Əhməd Tofiq Paşa
Əhməd Tofiq Paşa | |
---|---|
14 aprel 1909 – 4 may 1909 | |
Əvvəlki | Hüseyn Hilmi Paşa |
Sonrakı | Hüseyn Hilmi Paşa |
11 noyabr 1918 – 3 mart 1919 | |
Əvvəlki | Əhməd İzzət Paşa |
Sonrakı | Kürəkən Fərid Paşa |
21 oktyabr 1920 – 4 noyabr 1922 | |
Əvvəlki | Kürəkən Fərid Paşa |
Sonrakı | sədarət ləğv edildi |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 10 fevral 1845[1][2] |
Doğum yeri | |
Vəfat tarixi | 8 oktyabr 1936[2] (91 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | diplomat |
Həyat yoldaşı | Elizabet Tschumi |
Uşağı | |
Vikianbarda əlaqəli mediafayllar |
Əhməd Tofiq Paşa (10 fevral 1845[1][2], Üsküdar, Osmanlı imperiyası – 8 oktyabr 1936[2], İstanbul, Türkiyə) — II Əbdülhəmid, V Mehmed Rəşad və VI Mehmed Vahidəddinin səltənətlərində 3 dəfə - ümumilikdə 2 il 4 ay 29 gün sədrəzəm olmuş Osmanlı dövlət adamı, Osmanlı imperiyasının sonuncu sədrəzəmi. 1934 tarixli Soyad qanunu ilə Oktay soyadı almışdır.
Həyatı
[redaktə | mənbəni redaktə et]İlk illəri
[redaktə | mənbəni redaktə et]10 fevral 1845-ci ildə Üsküdarda dünyaya gəldi.[3][4] Atası Gəraylar sülaləsinə mənsub olan və Osmanlı ordusunda fərqli vəzifələrdə çalışan ferik İsmayıl Haqqı Paşa[5][6], anası isə Diyarbəkirin yerli zadəganlarından əslən kürd olan Hacı Süleyman Şaban ağanın qızı Ayşə Gülşinas Banu xanımdır.[4] Hələ bir neçə aylıq körpə ikən anası vəfat etdi və Əhməd Tofiq qardaşları Nuri və Əli Rüfətlə birlikdə bibisinin himayəsində böyüdüldü.[7] Bibisinin himayəsində türkcə, ərəbcə, farsca və fransızca dərsləri aldı.[8] Ardından İstanbul Topqapı səmtindəki sübyan məktəbində təhsil almağa başlayan Əhməd Tofiq ardından atasının vəzifəsi səbəbilə təhsilinə Vidində davam etdi. Ardından 1858-ci ilin sentyabrında Davudpaşa kazarmasındakı ikinci süvari alayında hərbi təlimə başladı. Buradakı təhsilini tamamladıqdan sonra 1861-ci ilin sentyabrında süvari mülazimi-sani rütbəsi aldı. Ancaq 2 illik xidmətinin ardından səhhətinin pis olmasını bəhanə edərək anidən istehfa verdi.
Katiblik dövrü
[redaktə | mənbəni redaktə et]Bir çox əcnəbi dilləri bilən Əhməd Tofiq 14 may 1866-cı ildə Bab-ı Əlinin tərcümə bölümündə xidmət etməyə başladı. 1872-ci ilədək bu bölümdə katib və diplomat olaraq xidmət edən Əhməd Tofiq 21 avqust 1872-ci ildə Roma səfirliyində ikinci katib təyin edildi. Qısa müddət sonra 1873-cü ilin yanvarında Vyana səfirliyində, həmin ilin iyununda Berlin səfirliyində, 1874-cü ilin oktyabrında isə Afina səfirliyində ikinci katib təyin olundu. Son vəzifə yerində xidmət etdiyi əsnada 1875-ci ilin dekabrında Afina səfirliyi baş katibliyinə, oradan isə 1876-cı ilin sentyabrında Sankt-Peterburq səfirliyi baş katibliyinə gətirildi.
