət istiqamətləri Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Rəyasət Heyəti tərəfindən 9 aprel 1959-cu ildə təsdiqlənmiş əsas nizamlayıcı sənəddə belə göstərilmişdir: "…siyasi orqan olub, partiyanın Mərkəzi Komitəsinin və Hökumətin Sosialist dövlətin qorunması üçün daxili və xarici düşmənlərin qəsdlərinə qarşı mübarizə tədbirlərini, həmçinin SSRİ dövlət sərhədlərinin qorunmasını həyata keçirir. Onlar sovet ölkəsinin düşmənlərinin gizli fitnələrini diqqətlə izləməli, niyyətlərini aşkarlamalı, Sovet dövlətinə qarşı imperialist kəşfiyyatların cinayətkar əməllərinin qarşısını almalıdırlar…"[1]

1978-ci ildə o zamankı rəhbəri Yuri Andropovun səyi nəticəsində DTK SSRİ Nazirlər Sovetinin nəzdindən çıxarıldı. 1991-ci il 20 mart-da isə ölkədə baş verən proseslərlə əlaqədar, SSRİ dövlət idarəçiliyinin mərkəzi orqanı statusunu almışdır.

1991-ci il 3 dekabrda fəaliyyəti dayandırılmışdır. Əsas varisləri Rusiya Federal Təhlükəsizlik Xidməti və Dövlət Kəşfiyyat İdarəsi hesab olunur.

Müasir dövrdə "KQB (DTK) " ifadəsi ilə keçmiş Sovet dövlət təhlükəsizlik orqanları nəzərdə tutulur.

SSRİ-nin qurulmasına kimi

[redaktə | mənbəni redaktə et]

Xalq Komissarları Soveti ümumrusiya səviyyəsində baş verə biləcək antibolşevik çıxışların "ən kəskin inqilabi tədbirlərlə" qarşısını almaq üçün xüsusi komissiyanın yaradılmasını vacib hesab edirdi. Komissiyanın sədrliyinə namizədliyi irəli sürülən Feliks Dzerjinksi qısa zamanda əksinqilabı çıxışların qarşısını almaq üçün ilkin növbədə mətbuatın, əksinqilabi partiyaların və sabotajın diqqət mərkəzinə alınmasını vacib bildiyi üçün xüsusi səlahiyyətlər istədi: həbs və əmlak müsadirəsi, cinayətkar elementlərin sürgünü, qida məhsullarından məhrum etmə, xalq düşmənlərinin siyahılarının çap edilməsi. Lenin başda olmaqla, XKS Dzerjinzinskinin rəhbəri olduğu komissiyaya fövqəladə səlahiyyətlə verdi.

Beləliklə, 20 dekabr 1917-ci ildə RSFSR Xalq Komissarları Soveti nəzdində əksinqilabi çıxışlara və sabotaja qarşı Ümumrusiya Fövqəladə Komissiyası yaradıldı (ВЧК- Всероссийская чрезвычайная комиссия)

1918-ci ilin avqustunda komissiya adını dəyişərək XKS nəzdində əksinqilabi çıxışlarla, spekulyasiya və səlahiyyət cinayətləri ilə mübarizə üçün Ümumrusiya Fövqəladə Komissiyası adlanmağa başladı. Vilayətlərdə yerli fövqəladə komissiyalar yaradıldı – Ağ terrora qarşı Qırmızı terror dalğası başladı.

20 dekabr 1920-ci ildə RSFSR Xalq Daxili İşlər Komissarlığının (НКВД) nəzdində ÜFK-nın Xarici Şöbəsi yaradıldı(Иностранный отдел-ИНО).

6 fevral 1922-ci ildə ÜFK ləğv edilib, əvəzində RSFSR Xalq Daxili İşlər Komissarlığı (НКВД) nəzdində Dövlət Siyasi İdarəsinin (Государственное политическое управление-ГПУ) əsası qoyuldu. "QPU" adı "KQB" adından əvvəl yaranmış və onun kimi geniş yayılıb, Qərb ölkələrinin antisovet təbliğatında geniş istifadə edilmişdir. Alman dilində "GPU" kimi səslənən sözün abreviaturu "Grauen, Panik, Untergang" (Qorxu, Təlatüm, Ölüm) formasında açılırdı.

