Yəmən tarixi
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Yəmən—sivilizasiyanın qədim beşiklərindən biridir.
İslamaqədərki tarix
[redaktə | mənbəni redaktə et]Yəmən dünyanın qədim dövlətlərindən biridir. Eramızdan əvvəl bu ərazidə Həzrəmövt, Səba, Məin adlanan dövlətlər mövcud olmuşdur[1].
Səba dövləti İncildə, əsasən, Kral Solomon və Səba (Şeba) kralliçası hekayələrində tez-tez xatırlanan, qədim Assur, Yunan və Roma mənbələrində adı çəkilən, Ərəbistan yarımadasının cənub qərbində eradan əvvəl 8-ci əsrdən eramızın təxminən 5-ci əsrinədək mövcud olan İslam öncəsi ərəb krallığıdır. Orta əsrlərdə krallığın mərkəzi Yəmənin paytaxtı Sənadan 120 km şərqdə yerləşən Mərib olmuşdur. Ərəb rəvayətlərinə əsasən, Mərib şəhərinin əsası Nuh peyğəmbərin böyük oğlu Sam tərəfindən qoyulub. İkinci böyük şəhəri isə Sirvah idi.
Səba dövləti ədviyyat, buxur və mirra da daxil olmaqla ətriyyat, kənd təsərrüfatı məhsulları, quru və su yolları vasitəsilə daşınan ticarət malları ilə zəngin idi. Bu məhsullar Ərəbistan yarımadası daxilində dəvələr vasitəsilə, Hindistana isə dəniz yolu ilə ixrac olunurdu. Əsrlər boyu krallıq Qırmızı dənizdəki Bab əl-Məndəb boğazını idarə etmiş, Afrika sahillərində çoxlu sayda koloniyaların, Abissiniya (indiki Eritreya) krallığının əsasını qoymuşdur.
Səba dövləti dövründə Yəməndə kənd təsərrüfatı dağlarda böyük su tunelləri və bəndlərdən ibarət qabaqcıl irriqasiya sistemlərinin mövcudluğu sayəsində çiçəklənmişdir. Bu sistemlərdən ən nəzərə çarpanı bizim eradan əvvəl 700-cü illərdə tikilən və eramızın 570-ci ilində baxımsızlıqdan dağılanadək əsrlərlə varlığını qoruyan Mərib su bəndidir ki, təxminən 100 km² ərazini su ilə təmin edirdi.
Eramızın 3-cü əsrinin sonuna yaxın kral Şamir Yuhariş (görünür ki, ilk real tarixi şəxsiyyət olub və şöhrəti İslama qədər yayılıb) "Səba, Zu Raydan, Hadramaut və Yəmənətin kralı" titulunu qəbul edir. Bundan sonra Hadramaut öz siyasi müstəqilliyini itirir və bütün cənub qərbi Ərəbistanı idarə edən Səba dövlətinin idarəsi altına keçir. 4-cü əsrin ortalarında krallıq Şərqi Afrika sahillərindəki Aksum krallığı tərəfindən müvəqqəti tənəzzülə uğrasa da, əsrin sonunda yenidən öz gücünü bərpa edir. Lakin növbəti iki il ərzində Səbailər Fars macəraçıları və müsəlmanlarla qaynayıb qarışaraq öz mövcudluqlarını itirdilər.
Səba dövlətinə Himyarilər son qoydu.
