Mətn dilçiliyi
Mətn dilçiliyi — möhkəm daxili struktur-semantik əlaqələri olan cümlələr birliyidir.[1]
Mətn dilçiliyi haqqında
[redaktə | vikimətni redaktə et]Müasir dövrümüzdə aktual dilçilik sahələrindən olan mətn dilçiliyi XX əsrin 20-ci illərindən yaranmış, 50-80 ci illərdə formalaşmağa başlamışdır. Adından da göründüyü kimi, mətn dilçiliyinin əsas tədqiqat obyekti elə mətnin özüdür.
"Mətn" sözünü ümumi şəkildə nəzərdən keçirsək, mətn sözü iki müxtəlif mənadan çıxış edə bilər. Yəni bu söz həm geniş mənada - makromətn, həm də onun əksi olan dar mənada - mikromətn kimi nəzərdə tutula bilər. Dar mənada göstərdiyimiz mikromətnlər birləşərək geniş mənalı makromətnlər əmələ gətirirlər. Bu halda "mürəkkəb sintaktik bütöv" anlayışı ilə "mikromətn" anlayışı üst-üstə düşür. Deməli, makromətnlər mürəkkəb sintaktik bütövlər yığınıdır. Tək bir cümlə bitmiş bir fikri ifadə etdiyi halda, mürəkkəb sintaktik bütöv mürəkkəb bir fikri, hər hansı bir müəyyən informasiyanı ifadə edir. Mürəkkəb sintaktik bütöv – iki və ya daha artıq cümlənin sintaktik və formal əlaqələrlə birləşdiyi sintaktik bir vahiddir.
Mətnin əsasını təşkil edən cümlələr birliyi müxtəlif alimlər tərəfindən müxtəlif terminlərlə adlandırılmışdır. Məsələn, V.Q.Kolşanski abzas, İ.R.Qalperin, İ.O.Moskalskaya diskurs, K.Abdullayev mürəkkəb sintaktik bütöv, V.Q.Admoni böyük sintaktik bütöv və başqaları müxtəlif terminlərdən istifadə etmişlər. Mürəkkəb sintaktik bütöv termini daha məqsədə uyğundur. Çünki mətn daxilindəki cümlələr müəyyən vahid bir bütöv əmələ gətirirlər.
Sintaktik bütövlər mətn sintaksisinin xüsusiləşmiş tədqiq obyektidir və mahiyyət e`tibarilə “mikromətn” termini ilə sinonimdir.
Sintaktik bütöv - əlaqəli nitqin (mətnin) cümlədən böyük elə bir bitkin mə’nalı parçasıdır ki, onu bir daha bitkin mə’nalı mətnlərə ayırmaq olmaz. Bu cəhətdən sintaktik bütövlər morfemləri xatırladır. Morfem dilin bir daha mə`nalı vahidlərə parçalana bilməyən ən kiçik mə`nalı vahidləri olduğu kimi, sintaktik bütövlər də mətnin bir daha bitkin mə`nalı mətnlərə bölünə bilməyən ən kiçik mə`nalı parçasıdır. [2]
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ "MƏTN SİNTAKSİSİ". 2013-11-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-03-13.
- ↑ "MƏTN SİNTAKSİSİ". 2013-11-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-03-13.
Dilçilik haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |