Mustafa Mahmudov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Mustafa Mahmudov
Mustafa Hacı Musa oğlu Mahmudov
27 may 1918 – 28 aprel 1920
Əvvəlkivəzifə təsis edilib
SonrakıAzərbaycan Xalq Cümhuriyyəti süqut edib.
Şəxsi məlumatlar
Doğum tarixi 31 yanvar 1878(1878-01-31)
Doğum yeri
Vəfat tarixi 20 dekabr 1937(1937-12-20) (59 yaşında)
Vəfat yeri
Partiya
Fəaliyyəti siyasətçi
Uşaqları Safurə Mahmudova
Sara Mahmudova
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mustafa Mahmudov (31 yanvar 1878, Kürdəmir, Göyçay qəzası20 dekabr 1937, Bakı) — Azərbaycan Milli Şurasının və Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, müəllim, Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasının məzunu.[1][2][3]

Mustafa Hacı Musa oğlu Mahmudov 1878-ci ildə Göyçay qəzasının Kürdəmir kəndində anadan olmuşdu.

Mustafa Mahmudov İlk təhsilini, əsası 1881-ci il fevralın 9-da qoyulmuş Kürdəmir kənd məktəbində almış, sonra bir necə il Göyçay qəza məktəbində oxumuşdur. O, sonrakı təhsilini Qori şəhərində yerləşən Zaqafqaziya Müəllimlər Seminariyasında davam etdirmiş, 1899-cu ildə seminariyanın müsəlman şöbəsini bitirmişdir.[3][4]

Müəllim kimi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Təyinatını Yelizavetpol quberniyası Nuxa qəzasının Vəndam kəndinə (İndi Qəbələ rayonuna aiddir) versələr də o, kənd məktəbi təyinatını şəhər məktəbinə dəyişdirə bilmişdir.[1]

Bakı quberniyasıDağıstan vilayəti Xalq Məktəblər İdarəsində təşkil olunmuş qəbul imtahanlarında aparıcı komissiya üzvləri kimi iştirak edən Həsən bəy ZərdabiƏlimərdan bəy Topçubaşov gənc seminaristin elmi və pedaqoji ustalığını yüksək qiymətləndirmiş, M. Mahmudovun təyinatının Bakıya dəyişdirməsinə şərait yaratmışlar.

Beləliklə, Mustafa Mahmudovun Bakıda işləmək niyyəti baş tutur. Onu Qori Müəllimlər Seminariyasının 1899-cu il məzununu, 1605 nömrəli attestatın sahibini illik əmək haqqı 675 manat olmaqla, Bakıdakı 3-cü rus -tatar məktəbinə müəllim vəzifəsinə təyin edirlər. 1904-cü il setyabrın 15-də Mustafa Mahmudovun öz xahişi ilə onu Sultan Məcid Qəniyevin başçılıq etdiyi 2-ci rus-tatar məktəbinə işləməyə dəvət edirlər. Burada oxuyan şagirdlərin sonralar ölkənin ictimai siyasi həyatında şərəfli yer tutmalarında bu məktəbin direktoru Sultan Məcid Qəniyevin və aparıcı müəllimlərin böyük rolu danılmazdır. Belə şagirdlərdənbiri də Məhəmməd Əmin Rəsulzadə idi.

1903-cü ildə M. Mahmudovun həyatında ağır anlar yaşanır. Böyük qardaşı Kürdəmirdə vəfat edir. Həm özünün, həm də vəfat etmiş qardaşının ailəsinin güzəranı pisləşir. Qardaşının yetim qalmış üç övladının, eləcə də dörd nəfərlik öz ailəsinin (özü, arvadı, qızı və 3 ildən çox onlarda məskuunlaşan bacısı oğlunun) da bütün ailə-məişət qayğıları adi bir ibtidai sinif müəlliminin üzərinə düşür.

