35°09′09″ şm. e. 136°58′07″ ş. u.HGYO

Naqoya Universiteti

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Naqoya Universiteti
名古屋大学
Loqonun şəkli
Xəritə
35°09′09″ şm. e. 136°58′07″ ş. u.HGYO
Əsası qoyulub 1871
Tip Dövlət
Tələbə sayı 15948
Şəhər Naqoya şəhəri
Ölkə
Sayt nagoya-u.ac.jp
en.nagoya-u.ac.jp
cn.nagoya-u.ac.jp
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Naqoya Universiteti (yap. 名古屋大学) — Yaponiyanın Naqoya şəhərində yerləşən ali təhsil müəssisəsi; ölkənin ən aparıcı ali təhsil ocaqlarından olan Yeddi Milli Universitetdən biridir.

Naqoya Universitetinin tarixi 1871-ci ildə yaradılmış Tibb Məktəbi ilə bağlıdır. 1920-ci ildə Ayçi Tibb Kolleci yaradılır. 1939-cu ildə bu məktəb Naqoya İmperial Universiteti adlandırılır. 1942-ci ildə universitetin Dəqiq Elmlər və Texnika Məktəbi Mühəndislik və Dəqiq Elmlər məktəblərinə bölünür. 1947-ci ildə ali məktəbin adı dəyişdirilərək Naqoya Universiteti adlandırılır. 2004-cü ildə universitet Milli Universitet Korporasiyası adlanır. Ali məktəbdə aparılan islahatlara əsasən 1949-cu ildə burada 6 məktəb - Filologiya, Pedaqogika, Hüquq, İqtisadiyyat, Dəqiq Elmlər, Tibb və Mühəndislik məktəbləri yaradılır. Sonradan 1950-ci ildə Hüquq və İqtisadiyyat məktəbləri müstəqil fəaliyyət göstərməyə başlayır. 1951-ci ildə Kənd Təsərrüfatı Məktəbi açılır, ümumilikdə universitetdə 8 məktəb mövcud olur.

1993-cü ildə Naqoya Universitetində geniş təhsil islahatları aparılır, ümumtəhsil proqramları qəbul olunur, 9-cu məktəb - İnformatika və Dəqiq Elmlər Məktəbi yaradılır, universitetin bütün məktəblərində 4, Tibb Məktəbində isə 6 illik fasiləsiz təhsil tələbləri qoyulur.

İkinci Dünya müharibəsindən sonra Naqoya Universitetinin diplomdansonrakı təhsil pilləsində yeni təhsil islahatları aparılır. 1953-cü ildə Filologiya, Pedaqogika, Hüquq, İqtisadiyyat, Dəqiq Elmlər və Mühəndislik məktəblərinə 2 illik magistratura və 3 illik doktorantura səviyyələri əlavə olunur. 1991-ci ildə universitetdə Beynəlxalq İnkişaf, 1992-ci ildə Humanitar Elmlər, 1998-ci ildə Dil və Mədəniyyət, 2001-ci ildə Ekologiya Elmləri, 2003-cü ildə İnformasiya Elmləri ali təhsil məktəbləri açılır. 2004-cü ildə Naqoya Universiteti yeni idarəetmə strukturuna malik milli universitetə çevrilir.

Müasir vəziyyəti

[redaktə | mənbəni redaktə et]

Naqoya Universitetinin kampusu Naqoya şəhərinin şərqində ümumilikdə 3250847 ì2 ərazini əhatə edir. Universitetin binaları isə 764437 ì2 ərazidə yerləşir.

Naqoya Universitetinin aşağıdakı məktəb, institut və elmi-tədqiqat mərkəzləri fəaliyyət göstərir.

Filologiya Məktəbi bakalavrlar, Ali Filologiya Məktəbi isə magistrant və doktorantlar üçün nəzərdə tutulub. Bu məktəblərin Yeni və Ən Yeni Yapon Mədəniyyəti Elmi-Tədqiqat Mərkəzi fəaliyyət göstərir. Filologiya Məktəbi filologiya, jurnalistika, mədəniyyət və təhsil kimi humanitar sahələrin tədrisi üzrə Yaponiyanın ən güclü məktəblərindəndir. Məktəbdə tələbələr hər hansı bir bölmədə xüsusi akademik məsləhətçinin rəhbərliyi altında dissertasiya yazırlar. Dissertasiyanın yazılması zamanı tələbələr ənənəvi fənlərlə tanış olmalı, akademik və sosial problemlərin həll yolunu tapmaq üçün bacarıqlar əldə etməlidirlər.

