34°44′51″ şm. e. 40°43′48″ ş. u.HGYO

Dura-Avropos

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Qədim şəhər
Dura-Avropos
yun. Δοῦρα Εὐρωπός
34°44′51″ şm. e. 40°43′48″ ş. u.HGYO
Ölkə  Suriya
Salınma tarixi e.ə. 300
Dağılma tarixi 256–257
Dura-Avropos xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Dura-Avropos (yun. Εὐρωπός, yaxud ərəbcə Qal'at es-Salihiye) — Suriyada Fərat çayı sahilində, indiki Qələ əs-Salihiyyə (Suriya) yaxınlığında, e.ə. 300-cü ildən eramızın 256-cı ilinədək mövcud olmuş qala. Çoxsaylı arxeoloji tapıntıları ilə məşhurdur. Onların içərisində ən mühümü yaxşı saxlanılmış freskalar kompleksinə malik, Konstantinəqədərki dövrə aid "yığıncaq evi"dir.

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Selevki çarı I Nikator (təqribən e.ə. 358 — təqribən e.ə. 280) tərəfindən əsası qoyulmuş, Makedoniyanın eyniadlı məskəninin adı ilə Avropos adlandırılmışdır (Dura adı yalnız eramızın I əsrinə aid mənbədə İsidor Xarakslının "Parfiya istehkamları" siyahısında qeyd olunmuşdur). Müntəzəm planlı məskən forması Selevkilər dövrünə aid edilir. Şəhərin mərkəzində aqora, Apollon (sonralar Artemida məbədi kimi yenidən tikilmişdi), Zevs Megistos məbədləri, saraylar (hamısı e.ə. III əsr — e.ə. II əsrin ortalarına aiddir) yerləşirdi. E.ə. 100-cü ildə Parfiya şahlığının hakimiyyəti altına keçmişdir; eramızın 160-cı illərində, Roma imperatoru Lutsi Verin dövründə Palmiradan Antioxiyaya gedən yolu, Fəratdan keçid yerini və Fərat vadisinə qərbdən girişi qoruyan Roma qarnizonunun dislokasiya yeri olmuşdur. III əsrin ortalarında qala regionda nüfuz uğrunda mübarizə aparan Roma imperiyası ilə Sasanilər dövləti arasında sərhəd məntəqəsinə çevrilmişdi. 256-cı ildə qalanın itirilməsi (qazıntılar zamanı 239–272-ci illərdə hakimiyyətdə olmuş I Şapura məxsus sikkələr aşkar edilmişdir) Roma imperatoru Valerianın Sasanilərlə müharibədə məğlubiyyətinin əsas səbəblərindən biri olmuşdur. III əsrin ortalarında dağıdıldıqdan sonra bərpa edilməmişdir.[1]

1920-ci ildə Palmira allahları ibadətgahmda freska fraqmentlərinin təsadüfən aşkarlanması Dura-Avroposda arxeoloji tədqiqatların başlanğıcını qoymuşdur. Elə həmin vaxt tədqiqatlar Çikaqo Universitetinin arxeoloji ekspedisiyasının rəhbəri C. H. Brestedə, Salihiyyə yüksəkliyinin Fransaya verilməsindən sonra isə arxeoloq F. Kümona həvalə edilmişdi. Qısamüddətli fasilədən sonra, 1928-ci ildə Yel Universiteti və Fransa Akademiyası tərəfindən yenidən tədqiqatlara başlanıldı. Rəhbəri M. İ. Rostovtsev olan ekspedisiyanın işində F. Kümon (Fransa) və K. Hopkins (ABŞ) iştirak etmişlər. 1931–32 illərdəki çöl tədqiqatları qazıntı prosesində dönüş nöqtəsi olmuşdur.[2]

Həmin vaxt qərbdəki şəhər divarının daxili tərəfi yaxınlığında eramızın II əsrinin sonlarına aid 232/233–256 illərdə xristianların "yığıncaq evi" (lat. domus ecclesiae) kimi yenidən tikilmiş böyük şəxsi ev (kvadrat planlı, tərəfləri təqr. 18 m, divarların hünd. 5 mdən çox) aşkarlanmışdı. Evin qərb tərəfində, vestibülün arxasındakı dar otaqlardan biri baptisteriyə çevrilmişdi. Baptisterinin qübbəsi, tavanı və divarları freskalarla bəzədilmişdir. Divarlarda həmçinin qraffiti (kitabələr) aşkarlanmışdır. "Yığıncaq evi"nin yaxınlığında freskaları olan yəhudi sinaqoqu (244 245 illər; sonralar bərpa olunmuş, freskaları isə Dəməşq Milli muzeyinə aparılmışdır) tapılmışdır.

Dura-Avroposda Parfiya və Roma dövrlərinə aid digər tikililərdən içqala, termalar, Baal, Artemida-Nanayya, Atarqatis, Zevs Kürios, Zevs Teos və Mitreumun (Mitra allahının ibadətgahı) məbədlərinin qalıqları, həmçinin Palmira allahlarının ibadətgahı saxlanılmışdır. Dura-Avroposda aşkarlanmış freska fraqmentləri, relyeflər, yazılı abidələr hazırda Luvrda, Dəməşq Milli muzeyində və Nyu-Heyvendəki Yel Universitetinin Rəssamlıq qalereyasında saxlanılır.

  • Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. ISBN 978-9952-441-00-0.
  • Dirven, L. A. 1999 The Palmyrenes of Dura-Europos : a study of religious interaction in Roman Syria (Leiden: Brill).
  • Hopkins, C, 1979 The Discovery of Dura Europos, (New Haven and London).
  • Rostovtzeff, M. I., 1938. Dura-Europos and Its Art (Oxford University Press).
  • Cumont, Franz; Francis, Eric David, ed., trans., The Dura Mithraeum // Hinnells, John R. (redaktor), Mithraic studies: Proceedings of the First International Congress of Mithraic Studies, Manchester UP, 1975, I.151–214.
  • Francis, Eric David, Mithraic graffiti from Dura-Europos // Hinnells, John R. (redaktor), Mithraic studies: Proceedings of the First International Congress of Mithraic Studies, Manchester UP, 1975b, II.424–445.
  • Young, Penny, 2014 Dura Europos A City for Everyman, Twopenny Press
  1. Dura-Europos, article by Simon James.
  2. Bonatz, Dominik; Kühne, Hartmut; Mahmoud, As'ad (1998). Rivers and steppes. Cultural heritage and environment of the Syrian Jezireh. Catalogue to the Museum of Deir ez-Zor. Damascus: Ministry of Culture. OCLC 638775287.