Tahir Cəfərli
Tahir Cəfərli | |
---|---|
Cəfərli Tahir Barat oğlu | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı | SSRİ |
Elmi dərəcəsi | Tibb elmləri namizədi |
İş yeri | “Doktor Vizus” Tibbi Oftalmoloji Mərkəzi |
Mükafatları | "I dərəcəli Hippokrat ordeni" |
Tahir Cəfərli (Cəfərli Tahir Barat oğlu; 24 mart 1970, Bakı) — Rusiya alimi və həkimi; Tibb elmləri namizədi. “Doktor Vizus” Tibbi Oftalmoloji Mərkəzin baş həkimi. "I dərəcəli Hippokrat ordeni" laureatı.
Həyatı
[redaktə | mənbəni redaktə et]Cəfərli Tahir Barat oğlu 1970-ci il martın 24-də Bakıda anadan olub. 1986-cı ildə 223 nömrəli orta məktəbi bitirib, N.İ.Piroqov adına 2-ci Moskva Dövlət Tibb İnstitutunun müalicə fakültəsinə qəbul olunub. Göz xəstəlikləri kafedrası yanında elmi dərnəkdə fəal iştirak edib, tələbə elmi konfranslarında daim çıxış edib, Lenin ordenli 2-ci Moskva Dövlət Tibb İnstitutunun həvəsləndirici diplom və fərmanları ilə təltif olunub.
T.Cəfərli 1993-cü ildə Rusiya Dövlət Tibb Universitetinin (Moskva) müalicə fakültəsini əla qiymətlərlə bitirib. 1993-1995-ci illərdə Rusiya Dövlət Tibb Universitetinin göz xəstəlikləri kafedrasında klinik ordinaturada “göz xəstəlikləri” ixtisası üzrə təhsil alıb. 1995-ci ildə həmin kafedrada da “göz xəstəlikləri” ixtisası üzrə aspiranturada oxuyub.
T.Cəfərli 1993-1995-ci illərdə paralel olaraq Rusiya Dövlət Tibb Universitetinin normal anatomiya kafedrasının tədris laboratoriyasının müdiri işləyib. 1995-ci ildə “Buynuz qişası regenerasiyasının yeni stimulyatoru - 2 faizli betamesil mazı gözün ön şöbəsi xəstəliklərinin müalicəsində” mövzusunda dissertasiya müdafiə edib. Elə həmin il ona tibb elmləri namizədi elmi dərəcəsi verilib.[1]
1995-ci ildən bu günədək N.İ.Piroqov adına Rusiya Milli Tədqiqat Tibb Universitetinin göz xəstəlikləri kafedrasının böyük elmi işçisidir, 1997-ci ildən isə “Oko-Eksimer” (“Doktor Vizus”) Görmə Korreksiyası Tibbi Oftalmoloji Mərkəzin baş həkimidir. “Doktor Vizus” Oftalmoloji Mərkəzi Moskva Oftalmoloji Klinik Xəstəxanasının bazasında yerləşir. “Doktor Vizus” Mərkəzi Rusiya Diplomdansonrakı Təhsil Tibb Akademiyası tərəfindən himayə olunur.
T.Cəfərli tərəfindən görmə orqanının müxtəlif patologiyalarında 30 mindən çox unikal lazer əməliyyatı aparılıb. Qlaukoma və yüksək ambliopiyanın müəllif müalicə metodu hazırlanıb, RF-nin 6 patenti, şəhər səhiyyəsi üçün sosial proqramların və texnologiyaların hazırlanmasında iştirakına görə Moskva Hökumətinin 2 qrantı əldə edilib.
Onun rəhbərliyi ilə “Doktor Vizus” Tibb Mərkəzi Moskvanın aparıcı oftalmoloji müəssisələrindən birinə çevrilib.
T.Cəfərli Rusiya Dövlət Tibb Universiteti və Rusiya Diplomdansonrakı Tibb Akademiyasının göz xəstəlikləri kafedralarında tələbələr və kursantlarla aktiv pedaqoji iş aparır.
Təltif və mükafatları
[redaktə | mənbəni redaktə et]O, I dərəcəli Hippokrat ordeni, “Sankt-Peterburqun 300 illiyi şərəfinə” yubiley medalı, “Admiral N.Q.Kuznetsovun 100 illiyi” yubiley medalı, RF Prezidenti və Moskva Hökumətinin fəxri fərmanları, RF FTB və Müdafiə Nazirliyinin, Rusiya Dövlət Tibb Universitetinin və Rusiya Tibb-Texnika Elmləri Akademiyasının fərmanları ilə təltif edilib.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Bağıyeva, Mətanət. Xaricdə yaşayan azərbaycanlılar. Qısa bioqrafik məlumat kitabçası (PDF) (az.). Bakı: "Papirus NP". 2016. ISBN 978-9952-8299-1-4. 2017-10-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-10-21.