Dövlət təhlükəsizlik orqanları Stalinin nəzarəti altında

[redaktə | mənbəni redaktə et]

DSİ-nin yerlərdə yaradılmış qurumları sərbəst təşkilatlar kimi fəaliyyət göstərirdilər; Yerli icra orqanları onlara birbaşa dəstək vermək məcburiyyətində deyildilər. Bunu nəzərə alaraq, 1923-cü il 15 noyabrda SSRİ Mərkəzi İcrayyə Komitəsi Birləşmiş Dövlət Siyasi İdarəsinin (Объединенное государственное политическое управление – ОГПУ) yaradılması haqqında göstəriş verdi. 9 may 1924-cü ildə isə SSRİ MİK yerli milis və cinayət axtarış orqanlarının operativ münasibətlərdə BDSİ-nin tabeliyinə verilməsi haqqında qərar qəbul etdi. Bununla da, BDSİ-nin səlahiyyətləri genişləndirildi, dövlət təhlükəsizlik orqanları ilə daxili işlər orqanlarının birləşməsi prosesinin əsası qoyuldu.

Stalin BDSİ (ОГПУ) əməkdaşının müşayiəti ilə Moskva küçələrində (1920-ci illərin sonu)

Bütün bu proseslərin getdiyi dövrdə SSRİ hüquqi dövlət kimi təşəkkül tapmış və Stalin real hakimiyyəti öz əlində cəmləməyi bacarmışdı. Dövlət təhlükəsizlik orqanları başda olmaqla, ölkənin güc strukturları ölümünə kimi onun nəzarətində qaldı. Hakimiyyəti ələ keçirmiş bolşeviklər öz düşmənlərini xaricdə izləməyə başlayırlar. 1920-ci illərdə SSRİ dövlət təhlükəsizlik orqanlarının əsas vəzifəsi xaricə qaçmış, keçmişdə Rusiya imperiyasının elitasını təşkil etmiş, bolşeviklərlə mübarizədə amansızlıq etmiş şəxslərin xarici ölkələrdə tapılması və məhv edilməsi idi. Çox mühacirlər təhlükəsizlik orqanlarının aldadıcı təbliğatına aldanaraq, SSRİ-yə qayıtmış və məhv edilmişdir. Mühacirləri tapdığı yerdəcə qətlə yetirən Sovet təhlükəsizlik orqanları əməkdaşlarının bu hərəkətləri SSRİ dövlət təhlükəsizlik orqanlarının tarixinə uğurlu əməliyyatlar kimi düşmüşdür.

1926-cı il 20 iyulda ömrünün sonlarına kimi SSRİ dövlət təhlükəsizlik orqanlarına rəhbərlik etmiş F. E. Dzerjinski vəfat edir. Xarizmatik, "Dəmir Feliks" ləqəbli Dzerjinskinin vəfatı Stalinin bu struktura daha ciddi nüfuz etməsinə şərait yaradır. Dzerjinskinin əvəzinə BDSİ-yə 1934-cü ilə kimi V. R. Menjinski, 1934–1936-cı illərdə isə Q. Q. Yaqoda rəhbərlik etmişdir.

1930-cu illərin başlanğıcından etibarən BDSİ kütləvi siyasi repressiyalara başlayır. 15 dekabr 1930-cu ildə BDSİ milis və cinayət axtarış orqanları, onların aşkar və gizli şəbəkələri üzərində tam nəzarət səlahiyyəti əldə edir. Milis orqanları üzərində ikihakimiyyətlilik (XDİK və BDSİ) 1934-cü ildə onların Ümumittifaq Xalq Daxili İşlər Komissarlığı (НКВД СССР) adı altında birləşməsinə səbəb oldu. BDSİ adı dəyişdirilib Dövlət Təhlükəsizliyinin Baş İdarəsi (Главное управление государственной безопасности – ГУГБ) adı ilə yeni qurumun tərkibinə daxil edildi.

Yeni quruma 1936–1938-ci illərdə N. İ. Yejov, 1938–1945-ci illərdə L. P. Beriya rəhbərlik etmişdir.

1941-ci ildə qısa müddətdə qurum SSRİ Xalq Daxili İşlər Komissarlığı və SSRİ Xalq Dövlət Təhlükəsizliyi Komissarlığı (Народный комиссариат государственной безопасности – НКГБ) adlı iki müxtəlif orqanlara bölünsə də, sonradan birləşdirildi.