Beləliklə eramızdan əvvəl 115-ci ildə Səba dövlətinin hakimiyyəti sona yetdi. Himyarilər adında olan digər sülalə onların yerini tutdular. Himyarilər Ərəbistanın cənub əhalisinin bir qəbiləsindədir ki, Zəfarda hakim olmuşlar. Bu qəbilə ilk dəfə Ərəbistanın cənubunun çox kiçik bir hissəsinə hakim idilər, lakin get-gedə hökumət dairələrini genişləndirdilər[2]. Himyar dövlətinin ömrü əsas etibari ilə təxminən Səba dövlətinin ömrünə bərabərdir. Elə buna görə də bəzi tarixçilər bu dövləti Səba dövlətinin ikinci dövrü kimi qəlmə verirlər. Himyarilər hakimiyyəti iki dövrə bölünür:
- 1. Səba dövlətinin süqutundan 300-ilə qədər olan dövr;
- 2. Həbəşilərin bu məntəqəyə hücumuna qədər olan dövr;
Birinci dövrün şahları Səba və Zurəydan adlanırdılar ki, bu Qətban və Himyar hakimilərinə məxsus olan bir ad idi[3]. Üçüncü əsrdə Şimr Yuhariş adlı cəngavər padşah Həzrəmövt və Yəmən nahiyələrini də öz əlinə keçirdi. Bununla da Himyarilərin hakimiyyətinin ikinci dövrü başlandı.
Miladi tarixinin dördüncü əsrində Əbu Kərb Əsəd özünü Taud və Pəhamə adlı hər iki məntəqənin şahı elan etdi. Şahları tubbə adlanan Himyar dövləti miladi tarixinin 525-ci ilinə qədər, yəni Həbəşilərin onların torpaqlarına olan hücumuna qədər davam etdi.
Himyarilər dövləti təsis olunduğu ilk andan (Səba dövləti kimi) Roma imperiyasının işğalçı təcavüzləri ilə üzləşdilər və buna görə də yavaş-yavaş öz hakimiyyət dairələrini genişləndirirdilər. Onlar Hindistanla şərqi Afrika arasında olan ticarət yolunu ələ keçirmək istəyir, eləcə də çeşidli ticarət məhsuluna malik olan Buxur torpağına da sahib olmağa çalışırdılar.
Eramızdan 25-il əvvəl Alius Qalius qoşunla Ərəbistanın cənubuna hücum etdi və bir neçə gün müddətində Məribə yetişdi. Hətta Hicazı ələ keçirərək Nəcran vadisinə qədər irəlilədi. Amma tezliklə su qıtlığından və başqa çətinliklərlə üzləşdiyindən geri çəkilməyə məcbur oldu.
Həbəşlərin işğalında
[redaktə | mənbəni redaktə et]VI-VII əsrlərdə Həbəşistanda xristianlığın monofizit məzhəbini mənimsəmiş Aksum sülaləsi hakimiyyətdə idi. Yəmən torpaqlarındakı Himyar dövlətinin Zu Nuvas adlı yəhudi kralı ölkəsindəki xristianlara qarşı təqib və təzyiqlərə əl atmış və Nəcrandakı xristian ərəb qəbilələrinə qanlı divan tutmuşdu. Zu Nuvas özünə Yusif adını götürərək iudaizmi qəbul etmiş ərəb idi. Nəcranın monofizit isəviləri Uxdud adlanan, içində tonqal qalanmış xəndəklərə atdıran Zu Nuvasın zülmü Qurani-Kərimin Buruc surəsi 4–10-cu ayələrində öz əksini tapmışdır.
523-cü ildə baş vermiş, təqribən 20 min isəvinin öldürüldüyü bu hadisə Həbəş krallığı ilə Himyər krallığı arasında gərginliyə səbəb olmuş və bu gərginlik müharibə ilə nəticələnmişdi. Əryat və Əbrəhə adlı iki sərkərdənin başçılığı aldındakı 70 minlik xristian həbəş ordusu gəmilərlə Qırmızı dənizi keçərək Yəmən torpaqlarına ayaq basmışdı. Bu ordu Zatu’l-Əbər adlanan yerdə yəhudi Zu Nuvasın ordusunu ağır məğlubiyyətə uğratmışdı. Əbrəhə həbəşilərin dilində İbrahim (Abraham) adının tələffüz forması idi.
