Malik Qarazadə

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Malik Qarazadə
Doğum tarixi 1939
Doğum yeri

Malik Qarazadə (1939, Mollaoba, Masallı rayonu) — şərqşünas alim.

Malik Qarazadə 1939-cu ildə Masallı rayonunun Mollaoba kəndində anadan olmuşdur. Dindar bir ailədə böyümüş Malik Qarazadə uşaq yaşlarından ərəb, fars dillərinə, klassik Şərq ədəbiyyatına, Azərbaycan ədəbiyyatı klassiklərinin yaradıcılığına böyük maraq göstərmiş, müqəddəs kitabımız Quranı öyrənməyə başlamışdır. Dinimizə və onun açarı olan ərəb dilinə böyük sevgi Maliki BDU-nun (o zamankı Azərbaycan Dövlət Universiteti) şərqşünaslıq fakültəsinə gətirmişdir. Malik Qarazadə 1957-ci ildə BDU-nun şərqşünaslıq fakültəsinın nəzdində yenicə təşkil edilmiş ərəb şöbəsinə daxil olmuş, 1961-ci ildə oranı vaxtından əvvəl fərqlənmə diplomu ilə bitirmiş və elə həmin ildə ərəb dili kafedrasına müəllim təyin olunmuşdur. M. Qarazadə 1962-ci ilin yanvarından dekabr ayınadək Bağdad Universitetində təcrübə keçmiş, vətənə qayıtdıqdan sonra BDU-da pedaqoji fəaliyyətini davam etdirmişdir. O, ərəb dili kafedrasında çalışdığı müddət ərzində bir neçə dəfə ərəb ölkələrində, o cümlədən Suriyada, İraqdaYəməndə qısa və uzunmüddətli ezamiyyətlərdə olmuşdur.

Pedaqoji fəaliyyətlə elmi yaradıcılığı üzvi surətdə birləşdirən Malik Qarazadə 1989-cu ildə Gürcüstanın paytaxtı Tbilisidə "Müasir ərəb ədəbi dilində söz sırası" mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüş, 1991-ci ildə dosent elmi adını almışdır. Malik müəllim 1995-ci ilin dekabr ayında BDU-nun ilahiyyat fakültəsinın nəzdində təşkil olunmuş dillər kafedrasının müdiri vəzifəsinə seçilmiş və 2008-ci ilin yanvar ayına qədər, daha dəqiq desək, ömrünün sonunadək həmin vəzifədə çalışmışdır. Qırx ildən artıq elmi-pedaqoji fəaliyyətlə məşğul olmuş Malik Qarazadə bu müddət ərzində yüzlərlə ərəbşünas yetişdirməklə yanaşı, bir sıra kitab, dərslik, dərs vəsaiti və s. çap etdirmişdir. Onlardan "Müasir ərəb ədəbi dilində söz sırası" monoqrafiyasını, orta məktəb üçün "Ərəb dili" dərsliyini (Ə. C. Məmmədov və T. M. Cahani ilə birlikdə), "Azərbaycanca-ərəbcə" və "Ərəbcə azərbaycanca" danışıq kitablarını xüsusi qeyd etmək lazımdır.

Ruhən daha çox tədrislə bağlı olan Malik Qarazadə həmçinin "Müasir ərəb ədəbi dili", "İraq dialekti" və "İslamşünaslıq" fənləri proqramlarının da tərtibçisidir.

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Malik müəllim həm də poetik istedad sahibi idi. Onun qələmindən əruz və heca vəznlərində onlarla lirik, satirik şeir çıxmış, həmin şeirlər 2005-ci ildə müəllifin sağlığında nəşr edilmiş "Vicdanın hökmü" toplusunda öz əksini tapmışdır.

M. Qarazadə həmçinin bədii tərcümə ilə də məşğul olmuşdur. Onun ərəb dilindən etdiyi bədii tərcümələr "İnsan və quş", "Ağ günlərin sorağında" almanaxlarında, həmçinin "Ədəbiyyat və incəsənət" qəzetində çap edilmişdir. Klassik Azərbaycan ədəbiyyatının vurğunu olan Malik Qarazadə 2006-cı ildə məşhur Azərbaycan şairi Məhəmməd Əmin Dilsuzun seçilmiş şeirlərini toplu halında nəşr etdirmişdir.

Malik Qarazadə keçən əsrin 50-ci illərinin sonlarında o zamankı Azərbaycan Dövlət Radio və Televiziya Verilişləri Komitəsinin nəzdində təşkil edilmiş ərəb redaksiyasının ilk azərbaycanlı kişi diktoru olmuşdur. Malik müəllim həmin illərdə İraqdan Azərbaycana dəvət olunmuş Sinan Səid, Hafiz Qəbbani və Muştaq Taliblə çiyin-çiyinə çalışaraq Azərbaycan həqiqətlərini ərəblərə onların öz doğma dillərində elə gözəl çatdırırdı ki, onu dinləyənlər bu gözəl səs və tələffüz sahibinin qeyri-ərəb olduğunu əsla hiss etmirdilər.