Pedaqogika Məktəbində (Təhsil və İnsan Resurslarının İnkişafı) bakalavrlar, Təhsil və İnsan Resurslarının İnkişafı Ali Məktəbində isə magistrant və doktorantlar təhsil alırlar. Pedaqogika Məktəbi 1949-cu ildən fəaliyyət göstərir və təhsil, psixologiya, insan resurslarının inkişafı elmləri üzrə ixtisaslaşıb. Məktəbin bakalavr səviyyəsi 5 sahəni əhatə edir: fasiləsiz təhsil və inkişaf; təhsil və informatika; beynəlxalq təhsil və mədəniyyət; insan psixologiyası; məsləhətləşmə və psixoterapiya. Bu məktəbin məzunlarının əksəriyyəti Yaponiyanın və dünyanın başqa ölkələrinin bir çox ali məktəblərinin müəllimləri və rəhbər vəzifələrində çalışır.

Naqoya Universitetinin bakalavrlar üçün nəzərdə tutulan Hüquq Məktəbi, magistrant və doktorantlar üçün isə Ali Hüquq Məktəbi Yaponiya Hüquq İnformasiyası İnstitutu ilə əməkdaşlıq edir. Ali Hüquq Məktəbi iki bölmədən ibarətdir: Naqoya Universitetinin Hüquq bölməsi gələcək hakim, vəkil və digər hüquqşünas hazırlayır, Birləşmiş Ali Hüquq və Siyasi Elmlər bölməsi isə magistrant və doktorantlar üçün hüquq və siyasi elmlər üzrə proqramlar təklif edir. Universitetin Hüquq Məktəbi bu sahə üzrə Yaponiyanın ən güclü məktəblərindəndir. Məktəbin məzunları dünyanın bir sıra ölkələrinin məhkəmə, mərkəzi və yerli idarəetmə orqanlarında, özəl biznes, elm, təhsil və jurnalistika sahələrində fəal mövqe tuturlar.

İqtisadiyyat Məktəbində bakalavrlar, Ali İqtisadiyyat Məktəbində isə magistrant və doktorantlar təhsil almaq imkanına malikdirlər. İqtisadiyyat Məktəbi 1920-ci ildən fəaliyyət göstərir. İqtisadiyyat Məktəbi İqtisadiyyat və Biznes-menecment departamentlərindən, Ali İqtisadiyyat Məktəbi isə Sosial-İqtisadi Sistemlər, Sənaye Administrasiya Sistemi departamentlərindən ibarətdir. Məktəblərin İqtisadi Tədqiqatlar Mərkəzində Asiya iqtisadiyyatı və regional əməkdaşlıq, beynəlxalq menecment, ətraf mühitin mühafizəsi üzrə tədqiqatlar aparılır.

İnformatika və Dəqiq Elmlər Məktəbi informasiyanın emalı texnikası, real informasiya savadı vermək məqsədini daşıyır. Məktəb Təbii İnformatika Elmləri, Sosial və Humanitar İnformatika Elmləri departamentlərindən ibarətdir. Magistrant və doktorantlar üçün İnformatika Ali Məktəbi Hesablayıcı Sistemlər Mərkəzindən ibarətdir.

Dəqiq Elmlər Məktəbində bakalavrlar, Ali Dəqiq Elmlər Məktəbində isə magistrant və doktorantlar təhsil alırlar. Məktəbdə Suqaşima Dəniz Bioloji Laboratoriyası, Naqoya Universiteti Cənub Rəsədxanası, Struktur Biologiyası, Tau-Lepton Fizika tədqiqat mərkəzləri mövcuddur.

Tibb Məktəbi Birləşdirilmiş molekulyar tibb, Hüceyrə tibbi, Sağlamlıq və kommunal tibb, Tibb bacısı, Radioloji və tibbi laboratoriya elmləri, Fiziki iş və əmək terapiyası, Tibb elmləri departamentlərindən, Universitet xəstəxanası, Heyvanların Laborator Müayinəsi və Tibbi Texniki Tədqiqatlar, Neyron Xəstəliklər və Xərçəng mərkəzlərindən ibarətdir.

