Location via proxy:   [ UP ]  
[Report a bug]   [Manage cookies]                

Bəhreyn

Cənub-qərbi Asiyada suverən dövlət

Bəhreyn (ərəb. البحرين) və ya rəsmi adı ilə Bəhreyn Krallığı (ərəb. مملكة البحرين) — Fars körfəzində yerləşən ada dövlət. Bəhreyn Səudiyyə Ərəbistanından 16 kilometr məsafədə üç nisbətən iri və xeyli kiçik adalarda yerləşir və Ərəbistan yarımadasına Kral Fəhd Körpüsü ilə birləşmişdir. Paytaxtı və ən böyük şəhəri Manama şəhəri, ümumi sahəsi 780 kvadrat kilometrdir. Bəhreyn Asiya qitəsində SinqapurMaldivdən sonra üçüncü ən kiçik dövlətdir. Bu ölkə həm də ən kiçik ərəb dövlətidir.

Bəhreyn
مملكة البحرين
Bayraq Gerb[d]
Bayraq Gerb[d]
بحريننا, Ours. Yours. Bahrain
Himn: Bizim Bəhreyn
Tarixi
 • Əsası qoyulub 17 dekabr 1907
Rəsmi dilləri
Paytaxt Manama -500 min sakin
İdarəetmə forması Konstitusiya Monarxiyası
Kral Həməd bin İsa Əl Xəlifə [ 14.II.2002 ]
Baş Nazir Salman bin Həməd Əl Xəlifə [ 16.VIII.1971 ]
Sahəsi Dünyada 184-cü
 • Ümumi 750 km²
Əhalisi
 • Əhali 1 320 min nəfər (153-cü)
 • Siyahıyaalma (27.IV.2010) 1,234,500[1] nəf.
 • Sıxlıq 1760 nəf./km²
 • Ümumi 39.303.403.989 $[3], 44.390.820.479 $[3]
ÜDM (AQP)
 • Ümumi 61,560 million dollar  (102-ci)
 • Adambaşına 51,400 dollar  (21-ci)
Valyuta Bəhreyn dinarı
İnternet domeni .bh
ISO kodu BH
BOK kodu BRN
Telefon kodu +973
Saat qurşaqları
Nəqliyyatın yönü sağ[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Xəritə
Bəhreyn
Bəhreyn

Bəhreyn haqqında ilk məlumat e.ə. IV–III minilliklərə aid edilir. Qədim mixi kitabələrdə e.ə. IV minilliyə aid "Dəlmun" adlı İkiçayarası (DəcləFərat) ölkələrindən bəhs olunur.[4] Bəhreynin İkiçayarası ölkələri mədəniyyətləri ilə güclü ticari əlaqələri mövcud olmuşdur. Eramızın başlanğıcında Bəhreyn ərəb əmirliyi idi. 4–6-cı əsrlərdə Bəhreyn Sasanilər dövlətinə, sonra isə ərəb xilafətinə daxil edilmişdir.[5] 9-cu əsrin sonunda Bəhreyni Qərmətilər dövləti işğal etmişdir. 10–11-ci əsrlərdə Qərmətilər dövlətinin mərkəzi olmuşdur. 13-cü əsrin ortalarında Bəhreyn istiqlaliyyət qazanmış, lakin tezliklə Hürmüzd əmirliyinə birləşdirilmişdir. 16-cı əsrin əvvəllərində Bəhreyni portuqallar işğal etmiş, 17-ci əsrin birinci rübündə onlar ölkədən qovulduqdan sonra Bəhreyn Səfəvilər dövlətinin tərkibinə daxil edilmişdir.[6] 18-ci əsrin 80-ci illərində azad olan Bəhreyni 1871-ci ildə Böyük Britaniya öz protektoratlığına çevirdi. Birinci Dünya müharibəsi dövründə Bəhreyndə İngiltərənin iri hərbi bazası yaradılmışdır. İran hökuməti Bəhreyni qanunsuz olaraq işğal edilmiş İran ərazisi hesab edirdi. 20-ci illərin sonunda Amerikanın "Bəhreyn petroleum kompani"(BAPKO) neft şirkəti Bəhreynə soxulmağa başladı. ABŞ Böyük Britaniya hökumətinin razılığı ilə 1930-cu ildə Bəhreyn şeyxi ilə müqavilə bağladı. Müqaviləyə görə, ABŞ 69 il müddətinə neft kəşfiyyatı və çıxarılması üzrə konsessiya aldı. İDM dövründə İngiltərə Bəhreynə iri qoşun hissələri göndərdi. 1946-cı ildən Bəhreynin Manama şəhəri İran körfəzində İngiltərə hökumətinin iqamətgahına çevrildi.