M. Mahmudovun həyat salnaməsini izləmək üçün onun Bakı Duması Tədris Komissiyasının sədrinə ünvanlanan bir məktubu qiqqəti cəlb edir. O, bu məktubunda şəhərdə 1-ci rus-tatar məktəbində boş iş yerinə — direktorlıq vəzifəsinə keçməyə hazır olduğunu bildirir.[5]

" Mənim pedaqoji fəaliyyətim haqqında Bakı Quberniyası-Dağıstan Vilayəti Direktorlu və İnspektoru (Müfəttişi) cənabları, II rus-tatar(köhnə III rus-tatar) məktəbinn direktoru Q.Əfəndyev (mən bu məktəbdə beş il işləmişəm ),indi işlədiyim 2 sinifli məktəbin direktoru Qəniyev cənabları, tədris komissiyasının üzvləri -Həsən bəy Məlikov,Ə.M.Topçubaşov(mən onlara 1899-cü ildə qəbul zamanı imtahan verib şəhər məktəblərində müəllim vəzifəsinə təyin olunmuşam. zəmanət verə bilərlər. "

O bu vəzifəyə təsdiq edilir.

Bunun ardınca II Dövlət Dumasına deputat seçildiyinə görə pedoqoji fəaliyyətini yarımcıq qoyur. II Dövlət Duması cəmi 103 gün mövcud olur. Duma qovulduqdan sonra Mustafa Mahmudov yenidən əvvəlki direktor işinə geri dönür. Lakin dumadakı çıxışlarına görə 1908-ci ildə işindən uzaqlaşdırılır. Pedoqoji fəaliyyətini birdə 1910-cu ildə bərpa edə bilir.[1]

Mustafa Mahmudov (ayaqüstə soldan birinci) II Dövlət Dumasının müsəlman deputatları ilə

II Dövlət Dumasında fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

1907-ci il fevralın 6-da M. Mahmudov II Dövlət Dumasına deputat seçilir. Dövlət Dumasına Azərbaycandan ondan başqa Fətəli xan Xoyski, Xəlil bəy Xasməmmədov, İsmayıl Tağıyev, Məhəmməd ağa Şahtaxtinski, Zeynal Zeynalov da seçilmişdi.[6]

Mustafa Mahmudov II Dövlət Dumasının 9 şöbəsinin, 4 komissiyasının üzvü olmuşdur.

M. Mahmudovun II Dövlət Dumasındakı çıxışlarından biri hələ ən yaxşı çıxışlardan biri kimi parlament tarixində qalmaqdadır. O, II Dövlət Dumasının 13 mart 1907-ci il tarixli 9-cu iclasında — "Hərbi-səhra məhkəməsinin ləğvi haqqında" qanun layihəsinə dair çıxışında demişdir[1]:

" Cənab xalq nümayəndələri, iki gün ərzində burada deyilənlərə nəyi isə əlavə etmək mənim üçün çətindir. Yalnız bir şeyi deyə bilərəm: bütün böyük Rusiya hazırda çox milyonlu xəstələri olan lazaretə (kiçik hərbi xəstəxanaya) bənzəyir. Siz - xalq nümayəndələri həkimsiniz,buraya konsiliuma çağrılmışsınız. Siz diaqnoz qoymalı və dərhal işə başlamalısınız... Hər bir həkim lazeretə daxil olarkən, hər bir sanitar dəstəsi döyüş meydanına yola düşərkən ilkin kömək göstərir, ən əsas, ən ciddi xəstələrə, lakin heç də ümidsiz olmayan xəstələrə ilk növbədə kömək göstərir, diqqət verir. Hərbi-səhra məhkəmələrinin qurbanları belə xəstələrdəndir.Biz bunun səbəblərini araşdırmağa vaxt itirməməliyik. Faktların özü hər şeyi göstərir. Biz artıq, insanları xilas edən tədbirlərin həyata keçirilməsinə başlamalyıq.Mən qorxuram, siz də, xalq nümayəmdələri də qorxun ki, hər gün həyatını xilas etmək xahişi ilə buraya müraciət edən, lakin cavab almayan həmin qurbanlar sizi bu cinayəti əlbir törətməkdə olmasada, səhlənkarlıqda ittiham etsinlər.

Cənablar iş görməyə tələsin. Unutmayın ki, dediklərimizi bir qulaqdan alıb, o biri quaqdan buraxırlar..