Bakalavrlar üçün Mühəndislik Məktəbi, magistrant və doktorantlar üçün isə Ali Mühəndislik Məktəbində Plazma Nanotexnologiyası Elmi-Tədqiqat, Retrospektiv Materiallar Analizi Texnologiyası, Hesablama Elmləri, Mikro-Nano Mexatronika mərkəzləri fəaliyyət göstərir.

Bio Kənd Təsərrüfatı Elmləri Məktəbi bakalavr, Ali Kənd Təsərrüfatı Məktəbi isə magistrant və doktorantlar üçündür. Məktəbə Çöl Elm, Quş Bioelmlər Tədqiqat mərkəzləri daxildir.

Ali Beynəlxalq İnkişaf Məktəbi magistrant və doktorantlar üçün nəzərdə tutulub və əsas fəaliyyət istiqamətləri kimi insan resurslarının inkişafı, beynəlxalq həmrəylik, köklü dəyərlər, həyat tərzi məsələlərinin həlli ilə məşğuldur. Məktəbin əhatə etdiyi əsas proqramlar inkişaf və idarəetmənin iqtisadi siyasəti; kənd rayonlarının inkişafı üzrə regional idarəetmə; təhsil və insan resurslarının inkişafı; idarəetmə və hüquq; sülhyaratma; sosial inkişaf və mədəniyyət; insanların miqrasiyası və mədəniyyətlərarası anlaşma; dil təhsili və linqvistik informasiya sahələridir. Məktəbin Beynəlxalq İnkişaf, Beynəlxalq Tədqiqat Əməkdaşlığı, Beynəlxalq kommunikasiya departamentləri fəaliyyət göstərir.

Ali Riyaziyyat Məktəbində riyaziyyatın bütün sahələri - tətbiqi riyaziyyat, həndəsə, cəbri həndəsə, mürəkkəb, riyazi fizika və s. öyrədilir. Məktəbdə tələbələrin müstəqil tədqiqatlarını təmin etmək məqsədi ilə interaktiv seminarlar təşkil olunur.

Dillər və Mədəniyyətlər Ali Məktəbi Dillər və mədəniyyətlər, Yapon dili, Multimədəni tədqiqatlar, Yapon dili və mədəniyyəti, Yapon dilinin xarici dil kimi öyrənilməsi, Tətbiqi dilçilik, Komparativ linqvistika, Yapon mədəniyyəti, Yapon dilinin xarici dil kimi metodologiyası departamentlərindən ibarətdir. Burada dillərin və mədəniyyətlərin öyrənilməsi üzrə fundamental, tətbiqi və fənlərarası tədqiqatlar həyata keçirilir, dünyada yapon dilinin və mədəniyyətinin yaxından tanıdılması üzrə təbliğat işləri aparılır. Məktəbdə dövlət müəssisələrində, özəl şirkətlərdə və təhsil müəssisələrində çalışan şəxslər üçün dil və mədəniyyət üzrə axşam kursları təşkil olunur.

Ekoloji Tədqiqatlar Ali Məktəbi Seysmologiya, Vulkanologiya və Fəlakətin Nəticələrinin Azaldılması, Nəqliyyat və Şəhərlərin Sabit İnkişafı elmi-tədqiqat mərkəzlərindən ibarətdir.

Naqoya Universitetində eyni zamanda Ekoloji Tibb Elmi Tədqiqat, Ekotopiya Elmlər, Humanitar və Dəqiq Elmlər, Qabaqcıl Tədqiqatlar, Kabayaşi-Maskava Zərrəciklərin və Kainatın Törəməsi (Nəzəri, Eksperimental tədqiqatlar mərkəzləri aiddir) institutları, Futuristik Modelləşdirmə Ekoloji, Geospeys Elmi-Tədqiqat mərkəzləri, Günəş-Yer Ətraf Mühit Laboratoriyası, Resursların Bərpası və Neftayırma Asiya Fənlərarası, Səhiyyə, Fiziki Tərbiyə və İdman mərkəzləri fəaliyyət göstərir.