1918-ci ildən Bəhreyndə genişlənən milli-azadlıq hərəkatı İDM-dən sonra yenidən vüsət aldı. 1950-ci illərin axırlarından hərəkata Bəhreyn Milli Azadlıq Cəbhəsi (1959-cu ildə yaradılmışdır) rəhbərlik etməyə başladı. Onun rəhbərliyi ilə 1961, 1963, 1965, 1967 və s. illərdə çıxışlar olmuşdur.

1968-ci ildə Bəhreyn, Qətər və Müqaviləli Oman Ərəb Əmirlikləri Federasiyasını yaratdılar. 1971-ci il avqustun 14-də Bəhreyn müstəqil suveren dövlət elan edildi və BMT-nin 26-cı sessiyasında BMT-yə üzv qəbul olundu. 1972-ci ilin martında Bəhreyndə zəhmətkeşlərin kütləvi tətilləri oldu. 1973-cü ilin iyununda Müəssislər Məclisinin hazırladığı konstitusiya qəbul olundu, dekabr ayında isə ilk dəfə Milli Məclisə seçkilər keçirildi. Milli Məclis siyasi partiyaların, həmkarlar ittifaqlarının açıq fəaliyyət göstərməsini, fəhlələrə tətil hüququ verilməsini və ABŞ qoşunlarının ölkədən çıxarılmasını tələb etdiyi üçün 1975-ci il avqustun 26-da əmir Milli Məclisi buraxdı, 50-dən çox demokratik fikirli və sol siyasi xadim həbs edildi.

80-ci illərdə neft sənayesinin inkişafı Bəhreynin çiçəklənməsinə gətirib çıxardı. 1999-cu ilin mart ayında Hamad bin İsa əl-Xəlifə atası İsa bin Səlman əl-Xəlifənin yerinə hakimiyyətə keçdi. Bəhreyn çox böyük dəyişikliklərin şahidi oldu. 1975-ci ildə fəaliyyəti dayandırılan Milli Məclis yenidən fəaliyyətə başladı, qadınlara səsvermə hüququ verildi, siyasi məhbuslar azad edildi. Bu hadisələri Beynəlxalq Amnistiya Təşkilatı Bəhreyndə insan hüquqlarının qorunmasının bariz nümunəsi kimi təsvir etdi. 2002-ci ilin fevralında vətəndaş səsverməsinə əsasən, Bəhreyn krallığa çevrildi. Həmçinin konstitusiya da qüvvədə qaldı.

2011-ci ildə Bəhreyn "Ərəb baharı" adı ilə tanınan iğtişaşlar dalğasının şahidi oldu.[7][8] Nümayişçilər 14 fevralda Lulu rayonunda kral tərəfindən qəbul olunan Milli Əmək Nizamnaməsinə 10 qeydin əlavə edilməsi tələbilə etiraz aksiyası keçirdilər. Bu iğtişaşlara siyasi və iqtisadi islahatların həyata keçirilməsini tələb edən müxalifət rəhbərlik edirdi. 17 fevralda Bəhreyn Təhlükəsizlik qüvvələri bu iğtişaşlara müdaxilə etdi. Bu müdaxilə nəticəsində çoxlu sayda ölən və yaralananlar oldu. 25 fevralda kral Hamad bin İsa 4 naziri vəzifədən uzaqlaşdırdı. Lakin onun bu addımı müxalifəti razı salmadı və iğtişaş və nümayişlər davam etdi. Martın 15-də Bəhreyn hökuməti ölkədə 3aylıq fövqəladə vəziyyət elan etdi. Lakin 1 iyun 2011-ci ildə fövqəladə vəziyyət ləğv olundu.

