Məqam (musiqi)

Vikipediya, azad ensiklopediya
212.47.142.91 (müzakirə) (Şərq musiqisinin ladları) tərəfindən edilmiş 12:28, 14 may 2023 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç

Lad (Məqam) (rus. lad, ing. mode) – müxtəlif yüksəklikdə yerləşən səslərin bir birinə tərəf meyl edərək, eyni zamanda bir sabit səs tonika ətrafında birləşməsi; o cümlədən, həmin səsdən qurulan interval və ya akkord (adətən tonika üçsəslisi) ətrafında cəmlənməsi.

Tonika, Lad, Qamma anlayışları

[redaktə | mənbəni redaktə et]

Ladı əmələ gətirən səslər pillə adlanır və tonikadan (I pillə) başlayaraq, yuxarıya doğru artan sıra ilə rum rəqəmləri ilə işarə olunur. Ladın hər bir pilləsi müəyyən funksiya (vəzifə) daşıyır. Ladlar bir-birindən səssırasının quruluşuna görə fərqlənir, yəni səslər arasındakı intervalın kəmiyyəti və keyfiyyəti, həmçinin ayrı-ayrı pillələr arasındakı qarşılıqlı münasibət ladın səssırasının quruluşunu müəyyən edən amildir - bu, ladın quruluş formulu adlanır.[1]

Tonika ladın sabit, baş pilləsi olub, digər pillələri öz ətrafında cəmləşdirir.Qısa yazılış şəkli: T.[2] Şərq musiqisində tonikaya "mayə" deyilir. Ladı təşkil edən səslərin yüksəklik üzrə tonikadan sonrakı oktavanın tonikasına qədər düzülüşü qamma (ladın səs sırası) adlanır.

Avropa musiqisində ladlar (məqamlar)

[redaktə | mənbəni redaktə et]

Qərb musiqisində əsasən iki lad – major və minor ladları geniş yayıldığından tədrisdə də buna müvafiq olaraq major və minor qammalarından istifadə olunur. Tədrisdə major qammasının yalnız natural növündən, minor qammasının isə natural, harmonik və melodik növlərindən istifadə edilir.[3]

Major (ital. maggiore – böyük) səssırasının əsasını ladın sabit pillələrindən (1,3,5-ci pillələr) əmələ gələn böyük (major) üçsəslik təşkil edir; ladın qeyri-sabit pillələri (2,4,6,7-ci pillələr) və dominant septakkord bu üçsəsliyə həll olur. Növləri: a) natural major; b) harmonik major; c) melodik major.[4]

  • Natural major – major məqamının əsas şəkli: ton-ton-yarımton-ton-ton-ton-yarımton quruluşuna malikdir.[5]
  • Melodik major – majorun bir növü olub, natural majordan VI və VII pillələrinin əksildilməsi ilə fərqlənir [6].

Minor (ital. minore - kiçik) səssırasının, eynən major kimi, əsasını ladın sabit pillələrindən (1,3,5-ci pillələr) əmələ gələn kiçik (minor) üçsəslik təşkil edir; ladın qeyri-sabit pillələri (2,4,6,7-ci pillələr) və dominant septakkordu bu üçsəsliyə həll olur. Növləri: a) natural minor; b) harmonik minor; c) melodik minor.[7]

  • Melodik minor – natural minorun VI və VII pillələrinin yüksəldilməsi nəticəsində əmələ gəlir [8].

Melodik lad (məqam) - bir sabit səsə (tonikaya) doğru meyl edən və pillələr arasında əsasən sekunda melodik cazibəsinə əsaslanan ladlar. Melodik ladlar müxtəlif xalqların milli musiqisinin əsasını təşkil edir və peşəkar bəstəkarların yaradıcılığında istifadə olunur.

Melodik ladlar diatonik və xromatik olur:

  • diatonik ladlara: ionik, lidik, miksolidik, dorik, frigik, eolik ladlar aiddir.
  • xromatik ladların tərkibi xromatik səssırasından (tonikadan yuxarı artırılmış və əksildilmiş intervallardan) ibarət olur.[9]

Xromatizm (yun. chroma – rəng) - qədim yunanlar diatonik səssırasının 7 pilləsini göy qurşağındakı 7 rənglə müqayisə edirdilər; yarımtonlar isə əsas rənglərdən yaranan boyalara bənzədilirdi; eyni adlı, lakin müxtəlif yüksəklikdə yerləşən səslərin ardıcıllaşması, yaxud qovuşdurulması.[10]

  • Xromatik qamma – yarımtonlar üzrə yüksələn və ya enən melodik hərəkət; major və ya minor qammasına əsaslanır; diatonik səssırasında bütöv tonların artırılması və əksildilməsi nəticəsində yaranır.[11]
    • Yarımton – müxtəlif yüksəklikdə yerləşən iki səs arasındakı ən yaxın məsafə. Musiqidə ölçü vahidi kimi istifadə olunur. İntervalın həcmi yarımtonlarla (və ya tonlarla) ölçülür. Bərabər (müntəzəm) temperasiyalı sistemdə oktava 12 yarımtondan ibarətdir. Yarımtonun iki növü var: Diatonik yarımton - ladın iki qonşu pilləsi arasında əmələ gəlir: məsələn, mi-fa; sol-lya bemol. Xromatik yarımton – ladın hər hansı pilləsi ilə onun dəyişilmiş şəkli arasında əmələ gəlir: məsələn, do-do diyez, si-si bekar.[12]

Şərq musiqisinin ladları

[redaktə | mənbəni redaktə et]

Türkiyədə, Azərbaycanda (Güney Azərbaycan daxil olmaqla), Türkistanda, Krımda (Povoljye istisna edilməklə) yaşayan bütün türk xalqlarının musiqisi "ərəb-fars sistemi" kimi bilinən sistemə əsaslanır, həm də Türkiyə türkləri və krımlılar ərəblərə, Azərbaycan türkləri və türkistanlılar isə farslara daha yaxındır. Povoljye tatarlarının musiqisində (xalq mahnılarında) yarımtonlar yoxdur, onun əsasını beşpilləli səs düzümü təşkil edir, bu, musiqi tarixində qədim "çin qamması" hesab olunur.

Şərq təfsircilərinin izahına görə, əsas səslər dörddür, bunlar öz aralıq səsləri ilə birlikdə yeddi pillə əmələ gətirir. 4 səs 3 aralıq səsinə vurulduqda 12 məqam alınır; hər məqamın 2 şöbəsi və 4 guşəsi vardır, deməli, cəmi 24 şöbə və 48 guşə vardır, bütün bunlardan başqa 15 avaz vardır. 12 məqam özünün 24 şöbəsi və 48 guşəsi ilə birlikdə 84 lad əmələ gətirir.

Avropa alimləri avazların sayının 6 olduğunu söyləyirlər, onlar 84 ladın əmələ gəlməsini belə izah edirlər; ərəblərdə və farslarda oktava tetraxorda və pentaxorda bölünmüşdür; tetraxordun 1-ci və 4-cü tonları, pentaxordların 1-ci, 4-cü və 5-ci tonları dəyişməz qalmışdır, hər ikisinin 2-ci və 3-cü tonları dəyişmişdir, bunun nəticəsində ikinci dərəcəli qammalar alınmışdır. Tetraxordun 2-ci və 3-cü tonlarınıı yeddi cür, pentaxordun 2-ci və 3-cü tonlarının isə 12 cür dəyişməsi mümkündür; deməli, tetraxordun bütün dəyişikliklərini bir-bir götürüb, hər birində pentaxordun bütün 12 dəyişikliyini aparsaq 7x12 =84 alınar, buraya 12 məqam da daxildir [13].

