Səyyad İbrahimov
Səyyad İbrahimov | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Şəki, Azərbaycan SSR |
Vəfat tarixi | (80 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Elm sahələri | neft, qaz |
Elmi dərəcəsi | texnika elmləri namizədi |
İş yeri | Azərbaycan Respublikası Dövlət Neft Şirkəti |
Təhsili | |
Mükafatları |
|
Səyyad Cabbar oğlu İbrahimov (27 avqust 1936, Nuxa – 17 dekabr 2016, Bakı[1]) — azərbaycanlı neftçi-alim, Azərbaycan neft sənayesinin nümayəndəsi, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin I vitse-prezidenti (1994–1997).[2], Azərbaycan SSR əməkdar mühəndisi (1991). Səyyad İbrahimov texnika elmləri namizədi alimlik dərəcəsini almış (1992), 20 elmi məqalənin və 17 ixtiranın müəllifi (istehsalat proseslərinin təkmilləşdirilməsi və səmərələşdirilməsi) olmuşdur.
Həyatı
[redaktə | mənbəni redaktə et]Səyyad Cabbar oğlu İbrahimov 1936-cı ildə Şəki şəhərində ziyalı ailəsində anadan olmuşdur. Səyyad İbrahimov 1954-cü ildə orta məktəbi qızıl medalla bitirərək Azərbaycan Sənaye İnstitutunun neft-mexanika fakültəsinə daxil olur. 1959-cu ildə institutu fərqlənmə diplomu ilə bitirərək təyinatını Neft Daşlarına alır və həyatının növbəti 32 ilini bura həsr edir.[3]
Əmək fəaliyyəti
[redaktə | mənbəni redaktə et]Əmək fəaliyyətinə Neft Daşlarından başlayan Səyyad İbrahimov 1959–1972-ci illərdə burada çilingər, mexanik, böyük mexanik, neft-qazçıxarma ustası, mədən müdrinin müavini, mədən müdiri, 1979–1980-ci illərdə Neft Daşları Neft Qaz Çıxarma İdarəsinin (NQÇİ) baş mühəndisi, 1980–1991-ci illərdə isə Neft Daşları NQÇİ-nin rəisi kimi çalışmışdır.[4] Səyyad İbrahimov Neft Daşlarının dünya miqyasında şöhrətlənməsində neft mütəxəssisi və istehsalat təşkilatçısı kimi xidmət göstərmişdir. Bəxtiyar Məmmədov, Bəhmən Hacıyev, Qurban Abbasov kimi şəxslərdən sonra Neft Daşlarına rəhbərlik etmişdir. Onun rəhbərlik etdiyi 11 il ərzində Neft Daşları neft sənayesinin öncülü olaraq qaldı. Belə ki, bu dövrdə:
- mövcud 11 ədəd neftyığma məntəqəsi yeni üç iriləşdirilmiş neftyığma məntəqəsi ilə əvəz edilmiş,
- iriləşdirilmiş separasiya qurğuları tikilmiş,
- 1 saylı sıxıcı kompressor stansiyası genişləndirilmiş,
- yeni helikopter meydançası tikilmiş,
- Neft Daşlarından sahilə — Dübəndi neftyığma məntəqəsinə iki sualtı neft kəməri çəkilmiş,
- analoqu olmayan gücü 48 Mvt olan qaztrubinli elektrik stansiyasının tikilməsi və s. bu kimi yenidənqurma və bərpa işləri Səyyad İbrahimovun rəhbərliyi altında reallaşmışdır.
Dünya təcrübəsində ilk dəfə olaraq açıq dənizdə Neft Daşları yatağında neft vermə əmsalının 50%-dən çox olmasında S.İbrahimovun əməyi olmuşdur. Neft Daşlarında iki horizontu bir quyu ilə birgə istismar metodunun tətbiqini də məhz Səyyad İbrahimovun briqadası həyata keçirmişdir.
1992-ci ildə namizədlik dissertasiyasını müdafiə etmiş və texnika elmləri namizədi alimlik dərəcəsini almışdır. İxtiralara görə 9 müəlliflik şəhadətnaməsi alıb. Bunlara misal olaraq "Quraşdırma klapanları", "Qazlift qaldırmaları olan quyularda buraxıcı klapanların hansı dərinlikdə qoyulmasını təyin edən üsul" və digər ixtiraları göstərmək olar.
