Tovuz rayonu
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalə Tovuz rayonu haqqındadır. Tovuz şəhəri üçün Tovuz səhifəsinə baxın. |
Rayon | |
Tovuz | |
---|---|
40°42′ şm. e. 45°42′ ş. u.HGYO |
|
Ölkə | |
Daxildir | Qazax-Tovuz |
İnzibati mərkəz | Tovuz |
İcra başçısı | Məmməd Məmmədov |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 8 avqust 1930 |
Sahəsi | 1.942 km² |
Hündürlük | 337 m |
Əhalisi | |
Əhalisi | 175 500 [1] nəfər |
Rəqəmsal identifikatorlar | |
ISO kodu | AZ-TOV |
Telefon kodu | 994 2231 |
Poçt indeksi | AZ 6000 |
Avtomobil nömrəsi | 60 |
Rəsmi sayt | |
Vikianbarda əlaqəli mediafayllar |
Tovuz rayonu — Azərbaycan Respublikasında inzibati – ərazi vahidi. İnzibati mərkəzi Tovuz şəhəridir.
2020-ci ilin iyul ayında Tovuz Ermənistanla baş verən döyüşlərin əsas ərazisinə çevrilmişdir.[2]
Tarixi
[redaktə | mənbəni redaktə et]Qədim insan məskənlərindən olan Tovuz rayonunun ərazisində zəngin tarixi abidələrə rast gəlinməsi tarixən qədim tayfa və xalqların nümayəndələrinin yaşadıqları yurd yerlərindən biri olmasına əyani sübutdur. Zəyəmçay hövzəsində tapılmış 300 min il yaşı olan saxurlar, qədim Hunan şəhərinin qalıqları olduğu söylənilən Torpaqqala abidələri, 8–10 min il tarixə malik Köhnəqala və Göytəpə abidələri və s. bu ərazilərin nə qədər qədim tarixə malik olmasını göstərməkdədir. Rayon ərazisindəki ayrı-ayrı ərazi və yer adlarının qədim türk toponimlərinə uyğun gəlməsi ərazidə yaşayan köklü əhalinin qədim məskunlaşma tarixini və türk soylarından olmasını sübut etməkdədir. Tovuzun adı ilə əlaqədar bir neçə mənbələrdən alınan məlumata görə bir neçə variant məlumdur, onlardan biri "Tau Ok uz" qədim Hun türkcəsindən tərcümədə "Dağ tayfalarıyıq" mənasını verir; ikincisi, "Tau ust" qala Hun türkcəsindən tərcümədə "Dağ üstündə yerləşən qala" mənasını verir. Bu iki variantdan daha inandırıcısı ikinci variantdır ki, həqiqətən, əraziyə bu adın verilməsi dağlarda yerləşən "Tavus qala"-nın adı ilə bağlıdır. Qalanın xarabalığı hələ də qalmaqdadır. Akademik Sumbatzadəyə görə, bu qala eramızın III əsrində bölgəyə gəlmiş türksoylu Hun və Sabir kimi tayfalar tərəfindən tikilmişdir. Bu faktı bədnam erməni mənbələri də təsdiqləyir. Onlar düzənlikdə yerləşən Hunan şəhərini qorumaq üçün dağda möhtəşəm qala tikdilər və ətrafda gözətçi kiçik qalalar (Karavul) saldılar, qalanı "Tauust" adlandırdılar, kiçik qalacıqları isə "Karavul qala" adlandırdılar.
1802–1803-cü illərdə Çar Rusiyasının Azərbaycanın işğalına başlamasınadək, Tovuz rayonu Şəmşəddil sultanlığının tərkibində olmuşdur.
