Tetradium

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Tetradium
Elmi təsnifat
Beynəlxalq elmi adı

Tetradium (lat. Tetradium) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sədokimilər fəsiləsinə aid bitki cinsi.

Əsasən tropik Şərqi Asiya iqlim zonasında yayılıb.

Botaniki xarakteristikası

[redaktə | mənbəni redaktə et]

İngilisdilli ölkələrdə bu bitki "Euodia", "Evodia" və ya "Arı ağacı" kimi tanınır. Tetradium cinsi həmçinin Melicope cinsi ilə sıx əlaqəli olmaqla bəzən onun tərkibinə daxil edilir. Bəzi hallarda Melicope elleryana Evodia və ya Euodia adlanır.

İqlimə və torpağa tələbləri

[redaktə | mənbəni redaktə et]

Əsasən subtropik və tropik iqlim zonalarda yayıldığı üçün Evodia növləri şaxtaya həssasdır, lakin ağacların böyüməsi və gövdələrin güclənməsi nəticəsində onların soyuğa davamlılığı artır. Şaxtaya davamlılığına görə Evodia növlərinin arasında müxtəlif dərəcədə fərqlər müşahidə olunur. Məsələn, Evodia hupehensis və Evodia danielli növləri şaxtaya daha dözümlüdür və bir sıra Avropa ölkələrinin iqliminə uyğunlaşdığına görə arıçılar tərəfindən geniş istifadə olunur. Lakin Evodia növləri işığa çox tələbkardır, yüksək nəmliyi olan qələvi və çox sıx torpağlara dözümsüzdür.

Ağacların strukturu

[redaktə | mənbəni redaktə et]

Parlaq, cüt lələkvari yarpaqlara malik Tetradium növləri cəlbedici ağaclardır. Tetradium danielli növünün fıstıq ağacına bənzəyən hamar qabıqlı gövdəsi 20 metr hündürlüyə çata bilər. Yarpaq örtüyü göyrüş ağacının yarpaq örtüyünə bənzəyir və yay aylarında parlaq tünd yaşıl rəngə malik olur. Payızda yarpaqların rəngi bir qədər dəyişərək tünd yaşıldan sarı və yaşıl rəngə boyanır.

Çiçəkləmə dövrü və nektar verimi

[redaktə | mənbəni redaktə et]

İyul-avqust aylarında ağac çoxsaylı kiçik ağ salxımşəkilli çiçəklərə bürünür. Çiçəklərin əmələgəlməsi tək-tək bitkilərin çiçəklədiyi dövrə təsadüf edir və buna görə onlara çox yüksək qiymət verilir. Bitki arıçılıq üçün böyük əhəmiyyət kəsb edir, çünki qiymətli nektar mənbəyi olmaqdan başqa, digər nektar bitkilərinin çiçəklənmə dövrünün bitməsi zamanı da çiçəkləyir. Bu dövrdə digər bitkilərdə nektar nisbətən azalır və Evodiya ağacları arılar üçün vacib yem mənbəyinə çevrilir. Evodia çiçəkləri arıları çoxlu sayda cəlb edib qidalandırdığına görə, onlar arıçılar tərəfindən son yay balı mənbəyi sayılır. Belə ki, Macarıstan tədqiqatçılarının XX əsrin ortalarındakı müşahidələrinə əsasən, Evodia henryj iyunun ikinci yarısında, Evodia danielli iyunun sonu, əsasən də iyul ayından etibarən, Evodia hupehensis isə iyulun sonu və avqustun ilk yarısında və hətta sentyabrın ilk günlərində də çiçəkləyir. Bu isə o deməkdir ki, Evodianın müxtəlif növlərini bir sahədə yetişdirməklə nektar yığımını iyun-avqust aylarında fasiləsiz şəkildə aparmaq mümkündür

Toxumların yetişməsi

[redaktə | mənbəni redaktə et]

Avqust-noyabr aylarında çiçək salxımlarında toxumlar yetişir. Toxum örtüyü açıq qırmızı rəngdə olur. Toxumlar yetişdikcə örtüklər aralanır və payız aylarına doğru qara rəngdə parlaq toxumlar formalaşır. Giləmeyvələr açıq qırmızıdan qara rəngə qədər müxtəlif rəng çalarlarına malik olur və quşlar tərəfindən sevilir.

Digər məlumat

[redaktə | mənbəni redaktə et]

Tetradium ağac sortları Aenetus ScottiEndoclita damor, o cümlədən bəzi Lepidoptera həşərat növlərinin sürfələri tərəfindən yem bitkiləri kimi istifadə olunur.

Heterotipik sinonimləri

[redaktə | mənbəni redaktə et]
  • Megabotrya Hance
  • Philagonia Blume