Son vəzifə yerində xidmət etdiyi əsnada Rusiya imperatoru II Aleksandrla bir neçə dəfə görüşdü və mövcud gərgin vəziyyətlə bağlı müzakirələr apardı. Ancaq bu müzakirələr nəticə vermədi və 23 aprel 1877-ci ildə İstanbuldakı rus səfiri Nelidov hökumətə nota göndərərək Osmanlı hökumətinə müharibə elan etdi. Həmin gün Sankt-Peterburqdakı Əhməd Tofiq bəyə göndərilən teleqrafla dərhal ölkəni tərk etməsi əmr edildi. 1877-1878 Rusiya-Osmanlı müharibəsinin başlamasıyla Sankt-Peterburqdakı vəzifəsi başa çatan Əhməd Tofiq bəy İstanbulda döndü və həmin ilin iyununda Bolqarıstanın mərkəzi Şumnudakı siyasi təmsilçi olaraq vəzifələndirildi.
Afina səfirliyi
[redaktə | mənbəni redaktə et]Müharibənin bitməsinin ardından İstanbula qayıdan Əhməd Tofiq bəy 13 avqust 1879-cu ildə üçüncü dərəcəli Məcidiyyə nişanıyla Afina səfiri təyin olundu. Bu vəzifədə ikən Yunanıstan krallığı ilə sərhədlərin müəyyən edilməsi üzrə davam edən müzakirələr nəticələndi və 24 iyul 1881-ci ildə imzalanan andlaşma ilə Fessaliyanın böyük bir hissəsi və Larisa Yunanıstana ilhaq edildi. Ardından Süveyş kanalı məsələsinin müzakirəsi məqsədilə 1885-ci ildə toplanan Paris konfransına Osmanlı təmsilçisi olaraq qatılan Əhmət Tofiq bəy müzakirələrin başa çatmasının ardından Afinaya qayıtdı.
Berlin səfirliyi
[redaktə | mənbəni redaktə et]Ardından 4 oktyabr 1885-ci ildə Berlin səfirliyinə təyin olunan Əhməd Tofiq bəy, Sultan Əbdülhəmidin Alman imperatoru II Vilhelmə ünvanladığı 2 məktubla birlikdə 22 noyabr 1885-ci ildə Berlinə yola düşdü və dekabr ayında etimadnaməsini təsdiqlədərək Berlin səfiri olaraq fəaliyyətə başladı. Xariciyyə nazirliyinə qədərki 10 il boyunca burada xidmət edən Əhməd Tofiq bəy ilk olaraq, Almaniyada Osmanlı əleyhində nəşr edilən qəzet və jurnalların təqib edilməsi və bunların Alman hökumətinə şikayət edilməsiylə məşğul oldu. Onun Berlin səfirliyi dövrün Osmanlı-Almaniya münasibətlərinin inkişafında mühüm rol oynadı. Belə ki, Rusiya-İngiltərə-Fransa blokuna qarşı birləşən iki imperiya bu yolla həm iqtisadi, həm də siyasi gücünü artırmaq niyyətində idi. Bu dövrdə bir çox alman zabit və komandanları Osmanlı ordusunun təkmilləşdirilməsi və yeni tip təlimlərin keçilməsi məqsədilə İstanbula göndərildi. Digər yandan müasir alman silahlarıyla təchiz olunan Osmanlı ordusu bu illər ərzində öz modernləşmə çağını yaşadı. Ardından Alman imperatoru II Vilhelm 1889-cu ildə İstanbula gələrək Sultan Əbdülhəmidi ziyarət etdi. Bütün bu xidmətlərinin mükafatı olaraq 26 oktyabr 1889-cu ildə vəzirlik rütbəsinə yüksəldi və paşa ünvanı aldı.
Xariciyyə Nazirliyi
[redaktə | mənbəni redaktə et]Uzun müddət Berlində xidmət etməsinin ardından Əhməd Tofiq Paşa 6 noyabr 1895-ci ildə qurulan yeni hökumətdə Xariciyyə naziri təyin edildi. Uzun illər xarici ölkələrdə xidmət etdiyi üçün İstanbulda evi olmayan Əhməd Tofiq Paşaya Ayazpaşa səmtində bir köşk təsis edildi. Ənənəvi olaraq, Xariciyyə nazirləri üçün təsis edilən bu köşk 1898-ci ildə Sultan Əbdülhəmid tərəfindən satın alınaraq Əhməd Tofiq Paşaya hədiyyə edildi.