Tovuz Azərbaycanın futbol mərkəzlərindən biri sayılır. Tovuzun Turan Tovuz komandası Azərbaycan futbolu üçün çoxlu sayda futbolçu hazırlayıb. Təsadufi deyil ki Azərbaycan yığmasının heyətində ən azı 5–6 nəfər "Turan" klubunun yetirmələri hər oyunda çıxış edir. "Turan" Azərbaycan premyer liqasında daimi çıxış edən üç komandadan biridir ("Neftçi","Qarabağ","Turan"). Lakin çox təəsüf ki Azərbaycan iş adamları tərəfindən bu komandaya diqqət yetirilmir.
AFFAnın göstərişi və birbaşa maddi yardımı ilə "Turan Tovuz" klubunun nəzdində yaradılmış futbol akademiyasının fəaliyyətə başlamasından sonra ölkə üçün peşəkar futbolçuların yetişəcəyi gözləntiləri var.
2020-ci ilin iyul ayında Tovuz Ermənistanla baş verən döyüşlərin əsas ərazisinə çevrilmişdir.[3]
Coğrafi mövqeyi
[redaktə | mənbəni redaktə et]Tovuz rayonunu Ermənistanla 69 km, Gürcüstanla 23 km. sərhəddi var. Rayon qərbdə Ağstafa rayonu, şərqdə Şəmkir rayonu, cənubda Gədəbəy rayonu, şimalda az bir hissəsi Samux rayonu ilə (Ceyrançöldə) həmsərhəddir.
Tovuz Azərbaycan Respublikasının şimal-qərbində, Gəncə-Qazax düzündə yerləşməklə əlverişli iqtisadi coğrafi mövqeyə malikdir. Tovuz şəhəri paytaxt Bakıdan qərbdə, Bakı-Qazax magistralının 430 km də yerləşir.
Rayon ərazisinin şimal hissəsində, Kür çayının sol sahilində heyvandarlıq (xüsusən də, qış heyvandarlığı) üçün olduqca əlverişli olan Ceyrançöl qışlağı yerləşir.
Rayon ərazisindən Azərbaycan üçün həyati əhəmiyyət kəsb edən "Bakı-Tbilisi-Ceyhan" neft kəməri və "Bakı-Tbilisi-Ərzurum" qaz kəməri və Böyük İpək Yolu keçir.
Hazırda İpək Yolunun yenidən qurulması və dünya standartlarına tam cavab verməsi yönündə intensiv işlər davam etdirilir.
Relyefi
[redaktə | mənbəni redaktə et]Tovuz rayonunun ərazisi relyef xüsusiyyətlərinə görə 4 zonaya: orta dağlıq, alçaq dağlıq, dağətəyi və yüksək dağlıq zonalara ayrılır. Rayonun cənub hissəsi orta və yüksək dağlıq zonada, mərkəz hissəsi alçaq dağlıq və dağətəyi zonada, şimal hissəsi isə dağətəyi düzənlikdə yerləşir. Ərazi 630 m dəniz səviyyəsindən yüksəkdə yerləşir.
İqlimi
[redaktə | mənbəni redaktə et]Tovuzda havanın orta illik temperaturu 8–13 °C, yanvarda 1–4 C, iyulda isə 18–25 °C dərəcə arasında dəyişir. Orta illik nisbi rütubəti 71 %-dir. Yağıntının illik miqdarı 400–700 mm-dir. Küləyin orta illik surəti 3,4 m/san-dır.
Tovuz rayonundan keçən çaylar
[redaktə | mənbəni redaktə et]Tovuz rayonunun ərazisindən axan çaylar Kiçik Qafqazın şimal-şərq yamacından mənbəyini götürür və sağdan Kür çayına qovuşur. Rayonun ərazisindən axan çaylar Tovuz, Axınca, Zəyəm və Əsrikdir. Rayonun şimal hissəsində Kür çayı keçir. Bu çay Ceyrançöl alçaq dağlığını Gəncə-Qazax düzündən ayırır. Rayonun ərazisindən axan çaylar Kiçik Qafqazın şimal-şərq yamacında yüksək və orta dağlıq silsilələrindən başlanğıcını götürməklə rayonun böyük çayları hesab olunur və təsərrüfatda geniş istifadə olunur.