Zu Nuvas üzərindəki qələbədən sonra Əryatla Əbrəhə arasında səbəbi məlum olmayan düşmənlik başlamışdı. Yəmənliləri öz ətrafında toplayan Əbrəhə Əryatla girişdiyi döyüşdə dodağı yarıldığı üçün əl-Əşram ləqəbi ilə məşhur olmuşdu. Əryatın bu döyüşdə öldürülməsindən sonra Əbrəhə əl-Əşram bütün Yəməni öz hakimiyyəti altında birləşdirə bilmiş və əlli ilə yaxın burada hökmranlıq etmişdi. Əbrəhənin əmri ilə Sənada "əl-Kulleys" adlanan möhtəşəm xristian məbədi inşa edilmişdi. Əbrəhə bütpərəst ərəblərin hər il Məkkəyə gedərək Kəbə ətrafındakı bütləri ziyarət etdiklərini bilidi. Buna görə də o, bundan sonra bütün ərəblərin Kəbəni deyil əl-Kulleysi ziyarət etməyə məcbur etməyə başlamışdı. Onun bu təşəbbüsü bütpərəst ərəblərin qeyzinə səbəb olmuşdu. Buna görə İbn Fukay əl-Kinani adlı bir bədəvi əl-Kulleysin içinə işəyərək murdarlamışdı. Onun bu hərəkəti Əbrəhənin qəzəbini alovlandırmışdı. Əbrəhə bu hadisədən sonra Kəbəni yıxacağına and içmiş və Məkkəyə yürüş etmişdi. Onun ordusunun önündə "Mahmud" adlandırdıqları nəhəng bir fil gedirdi, bu səbəbdən də bu ordu "əshabu`l-fil", fil əshabı, fil ordusu adlanırdı. Taif şəhərinə yaxınlaşanda Səqif qəbiləsi ağsaqqalları Əbrəhənin ordugahına gəlib əl-Lat adlı bütlərinə toxunmaması üçün ona yalvarmışdılar. Əbrəhə onların bu istəyinə müsbət cavab vermiş və hədəfinin Kəbə olduğunu bildirmişdi. Bununla belə səqiflilər Əbrəhəyə yardım etməkdən də imtina etmişdilər. Çünki Kəbə bütün ərəblərin nəzdində ehtiram bəslənən bir ibadətgah idi. Səqif qəbiləsindən sadəcə Əbu Riğal adlı bir şəxs aldığı böyük pul müqabilində Əbrəhənin ordusuna bələdçilik etməyə razı olmuşdu. Məkkəyə yaxınlaşarkən Əbu Riğal gözlənilmədən ölmüşdü. Bu hadisə sonralar ərəblər arasında "Əbu Riğalı gördünsə bil ki, Əbrəhənin filləri yaxınlıqdadır" şəklində zərbi məsələ dönmüşdü. Əbrəhənin ordusu ətrafdakı yaşayış yerlərini və heyvan sürülərini yağmalamağa başlamışdılar. Bu vaxt Muhəmməd Peyğəmbər salləllahu əleyhi və səlləmin babası Şeybənin (Əbdulmuttəlib) 200 dəvəsi Əbrəhənin əsgərlərinin əlinə keçmişdi. Şeybənin xahişindən sonra dəvələri özünə qaytarılmışdı. Şeybə ordugaha gələrək Əbrəhədən dəvələrinin özünə qaytarılmasını xahiş etmişdi. Onun bu xahişini qəbul edən Əbrəhə Şeybəyə "mən sizin üçün əziz olan Kəbəni dağıltmaq üçün gəlmişəm, lakin sən dəvələrin üçün narahatsan" deyəndə Şeybə ona "mən bu dəvələrin sahibiyəm, ona görə onlar üçün narahatam, Kəbəyə gəldikdə isə onun öz sahibi var" deyə cavab vermişdi.
Lakin bu ordu bütün təfərrüatı ilə tarixə məlum olmayan şəraitdə, başına gələn fəlakət səbəbilə Məkkə yaxınlığında məhv olmuş və Əbrəhə də burada ölmüşdü. Bu hadisə Qurani-Kərimin 105-ci surəsində də öz əksini tapmışdır. Tarixi mənbələrdə Əbrəhənin ordusundan qorxduqları üçün şəhəri tərk edib ətrafdakı dağlara sığınmış məkkəlilərin Qırmızı dəniz tərəfdən uçub gələn və o vaxta qədər görmədikləri böyük bir quş dəstəsinin fil əshabının üzərinə atəşli daş yağdırararq məhv etdiklərinin şahidi olduqları qeyd olunur. 570-ci ildə baş vermiş bu hadisədən sonra Əbrəhənin oğlu Yeksum, ondan sonra isə Məsruq Yəməni həbəş kralının canişinləri olaraq idarə etmişdilər.
Sasanilərin işğalında
[redaktə | mənbəni redaktə et]Tarixi mənbələrdə bu müharibənin dini təəssübkeşlik nəticəsində baş verdiyi qeyd edilirsə də bunun təməlində iqtisadi-ticari maraqların dayandığını düşünən tarixçilər də olmuşdur. Yəmən bu dövrdə Sasanilərin himayəsi altında idi. Bəsrə körfəzi və Qırmızı dəniz Hindistan və Çindən başlayıb Bizansda bitən ticarət yolunun keçdiyi iki mühüm coğrafi məkan idi. Yəmən bu ticarət yolu üzərində yerləşən strateji məntəqə idi. Yəmənə nəzarət etməklə Sasanilər və Bizans şərq-qərb dəniz ticarətinə nəzarət etmək imkanı əldə etmiş olurdular.
Bazan iranlı əsgərlərin Yəmənli qadınlarla evlənməsi nəticəsində təşəkkül edən və Əbna adı verilən zümrəyə mənsubdu. peyğəmbərin dəvəti üzərinə müsəlman oldu. Onun müsəlman oluşuna dair xəbərlər, peyğəmbərin Kisraya (II Xosrova) göndərdiyi məktubla ilgili rəvayətlər arasında yer almaqdadır. peyğəmbər hicrətin 7 — (628-ci) ildə Abdullah ibn Huzafə əs-Səhmiyi bir məktubla Kisra II Xosrov Pərvizə göndərmişdi. Kisra məktubda adının peyğəmbərin ismi-şərifindən sonra yazılmasına və çöldə yaşayan bir ərəbinöz dininə dəvət etməsinə qəzəblənərək məktubu yırtmış və Sənadaki valisi Bazana peyğəmbər haqqında ona bilgi verməsini, başqa bir rəvayətə görə isə onu yaxalayıb hüzuruna gətirməsini əmr etmişdir. Buna görə Bazan vəkilharcı Babaveyh ilə Xürrə Xosrovu Mədinəyə göndərdi. Babaveyh Bazanın məktubunu peyğəmbərə təqdim etdi. Elçiləri yaxşı qarşılayan peyğəmbər onları İslama dəvət etdi; fəqət qorxudan titrədiklərini görüncə də onun ertəsi gün gəlmələrini istədi. peyğəmbər o gəcə Xosrov Pərvizin oğlu tərəfindən öldürüldüyünü vəhy yoluyla öyrəndi. Ertəsi gün bu xəbəri elçilərə bildirdikdən sonra əyər Bazan müsəlman olursa idarəsindəki məmləkəti ona buraxaraq onu vali təyin edəcəyini söylədi[4].
İslam dövrü
[redaktə | mənbəni redaktə et]VII yüzilliyin əvvəllərində Yəmən ərazisi Ərəb xilafətinin tərkibinə daxil edilir. O vaxtdan etibarən Yəməndə feodal münasibətləri və ərəb-islam mədəniyyəti formalaşır. IX yüzilliyin əvvəllərində Yəmən ərazisinin bir hissəsi şiə təriqətli Zeydi imamlarının təsiri altına düşür.
Yəmənin sonrakı tarixi tayfalararası münasibətlər, sülalələrin bir-birini əvəz etməsi ilə bağlı olmuşdur[5].
- Nəcahilər—Yəməndə Zəbid və çevrəsində hökm sürən Həbəş əsilli xanədan (1022–1159).
- Suleyhilər—Misirdəki Fatimilər xilafətinə bağlı müsəlman xanədan (1047–1138). Yəməndə İsmaililər məzhəbinin hökmran olmasına şərait yaratmışdır.