Böyük Vətən müharibəsinin başlanması ilə dövlət təhlükəsizlik orqanları qarşında duran vəzifələrdə də dəyişikliklər oldu.

Dövlət təhlükəsizliyinə cavabdeh olan qurum yenidən SSRİ XDİK-nın tərkibindən çıxarıldı, müstəqilləşdi. 19 aprel 1943-cü ildə Böyük Vətən müharibəsindəki fəaliyyətinə görə, geniş tanınmış, adının açıqlaması "Casuslara ölüm!" (СМЕРШ – Смерть шпионам!) olan qurum yaradıldı. Təşkilatın tam adı Baş Əkskəşfiyyat İdarəsi "Smerş" idi (Главное управление контрразведки "СМЕРШ" – ГУКР "СМЕРШ"). Qurumun adından göründüyü kimi əsas fəaliyyət əkskəşfiyyat idi. Təşkilatın hər yerdə casus axtarması əsirlikdən qaçmış sovet əsgərlərini də casusluqda ittiham etmələrinə, 30-cu illərin kütləvi qırğınlarını yeni bir formada davam etməsinə səbəb oldu.

Böyük Vətən müharibəsindən sonra, "xalq komissarlığı" termininin "nazirlik" termini ilə əvəzlənməsi prosesi təhlükəsizlik qurumlarından da yan keçmədi: 15 mart 1946-cı ildə dövlət təhlükəsizlik orqanı SSRİ Dövlət Təhlükəsizliyi Nazirliyi (Министерство государственной безопасности СССР – МГБ СССР) adlanmağa başladı.

1947-ci ildə SSRİ Nazirlər Soveti nəzdində İnformasiya Komitəsi yaradıldı. Qısa müddət sonra, bu komitet SSRİ Xarici İşlər Nazirliyinin tərkibinə verildi. 1952-ci ilin yanvarında komitə DTM SSRİ-nin tərkibinə Birinci Baş İdarə (Первое Главное управление – ПГУ МГБ СССР) kimi qatıldı.

1953-cü il martın 5-də Stalinin ölümü ilə SSRİ-nin bütün sahələrində köklü dəyişikliklər başladı. Güc strukturları son təşkilati formalarını almağa başladılar: 7 mart 1953-cü ildə SSRİ DTN və SSRİ DİN vahid qurumda birləşdilər; 13 mart 1954-cü ildə SSRİ Nazirlər Soveti nəzdində Dövlət Təhlükəsizlik Komitəsi yaradıldı.

ÜFK-DTN rəhbərliyi

[redaktə | mənbəni redaktə et]

Fəaliyyət üsulları

[redaktə | mənbəni redaktə et]

SSRİ DTK dünyada ən iri kəşfiyyat-informasiya toplama qurumlarından biri, bəzi mənbələrə görə, birincisi hesab edilirdi[2]. Ölkə daxilinə total nəzarət etmək imkanına malik olan DTK-nın tərəfdaş və Sovet İttifaqına rəqib bloklarda güclü şəbəkələri olmuşdur. Səfirliklərdə fəaliyyət göstərərək siyasi, hərbiiqtisadi xarakterli məlumat toplayan DTK əməkdaşları qeyri-qanuni yollarla da məlumat toplamalıydılar. Bundan əlavə, yalan informasiyalar yaymaqla (dezinformasiya) rəqibləri aldatmaq DTK-nın əsas istifadə etdiyi metodlardan idi.

Bundan əlavə, DTK Qərb ölkələrində antikapitalist meyilli insanları əməkdaşlığa cəlb etməklə, onlardan istifadə etmişdir. Kütləvi informasiya vasitələri tərəfindən "Möhtəşəm Kembric beşliyi" (Kim Filbi, Donald Maklin, Entoni Blant, Djon KernkrossQay Bercess) kimi adlandırılmış agentləri də bu sıraya daxil etmək olar.[3] SSRİ təhlükəsizlik orqanları Qərb cəmiyyətlərinin yüksək təbəqələrində belə özlərinə tərəfdaşlar cəlb edə bilmişlər.[4]