Coğrafiya

redaktə
  Əsas məqalə: Bəhreyn coğrafiyası

Bəhreyn Krallığı Asiyanın cənub-qərbində Fars körfəzində yerləşən kiçik ada dövlətidir. 3 böyük və çoxlu sayda xırda adalardan ibarətdir. Arxipelaqda ən böyük ada Bəhreyn adasıdır (uzunluğu 55 km (34 mil), eni 18 km (11mil)). Səudiyyə Ərəbistanı Bəhreyn ilə Kral Fəhd körpü yolu vasitəsilə birləşir. Hazırda Bəhreyn-Qətər körpü planı hazırlanır ki, bu plan həyata keçiriləndən sonra Bəhreyn körpüsü dünyanın ən böyük körpüsü olacaqdır. Bəhreyn arxipelağı, əsasən, səhra və quru düzənliklərdən ibarətdir. Ən yüksək nöqtəsi hündürlüyü 122 m. olan Cabal-əd-Duxxan (Tüstü) dağıdır.[9] Bəhreynin sahəsi 765 km-dir. Lakin dənizin torpaqla doldurulması nəticəsində sahəsi bir qədər genişləndirilməkdədir. Bəhreyn arxipelağı 51 adadan ibarətdir. Bəhreyn qərbdən Səudiyyə Ərəbistanı (24 km), cənub-şərqdən Qətərlə (26 km) həmsərhəddir. Ölkə ərazisinin yalnız 1%-ini əkinçilik üçün yararlı torpaqlar təşkil edir. Ərazisinin 92%-ni əhatə edən səhralar quru və toz fırtınaları ilə xarakterikdir. Bəhreynin ən böyük şəhəri özündə bir neçə kəndi birləşdirən paytaxt Manama şəhəridir. Bəhreyn Beynəlxalq Hava limanı Manamanın şərqində yerləşən əl-Muharraq şəhərindədir. Əsas sənaye şəhərləri Sətra (Sətra adasında yerləşir) və Məamir (qədim sənaye şəhəri) şəhərləridir.

Bəhreynin coğrafi və hərbi–strateji mövqeyi əlverişlidir. Dünyanın mikrodövlətlərindən biri hesab edilən Bəhreynin sahəsi 690 kv. km-dir. Bu arxipelaq 33 ada və adacıqdan ibarətdir. Bu adalardan ancaq beşi məskunlaşıb. Ən iri ada olan Bəhreynin uzunluğu 50, eni isə 16 km-dir. Nisbətən digər iri adaları Mühərrək, Sitra, Umm-Nəsən, Umm-əs-Sübhan və Ciddədir. Bəhreyn adası Mühərrək və Sitra adaları ilə torpaq bəndlər vasitəsilə birləşdirilmişdir.[10] 1986-cı ilin noyabrında Bəhreyn adasını Səudiyyə Ərəbistanı ilə birləşdirən Kral Fəhd körpüsü salınmışdır. Asiyada ən uzun (25 km) 7 torpaq bənddən və onları birləşdirən 5 körpüdən ibarət olan həmin yolun su üzərində ümumi uzunluğu 12,5 km-dir.[11] Ən böyük torpaq bəndin uzunluğu 2,3 km-dir.

Torpaq, bitki örtüyü və heyvanat aləmi

redaktə

Bəhreyndə tropik səhra landşaftı vardır. Adalarda qumlu torpaqlar yayılmışdır. Bəhreyn torpaqları çaylardan məhrum, yağıntısı çox az olan, tropik günəşdən qarsalanmışdır. Burada yersltı sularla suvarılan vahələr çoxdur. Səhra rayonlarında quraqlığa davamlı tikanlı kollar, gəvən, yovşan, şoranotu, şoranlıq qamışı, dəvətikanı, yulğun və s. bitir.

Adalarda heyvanat aləmi əsasən səhra quşları, gəmiricilər və sürünənlərdən ibarətdir. Dəniz faunası zəngindir. Burada 400-dən artıq balıq növü vardır. Sahil sularında dəniz tısbağası, mərcan adalarında mirvari mollyusku, xərçəngin müxtəlif növləri çoxdur. Bəhreyndə Əl-Əreyn qoruğu yaradılmışdır.[12]