- Zeydilər —Zeyd Əməvilər tərəfindən qətlə yetirildikdən sonra onun vəfalı silah dostları və övladları Əməvi rejiminə qarşı daha da əzmkarlıqla mübarizə aparmağa başladılar. Zeydin şəhid olmasından sonra onun hərəkatını davam etdirən oğlanları Yəhya (Yəhya ibn Zeyd), İsa (İsa ibn Zeyd)və "Züddəmə" (gözüyaşlı) ləqəbli Hüseynin (Hüseyn ibn Zeyd) nəvəsi Yəhyanın (Yəhya ibn Hüseyn ibn Zeyd) və eləcə də ardıcılları İbrahimin, İmam Həsənin (ə) nəticəsi "Zunnəfsizzəkiyyə" (saf nəfs sahibi) ləqəbli Məhəmmədin (Məhəmməd ibn Abdullah ibn Həsən Mutəna ibn Həsən Müctəba) və başqalarının adlarını çəkmək olar. Məhz onların zərbələrindən sonra, onların qanları bahasına Əməvi hökuməti zəifləyib süquta uğradı. Zeyd hərəkatı uzun müddət yaşadı, gücləndi, Əməvi və Abbasi xəlifələrinə qarşı mübarizə apardı. Onlar Afrikanın şimalında — Mərakeşdə və Ərəbistan yarımadasının cənubunda — Yəməndə müstəqil və qüdrətli bir dövlət qurmağı da bacardılar. Onların hökmranlığı Yəməndə son illərədək davam etmişdir. Yəməndə zeydilərin sonuncu hakimi Seyfulislam Əl-Bədr olmuşdur. O, Abdullah əl-Səllalın Şimali Yəməndə çevriliş etməsindən sonra hakimiyyətdən uzaqlaşdırılmışdır.
- 1229–1454 — Rəsulilər sülaləsi—İki əsr içində Yəmən önəmli və zəngin bir müsəlman dövlətinə çevrildi. Rəsulilər sülaləsi hökmdarı 1258-ci ildə xəlifə unvanı aldı. Çin, Hindistan və Seylonla (bu gün Şri Lanka) siyasi və ticari əlaqələr qurdu. Ədən limanının açılması xarici ticarətin canlanmasını təkan verdi. Amma məmlüklər XIV əsrin ortalarında Məkkədə yaşanan qarışıqlıqlardan yararlanaraq Rəsulilərin daxili işlərinə qarışmağa başladılar. Səlahəddin Əhməd (1400–1424) bir müddət hakimiyyəti yenidən ələ aldısa da daxili çəkişmələr, kölə ayaqlanmaları və vəba xanədanın çöküşünü sürətləndirdi.
- 1454–1517 —Son Rəsuli hökmdarı güclənən Tahirilər qarşısında 1454-cü ildə taxtdan çəkildi və Osmanlıların əlinə keçdiyi XVI əsrədək Yəmən Tahirilərin hegemonluğu altında qaldı.
- 1538–1635 —Osmanlıların Yəməni ələ keçirməsi.
XIX əsr tarixi
[redaktə | mənbəni redaktə et]XIX əsrin ikinci yarısından etibarən Yəmən tarixində əsaslı dəyişikliklər baş verir. Hələ XIX yüzilliyin əvvəllərindən başlayaraq ingilis gəmiləri Ədən portuna daxil olmağa başlayır və şəhərin Hindistana gedən dəniz yolu üzərində əlverişli mövqeyi onun Böyük Britaniyanın hərbi dəniz bazasına çevrilməsinə səbəb olur. 1839-cu ildə Böyük Britaniya Ədən şəhərini zəbt edir, sonrakı illərdə isə bütün ərazini özünün protektoratı elan edir.
XX əsr tarixi
[redaktə | mənbəni redaktə et]Birinci Dünya müharibəsi qurtardıqdan sonra imam Yəhya Şimali Yəmən ərazisini müstəqil dövlət, özünü isə ölkənin məliki elan edir. 1934-cü ildə Böyük Britaniya – Yəmən müqaviləsinə əsasən Böyük Britaniya Yəmən məlikliyinin müstəqilliyini, Yəmən məlikliyi isə Britaniyanın xeyrinə Ədən protektoratlığını tanıyır. 1937-ci ildə Ədən rəsmi şəkildə Böyük Britaniyanın müsəmləkəsi elan olunur.
Cənubi Yəmən vətənpərvərləri 1963-cü ildən ingilis müstəmləkəçilərinə qarşı silahlı mübarizəyə başlayır. Təqribən 4 il yarım 1993-cü ilin aprelində başa çatır. Amma bir ildən sonra, 1994-cü ilin mayında seperatçı əfval-ruhiyyəli ərəb şeyxləri Şimal ilə Cənub arasında vətəndaş müharibəsi törədirlər. Həmin ilin iyulunda Şimali Yəmənin qoşun hissələri, Cənubun qoşunlarını məğlub edir və müharibə dayandırılır.
Ölkənin fəaliyyətdə olan konstitusiyası 1991-ci ildə qəbul edilsə də, vətəndaş müharibəsindən sonra, daha doğrusu, 1994-cü ilin sentyabrında o müəyyən dəyişikliklərə uğrayır. Məsələn, ölkədə prezident və vitse-prezident vəzifələri bərqərar olunur, qanunvericilikdə islama, şəriətə istinad ön plana çəkilir. 1991-ci il konstitusiyasında qəbul olunmuş çoxpartiyalı prinsip dəyişmir.
XXI əsr tarixi
[redaktə | mənbəni redaktə et]Yəməndə silahlı münaqişə
[redaktə | mənbəni redaktə et]2014-cü ilin 19 sentyabr tarixindən etibarən Yəməndə başlamış siyasi böhran və böhranın ardından ölkədə vətəndaş qarşıdurması ilə müşahidə edilən dövlət çevirilişi.[6][7][8][9] Ölkədə baş verən qarşdurmanın 2015=ci ilin yanvar ayında şiddətlənməsinin ardından hökumət istehfa vermək məcburiyyətində qalmışdır. Ölkə prezidenti olan Abd Rəbbuh Mənsur əl-Hadi 2011-ci ildə ölkədə baş verən Yəmən inqilabının ardından Əli Abdullah Salehin yerinə prezident seçilmişdir. Salehin dönəmində onun əsas silahdaşlarından sayılan və vitse-prezident vəzifəsini icra etmiş Mənsur Hadinin hakimiyyətə gətirilməsi ölkə daxilində sabitliyin bərpa edilməsində yetərli olmadı. Yəməndə Şiə əhalisinin dəstəklədiyi Husi silahlıları ilə hökumət qüvvələri arasında baş verən toqquşmaların 2015-ci ilin ilk ayında şiddətlənməsinin ardından hökumət istehfa vermək məcburiyyətində qalmış və ölkə paytaxtı olan Sana şəhəri Husi silahlıların nəzarəti altına keçmişdir.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Abdullah Həsən əş-Şeybe, Dirasat fi tarixi’l-Yemeni’l-ķadim, Taiz 1999–2000.
- ↑ Vehb b. Münebbih, Kitabü’t-Tican fî müluki Ĥimyer, Sən‘a, 1979
- ↑ Abdul Ali (1996). slamic Dynasties of the Arab East: State and Civilization During the Later Medieval Times. M. D. Publications Pvt. Ltd. p. 94. ISBN 8175330082.
- ↑ C. E. Bosworth, "Bādhām", "Bādhān", EI² Suppl. (Fr.), s. 115.
- ↑ İbn Sa‘d, ət-Təbaķat, I, 42–43, 282
- ↑ "Yemen 'Coup' A Sign Of Expanding Iranian Influence In the Middle East". International Business Times. 22 January 2015. 24 November 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 January 2015.
- ↑ Riedel, Bruce. "The Next King Of The Saudis: Salman, The Family Sheriff". The Daily Beast. 22 January 2015. 4 March 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 January 2015.
- ↑ "Yemen's President 'has no control' as Houthi rebels storm palace". CNN. 20 January 2015. 8 November 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 January 2015.
- ↑ "US war on terror threatened by Yemen coup". MSNBC. 23 January 2015. 5 May 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 January 2015.