Zəyəmçay
[redaktə | mənbəni redaktə et]Zəyəmçay Şəkərbəy və Çətindərə çaylarının birləşməsindən əmələ gəlir. Zəyəm çayının yuxarı axını Şahdağ silsiləsinin şimal yamacında yerləşir. Mənbəyi 2020 m yüksəklikdə yerləşir. Uzunluğu 90 km, hövzəsinin sahəsi 942 km2 , su sərfi isə 6,3 m³/ san-dir. Yuxarı axımında çaya soldan Bacanka (uzunluğu 25 km), Çətindərə (uzunluğu 24 km), Kiçik Qaramurad (uzunluğu 11 km), sağdan isə Kilisəlisu (uzunluğu 14 km), Babaçay (uzunluğu 26 km) kimi qollar qarışır. Axımı yeraltı, yağış və qar sulardan əmələ gəlir. Qarın əriməsi dövrdə böyük daşqınlar əmələ gəlir. Ən çox axım yaz və yay aylarında olur. Zəyəmçay Kürə ildə orta hesabla 22 min tona qədər asılı gətirmələr aparır. Çayın mənbəyində yağıntıların illik miqdarı çoxdur, bulaqlar boldur. Çay yuxarı hissədə dərin və dar dərələrlə axır. Çay yatağının düşməsi isə 100–120 m/km arasında dəyişir, orta axında dağın relyefinin formasından asılı olaraq bu çaylar nisbətən geniş dərələrlə axır və yatağın meyilliyi 10–30 m/km-ə qədər azalır, çay dərəsi genişlənir və terraslarla müşayiət olunur. Aşağı axında Gəncə-Qazax düzənliyini kəsib keçərək Kürə qovuşur. Bu hissədə çay qutuvari terraslı dərələrlə axır. Zəyəmçay hətta Şəmkir və Tovuz rayonları arasında sərhəd rolunu oynayır.
Axınca çayı
[redaktə | mənbəni redaktə et]Axınca çayı tranzitdir. Mənbəyini 1950 m yüksəklikdə Gədəbəy rayonunun ərazisindəki Başkənd aşırımından götürür. Mənsəbi Gəncə-Qazax düzündə yerləşir. Uzunluğu 76 km, hövzəsinin sahəsi 1178 km2 -dir. Qidalanması yağış, yeraltı və qar sularıdır. Yuxarı hissəsində dərin dərəli relyef forması üstündür, aşağı axına doğru getdikcə dərələr genişlənir. Suvarma əhəmiyyəti böyükdür. Üzərində Axıncaçay su anbarı yaradılmışdır. Bu su anbarı 1969-cu ildə istifadəyə verilmişdir. Sahəsi təqribən 92 hektardır. Axınca çayının suyunu tənzimləyir və təqribən 9 min hektar ərazini suvarır.
Tovuzçay
[redaktə | mənbəni redaktə et]Axınca çayının sol qolu Tovuzçay tranzit çayıdır. Bəzən bu çayın mənsəbini Kür çayı hesab edirlər. Uzunluğu 42 km, hövzəsinin sahəsi 278 km2 -dir.
Murğuz silsiləsinin şimal yamacından təqribən 1973 m hündürlükdən başlayır.
Mənsəbi Gəncə-Qazax düzündə yerləşir. Yuxarı hissəsində dərin dərəli relyef forması üstündür, aşağı axına doğru getdikcə dərələr genişlənir.
Qidalanmasında yağış və yeraltı sular üstünlük təşkiil edir. Suvarmada geniş istifadə olunur. Axımı tənzimlənmişdir.
Mənbəyini Kiçik Qafqazın şimal – şərq yamacından götürən Əsrik çay Axınca çayının sağ qolunu təşkil edir. Uzunluğu təqribən 48 km, hövzəsinin sahəsi 170 km2 -dir. Şahdağ silsiləsinin şimal yamacından başlanınır. Mənbəyinin mütləq hündürlüyü 1750m olan Əsrikçayının mənsəbi Gəncə-Qazax düzündə yerləşir. Yuxarı axınında dar dərələrlə axır, mənsəbə doğru dərələr genişlənir.