Ləğvi və varisləri

[redaktə | mənbəni redaktə et]
SSRİ DTK-nın emblemi

SSRİ DTK-nın bölünməsi hökumət rabitəsi və hökumət vəzifəlilərinin təhlükəsizliyini qorunmasına məsul şöbələrin DTK-dan ayrılması ilə başladı. 22 dekabr 1991-ci ildə SSRİ Dövlət Şurasının qərarı ilə SSRİ DTK-nın əvəzinə Respublikalararası Təhlükəsizlik Xidməti (Межреспубликанская служба безопасности-МСБ), SSRİ Mərkəzi Kəşfiyyat Xidməti (Центральная служба разведки СССР-ЦСР) və SSRİ Sərhədlərinin Qorunması üzrə Komitə (Комитет по охране государственной границы СССР) yaradıldı. SSRİ prezidenti M. S. Qorbaçovun 3 dekabr 1991-ci il tarixli "Dövlət təhlükəsizlik orqanlarının yenidən təşkili haqqında" qanunu imzalaması ilə qurum tam təsviyyə edildi.

RSFSR prezidenti Boris Yelsinin dövlət təhlükəsizlik və daxili işlər orqanlarını bir qurumda birləşdirmək səyi reallaşmadıqdan sonra, 24 yanvar 1991-ci ildə RSFSR prezidenti yanında İnformasiya və Hökumət Rabitəsi Federal Agentliyi (Федеральное агентство правительственной связи и информации при Президенте Российской Федерации-ФАПСИ), 26 dekabr 1991-ci ildə SSRİ MKX-nin bazasında Rusiya Xarici Kəşfiyyat Xidməti yaradıldı; dövlət sərhədlərinin qorunması funksiyasını Rusiya Federasiyası Sərhəd Qoşunları (RF Təhlükəsizlik Nazirliyinin tərkibində) yerinə yetirməyə başladı.

"Dövlət Təhlükəsizlik Komitəsi" (DTK) adını hal-hazırda Belorus dövlət təhlükəsizlik orqanları daşımaqdadır.

Müasir Rusiyada keçmiş SSRİ DTK-nın funksiyasını yerinə yetirən bir neçə qurum mövcuddur:

  • xarici (siyasi) kəşfiyyat – Rusiya Federasiyası Xarici Kəşfiyyat İdarəsi
  • əkskəşfiyyat – Rusiya Federal Təhlükəsizlik Xidməti
  • dövlət sərhədlərinin qorunması- Rusiya Federal Sərhəd Xidməti (Пограничная служба Федеральной службы безопасности Российской Федерации-ФПС) (sonradan FTX-nn tərkibinə verilmişdir)
  • radioelektron kəşfiyyat, hökumət rabitəsinin təşkili və kriptoqrafiya – İnformasiya və Hökumət Rabitəsi Federal Agentliyi, sonradan bu vəzifələr XKİ, FTX və FMX arasında bölüşdürülmüşdür.
  • yüksəkçinli dövlət məmurlarının qorunması – Federal Mühafiz Xidməti (Федеральная служба охраны Российской Федерации-ФСО) və Rusiya Prezidentinin Təhlükəsizliyi Xidməti (Служба Безопасности Президента России-СБП)
  • xüsusi əhəmiyyətli obyektlərin mühafizəsi – Rusiya Federasiyası Prezidentinin Baş Xüsusi Proqramlar İdarəsi (Главное управление специальных программ Президента Российской Федерации-ГУСП)

SSRİ-nin tərkibindəki müttəfiq respublikalardan biri olan Azərbaycanda dövlət təhlükəsizliyi funksiyasını hal-hazırda Dövlət Təhlükəsizliyi Xidməti yerinə yetirir.

SSRİ DTK rəhbərləri

[redaktə | mənbəni redaktə et]
SSRİ DTK-nin məşhur rəhbərlərindən biri, sonradan SSRİ rəhbəri olmuş Yuri Andropov

