Apatit
Apatit | |
---|---|
Ümumi məlumatlar | |
Kateqoriya | Mineral |
Xüsusiyyətləri | |
Zolaq rəngi | ağ |
Vikianbarda əlaqəli mediafayllar |
Apatit — heksaqonal sinqoniya. Rast gəlmə tezliyi şkalası: tez-tez rast gələn.
Növ müxtəliflikləri
[redaktə | mənbəni redaktə et]Xlorapatit, oksoapatit, karbonatapatit və b.
Xassələri
[redaktə | mənbəni redaktə et]Rəng – sarımtıl, agımtıl-yaşıl, sarımtıl-yaşıl, mavi, bənövşəyi, boz, qırmızımtıl-qəhvəyi, qəhvəyi, tüstü rəngli; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – şüşə parıltısından yağlı parıltıyadək; Şəffaflıq – qeyri-şəffaf; Sıxlıq – 3,2-3,4; Sərtlik – 5; Kövrəkdir; Ayrılma – {0001} və {1011} üzrə qeyri-mükəmməl; Sınıqlar – qeyri-hamar, qabıqvari; Lüminessensiya – fosfo-ressensiya, flüoressensiya; Morfologiya – kristallar: qısa-və uzunprizmatik, nisbətən az hallarda lövhəvari, futlyaraoxşar, bəzən zonal; İkiləşmə: səciyyəvidir; Mineral aqreqatları: dənəvər, şəkərəbənzər, sıx, torpaqvari, kollomorf (kollofan) və çubuqvari əmələgəlmələr, qabıqlar, jelvaklar, gil mineralları, narın qum dənələri, kvars, kalsit və b. möhtəvilərini ehtiva edən, tez-tez rast gələn və fosforitlər adlanan incəlifli quruluşlu konkresiyalar, üzvi qalıqlar üzrə psevdomorfozalar.
Mənşəyi və yayılması
[redaktə | mənbəni redaktə et]Apatitin genetik baxımdan ən müxtəlif yataqları içərisində əsas yeri onun maqmatik və çökmə yataqları tutur. Maqmatik apatitin böyük yığınları qələvi püskürmə süxurlarında qeyd edilir. Bəzən sənaye əhəmiyyətli miqdarda karbonatitlərdə rast gəlir. Böyük ölçülü çubuq formalı və prizmatik apatit kristalları qranit və qələvi peqmatitləri üçün səciyyəvidir. Apatitə həmçinin kontakt-metasomatik əmələgəlmələrdə, skarn tipli dəmir filizi yataqlarında, yüksək temperaturlu hidrotermal damarlarda, alp tipli damarlarda da rast gəlinir. Ekzogen apatit xüsusilə dəniz mənşəli çökmə süxurlarda geniş yayılmışdır. Dəniz hövzələrində fosforitlərin bütöv kütlələri və konkresiyaları xemogen-çökmə yolla və ölmüş mikroorqanizmlərin dəyişilməsi zamanı baş verən mürəkkəb biokimyəvi proseslər nəticəsində əmələ gəlir. Çökmə süxurlarda apatitə terrigen material kimi də rast gəlinir. Apatit fosforla zəngin əhəngdaşlarının aşınması nəticəsində də formalaşır. Tez-tez səpintilərdə qeyd olunur. Ay süxürlarında aşkar edilmişdir. Birlikdə rast gəldiyi minerallar: nefelin, kalsit, sirkon, vezuvian, kvars, sfen, qlaukonit, eqirin, evdialit, titanlı maqnetit, ilmenit, volframit və b. Mineralın tapıldığı yerlər: Xibin massivi, Kovdor yatağı, Cənubi-Rusiya çökəkliyi, Seliqdar, Slyudyanka (Rusiya); Podoliya (Ukrayna); Kiruna (İsveç); Edenqarden (Norveç); Qara-Tau (Qazaxıstan); Əlcəzair; Mərakeş; Kasipatnam (Hindistan); Florida, Aydaxo, Yuta, Montana şt-rı (ABŞ); Renfru (Kanada) və b. Azərbaycanın şimal-qərb hissəsində Eldar fosforit təzahürü məlumdur. Aksessor apatit Qobustanın balıqqulaqlı əhəngdaşlarında və bir çox intruziv süxurlarda müəyyən edilmişdir. Bundan başqa apatit Daşkəsənin skarn- və filiz əmələgəlmələrində, Alabaşlı yatağının hematit filizlərində, Tutqun və Çıraqdərə-Toğanalı filiz sahələrində, Konqur-Alangöz intruzivinin kontakt oreolunda və b. qeyd edilir.
Tətbiqi
[redaktə | mənbəni redaktə et]Əsas etibarilə mineral gübrələrin (superfosfat, termofosfat, ammofos və b.) istehsalında istifadə edilir. Kimya və keramika sənayesində, metallurgiyada, kibrit, donuq şüşə istehsalında və başqa sahələrdə də tətbiq edilir.
İstinadlar
[redaktə | mənbəni redaktə et]Mənbə
[redaktə | mənbəni redaktə et]- Azərbaycan mineralları. Bakı: Nafta-Press, 2004.