1992–1994-cü illərdə Səyyad İbrahimov "28 Aprel" (Günəşli yatağı) Neft-qazçıxarma İdarəsinin rəisi vəzifəsində çalışmışdır. Yatağın mənimsənilməsində, işlənilməsində, hasilatın yığılması və sahilə nəql olunmasında Səyyad İbrahimovun böyük rolu olmuşdur. Belə ki, "Günəşli"də neft və qaz itkisinin qarşısının alınmasına yönəldilmiş texniki-texnoloji tədbirlər Səyyadın rəhbərliyi altında həyata keçirildi. Amerikanın "Pennzoil" şirkəti ilə birlikdə açıq dənizdə Neft Daşlarında 2 saylı kompressor stansiyası tikildi. Bunun nəticəsi olaraq əvvəllər "Günəşli" yatağında gündə atmosferə atılan 3–3.5 milyon kubmetr qaz sahilə, Azərbaycanın qazla təminat sisteminə nəql olundu.[5] Həmçinin onu da qeyd etmək lazimdir ki, məhz bu dövrdə artıq Amerikanın "Pennzoil" və Böyük Britaniyanın "Ramco" şirkətləri bu yatağın dayazsulu hissəsinin birgə işlənməsi ilə bağlı Azərbaycan hökuməti ilə danışıqlara başlamışdılar.[6]
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 29 yanvar 1994-cü il tarixli sərəncamına əsasən Sayad Cabbar oğlu İbrahimov Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti təyin edildi.[2] Məhz bu dövrdə Azəri, Çıraq, Günəşli yataqlarının birgə işlənməsi və neft Hasilatının Pay Bölgüsü haqqında Sazişin (HPBS) imzalanması üzrə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və altı xarici ölkəni təmsil edən 11 beynəlxalq neft şirkəti arasında danışıqlar özünün ən vacib mərhələsində idi. Xoşbəxt Yusifzadə, Əhməd Zeynalov kimi neftçilər ilə birgə işçi qrupunun tərkibində olan Səyyad Cabbar oğlu ABŞ-da, İngiltərədə, Norveçdə və s. ölkələrdə xidməti səfərlərdə olmuşdur. Belə ki, işçi qrupunun gərgin əməyi nəticəsidə sazişin bütün detalları razılaşdırılaraq 20 sentyabr 1994-cü ildə HPBS imzalanmışdır.[7] Bu, Azərbaycanın dənizdə işlənmələr üzrə birinci HPBS-idir. Müddəti 30 il olan bu HPBS qərb transmilli şirkətləri tərəfindən keçmiş Sovet İttifaqı respublikalarına yatırılan ilk mühüm sərmayə qoyuluşunu təmsil edir və Əsrin Müqaviləsi kimi tanınmışdır.[6]
Azərbaycan Respublikasının müstəqilliyinin ilk illərində yuxarıda qeyd olunan aparıcı vəzifələrdə çalışmış Səyyad İbrahimov Azərbaycanın neft sənayesinin inkişafında rolu olmuşdur. Bu əsasla ona bir sıra mükafatlar verilmiş və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı əsasında Azərbaycan Prezidentinin fərdi təqüdçüsü layiq görülmüşdür.
Səyyad İbrahimov 20 elmi məqalənin və 17 ixtiranın müəllifidir.
Həmçinin qeyd etmək lazımdır ki, Səyyad İbrahimov 1991-ci ildə çəkilən "Qara daşların sakinləri" adlı sənədli qısametrajlı filmində məsləhətçi qismində çıxış edib.[8]
Xatirəsi
[redaktə | mənbəni redaktə et]Səyyad İbrahimovun azərbaycanlı netfçilərdən Sabit Orucovu, Bəxtiyar Məmmədovu, Bəhmən Hacıyevi, Qurban Abbasovu, Xoşbəxt Yusifzadə və başqaları ilə sıx bağlılığı olmuşdur. Belə ki, Səyyad İbrahimov dəfələrlə Bəxtiyar Məmmədov haqqında xatirə və fikirlərini bölüşmüşdür. Həm tələbəlik illərində, həm də Neft Daşlarında işlədiyi zaman Səyyad İbrahimov neftçi Bəxtiyarın onun ən yaxın məsləhətçisi və mənəvi dayağı olduğunu söyləyirdi. Lenin mükafatı laureatı olan və Neft Daşlarına rəhbərlik etmiş Bəhmən Hacıyevin dəstəyi və təşəbbüsü ilə Səyyad İbrahimov böyük mühəndis və mədən müdrinin müavini vəzifələrinə irəli çəkilmişdir.[9]
Azərbaycanın Xalq şairi Fikrət Qocanın Səyyad İbrahimova ünvanladığı şeirdən bir parça;
Sən də indi dənizdəsən, Səyyad |
Mükafatları
[redaktə | mənbəni redaktə et]- "Şərəf nişanı" ordeni
- "Rəşadətli əməyə görə" medalı
- Respublika Ali Sovetinin Fəxri fərmanı
- SSRİ neft sənayesi əlaçısı Fəxri fərmanı
- Azərbaycan SSR əməkdar mühəndisi (29 yanvar 1991)[10][11]
- Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü (2009)[12]
Xeyriyyəçilik fəaliyyəti
[redaktə | mənbəni redaktə et]SSRİ-nin dağılma ərəfəsində Qarabağda ermənilərin separatizm və işğalçılıq üzrə planları baş qaldırırdı. Yaranmış vəziyyətlə bağlı Neft Daşları Qarabağın Cəmilli kəndini himayəyə götürmüşdü. Səyyad İbrahimovun səyləri nəticəsində kəndin uçmaqda olan məktəbi təmir olundu və bir sıra şəxslər işə qəbul olundu. O, kəndə su çəkilişini təmin etdi. Özü dəfələrlə kəndə baş çəkmişdi. Kənd camaatı kəndə çəkilən bulağın adını "Səyyad bulağı" adlandırmışdır.