Təşkilatın strukturu

[redaktə | mənbəni redaktə et]
DTK-nın (hal-hazırda FTX-nın) Moskvada Lubyanka meydanındakı mərkəzi binası
  • 1-ci Baş İdarə – xarici kəşfiyyat
    • "K" İdarəsi – əkskəşfiyyat
    • "C" İdarəsi – qanuni müdafiəsi olmayanlar (нелегалы-non official cover operative)
    • "T" İdarəsi – elmi-texniki kəşfiyyat
    • "PT" İdarəsi – SSRİ ərazisində əməliyyatlar
    • "OT" İdarəsi – əməliyyat-texniki idarə
    • "И" İdarəsi – kompüter xidməti
    • Əldə Edilmiş İnformasiya İdarəsi (analiz və qiymətləndirmə)
    • "A" Xidməti – gizli əməliyyatlar, çaşdırma-dezinformasiya ("aktiv tədbirlər")
    • "P" Xidməti – radioəlaqə
    • Elektron kəşfiyyat- radiotutma
  • 2-ci Baş İdarə – daxili təhlükəsizlik və əkskəşfiyyat
  • 3-cü Baş İdarə (1960–1982-ci illərdə 3-cü idarə) – hərbi əkskəşfiyyat
  • 4-cü İdarə – antisovet elementlərlə mübarizə(1954–1960); nəqliyyatda təhlükəsizlik (1981–1991)
  • 5-ci İdarə – iqtisadi təhlükəsizlik (1954–1960); antisovet elementlər, dini qurumlar, sektalarla və s. ilə mübarizə ("İdeoloji idarə" və "beşlik" kimi geniş tanınmışdır)
  • 6-cı İdarə – nəqaliyyatda təhlükəsizlik (1954–1960); iqtisadi əkskəşfiyyat və istehsalat təhlükəsziliyi (1982–1991)
  • 7-ci İdarə – əməliyyat-axtarış işləri (daha çox "gəzənlər" (топтуны) və "görünənlər" (наружка) kimi tanınmışdır)
  • 8-ci Baş İdarə – şifrləmə-deşifrləmə və rabitənin təmini.
  • 9-cu İdarə – partiya və hökumət üzvlərinin mühafizəsi
  • 10-cu İdarə – Kreml komendatının mühafizəsi (1954–1959)
  • 14-cü İdarə – səhiyyə
  • 15-ci Baş İdarə (1969–1974-cü illərdə 15-ci İdarə) – dövlət mühafizəsində olan obyektlərin, o cümlədən Moskva metrosunda gizli keçidlərin işinin təmini;
  • 16-cı İdarə – elektron kəşfiyyat; radiotutma və deşifrləmə
  • Sərhəd Qoşunlarının Baş İdarəsi – dövlət sərhədlərinin mühafizəsi
  • Əməliyyat-Texniki İdarə
  • Hərbi Obyektlərin Tikintisi İdarəsi
  • İctimaiyyətlə Əlaqələr Şöbəsi (22 aprel 1990 – 26 oktyabr 1991)- işçi kollektivlərlə, ictimai təşkilatlarla və KİV-lərlə əlaqələrin inkişafı üzrə fəaliyyət.

Bundan əlavə, İdarə "3" 29 avqust 1989 — avqust 1991-ci il tarixlərində, fəaliyyət göstərmiş, "İdeoloji idarə"nin varisi kimi konstitusion quruluşu mühafizə etmişdir.

  • Hökumət rabitəsi
  • İstintaq şöbəsi
  • DTK Ali məktəbi
  • 6-cı Şöbə – məktubların yoxlanılması
  • 12-ci Şöbə – qulaqasma

Güc birlikləri

[redaktə | mənbəni redaktə et]
  • Xüsusi təyinatlı dəstə "Qrom" (İldırım) (СпН "Гром" КГБ СССР)/ SSRİ DTK "A" qrupu- daha çox "Alfa" adi ilə məşhurdur (29 iyul 1974 – 26 oktyabr 1991)
  • Xüsusi təyinatlı dəstə "Vımpel" (Dəniz bayrağı) (СпН "Вымпел" КГБ СССР)/ SSRİ DTK "B" qrupu (19 avqust 1981 – 26 oktyabr 1991)
  • Hava-Desant Qüvvələrinə məxsus 3 diviziya və 1 motoatıcı briqada (1991 yanvar-1991 26 oktyabr)
  1. Кокурин А. И., Петров Н. В. Лубянка. Органы ВЧК—ОГПУ—НКВД—НКГБ—МГБ—МВД—КГБ. 1917–1991: Справочник. Международный фонд Демократия (МФД. Фонд Александра Н. Яковлева)-2003. səh- 689, 693. isbn = 5-8564-6109-6
  2. "Eyes of the Kremlin TİME.com". 2011-07-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-02-12.
  3. "Кэмбриджская "великолепная" пятерка". 2010-12-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-03-09.
  4. "АНГЛИЙСКИЕ АРИСТОКРАТЫ НА СЛУЖБЕ У КГБ". 2007-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-10-19.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]