Avropa alimlərinin (Kizavetterin) fikrincə, 12 məqam aşağıdakı səsdüzülüşündən ibarət olmuşdur:

1. Üşşaq—c d e f g a b c 2. Nəva—c d es f g as b c 3. Busəlik—c des es f g as b c 4. Rast—c d e f g a b c 5. Əraq—c d e f g dis a h c 6. İsfahan—c d e f g as b c 7. Zirəfkənd—c d es f fis gis a b c 8. Büzürg—c d e f fis g a hc 9. Zəngulə—c de f fis a b c 10. Rəhavi—c des e f g es as b c 11. Hüseyni—c des es f ges as b c 12. Hicaz—c des es ges as b c

Zaman keçdikcə istər baş məqamlar, istərsə də onların şöbə, guşə və avazları böyük dəyişikliklərə uğramışdır: bəzi məqamlar öz müstəqil əhəmiyyətini itirərək şö'-bəyə və ya guşəyə çevrilmişdir, bəzi şöbə və guşələr isə müstəqil məqama çevrilmişdir; sonra Bayatı-şiraz, Şur kimi yeni adlar meydana gəlmişdir.

Beləliklə, mövcud qayda tamam dəyişmiş və 12 məqamdan ancaq Rast bugünədək həm öz quruluşunu, həm də adını saxlamışdır. Son vaxtlar fars nəzəriyyəçiləri «dəstgah» adlı yeni musiqi istilahı işlətməyə başlamışlar, bu söz istər İranda, istərsə də bizim Azərbaycanda «məqam» sözünü demək olar ki, sıxışdırmışdır: «Dəstgah» (mə'nası «bina» deməkdir) demək olar ki, bütün şöbə və guşələri ilə birlikdə məqamın eynidir.[14]

Şifahi ənənəli çağdaş Azərbaycan musiqisində istifadə olunan yeddi əsas lad aşağıdakılardır: rast, şur, segah, çahargah, şüştər, bayatı-şiraz, hümayun. Ladın (məqamın) əsas sabit pərdəsinə, eyni zamanda, muğamın başlanğıc, bütün inkişafın təməlini qoyan əsas pərdəyə mayə deyilir [15][16].

  1. "Muğam Ensiklopediyası - Lad (Məqam)". 2019-12-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-05-12.
  2. "Muğam Ensiklopediyası - Tonika". 2019-12-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-05-12.
  3. "Saz məktəbi - Qamma və arpeciolar". 2022-03-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-05-12.
  4. "Muğam Ensiklopediyası - Major". 2020-01-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-05-12.
  5. "Əfrasiyab Bədəlbəylinin "İzahlı monoqrafik musiqi lüğəti" - Natural major". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-05-12.
  6. "Əfrasiyab Bədəlbəylinin "İzahlı monoqrafik musiqi lüğəti" - Melodik major". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-05-12.
  7. "Muğam Ensiklopediyası - Minor". 2020-01-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-05-12.
  8. "Əfrasiyab Bədəlbəylinin "İzahlı monoqrafik musiqi lüğəti" - Melodik minor". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-05-12.
  9. "Əfrasiyab Bədəlbəylinin "İzahlı monoqrafik musiqi lüğəti" - Melodik lad". 2021-11-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-05-09.
  10. "Əfrasiyab Bədəlbəylinin "İzahlı monoqrafik musiqi lüğəti" - Xromatizm". 2021-11-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-05-12.
  11. "Muğam Ensiklopediyası - Xromatik qamma". 2017-10-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-05-12.
  12. "Muğam Ensiklopediyası - Yarımton". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-05-12.
  13. Размадзе А. С. Очерки истории музыки от древнейших времен до половины XIX века. В 4 частях: С 12 нотными приложениями: Составлено по лекциям, читанным автором в Московской консерватории. Москва, 1888 г.[ölü keçid]
  14. "Üzeyir Hacıbəyov - Azərbaycan türk xalq musiqisi haqqında 1". 2021-05-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-05-12.
  15. "Üzeyir Hacıbəyov elektron dərs vəsaiti - Mayə". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-05-12.
  16. "Muğam Ensiklopediyası - Mayə". 2022-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-05-12.