"

Zaqafqaziya seymində deputat olması

[redaktə | mənbəni redaktə et]

1918-ci ilin fevral ayının 9-da Qori Müəllimlər Seminariyasının direktoruna yazdığı məktubda ona Zaqafqaziya Seyminə müsəlman blokundan deputat seçilməsi barədə məlumat vermişdir. Seymin fəaliyyətində iştirak edən ən aktıv müsəlman deputatlardan olmuşdur.[7]

Milli Şuranın üzvü olması

[redaktə | mənbəni redaktə et]

Zaqafqaziya Demokratik Federativ Respublikası 1918-ci ilin may ayının 16-da süqut etdikdən sonra, müsəlman deputatlar Azərbaycan Milli Şurasını yaratdılar və özlərinin AzərbaycanAzərbaycan xalqı haqqında qərar verə biləcək yeganə qanuni orqan olduqlarını bildirdilər. Mustafa Mahmudov Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının elan edildiyi iclasın katibi olmuşdur. İstiqlaliyyət bəyannaməsini imzalayan 8 deputatdan biri də Mustafa Mahmudov olmuşdur.[8][9]

Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü olması

[redaktə | mənbəni redaktə et]

Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin deputatı kimi əvvəldən xidmət etmişdir. "Müsavat" partiyasına mənsub olmuşdur. Aktiv deputatlıq fəaliyyəti olduğu üçün, Azərbaycan Kənd Təsərrüfatı Komissiyasına üzv təyin edilmişdir.[10] Parlamentin bütün qərar və qanunlarının qəbul edilməsində aktiv şəkildə iştirak etmişdir. Ziya Bünyadov yazdığı "Azərbaycan Parlamentinin son saatları" məqaləsində Mustafa Mahmudovun da nitqinə yer ayırmışdır. Parlamentin son iclasının hesabatında adı səhvən Muxtar kimi yazılmışdır.[11]

Azərbaycan Xalq Cümhuriyyəti işğal edildikdən sonra Azərbaycanı tərk etməmişdir.

Bir çox yerdə bir qızının olması yazılsa da, əslində 3 övladı olmuşdur. Qızı Sara Şamaxılı Həcməddin Qarayevlə ailə həyatı qurmuşdur. Hal-hazırda bu izdivacdan Moskvada Mahmudovların nəsil şəcərəsi davam etməkdədir. Digər qızı Səfurə Bakıda yaşamış, 1988-ci ildə dünyasını dəyişmişdir. Oğlu isə hələ kiçik yaşlarında olarkən vəfat etmişdir.[2]

Mustafa Mahmudovun özündən başqa yaxın qohumlarının və ailə üzvlərinin bir çoxu Böyük təmizləmə zamanı repressiya qurbanı olmuşdur.

Öldürülməsi

[redaktə | mənbəni redaktə et]

1937-ci ilin noyabrın 23-də həbs edilən Mustafa Mahmudov, həmin ilin dekabr ayının 20-də güllələnərək öldürülmüşdür.[3]

Hal-hazırda Azərbaycan Respublikasının Kürdəmir rayonunda adına küçə vardır.[5]

  1. 1 2 3 4 "Azərbaycan Xalq Cümhuriyyətinin hələ yaxşı tanımadığımız parlament üzvü- Mustafa Hacı Musa oğlu Mahmudov". 2018-05-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-29.
  2. 1 2 Anar İsgəndərli, Azərbaycanın müsabitləri 1917–1920, səh 223, Bakı.
  3. 1 2 3 Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, II cild, Bakı, 2004.
  4. Ə. Seyidov. Qori seminariyası. Bakı,1988.
  5. 1 2 "Nazim Nəsrəddinov – Hələ yaxşı tanımadığımız parlament üzvü-Mustafa Mahmudov(1878-1937)". 2018-05-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-05-29.
  6. Мамед Джафаров. Учитель. // За семью печатями.Баку,1992 стр.17–21.
  7. Bəxtiyar Nəcəfov. Azərbaycan Demokratik Respublikası. Bakı,1992
  8. Ahmet Caferoğlu . İHtilalçı Mscahit Mahmudoğlu Mustafa.,, Mücahid jurnalı, 1962, N45–46.
  9. Nazim Nəsrəddinov. İstiqlal Bəyannaməsini imzalayanlardan biri-Kürdəmirli Mustafa Mahmudov. Strategiya.az. 28.05.2016.
  10. Азербайжанская Демократическая Республика Arxiv surəti 31 mart 2012 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2012-03-31 at the Wayback Machine
  11. Akademik Ziya Bühyadov. Azərbaycan Parlamentinin son saatları .// За семью печатями.Баку,1992.səh.3–16.