İqlimi və Daxili suları

redaktə
 
Bəhreyndə çimərlik

Ərəbistan yarımadasının digər ölkələri kimi Bəhreyn də şimal yarımkürəsinin subtropik səhra bölgəsində yerləşir. Buna görə də Bəhreyn təbiəti quraq və isti iqlimə malik olub flora və fauna aləminin yoxsulluğu, daimi axar çaylarının olmaması ilə səciyyələnir. Bəhreyndə iki iqlim mövsümü: may ayından oktyabra kimi isti və quraq keçən yay (iyul–avqust aylarının orta temperaturu 37°S), nisbətən yağmurlu keçən payız (yanvar – may) mövsümlərin dəyişməsi o qədər də hiss olunmur. İran körfəzində yerləşən başqa əmirliklərdən fərqli olaraq Bəhreyndə yay aylarında gecə və gündüz temperaturu arasında fərq 40-dən artıq olmur.[13] Yayda havanın rütubətliliyi yüksək olduğundan adamı taqətdən salan üzücü istilər olur. Yağışlar əsasən dekabr–may aylarında, İran körfəzi üzərindən nisbətən soyuq hava kütlələrinin keçdiyi vaxtlara təsadüf edir. Yağıntı qısa müddətdə leysan şəklində düşür. Orta hesabla adalara ildə 100 –110 mm yağıntı düşür.[14] İl ərzində əsən şimal-qərb küləkləri (ərəblər bunu şimal küləyi adlandırırlar) hərdən o qədər güclü olur ki, İran körfəzində kiçik gəmilərin hərəkətinə çətinlik törədir. Bu küləklər Ərəbistan səhraları üzərindən qumları göyə sovuraraq İran körfəzi tərəfə qovur. Qonşu ərazilərin, o cümlədən adaların üzərini narın toz dumanı bürüyür. Toz dumanının arxasında, hətta Günəş də tutqun görünür. Tozlu isti hava adama şiddətli hərarət gətirir.

Bəhreyndə yerüstü sular olmasa da adalar, xüsusilə Bəhreyn, Mühərrək, Sitra, Umm–Nəsən qrunt suları ilə zəngindir. Adaların əksəriyyətində şirin yeraltı sular səthə çıxır. Həmin suların mənbəyi Ərəbistan yarımadasıdır. Bəhreyn, Mühərrək, Sitra adaları yeraltı sularla daha zəngindir. Bu sular yer səthinə "kuanats" adlandırılan yeraltı kanallar vasitəsilə çıxarılır. Bəhreyn adasında tarixi abidə kimi qorunan kuantslar IV yüzilliyə aid edilir. Neft, metallurgiya və başqa sahələrin inkişafı ilə əlaqədar su qıtlığının qarşısı dəniz suyu təmizləyən qurğuların tikilməsi ilə alınır.[15]

İnzibati bölgü

redaktə

Bəhreyndə ilk bələdiyyə 8üzvdən ibarət Manama bələdiyyəsidir. O, 1919-cu ilin iyul ayında yaradılmışdır. Manama bələdiyyəsi öz növbəsində Ərəb Dünyasında yaradılmış ilk bələdiyyədir. Bələdiyyə seçkiləri hər il keçirilir. Bələdiyyələr yolların təmizlənməsi, mağaza və ticarət məntəqələrinin icarəsi işinə cavabdehdir. Həmçinin 1929-cu ildən etibarən yolların genişləndirilməsi, bazar və yarmarkaların açılması məsələləri də bələdiyyələrin öhdəliyinə verilmişdir. 1958-ci ildən bələdiyyələr suyun saflaçdırılması (təmizlənməsi) planlarını da icra etməyə başladılar. 1960-cı ildə Bəhreyndə bələdiyyələrin sayı 4-ə çatdırıldı: Manama, əl-Hadd, əl-Muharraq, ər-Rifa. Növbəti 30 il ərzində 4 bələdiyyə 12 bələdiyyəyə bölündü. Bunların arasında Hamad və İsa şəhər bələdiyyələrini də göstərmək olar. Bütün bu bələdiyyələr Manama şəhərində yerləşən və üzvləri kral tərəfindən müəyyənləşdirilən Mərkəzi Bələdiyyə Şurasında tabedir.

Bəhreyndə ilk planlı bələdiyyə seçkiləri istiqlaliyyət qazanmazdan öncə, 1971-ci ildə keçirilmiş, daha sonra isə 2002 və 2010-cu illərdə baş tutmuşdur.