Naqoya Universitetinin kitabxanası Yaponiyanın ən zəngin informasiya resurslarına malik müəssisəsidir və ümumilikdə 3112036 cild kitaba, 4000-ə qədər jurnala və digər materiallara sahibdir. Universitetin 2 əsas (Mərkəzi və Tibb), eləcə də fakültə, institut və elmi mərkəzlərdə köməkçi kitabxanaları mövcuddur. Hər bir kitabxana universitet şəhərciyindəki Mərkəzi kitabxana ilə kompüter şəbəkəsi ilə birləşdirilib. Kitabxanalar həmçinin rəqəmsal informasiya xidmətləri fəaliyyət göstərir, 15482 elektron jurnal təklif edir. Mərkəzi kitabxana çoxlu sayda kolleksiyaya və arxiv materiallarına malikdir, burada mütəmadi olaraq seminar, konfrans, xüsusi kolleksiyalardan ibarət sərgi təşkil edilir, ictimaiyyəti maraqlandıra biləcək tədbirlər hazırlanır.

2009-cu il aprelin 1-dən Naqoya Universitetinin prezidenti professor Miçinari Hamaquçi, vitse-prezidentləri isə professorlar Takaşi Miyata, Haruo Saburi, Hiroyuki Sugiyama, İtiro Yamomoto və Ryoiçi Fudzidir. Universitetin idarəetməsinə Administrasiya bürosu, Təşkilatların inzibati dəstəyi, Nəzarət Ofisi, Texniki Mərkəzi daxildir. Universitetdə ümumilikdə 3223 nəfər işçi çalışır.

Naqoya Universitetinin tələbələrinin ümumi sayı 15948 nəfərdir. Onların 9758 nəfərini bakalavr, 6190 nəfərini isə magistrant və doktorantlar təşkil edirlər. Universitet tələbələrinin əksəriyyəti Tokay regionundan olsa da, dünyanın bütün yerlərindən olan gənclər də qeydə alınıblar. Əcnəbi tələbələr, əsasən, Çin, Koreya, Tayvan, İndoneziya, Vyetnam, Malayziya, Kamboca, Özbəkistan və s. ölkələrdəndir.

Naqoya Universitetində əcnəbi tələbələr üçün bir neçə yataqxana fəaliyyət göstərir. Bunlar Beynəlxalq Ev (ayda 5900-14200 yen), Hiqasiyama (ayda 5900-11900 yen), Ohmeykan Evi (ayda 4700 yen), Yamate (ayda 21000 yen), İşida Memorial Beynəlxalq Myoken (ayda 21000 yen) yataqxanalarıdır. Yataqxanalarda qalmaq müddəti 6 aydır. Əcnəbi tədqiqatçılar və əməkdaşlar üçün universitetin Hiqasiyama (ayda 18627-29996 yen), Hiqasiyama kəndi (ayda 58000-64000 yen), Noyori (ayda 54000-96000 yen), İdaka-ço (ayda 8648 yen), Dayko kəndi (ayda 52000 yen), Yakumo kəndi (ayda 60000 yen) mövcuddur. Bu yataqxanalarda qalmaq müddəti 1 aydan 1 ilədək ola bilər. Otaqların hər biri mebel, kondisioner, soyuducu, mikrodalğalı soba, qabyuyan və paltaryuyan maşınlarla təchiz olunub.

Son illər dünyada baş vermiş sosial böhran universitetlər və elmi-tədqiqat mərkəzlərindən də yan keçməyib. Lakin bütün çətinliklərə baxmayaraq universitetlər inkişaf etməli, insan resurslarını artırmalı, tədqiqatları davam etdirməlidir. Bu gün Naqoya Universiteti də zəngin təcrübəsi, dərin biliyə malik işçi heyəti, tanınmış əməkdaşları ilə fəxr edir. Universitetin prezidenti professor Miçinari Hamaquçi rəhbəri olduğu təhsil müəssisəsi haqqında bu ifadələrə imza atır:

"Həyat qüvvəmiz və əsas missiyamız ilə birgə bütün çətinlikləri dəf etməyimizə əminik. Nəhəng və bütün sahələri əhatə edən universitet kimi biz Yaponiyanın gələcəyi və gəncliyimizin rifahı üçün məsuliyyət daşıyırıq. Mütəmadi dəyişən sosial həyatın tələblərinə cavab verən, hər bir sahəni əhatə edən, yaradıcı, bacarıqlı tələbələr yetişdirmək universitetimizin əsas missiyasıdır. Biz dinamik və azad akademik mühit, ciddi universitet nizamnaməsi ilə fəxr edirik. 4 əməkdaşımız Nobel mükafatına layiq görülüb. Biz beynəlxalq tədqiqatlara yol açan tədqiqat mühitinin modernləşdirilməsi üzrə işlər aparmalı, əməkdaşların iş şəraitini daha effektli təşkil etməli və maliyyə işlərini daha da təkmilləşdirməliyik. Təbii resurslara malik olmayan Yaponiyada yüksək ixtisaslaşmış işçi qüvvəsi, mütəxəssisləşmiş insan resursları vardır. Biz gənclərimizə beynəlxalq yanaşmanı aşılamalı, beynəlxalq əməkdaşlıq və sülhyaratma prinsiplərini öyrətməliyik".

Bu gün Naqoya Universiteti tələbələrə verdiyi mükəmməl təhsili ilə yeni era açmaq, elmin inkişafına öz töhfələrini vermək, dünyanın ən tanınmış və tələb olunan ali məktəbinə çevrilmək arzusundadır.

2010-2011-ci tədris ilində Naqoya Universitetinin dövlət tərəfindən ayrılan vəsaitlər və daxili imkanlar hesabına (əsasən, tələbələrin təhsil haqqından) əldə etdiyi gəlirlər ümumilikdə 96684000000 yen olub. Ali məktəbin xərcləri ötən tədris ilində 92063000000 yen təşkil etmişdir. Həmin tədris ilində büdcə vəsaitinin böyük hissəsi, təxminən, 60%-i universitetin elmi potensialının artırılmasına və elmi tədqiqatların aparılmasına sərf edilmişdir.

2010-2011-ci tədris ilində universitetdə təhsil haqqı ildə 535800 yen təşkil etmişdir. Tələbənin oxuduğu məktəbdən, seçdiyi ixtisasdan asılı olaraq təhsil haqqı dəyişə bilər.

Böyük Britaniyanın "Times Higher Education Supplement - QS World Universities Rankings" jurnalının 2009-cu ildə apardığı dünya universitetlərinin reytinqinə əsasən, Naqoya Universiteti 100 ən yaxşı ali məktəb arasında 92-ci yerdə olmuşdur.

"QS World University Rankings"in 2010-cu il üzrə dünyanın ən nüfuzlu universitetləri arasında apardığı araşdırmaya əsasən, Naqoya Universiteti 91-ci, 2011-2012-ci tədris ili üçün açıqladığı reytinq cədvəlinə əsasən isə 80-ci yerə layiq görülmüşdür.

"Academic Ranking of World Universities"dəki yeri:[1]
2003[2] 2004[3] 2005[4] 2006[5] 2007[6] 2008[7] 2009[8] 2010[9] 2011[10] 2012[11] 2013[12] 2014[13] 2015[14]
68 97 101-152 98 94 101-151 82 79 94 96 101-150 101-150 77

Məşhur məzunları

[redaktə | mənbəni redaktə et]

Buranın məzunu olan məşhurlardan misal olaraq aşağıdakıların adlarını çəkmək olar:

  1. "ARWU - Nagoya University". Shanghai Ranking Consultancy. 2015. 2015-08-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 26 avqust 2015.
  2. "Academic Ranking of World Universities 2003". 2015-04-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-08-26.
  3. "Academic Ranking of World Universities 2004". 2015-09-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-08-26.
  4. "Academic Ranking of World Universities 2005". 2015-04-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-08-26.
  5. "Academic Ranking of World Universities 2006". 2015-09-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-08-26.
  6. "Academic Ranking of World Universities 2007". 2015-04-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-08-26.
  7. "Academic Ranking of World Universities 2008". 2015-09-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-08-26.
  8. "Academic Ranking of World Universities 2009". 2015-04-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-08-26.
  9. "Academic Ranking of World Universities 2010". 2015-12-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-08-26.
  10. "Academic Ranking of World Universities 2011". 2011-08-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-08-26.
  11. "Academic Ranking of World Universities 2012". 2013-04-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-08-26.
  12. "Academic Ranking of World Universities 2013". 2019-03-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-08-26.
  13. "Academic Ranking of World Universities 2014". 2015-01-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-08-26.
  14. "Academic Ranking of World Universities 2015". 2015-10-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-08-26.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]