Bu vəzifədə ikən ilk məşğul olduğu məsələ illərdir davam edən və Avropa dövlətlərinin əlində oyuncağa çevrilən Erməni məsələsi oldu. 1878-ci ildə bağlanan San-Stefanos müqaviləsinin 16-cı, yenə həmin il bağlanan Berlin sülhünün isə 61-ci maddəsinə əsasən rəsmiyyət qazanan erməni məsələsi ilə Berlin səfirliyi dönəmindən bəri yaxından maraqlanan Əhməd Tofiq Paşa bu barədə İstanbula bir neçə dəfə teleqraf çəkmişdi. Üstəlik 1887-ci ildə İsveçrədə Hnçak partiyası və 1890-cı ildə cənubi Qafqazda Daşnaksütun partiyalarının qurulmasıyla bu məsələ beynəlxalq hal aldı. 26 avqust 1896-cı ildə Osmanlı Bankına tərtiblənən hücumun ardından Avropa dövlətlərinin İstanbuldakı səfirlərini toplayaraq vəziyyətin əhəmiyyətiylə bağlı xəbərdarlıq edən Əhməd Tofiq Paşa hadisədə iştirak edən və müttəfiq dövlətlərin himayəsiylə ölkədən qaçırılan terroristləri Avropada təqib etmişdir. Bir digər erməni skandalı isə 21 iyul 1905-ci ildə tərtiblənən Ulduz sui-qəsdidir. Partlayış nəticəsində 24 nəfər həlak olmuş, 58 nəfər yaralanmışdı.
23 iyul 1908-ci ildə İkinci Məşrutiyyətin elan edilməsindən sonra hakimiyyət tamamilə İttihad və Tərəqqi cəmiyyətinin əlində cəmləndi. Dövlət idarəsinə və təyinat məsələlərinə müdaxilə edən İttihadçılar digər yandan Sultan Əbdülhəmid tərəfindən təyin edilən mühüm dövlət adamlarının fəaliyyətlərinə irad bildirir, sədrəzəmə göndərdikləri şikayət ərizələrində bu şəxslərin dərhal vəzifədən alınmaları yolunda təkid edirdilər. Belə bir şəraitdə 14 fevral 1909-cu ildə İttihadçıların təzyiqi ilə sədrəzəm Kamil Paşa hökuməti istehfa verdi. Beləliklə, 13 ildir xidmət etdiyi Xariciyyə nazirliyi başa çatan Əhməd Tofiq Paşa, yeni nazir İstanbula gələnədək onun yerinə vəkil təyin edilsə də, bunu qəbul etmədi. Yeni Xariciyyə naziri Mehmed Rüfət Paşanın tövsiyəsilə 6 aprel 1909-cu ildə ikinci dəfə London səfirliyinə təyin olundu.