Dövlət quruluşu və siyasəti

redaktə

Bəhreyn konstitusiyalı monarxiyadır. 2001-ci ildə keçirilmiş referendumda dövlətin yeni konstitusiyası qəbul olunmuşdur. Bu konstitusiyaya görə 1975-ci ildə buraxılmış parlamentin (Milli Məclis) fəaliyyəti yenidən bərpa olunmuşdur. 1782-ci ildən Bəhreyn əl-Xəlifə sülaləsi tərəfindən idarə olunur. Qanunverici hakimiyyət əmirə və bir palatalı Milli Məclisə məxsusdur. İcraedici hakimiyyət əmirin qardaşının rəhbərlik etdiyi Nazirlər Şurasına məxsusdur. Ölkədə Bəhreynin Xalq Cəbhəsi adlanan bir siyasi partiya fəaliyyət göstərir. Digər siyasi partiya və həmkarlar təşkilatının fəaliyyəti qadağan edilmişdir. Ərəb əmirliklərinin hamısında olduğu kimi, Bəhreyndə də hakimiyyət bir sülalənin əlindədir. Həmin sülaləyə məxsus olan ailələr çox dəbdəbəli həyat tərzi keçirirlər. Bəhreyn özünəməxsus xarici siyasət yeritməyə təşəbbüs göstərir. O, beynəlxalq münasibətlərdə güc işlətməmək barədə müqavilənin bağlanması, bütün dövlətlərlə dinc yanaşı yaşamaq və heç bir dövlətin daxili işlərinə qarışmamaq ideyasını müdafiə edir. Bəhreyn dövləti – BMT, Ərəb Dövlətləri Cəmiyyəti, İslam Konfransı Təşkilatının, başqa beynəlxalq və regional təşkilatların fəaliyyətində iştirak edir. Bəhreynin xarici siyasət mənafeyi əsasən region dövlətləri çərçivəsində uzlaşır. O, öz siyasətini İran körfəzinin başqa Ərəb dövlətləri, ilk növbədə Səudiyyə Ərəbistanı ilə uzlaşdırır. Buna görə də Bəhreyn 1981-ci ildə İran körfəzi Ərəb dövlətlərinin Əməkdaşlıq Şürası adlanan regional təşkilatın yaradılmasının fəal tərəfdarı olmuşdur. Bəhreynlə yanaşı bu təşkilata Qətər, BƏƏ, Küveyt, Oman və Səudiyyə Ərəbistanı da daxil olmuşdur. Şuranın əsas məqsədi siyasi, iqtisadi və digər sahələrdə birgə fəaliyyəti tənzimləməkdir. Əməkdaşlıq Şurası çərçivəsində müxtəlif sahələrə də (sənaye, maliyyə, sığorta, ticarət, nəqliyyat, rabitə və s.) inteqrasiya üzrə birgə komissiyalar yaradılmışdır. Bəhreyn üçün regionla iqtisadi əməkdaşlıq, ölkənin gələcək sənayeləşdirilməsinə və inkişafına təsir edə bilən əsas vasitədir. Bəhreynin kiçik daxili bazarı, onun istehsal etdiyi metallurgiya və neft məhsullarını istehlak etmək qabiliyyətinə qadir deyildir. Əməkdaşlıq Şurası çərçivəsində inteqrasiya isə bu məhsulların satışını asanlaşdıra bilər. Şura tərəfindən qəbul edilən öhdəçilikdən biri də neft sənayesi ilə bağlıdır. Bu öhdəçiliyə əsasən, Şuranın üzvü olan hər hansı ölkədə bu və ya digər səbəblər üzündən neft hasilatı dayandırılarsa, digər üzvlər ona köməklik göstərməlidirlər. Bu da tamamilə Bəhreynin xeyrinədir.

Bəhreynin hakim dairələri Şura çərçivəsində vahid infrastrukturun, ümumi bazarın, hərbi qüvvələrin uzlaşdırılmasının zəruri olduğunu bildirirlər. Həm də mədəniyyət və təhsil sahəsində sıx əməkdaşlığın yaradılması nəzərdə tutulur.

Əməkdaşlıq Şurasının digər üzvləri kimi Bəhreyn də işğal edilmiş bütün Ərəb torpaqlarından İsrail qoşunlarının tam çıxarılmasını, paytaxtı əl-Qüds (Yerusəlim) olmaqla müstəqil Fələstin Ərəb dövlətinin yaradılması və Fələstin xalqının yeganə qanunu nümayəndəsi Fələstin Azadlıq Təşkilatının hüququnun saxlanılmasını tələb edir. Əməkdaşlıq Şurasının fəaliyyəti Bəhreynin xarici siyasətinə əhəmiyyətli dərəcədə təsir edir və Bəhreyn bir qayda olaraq onun qərarlarına tabe olur. Son vaxtlar Bəhreyn – ABŞ münasibətləri güclənir. 1949-cu ildən etibarən Bəhreyn ABŞ-nin İran körfəzi bölgəsində yerləşdirdiyi hərbi qüvvələrin labüdlüyünü qəbul edir. Birləşmiş Ştatların 5-ci hərbi dəniz donanmasının bir qisminin əsas baza kimi Bəhreyndə yerləşdirilməsinə icazə verilmişdir. İraq – Küveyt müharibəsindən sonra 1990-cı ilin avqustunda Bəhreyn hökuməti amerkalıların adalarda hərbi hava qüvvəllərinin bazalarını yaratmağa icazə verdi. Manama ilə Vaşinqton arasında birgə müdafiə barədə bağlanmış sazişə əsasən hər ikisi birgə hərbi təlimlər keçirilməklə yanaşı regionda hərbi-siyasi vəziyyətin gərgin hallarında isə ABŞ-na icazə verilir ki, buraya əlavə silah və qoşun hissələri gətirsin. Bəhreyn dövləti ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlər 1996-cı ilin 6 noyabrında yaradılmışdır. Dövlətin milli bayramı onun müstəqillik günüdür (16 dekabr 1971).

İqtisadiyyatı

redaktə
  Əsas məqalə: Bəhreyn iqtisadiyyatı

BMT və Qərbi Asiyanın İqtisadi və İctimai Komitəsinin 2006-cı ilin yanvar ayına olan hesabatına görə Bəhreyn Ərəb Dünyasında sürətlə inkişaf edən iqtisadiyyata malikdir. Həmçinin Bəhreyn Yaxın Şərqdə azad iqtisadiyyata yer verən ən qabaqcıl ölkədir və İqtisadi Azadlıq İndeksinin 2011-ci ilə məxsus siyahısında 12-ci yerdədir.

2008-ci ildə Bəhreyn Londonda Qlobal Maliyyə Mərkəzləri İndeksi tərəfindən "dünyanın ən sürətli maliyyə mərkəzi" adlandırılmışdır. Bəhreyndə maliyyə və bank sektoru, xüsusilə də İslam bankçılığı geniş inkişaf etmişdir. Sənayenin əsasını təşkil edən neft gəlirləri ixracatın 60%-ni və hökumət gəlirlərinin 70%-ni, ÜDM-un 11%-ni təşkil edir. Neftdən sonra ən çox istehsal olunan məhsul aliminiumdur. Neftin qiymətinin xüsusilə də Körfəz böhranı zamanı artması Bəhreynin regionda iqtisadi rolunun daha da artmasına səbəb olmuşdur. Bəhreyn bir neçə böyük sənaye layihələri əsasında çoxmillətli koorparasiyaların və gəlirlərin vətənidir. Bəhreyn iqtisadiyyatı get-gedə artan əhalinin tələbatını ödəyə bilmək üçün idxalata əsaslanır. Ətə olan tələbat Avstraliyadan idxal olunan məhsul hesabına ödənilir. Meyvəyə olan tələbatın 75%-i xaricdən gətirilir. Əkin üçün yararlı torpaqların cəmi 2,9%-i becərilir. Kənd təsərrüfatı ÜDM-un yalnız 0,5%-ini təşkil edir. 2004-cü ildə ABŞ və Bəhreyn arasında azad ticarət müqaviləsi imzalanmışdır. Ümumdünya maliyyə böhranı və Ərəb Dünyasında baş verən son hadisələr nəticəsində iqtisadi artım tempi 2,2% aşağı düşmüşdür. Bu isə 1994-cü ilin göstəricisinə yaxındır.

İşsizlik, xüsusilə, gənclər arasında üstünlük təşkil edir. 2008-ci ildə işsizlik 4% təşkil edirdi ki, işsizlərin də 85%-i qadınlar idi. 2007-ci ildə Bəhreyn hökuməti əmək naziri dr. Məcid ələvinin layihəsi əsasında işsizlərə yardım etmək məqsədilə bir sıra əmək islahatları həyata keçirmişdir.

