Yusif Müsküri
Bu məqalədə heç bir məlumatın mənbəsi göstərilməmişdir. |
Yusif Müsküri | |
---|---|
Yusif Ziyaəddin ibn Əli əl-Fazil əl-Hüseyni Əbül-Füyuzat Məxdum | |
Doğum yeri | Müskür, Quba |
Vəfat tarixi | |
Vəfat yeri | Şamaxı |
Fəaliyyəti | filosof |
Yusif Müsküri – mənşəcə Azərbaycan türklərindən olan xəlvəti şeyxlərindən biri, sufi şairi.
Həyatı
[redaktə | mənbəni redaktə et]Yusif Müskürinin tam adı Yusif ibn Əli əl-Fazil əl-Hüseyni, künyəsi Əbül-Füyuzat, ləqəbi Ziyaəddindir. Qarabağdan Şirvana köç etmiş ailədə dünyaya göz açmışdır. Atası Şirvanın tanınmış alimlərindən biri olmuşdur. Elmi təhsilini əvvəlcə atasından almış, 9 yaşında qiraəti-səba və aşərə ilə Quranı hifz etmiş, həddi-büluğa yetişəndə dərs deməyə başlamışdır. Daha sonra həccə gedərək Misir, Qüds, İskəndəriyyə, Şam və Bağdadda olmuşdur. Buradakı alimlərdən hədis, təfsir və fiqh elmlərini təhsil etmiş, əqli və nəqli elmlərdə dövrün önəmli alimi olmuşdur. Daha sonra Şirvanın mərkəzi Şamaxıya dönüb elm tədrisi ilə məşğul olmuşdur.
Yusif Ziyaəddin Məxdum Azərbaycan mənbələrində Yusif Müsküri olaraq qeyd edilir. Bakıda (Əlyazmalar fondunda) qorunan və ona aid edilən "Bəyanül əsrar lit-talibin" və "Silsilətül-uyun" adlı əlyazma əsərlərində adı Yusif əl-Şirvaniəl Müsküri kimi qeyd edilib. Onun adı, yaşadığı və vəfat etdiyi yer haqqında Osmanlı mənbələrində fərqli məlumatlar verilir. Abbasqulu ağa Bakıxanov Gülüstani İrəm əsərində bunları qeyd edir: "Onun ulu babaları Qubanın Müskür nahiyyəsinə Qarabağdan gəlmişdilər. Şeyx cənabları hicri VIII əsrin ortalarında dünyaya gəlmişdir. Təriqət mərasimini təkmil etdikdən sonra, Seyid Yəhya Bakuvidən irşad xirqəsi almış və təriqət saliklərinin üzünə feyz və təbliğ qapılarını açmışdır. Onun nəvələri sultanların və əmirlərin yanında əziz olub, rüsumat sahibi idilər. Şeyxin məzarı və onların yurdu olan kənd Şıxlar adı ilə adlanmışdır. Onun əsərlərindən ancaq Bəyanül-əsrar adlı ərəbcə kitabı bizə gəlib çatmışdır. Bir müqəddimə və 24 fəsildən ibarət olan bu kitab, əşyanın maddi və mənəvi xüsusiyyətlərinə, təriqət sahibləri və füqəranın adət və ədəbinə aid olan geniş mövzuları müxtəsər bir surətdə izah edir. Hicri səkkizinci əsrin axırında vəfat etmişdir".
Mehmet Rıhtım qeyd edir ki, Məxdum adını Yusif Müsküriyə Seyid Yəhya Bakuvi vermişdir. Bu adı almasının səbəbi mənqəbələrdə iki cür izah olunur. Birincisi, atası, Şirvan şahı Sultan Xəlilin Qazil-qüzatı olduğundan Seyid Yəhya ona Məxdum deyə xitab etmişdir. Xanəgahda nə zaman bir xidmət olsa, yardım etmək istərsə, Seyid Yəhya: "Siz oturun, sizinlə söhbət edək. Zira, məxdum olana xidmət rəva deyildir" - deyirmiş.
Digər səbəb isə M.Nəzminin nəql etdiyinə görə, Şeyx Yusif Müşküri illərlə sabah namazından günorta namazına qədər Quran dərsləri, günortadan axşama qədər isə digər dərsləri təlim edərmiş. Gecə-gündüz elm və ibadətlə məşğul olduğu halda mənəvi inkişafın olmamasına görə üzülürmüş. Bir gün gördüyü bir röya üzərinə Seyid Yəhyaya bağlanaraq sıxıntılardan qurtulur.
Nəzminin dediyinə görə Seyid Yəhya ölümündən əvvəl Yusif Müskürini çağıraraq xəlifələri və müridləri arasında "səccadə və Allahın əmanəti (şeyxlik) Məxdumundur" - demişdir. Seyid Yəhyanın ölümündən sonra çıxan ixtilafda xəlifə və müridlərin bir qismi Məxdumun səccadəyə oturmasını istəyir. Şükrullah Xəlvəti sərtəriq və pişuqədəm olduğundan, müridlərin bir qismi onun səccadəyə oturmasını istəyir. Lakin Seyid Yəhyanın oğlu Fəthullahın səccadəyə oturması ilə Şeyx Yusif Şamaxıya gedir.
Azərbaycan mənbələri Yusif Məxdumun yaşadığı və öldüyü yer haqqında Osmanlı mənbələrindən fərqli məlumat verir. Məşədixanım Nemət Xaçmaz rayonunun Şıxlar kəndində apardığı araşdırma zamanı Yusif Müskürinin burada dəfn olunduğunu göstərən qəbir daşı aşkar etmişdir. Şeyx Yusif türbəsi kimi məlum olan bu qəbirsanlıqda Şeyx Yusifin oğlu Məhəmməd Əminin və başqa müridlərin də məzarları vardır.
Mənbələrdə Yusif Müskürinin Adabül-İrşad və Silsilətül-Ərvah adlı iki əsərinin olduğu haqqında məluatlar da vardır. AMEA-nın Əlyazmalar İnstitutunun fondunda Yusif Məxduma məxsus olduğu göstərilən Silsilətül-uyun adlı əsərin əlyazması vardır. Bu kitab on fəsildən ibarətdir. Birinci fəsildə insan və mələk? ruhlarının yaradılış silsiləsi ilə kainatın yaradılışından bəhs edilmişdir. Mehmet Rıhtım güman edir ki, bu məhz Silsilətül-Ərvah əsəridir.