I sədarət dövrü
[redaktə | mənbəni redaktə et]Ancaq tam o əsnada baş verən 31 mart hadisələri əsnasında bu təyinatı ləğv edildi və bitərəf olması səbəb göstərilərək 14 aprel 1909-cu ildə sədarətə gətirildi. Dərhal həmin gün yeni hökumət kabinetini təsis edən sədrəzəm Əhməd Tofiq Paşanın heyəti bu şəkildədir:
- Sədrəzəm - Əhməd Tofiq Paşa
- Şeyxülislam - Ziyayəddin Əfəndi
- Hərb naziri - Müşir Əthəm Paşa
- Xariciyyə naziri - Rüfət Paşa
- Dövlət şurası rəisi - Mustafa Zihni Paşa
- Maliyyə naziri - Osman Nuri bəy
- Ədlliyə naziri - Həsən Fəhmi Paşa
- Maarif naziri - Əbdürrəhman Şərəf Əfəndi
- Ticarət və Nafiyə naziri - Qabriel Noradunkyan
- Meşə, Mədən və Kənd təsərrüfatı naziri - Dmitriy Mavrokordat
- Əvkaf naziri - Xəlil Həmadə Paşa
- Daxiliyyə naziri vəkili - Adil bəy
- Bahriyə naziri vəkili - Hacı Emin Paşa
Ancaq onun təsis etdiyi bu hökumət nə İttihadçıların çoxluq təşkil etdiyi məclis, nə də xalq tərəfindən qəbul edilmədi. Rumelidəki II və III ordunun İstanbula hücum edəcəyi xəbərinin yayılmasıyla paytaxt əhalisinin hökumətə olan təzyiqləri daha da artdı. Hökumətin buna mane olan cəhdləri bir nəticə vermədi. İkinci və üçüncü ordu birliklərindən ibarət olan və “Hərəkat ordusu” adlanan bu ordu 19 apreldə qatarla Yaşılköyə gətirildi. Hərəkat ordusu rəhbəri Hüseyn Hüsnü Paşa ertəsi gün Hadımköyə qayıtdı və 22 apreldə ordu rəhbərliyini ələ almaq üçün Mahmud Şövkət Paşa Yaşılköyə gəldi. Bunun ardından məclis üzvlərindən bəziləri 22 apreldə Yaşılköyə gələrək burada ordu komandirləri ilə görüşdülər. 24 apreldə Hərəkat ordusu şəhərə yeridildi və şəhərin idarəsini ələ aldı. Yüzlərlə insan öldürüldü. İttihadçılar yenidən İstanbula qayıtdılar. Ardından təşkil olunan məhkəmədə Dərviş Vəhdəti də daxil olmaqla, bir çox şəxs meydanlarda qurulan dar ağaclarında edam edildi. Həbs olunan bəzi siyasi şəxslər isə İngiltərənin müdaxiləsi ilə azadlığa buraxıldı. Hadisələrdən sultanı da təqsirləndirən məclis 27 apreldə Sultan Əbdülhəmidi taxtdan endirdi və vəliəhd Mehmed Rəşad taxta çıxarıldı. Bu əsnada sultan, sədrəzəm Tofiq Paşaya səltənəti qardaşına buraxa biləcəyini, ancaq 31 mart hadisələrində heç bir günahının olmadığını bir komitə vasitəsilə sübut edilməsini tələb etdi. Tofiq Paşa vəziyyəti Səid Paşaya bildirsə də, Səid Paşa “Əgər sultan bəraət qazanarsa, bizim halımız necə olar ?” deyərək təklifə etiraz etmişdir.
Sultan Əbdülhəmidin taxtdan endirilib Sultan Rəşadın taxta çıxarılmasının ardından formal olaraq istehfa edən Əhməd Tofiq Paşa yenidən sədarətə təyinat aldı və yeni hökumət kabineti təsis etdi:
- Sədrəzəm - Əhməd Tofiq Paşa
- Şeyxülislam - Ziyayəddin Əfəndi
- Hərb naziri - Salih Paşa
- Xariciyyə naziri - Rüfət Paşa
- Daxiliyyə naziri - Hüseyn Hilmi Paşa
- Ədliyə naziri - Hayri bəy
- Dövlət şurası rəisi - Raif Paşa
- Bahriyə naziri - Topçu ferik Rza Paşa
- Maarif naziri - Əbdürrəhman Şərəf Əfəndi
- Ticarət və Nafiyə naziri - Qabriel Noradunkyan
- Meşə, Mədən və Kənd təsərrüfatı naziri - Dmitriy Mavrokordat
- Maliyyə naziri - Cavid bəy
- Əvkaf naziri - Xəlil Həmadə Paşa
Ancaq Maliyyə, Daxiliyyə və Ədliyə naziri təyin etdiyi şəxslər bu vəzifəni qəbul etmədi və hökumət kabineti ilk gündən istehfalarla başladı. Nəhayət uzun müzakirələrin ardından Maliyyə nazirliyi Rüfət Paşaya, Daxiliyyə nazirliyi İzmir valisi vəkili Fərid Paşaya təsis edilmiş, Ədliyə nazirliyi isə boş saxlanmışdır. Buna baxmayaraq İttihad və Tərəqqi cəmiyyətinin səltənət və Sultan Rəşad üzərindəki nüfuzundan narahat olan Əhməd Tofiq Paşa bu təzyiqlərə dözmədi və 4 may 1909-cu ildə istehfa verdi.