Təbii ehtiyatlar

redaktə

Bəhreynin təbii sərvətləri içərisində nisbətən gözə gəlimlisi təbii qaz və neftdir. Ehtiyatı 210 mlrd. kubmetr olan təbii qaz yataqları həm quruda, həm də körfəzin dibində aşkar edilmişdir. Təbii qaz ilə müqayisədə neft ehtiyatı tükənmək üzrədir (ehtiyatı cəmi 14 mln. tondur). Digər faydalı qazıntıların (gips, əhəngdaşı, gil və s.) ehtiyatı az olduğundan sənaye əhəmiyyətinə malik deyillər. Mirvari ehtiyatı arxipelaqın şimalında və şərqində 10–12 metr dərinlikdə yerləşir.

  Əsas məqalə: Bəhreyn əhalisi

Bəhreyndə əhalinin siyahıyaalınması işləri 1941-ci ildən aparılır. Əvvəllər burada təbii artım zəif olsa da sonralar neft və digər sənaye sahələrinin inkişafı ilə əlaqədar başqa ölkələrdən gələn mühacirlərin hesabına təbii artım yüksəlmişdir. Bəhreyn arxipelaqlarında insan izinə eramızdan əvvəl III minillikdə rast gəlindiyi ehtimal olunur. Ərəb tayfaları orta əsrlərdə qonşu ölkələrdən buraya axın etmişdir. Əhalinin əksəriyyətini ərəblər, az hissəsini isə Hindistan, Pakistan və İngiltərədən gələnlər təşkil edir. Əhalinin böyük hissəsi Mühərrək adasının cənubunda cəmlənmişdir.[16]

Bəhreyndə müsəlmanlar 85 % təşkil edirlər. Yarıdan çoxu şiələr, qalanı sünnülərdir. Şiələr bəzi ərəblər və farslardır. Şiələr arasında ismaililər (pakistanlılar və farsların bir hissəsi) rast gəlir. Bəhreyn sünnüləri əsasən maliki məzhəblidirlər, digər tərəfdən kiçik qrup halında Səudiyyə Ərəbistanıdan gələn sələfilər də vardır. Sünnü məzhəbinə həm də Pakistandan gəlib orada yaşayanlar da etiqad edir. Sünnü və şiələr ayrı-ayrı kəndlərdə, şəhərlərdə isə xüsusi kvartallarda yaşayırlar. Xristianlar əhalinin 7 faizini (26 min nəfər) təşkil edir. Onların böyük hissəsi ölkədə yaşayan ingilis və amerikanlardır. Az sayda induistlər (əsasən Hindistandan gələnlərdir) və iudaistlər vardır.

Həmçinin bax

redaktə

İstinadlar

redaktə
  1. "Bahraini Census 2010 – تعداد السكــان العام للبحريــن 2010". 2018-07-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-09-02.
  2. 2 // Constitution of Bahrain.
  3. 1 2 https://data.worldbank.org/indicator/NY.GDP.MKTP.CD. Dünya Bankı.
  4. "Qal'at al-Bahrain – Ancient Harbour and Capital of Dilmun". UNESCO. 2012-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 sentyabr 2017.
  5. Hoyland, Robert G. Arabia and the Arabs: From the Bronze Age to the Coming of Islam. Routledge. 2001. səh. 28. ISBN 978-0-415-19535-5.
  6. Cole, p. 186
  7. "Bahrain declares state of emergency after unrest". Reuters. 15 mart 2011. 2012-10-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2 sentyabr 2017.
  8. "Report of the Bahrain Independent Commission of Inquiry". BICI. 2017-12-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-02.
  9. "Bahrain Geography and Population". countrystudies.us. 2016-11-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 sentyabr 2017.
  10. Al A'Ali, Mohammed. "Seaview blow for Manama". Gulf Daily News. 18 mart 2012. 4 oktyabr 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 sentyabr 2017.
  11. "Passenger Statistics". King Fahd Causeway Authority. 2013-01-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2 sentyabr 2017.
  12. Cabir Məmmədov, Həbibə Soltanova, Ərəb ölkələrinin coğrafiyası, s.23
  13. Hasanean, H.M. "Middle East Meteorology". International Pacific Research Center. İstifadə tarixi: 2 sentyabr 2017.[ölü keçid]
  14. "Bahrain Weather". Bahrain Weather. 2012-10-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-09-02.
  15. Cabir Məmmədov, Həbibə Soltanova, Ərəb ölkələrinin coğrafiyası, s.22
  16. Cabir Məmmədov, Həbibə Soltanova, Ərəb ölkələrinin coğrafiyası, s.25