Qidalanmasında yeraltı və yağış suları üstünlük təşkil edir. Suvarmada geniş istifadə olunur.[4]
İri yaşayış məntəqələri
[redaktə | mənbəni redaktə et]Qovlar şəhəri. Əyyublu kəndi , Xatınlı (Qəsəbə tipli) (Xatınlı, Qaraxanlı, Qədirli, Cilovdarlı, Sarıdamlı kəndləri daxildir.), Aşağı Quşçu kəndi və s.
Əhalisi
[redaktə | mənbəni redaktə et]Etnik qrup | Toplam | Nisbəti | Kişilər | Nisbəti | Qadınlar | Nisbəti |
---|---|---|---|---|---|---|
cəmi | 200.000 | 100 % | 79 078 | 100 % | 78 797 | 100 % |
azərbaycanlı | 199.700 | 99.83 % | 78 994 | 99.89 % | 78 605 | 99.76 % |
türk | 157 | 0.10 % | 76 | 0.10 % | 81 | 0.10 % |
rus | 76 | 0.05 % | 4 | 0.01 % | 72 | 0.09 % |
ukraynalı | 8 | 0.01 % | 0 | 0.00 % | 8 | 0.01 % |
talış | 6 | 0.00 % | 3 | 0.00 % | 3 | 0.00 % |
tatar | 4 | 0.00 % | 0 | 0.00 % | 4 | 0.01 % |
erməni | 4 | 0.00 % | 0 | 0.00 % | 4 | 0.01 % |
digər | 21 | 0.01 % | 1 | 0.00 % | 20 | 0.03 % |
Görkəmli şəxsləri
[redaktə | mənbəni redaktə et]Bax: Kateqoriya:Tovuzda doğulanlar
- Mirzə Hacı bəy Novruzov — general-leytenant.
- Teymur bəy Novruzov — çar ordusunun general-mayoru.
- Qara bəy Qarabəyov — һәkim, ictimai xadim, Azərbaycan Demokratik Respublikası parlamentinin üzvü.
- Məmməd İsmayıl — Azərbaycan şairi.
- Aşıq Hüseyn Bozalqanlı — Azərbaycan xalq yaradıcılığının inkişafında misilsiz xidməti olan böyük sənətkar.
- Mikayıl Azaflı — Azərbaycan aşığı, Azərbaycanın əməkdar mədəniyyət işçisi
- Məmməd İsmayıl — filologiya elmləri namizədi elmi dərəcəsini almışdır.
- Qara Tofiq — Sabiq Kənd Təsərüfatı naziri
- İlham Rəhimov — Azərbaycanlı iş adamı, hüquq elmləri doktoru, professor.
- Qənirə Paşayeva — Azərbaycan Respublikası Milli Məclisinin deputatı.
- Tünzalə Ağayeva — Azərbaycan Respublikasının Əməkdar Artisti.
- Məmməd Məmmədov (icra hakimi) – Tovuz rayonu icra hakimiyyətinin başçısı, kənd təsərrüfatı üzrə fəlsəfə doktoru, dosent.
- Ramiz Zeynalov — Respublika Dövlət Yol Polisinin rəisi, polis general -mayoru.
- Məzahir Pənahov — Mərkəzi Seçki Komissiyasının sədri.
- Arif Əsgərov — Dövlət Dəmir Yolları QSC -nin keçmiş direktoru.
- Zakir Zeynalov — Hüquq elmləri doktoru, baş ədliyyə müşaviri, Hüquq üzrə Ali Attestasiya bölməsinin rəhbəri, Milli Məclisin vitse-spikeri, Hüquq siyasəti və dövlət quruculuğu daimi komissiyasının sədri, Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, MDB dövlətlərinin Parlamentlərarası Assambleyasının daimi komissiyasının sədr müavini, tanınmış ictimai-siyasi xadim
- Fətulla Hüseynov — Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi polis polkunun komandiri, polkovnik. Azərbaycan Silahlı Qüvvələrinin 1994-cü il qış kampaniyasında keçirdiyi ən uğurlu əməliyyatı olan Horadiz əməliyyatının rəhbəri.