London səfirliyi
[redaktə | mənbəni redaktə et]Onun bu ilk sədarəti dövrün çalxantılı siyasi mühitində cəmi 20 gün davam etdi və vəzifədən alınmasının ardından 9 may 1909-cu ildə yenidən London səfirliyinə təyin olundu. Beləcə, daha öncə təyin olunmasına baxmayaraq gedə bilmədiyi Londona bir ay gecikməylə getdi. 16 mayda yola düşən Əhməd Tofiq Paşa 28 iyunda İngiltərə kralı VII Eduard tərəfindən qəbul edildi. Qısa zamanda sarayla yaxşı münasibətlər quran Əhməd Tofiq Paşa bu münasibətləri V Corc dövründə də davam etdirdi. Tez-tez Vindzor sarayında verilən ziyafətlərə dəvət edilən Əhməd Tofiq Paşa V Corcun tərtiblədiyi ov ziyafətlərinə də iştirak edirdi.
O əsnada İstanbulda siyasi vəziyyət daha da gərginləşmişdi. Trablusqərb müharibəsində italyanların zəfəri, ardından Balkan dövlətlərinin Osmanlı əleyhində ittifaq qurması, mərkəzdə İttihad və Tərəqqi cəmiyyətinin apardığı diktatura siyasəti və bu siyasətə qarşı çıxan müxalif qruplar ölkəni xaosa bürümüşdü. Bütün bunlar davam edərkən 17 iyul 1912-ci ildə Londona göndərilən teleqrafla Əhməd Tofiq Paşa sədarətə gətirilməsi məqsədilə İstanbula çağırıldı. Ancaq ertəsi gün verilən cavabla Əhməd Tofiq Paşa bu təyinatı bəzi şərtlər daxilində qəbul edə biləcəyini və yalnız bu halda İstanbula qayıdacağını bildirdi. Ancaq bu şərtlərin Sultan Rəşad və dövrün pərdə arxası gücü olan Tələt-Camal-Ənvər üçlüsü tərəfindən qəbul edilməməsi nəticəsində Qazi Əhməd Muxtar Paşa sədarətə gətirildi.
Çox keçmədən Avropa dövlətləri arasında artan gərginlik Birinci Dünya Müharibəsinə səbəb oldu. 31 oktyabr 1914-cü ildə Rusiyanın, 1 noyabrda isə İngiltərənin İstanbuldakı səfirləri bütün diplomatik münasibətləri sonlandıraraq İstanbulu tərk etdi. Qısa zaman İstanbuldan göndərilən teleqrafla Əhməd Tofiq Paşa da geri çağırıldı. 14 noyabrda İstanbula gəldi və ikinci dəfə sədarətə gətirilənədək Əyanlar məclisi üzvlüyünü davam etdirdi.
II sədarət dövrü
[redaktə | mənbəni redaktə et]Bütün bu illər ərzində Osmanlı impmeriyası Birinci Dünya Müharibəsində ağır məğlub olmuş, Sultan Rəşadın vəfatının ardından Əhməd Tofiq Paşanın qudası olan Sultan Vahidəddin taxta çıxarılmışdı. Taxta çıxmasının ardından Əhməd Tofiq Paşaya dərhal sədarət təklif edilsə də, o bu təklifi qəbul etmədi. Sədrəzəm Əhməd İzzət Paşa rəhbərliyindəki hökumət 30 oktyabrda Mudros sülhünü imzaladı və Osmanlı imperiyası müharibədə məğlub olduğunu rəsmən qəbul etdi. Çox keçmədən 2 noyabr gecəsi İttihad və Tərəqqi liderləri gizlicə İstanbuldan qaçdılar. 9 noyabrda sədrəzəm istehfa verdi və Sultan Vahidəddin bir neçə gün sonra qudası Əhməd Tofiq Paşanı sədrəzəm, Heydərizadə İbrahim Əfəndini isə şeyxülislam təyin etdi. Cəmi 2 gün sonra isə müttəfiq dövlətlərin donanması İstanbula gəldi və şəhər işğal edildi.
Ailəsi
[redaktə | mənbəni redaktə et]Atası
[redaktə | mənbəni redaktə et]Atası İsmayıl Haqqı Paşa 1783-cü ildə İsmayıl qalasında dünyaya gəldi. Atası Krım tatarlarından Mustafa Mirzə, anası isə Gəraylar sülaləsindən Afifə xanımdır. Rusiya imperiyasının Krımı ilhaq etməsinin ardından ailəsi Krımı tərk etdi və İsmayıl Haqqı da bu hicrət əsnasında İsmayıl qalasında dünyaya gəldi.
Sultan Əbdülməcid dövrünün maliyyə nazirlərindən olan qardaşı oğlu Musa Saffət Paşa kimi, İsmayıl Haqqı Paşa da Osmanlı ordusunda müxtəlif vəzifələrdə xidmət etdi. Süvari alay komandanı olaraq Anadolu, Suriya, Misir, Sudan və Bolqarıstanda davam edən müharibələrə qatıldı. Nizip müharibəsində Osmanlı ordusunun nəzarətdən çıxıb dağılmasına baxmayaraq, İsmayıl Haqqı Paşa öz əmrindəki süvari birlikləri nizamlı şəkildə geri çəkən yeganə komandan oldu.
Diyarbəkirdə xidmət etdiyi əsnada buranın yerli zadəganlarından əslən kürd olan Hacı Süleyman Şaban ağanın qızı Ayşə Gülşinas Banu xanımla evlənən İsmayıl Haqqı Paşanın bu nigahdan 3 oğlu - Nuri bəy, Əli Rüfət bəy və Əhməd Tofiq bəy doğuldu. Xanımının 1845-ci ildə vəfatından sonra Binnaz xanım adlı bir tatar qızıyla evləndi və bu evliliyindən də 2 övladı - Naciyə xanım və Mehmed Rəcəb bəy doğuldu. 1876-cı ildə atdan düşərək 93 yaşında vəfat etdi. Cənazəsi Yamboludakı Ulu məscidin həyətinə dəfn edildi.
Anası
[redaktə | mənbəni redaktə et]Anası Ayşə Gülşinas Banu xanım Diyarbəkirin yerli zadəganlarından əslən kürd olan Hacı Süleyman Şaban ağanın qızıdır. İsmayıl Haqqı Paşayla baş tutan nigahından 3 oğlu - Nuri bəy, Əli Rüfət bəy və Əhməd Tofiq bəy doğuldu. Son övladının doğumundan bir neçə ay sonra 1845-ci ildə vəfat etdi.
Qardaşları
[redaktə | mənbəni redaktə et]Ana-ata bir qardaşı olan Nuri bəy və Əli Rüfət bəy (ö. 1897) Osmanlı imperiyasında diplomat olaraq xidmət etmişdir. Hər ikisinin məzarı İstanbulda Yəhya Əfəndi məzarlığındadır.
Ögey qardaşı Mehmed Rəcəb bəy isə Fransada təhsil almışdır. Dövlət şurası üzvlüyünə qədər yüksəlmiş, 1920-ci ildə Anadoludakı azadlıq hərəkatına gizlicə silah göndərməsi üzə çıxmış, bu səbəblə ingilislərin tələbiylə vəzifədən alınaraq Maltaya sürgün edilmişdir. Cümhuriyyətin elanından sonra sürgündən dönən Rəcəb bəy İstiqlal medalı sahibidir. 1934-cü ildə çıxarılan Soyad qanunu ilə Ergiray soyadını almışdır. 1949-cu ildə İstanbulda vəfat etdi və Merdivenköy məzarlığına dəfn olundu.
Xanımı
[redaktə | mənbəni redaktə et]Xanımı əslən alman olan Elisabeth Tschumi 24 iyun 1859-cu ildə İsveçrədə doğuldu. Atası polis məmuru idi. Alman, fransız, yunan və türk dillərini mükəmməl bildiyi üçün Afinaya gələrək burada məşhur ailələrin övladlarına mürəbiyyəlik edirdi. Bu illərdə Afina səfiri olan Əhməd Tofiq bəylə tanış oldular və cütlük 1879-cu ildə Afinada evləndi. Afifə adını alsa da, protestan olaraq həyatını davam etdirən Elisabeth Tschuminin bu nigahdan 5 övladı - İsmayıl Haqqı, Əli Nuri, Fatma Zəhra, Xədicə Nailə, Ayşə Gülşinas doğuldu. 1949-cu ildə İstanbulda vəfat etdi.
Övladları
[redaktə | mənbəni redaktə et]Afifə Elisabeth Tschumi ilə baş tutan evliliyindən 5 övladı - İsmayıl Haqqı, Əli Nuri, Fatma Zəhra, Xədicə Nailə, Ayşə Gülşinas doğuldu. Bunlardan Ayşə Gülşinas xanım (1900-1920) İstanbulda, Xədicə Nailə xanım (1889-1924) isə Lozannada vərəm xəstəliyindən vəfat etdi. Geridə qalan övladlarından İsmayıl Haqqı bəy sarayda xidmət etdikdən sonra Anadoludakı İstiqlal Hərəkatına qoşuldu, ardından gənc cümhuriyyətin ilk illərində diplomat olaraq fəaliyyət göstərdi.
Digər oğlu Əli Nuri bəy 1883-cü ildə Afinada doğuldu. Hərb shaəsində təlim aldıqdan sonra təhsilini Berlin Hərbi akademiyasında davam etdirdi. Balkan müharibələri və Birinci Dünya Müharibəsi illərində Qalisiya cəbhəsində vuruşdu. Polkovnik rütbəsinə qədər yüksələrək Sultan Vahidəddinin yavərlərindən biri oldu. 22 oktyabr 1977-ci ildə İstanbulda vəfat etdi və cənazəsi Ədirnəqapıdakı ailə məzarlığına dəfn olundu.
Qızı Fatma Zəhra xanım 1904-cü ildə Daxili işlər naziri Məmduh Paşanın oğlu Məzlum Həmid bəylə evləndi.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Cemil Kalyoncu, Son Sadrazamın Torunu, Aksiyon Dergisi, Sayı 259, 20.11.1999
- Necati Çavdar, Siyasi Denge Unsuru Olarak 31 Mart Vakasında Ahmet Tevfik Paşa Hükümeti, History Studies, Samsun, Mart 2011 Arxivləşdirilib 2014-01-02 at the Wayback Machine
- Atatürk.net sitesi Atatürk ve Türkiye Cumhuriyeti Kronoloisi 1919 yılı, Erişim Tarihi 24.06.2011
- Turktarih.net sitesi Paris Barış Konferansı maddesi, Erişim tarihi:24.06.2011 Arxivləşdirilib 2012-01-16 at the Wayback Machine
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 Ahmed Tevfik Pasa // Encyclopædia Britannica (ing.).
- ↑ 1 2 3 4 Brozović D., Ladan T. Ahmed Tevfik-paša // Hrvatska enciklopedija (xorv.). LZMK, 1999. 9272 s.
- ↑ İzahlı Osmanlı Tarihi Kronolojisi, Osmanlı Devlet Erkânı, Türkiye Yay., İstanbul 1971, s. 98
- ↑ 1 2 İnal, İbnülemin Mahmut Kemal, Osmanlı Devrinde Son Sadrazamlar, C. I-IV, MEB. Yay., İstanbul 1953
- ↑ Bayur, Y. Hikmet, Türk İnkılâp Tarihi, C. I-II, Maarif Matbaası, İstanbul 1940
- ↑ Okday, İsmail Hakkı, Yanya’dan Ankara’ya, Sebil Yay., İstanbul 1975
- ↑ Öztuna, Yılmaz, Devletler ve Hanedanlar, C. I - II, Kültür Bakanlığı Yay., Ankara 1969
- ↑ Başbakanlık Osmanlı Arşivi (BOA). Dahiliye Nezareti Sicil-i Ahval İdaresi Defterleri (DH. SAİD) d 2/1008