S.İbrahimov Şəki rayonu Baş Layısqı kəndində məscidin tikilişinə nail olmuşdur. Məscid Şeyx Nurullah Əfəndi ziyarətinin həyətində tikilib. Şeyx Nurulla Əfəndi Səyyad İbrahimovun ulu babası olub. Bura ziyarətə yaxın kəndlərdən insanların gəldiyini görən Səyyad İbrahimov burada bünövrəsi qalan, lakin Sovetlər dövründə Qızıl Ordu tərəfindən sökülən məscidin yenidən tikilməsinə qərar verir və qısa zamanda onun səyləri nəticəsində məscid yenidən tikilir.[13]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "SOCAR-ın sabiq birinci vitse-prezidenti vəfat etdi". 2019-12-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-11.
- ↑ 1 2 "Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2019-12-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-11.
- ↑ Haciyev, Vahid. Tufanlardan keçən ömür. Bakı: Ağrıdağ. 1999.
- ↑ "Neft və qaz sənayesi işçilərinə Azərbaycan SSR fəxri adlarının verilməsi haqqında". 2018-09-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-11.
- ↑ "Нефтяная компания Ramco хочет вернуться в Азербайджан". 2019-12-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-11.
- ↑ 1 2 "Chronology of AIOC Oil Contract". 2020-08-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-11.
- ↑ "Xəzər dənizinin Azərbaycan sektorunda Azəri, Çıraq yataqlarının və Günəşli yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş" (PDF). 2019-12-11 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2019-12-11.
- ↑ Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 352.
- ↑ Bayramov, Bayram. Neft Daşları - tufanlar qoynunda həyat. Bakı: Təhsil. 2007. 252.
- ↑ "Azərbaycan Sovet Sosialist Respublikası Prezidentinin Fərmanı". 2018-09-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-11.
- ↑ "Azərbaycan Sovet Sosialist Respublikası Prezidentinin Fərmanı Bakı şəhəri, 29 yanvar 1991-ci il. №148". 2019-12-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-11.
- ↑ "Azərbaycan Prezidenti "Neft Daşlari" yatağinin 60 illik yubileyi ilə əlaqədar azərbaycan respublikasi dövlət neft şirkəti işçilərinin təltif edilməsi haqqinda sərəncam imzalayıb". 2020-10-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-11.
- ↑ "Seyx Nurullah Əfəndi Ziyarəti". 2021-02-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-11.
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Haciyev, Vahid. Tufanlardan keçən ömür. Bakı: Ağrıdağ. 1999.
- Bayramov, Bayram. Neft Daşları - tufanlar qoynunda həyat. Bakı: Təhsil. 2007. 252.
- 27 avqustda doğulanlar
- 1936-cı ildə doğulanlar
- 80 yaşında vəfat edənlər
- 17 dekabrda vəfat edənlər
- 2016-cı ildə vəfat edənlər
- Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin məzunları
- Azərbaycan SSR əməkdar mühəndisləri
- "Şərəf nişanı" ordeni ilə təltif edilənlər
- "Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı ilə təltif edilənlər
- Əlifba sırasına görə alimlər
- Şəkidə doğulanlar
- Bakıda vəfat edənlər
- Azərbaycan neftçiləri
- Azərbaycan alimləri
- Azərbaycanlı alimlər
- Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidentləri
- Texnika elmləri namizədləri