- Tahir Əmiraslanov — Əməkdar mədəniyyət işçisi, Azərbaycanın Milli Kulinariya Mərkəzinin (MKM) prezidenti, "Kulina" jurnalının baş redaktoru.
- Aşıq Xanlar Məhərrəmov — Azərbaycan aşığı
- Rauf Arifoğlu — Azərbaycanlı jurnalist.
- Xəlil Mirzəyev — Biologiya elmləri namizədi, Tibb Universitetinin Dosenti
- İlyas İsmayılov - Azərbaycan SSR və Azərbaycan Respublikasının tanınmış dövlət və ictimai-siyasi xadimi. Azərbaycan SSR Baş prokuroru və Azərbaycan Respublikasının ilk ədliyyə naziri. Hüquq elmləri doktoru, Professor. Eks-millət vəkili. Ədalət Partiyasının sədri
- İsa Cavadoğlu — Azərbaycan şairi
- İbrahim Zeynalov — Tarix elmləri doktoru Azərbaycan tarixi (humanitar fakültələr üzrə) kafedrasının profesoru
- Cahan Məmmədov- iqtisad elmləri namizədi,1993–2005-ci illərdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirinin müavini, Meliorasiya və Su Təsərrüfatı" ASC-nin apparat rəhbəri
- Asif Nəsirov -Texnika elmləri namizədi, Azərbaycan Memarlıq və İnşaat Universitetinin dosenti.
- Aşıq Azər Məhərrəmov — Azərbaycan aşığı.
- Aydın Nəsir oğlu Hüseynov — Milli Məclisin deputatı.
Sovet İttifaqı Qəhrəmanları
[redaktə | mənbəni redaktə et]- Yusif Mehdi oğlu Sadıqov – 1918–1971-ci illərdə yaşamışdır, rayonun Ağdam kəndindəndir.
- Mərdan Məhəmməd oğlu Musayev – 1907–1982-ci illərdə yaşamışdır. Rayonun Əlimərdanlı kəndindəndir.
- Məstan Aslan oğlu Əliyev – 1918–1945-ci illərdə yaşamışdır. Rayonun Əsrik Cırdaxan kəndindəndir.
Azərbaycanın Milli Qəhrəmanları
[redaktə | mənbəni redaktə et]- Naiq Nəsir oğlu Yusifov – 1970–1992-ci illərdə yaşamışdır, rayonun Ağdam kəndindəndir.
- Qasım Qara oğlu Rzayev – 1971–1992-ci illərdə yaşamışdır, rayonun Əlibəyli kəndindəndir.
İqtisadi xarakteristikası
[redaktə | mənbəni redaktə et]Tovuz rayonunun iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Üzümçülük, tərəvəzçilik, quru subtropik meyvəçilik, bostançılıq, bağçılıq, taxılçılıq, heyvandarlıq kənd təsərrüfatının mühüm sahələridir. Rayon üzrə sənaye müəssisələrinin sayı 45 ədəd, onlardan fəaliyyət göstərir 21 ədəd.
2007-ci ildə məhsul buraxılışı və xidmətlərin həcmi 8875,9 min manat olub. 2007-ci ildə sənaye müəssisələri və fizik işəxslər tərəfindən 1760.3 ton çörək, 2833,4 ton un, 578.9 ton kəpək, 32,9 ton yarma, 47,4 min dal araq, 26,2 min dal şərab,70,2 min dal konyak məhsulu, 185,0 ton şəkər, 8.2 min dal mineral süfrə suyu, 884 ton beton məmulatı, 432,0 ton gəj, 7507,0 ton çınqıl və qum, 30 min cücə, 260 ədəd çarpayı, 10,0 min ədəd qəzet istehsal olunub.
Tovuzda istifadəyə verilən yeni asfalt zavodunda 8 saata 500 ton məhsulun istehsal olunması nəzərdə tutulub. Tovuz çayından götürülən xammal əsasında hazırlanan məhsul hələlik yalnız rayon ərazisindəki yolların təmiri üçün istifadə olunur.
Digər sənaye sahələri ilə bərabər Tovuz rayonunda qismən də olsa yüngül sənaye və toxuculuq sənayesi də fəaliyyət göstərməkdədir. Tovuz rayonunun mərkəzində fəaliyyət göstərən yüngül sənaye müəssisəsində onlarla insanlar işlə təmin edilib.
Mədəniyyət, təhsil və səhiyyə müəssisələri
[redaktə | mənbəni redaktə et]Tovuzda XIX əsrin son rübünədək təhsil əsasən dini məktəblərdə və fərdi qaydada aparılıb. İlk dünyəvi məktəb 1891-ci ildə rayonun Yuxarı Öysüzlü kəndində rus-tatar məktəbi (realnı) kimi fəaliyyətə başlayıb.
1899-cu ildə Tovuz şəhəri ərazisində Rəsulov Hüseyn adlı bir şəxsin evi dünyəvi təhsil təəsübkeşləri tərəfindən kirayə edilir və burada sonralar 1937-ci ildə böyük rus şairi A. S. Puşkinin adını daşıyan Tovuz şəhər orta mətkəbinin bünövrəsi qoyulur. Yanıqlı kəndində 1924-cü ildə şəxsi evlərdə 4 illik məktəb açılıb.
Tovuzun ilk görkəmli müəllimləri sırasında Ağamməd Axundovun, Məmmədqara Məmmədovun, Əli Əliyevin, Cəfər Mürşüdlünün, Həsən Həsənovun, İbrahim Qüdrətovun, Qara Sultanovun, Nadir Abdıyevin adlarını çəkmək olar.
Hazırda rayonda fəaliyyət göstərən 85 ümumtəhsil məktəbinin 65-i orta, 17-si əsas, 3-ü ibtidai məktəblərdir. Rayonda 39 məktəbəqədər və 5 mətkəbdənkənar uşaq müəssisəsi fəaliyyət göstərir. 39 məktəbəqədər uşaq müəssisələrinə 2375 nəfər uşaq, 5 məktəbdənkənar uşaq müəssisəslərin isə 6180 nəfər şagird cəlb edilmişdir.
Rayonun ümumtəhsil mətkəblərində şagirdlərin təlim-tərbiyəsi ilə 4112 nəfər müəllim məşğul olur. Onların 3783 nəfəri ali, 26 nəfəri natamam ali, 303 nəfəri isə orta ixtisas təhsillidir.
Tovuzda 132 nəfər işçisi olan Peşə Liseyi və 78 nəfər işçisi olan Dövlət Sosial İqtisad Kolleci fəaliyyət göstərir. Bir neçə il öncəyədək rayonun Qovlar qəsəbəsində Azərbaycan Yeyinti Sənayesi İnstitutu fəaliyyət göstərib.
A. S Puşkin adına Tovuz şəhər orta məktəbi 100 ildən artiq fəaliyyəti dövründə, eləcə də rayonun digər məktəbləri Azərbaycan elmi üçün 80-dən artıq elmlər doktoru-professor, 150-dən çox elmlər namizədi yetişdirib.
Maddi-mədəni irsi
[redaktə | mənbəni redaktə et]Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 avqust 2001-ci il tarixli qərarına əsasən, Tovuz rayonunun ərazisində 64 tarixi-mədəni, arxeoloji abidənin olması təsdiqlənib. Onlardan 18-i ölkə (2-si memarlıq, 16-sı arxeoloji), 46-sı yerli (32-si memarlıq, 11-i arxeoloji, 1-i monumental xatirə abidəsi, 2-si dekorativ-tətbiqi sənət nümunəsi) əhəmiyyətli olmaqla dövlət tərəfindən mühafizə edilir.
Ölkə əhəmiyyətli memarlıq abidələrinə -Düzqırıqlı kəndində xıx əsrə aid Hacı Bagır məscidi Yanıqlı kənd məscidini, Kirzan məbədini misal göstərmək olar.
Kirzan kəndindəki XII əsr məbədinin bu gün yalnız qalıqları mövcuddur. Abidənin ətrafında elmi-tədqiqat və konservasiya işlərinin aparılması vacibdir.
Yerli əhəmiyyətli memarlıq abidəsi olan ikimərtəbəli yaşayış evi 1880-ci ilə aiddir. Yerli əhəng daşından inşa olunmuş abidənin texniki vəziyyəti qənaətbəxşdir.
XIX əsrə məxsus suvurma qülləsi əhəng daşından inşa olunub. Abidənin dam örtüyü olmadığından divalarında çatlar əmələ gəlib. Abidə Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin Dövlət Dəmir Yolu Baş İdarəsinin balansındadır. 4–5 il bundan əvvəl idarə tərəfindən qüllənin sökülməsinə başlanılıb, ancaq müvafiq dövlət qurumlarının müdaxiləsindən sonra bu iş dayandırılıb. Dam örtüyü də o vaxtdan açıq qalıb. Dam örtüyü tezliklə bərpa olunmasa, abidə tezliklə dağıla bilər.
Yerli əhəmiyyətli memarlıq abidələrindən olan ikimərtəbəli, XIX əsrə məxsus yaşayış evi və 1912-ci ildə inşa olunmuş sement zavodunun binası da qəzalı vəziyyətdədir. Çiy kərpicdən inşa olunmuş yaşayış evinin bir hissəsi uçub, qalan hissəsi də uçmaq təhlükəsi qarşısındadır. Binanın nə memarlıq, nə də tarixi əhəmiyyəti olmadığından onun abidə kimi siyahıdan çıxarılması təklif edilib.
Sement zavodunun yalnız qülləsi qalıb. Tikilinin qalan hissəsi uçub. Elə bu səbəbdən binanın yalnız qülləsinin abidə kimi qorunması təklif olunub.
Bundan əlavə, Tovuz rayonunda bir sıra yeni aşkar olunmuş abidələr də mövcuddur. Bayramlı kəndindəki çay daşından və bişmiş kərpicdən inşa olunmuş körpünün texniki vəziyyəti qaneedicidir.
Yerli əhəmiyyətli memarlıq abidələrindən olan Qazqulu kəndindəki səkkizguşəli türbələr, 1880-ci ildə tikilmiş dəmiryol körpüsünün vəziyyəti qənaətbəxşdir.
Texniki baxışın nəticəsi aşağıdakı abidələrdə bərpa işlərinin aparılmasının vacib olduğunu diktə edir: Ölkə əhəmiyyətli memarlıq abidəsi olan XVII əsrdə inşa olunmuş Yanıqlı kənd məscidi, yerli əhəmiyyətli memarlıq abidələri sayılan Ağbulaq kəndinin yaxınlığındakı məbəd və qala divarlarının qalıqları, Vahidli kənd qəbiristanlığındakı məscid, Yuxarı Öysüzlü kəndindəki XIX əsr türbələri, Yanıqlı kəndindəki 3 ədəd türbələr kompleksi, Yuxarı Öysüzlü kəndindəki Nəsib və Yusif bəylərin XIX əsrə məxsus yaşayış evləri, Düz Qırıqlı kəndindəki XIX əsr məscidi.
Mətbəx
[redaktə | mənbəni redaktə et]Azərbaycanın hər bölgəsində olduğu kimi, Tovuz rayonunun da özünün spesifik yemək növləri var. Belə yemək növlərinə əsasən, xəmir yeməkləri, dənli bitkilər və göyərti (pencər), kartof mənşəli yeməklər daxildir. Azərbaycan kulinariyasında məşhur xəmir yeməklərindən biri də "Tovuz xəngəli" adı ilə tanınır.
Plovun və dolmanın onlarla növü, kababın da elə təxminən bu qədər növü bəllidir. Bunları çox hissəsi tərəvəzlərdən geniş istifadə olunmaqla hazırlanır. Tovuzda qədimlərdən bəri tərəvəzlərdən, göyərtidən, süd və un məhsullarından daha geniş istifadə olunur.
Sulu yeməklər, tərəvəz qızartmaları, müxtəlif növ pilovlar, şirniyyatlar, süd məhsulları Tovuz mətbəxinin əsas təamlarıdır. Tovuzda təkcə kartofdan 10-dan artıq yemək hazırlanır.
Elə yeməklər də var ki, məhz Tovuzda daha çox bişirilir və istifadə edilir. Tovuz xəngəli, sulu xəngəl, fəsəli, qatlama, körəməz, öriştə və əriştəli yeməklər, müxtəlif növ pencərlərdən hazırlanan yeməklər – ispanaq, unnuca, qazayağı, şomu və sair.
Tovuz mətbəxi müxtəlif salatlarla da zəngindir. Tərəvəz, göyərti, lobya, noxud qoz, fındıq, qaymaq qatılmaqla hazırlanan salatlar çox dadlı olur. Bundan başqa adi salatlardan (pomidor, xiyar, bibər) geniş istifadə olunur. Ən geniş yayılmışı "Çoban salatı"dır. Tovuzluların adi yemək süfərində belə mütləq salat olur.
Əlüstü yeməklərdən müxtəlif qutabları göstərmək olar. Ən məşhuru göyərti qutabıdır ki, bu da Tovuzda çox sevilir. Bundan başqa kartofdan, noxud və lobyadan hazırlanan qutablar da bişirilir.
Şirniyyat məmulatarından əx çox istifadə olunanı, paxlava, şəkərbura, qatlama, fəsəli, meyvəli tort növləridir.
Tovuz da ən çox istifadə olunan içkilər, ayran, dovğa, atlama, meyvə şirələridir. Spirtli içkilərdən bu zonanın məşhur içkiləri kimi tanınan tut, zoğal və digər meyvələrdən çəkilmiş araqları, üzüm, gilas, nar, moruq və digər meyvələrdən şərabları göstərmək olar.
Yerli media
[redaktə | mənbəni redaktə et]Rayonda yerli qəzet olan "Tovuz" qəzeti fəaliyyət göstərir.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Azərbaycan Respublikasının inzibati–ərazi vahidləri. — Kənd rayonları, səhifə 873. // Azərbaycan Milli Ensiklopediyası. 25 cilddə. Məsul katib akademik T. M. Nağıyev. "Azərbaycan" cildi. Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi, 2007, 884 səhifə. ISBN 9789952441017
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Arxivlənmiş surət". 2020-06-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-02.
- ↑ Harutyunyan, Sargis; Danielyan, Emil. "Armenia-Azerbaijan Border 'Calm' After Deadly Clashes". azatutyun.am. RFE/RL. 5 August 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 August 2020.
...the border between Armenia’s northern Tavush province and the Tovuz district in Azerbaijan, the scene of the clashes.
- ↑ Harutyunyan, Sargis; Danielyan, Emil. "Armenia-Azerbaijan Border 'Calm' After Deadly Clashes". azatutyun.am. RFE/RL. 5 August 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 August 2020.
...the border between Armenia’s northern Tavush province and the Tovuz district in Azerbaijan, the scene of the clashes.
- ↑ "Arxivlənmiş surət". 2020-09-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-05-06.
- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi: Tovuz rayonu [ölü keçid]
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Tovuz haqqında ümumi məlumat Arxivləşdirilib 2012-10-12 at the Wayback Machine
- Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi: Turizm: Turist marşrutları və zonalar: Qərb—>Tovuz