Oqtay Əfəndiyev (tarixçi)
Oqtay Əfəndiyev | |
---|---|
Oqtay Əbdülkərim oğlu Əfəndiyev | |
Doğum tarixi | 26 mart 1926 |
Doğum yeri | |
Vəfat tarixi | 26 fevral 2013 (86 yaşında) |
Vəfat yeri | |
Milliyyəti | azərbaycanlı |
Elm sahələri | tarix, şərqşünaslıq |
Elmi dərəcəsi | |
İş yeri | AMEA A.Bakıxanov adına Tarix İnstitutu |
Təhsili |
|
Elmi rəhbəri | Boris Zaxoder |
Üzvlüyü | |
Mükafatları |
Oqtay Əbdülkərim oğlu Əfəndiyev (26 mart 1926, Bakı – 26 fevral 2013, Bakı) — Azərbaycan tarixçisi, şərqşünas, tarix elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü, Azərbaycan Səfəvişünaslıq məktəbinin banisi.[1]
Həyatının erkən dövrü
[redaktə | mənbəni redaktə et]Oqtay Əfəndiyev 1926-cı il martın 26-da Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur.[2]
Təhsili
[redaktə | mənbəni redaktə et]O, keçmiş SSRİ-nin ən nüfuzlu ali təhsil ocaqlarından sayılan Moskva Şərqşünaslıq İnstitutunu bitirmişdir.
Akademik fəaliyyəti
[redaktə | mənbəni redaktə et]SSRİ EA-nın Şərqşünaslıq İnstitutunun aspiranturasında təhsil almışdır. 1955-ci ildə namizədlik dissertasiyasını, 1969-cu ildə isə doktorluq dissertasiyasını müdafiə etmiş, 1993-cü ildə professor elmi adını almışdır. Altmış ilə yaxın bir müddətdə AMEA Tarix İnstitutunda çalışmışdır. 2001-ci ildən etibarən AMEA-nın müxbir üzvü olmuşdur.[3]
O. Əfəndiyev Azərbaycan Səfəvişünaslıq məktəbinin banisidir. İlk dəfə məhz o, Səfəvilər dövlətinin Azərbaycan dövləti olmasını tutarlı elmi faktlar əsasında sübut etmişdir. O. Əfəndiyevin araşdırmalarından əvvəl Azərbaycan dövlətçiliyinin Səfəvi dövrü demək olar ki heç tədqiq edilməmişdi.
O. Əfəndiyev Səfəvi tarixi ilə əlaqədar bir sıra kitablar – monoqrafiyalar və qaynaqlar nəşr etdirmişdir. Bunlardan əlavə, o, Azərbaycan tarixi üzrə 10-a qədər ümumiləşdirici əsərin yazılmasında yaxından iştirak etmiş, müstəqillik illərində çapdan çıxmış yeddicildlik "Azərbaycan tarixi"nin üçüncü cildinin məsul redaktoru və əsas müəlliflərindən olmuşdur.
O. Əfəndiyev öz elmi fəaliyyəti ərzində azərbaycanca, türkcə, rusca, ingiliscə, fransızca, farsca və s. dillərdə 200-dək elmi və ensiklopedik məqalə, məruzə, tezis, tarixi xəritə və s. nəşr etdirmişdir. Bu əsərlərin 50-dən çoxu respublikamızdan kənarda (Türkiyədə, Rusiyada, İranda, Gürcüstanda, Qazaxıstanda, Əfqanıstanda, Fransada, İngiltərədə, ABŞ-da və s.) çap olunmuşdur. O, 30-dək beynəlxalq elmi konfransın iştirakçısı olmuş, Sankt-Peterburqda, Moskvada, Almatı, Tiflisdə, Suxumidə, Batumidə, Londonda, Madisonda, İstanbulda, Kayseridə, Ankarada, Bodrumda, Bağdadda və s. şəhərlərdə keçirilən elmi toplantılarda oxuduğu məruzələrlə Azərbaycan tarix elmini layiqincə təmsil etmişdir. Beynəlxalq ictimaiyyət tarixi keçmişimizlə bağlı bir çox gerçəklikləri məhz onun dilindən eşitmiş və onun qələmindən oxumuşdur.
O. Əfəndiyevin məqalələri başlıca olaraq Azərbaycan Səfəvilər dövlətinin ictimai-siyasi və sosial-iqtisadi tarixinin çoxşaxəli tədqiqinə, həmin dövr tariximizin mənbəşünaslığına və tarixşünaslığına həsr edilmişdir. Bundan başqa, Oqtay Əfəndiyev Azərbaycanın orta əsrlər tarixinin digər dövrlərinin və problemlərinin öyrənilməsinə, Elxanilər, Qaraqoyunlular, Ağqoyunlular və Şirvanşahlar dövlətlərinin araşdırılmasına yönəlmiş məqalələrin də müəllifidir. O, Azərbaycan tarixinə dair farsdilli mənbələrə ("Təkmilətül-əxbar", "Xülasətüt-təvarix", Rəşidəddin "Oğuznamə"si, "Tarixi-elçiyi-Nizamşah", "Zübdətüt-təvarix", "Tarixi-Şah İsmayıl", "Həbibüs-siyər", "Kitabi-Diyarbəkriyyə", Şah Təhmasibin təzkirəsi, N. Tusinin maliyyə risaləsi və s.), Osmanlı (İbrahim Rəhimizadənin əsərləri) və Avropa (Oruc bəy Bayatın, Minadoinin, Membrenin əsərləri və s.) qaynaqlarına aid məqalələri ilə neçə-neçə öyrənilməmiş və lazımi diqqətdən kənarda qalmış ilkin məxəzləri elmi ictimaiyyətə tanıtmışdır. O. Əfəndiyevin tarixşünaslığa dair məqalələri tarixçi alimlərimizin elmi fəaliyyətlərinin təhlilindən və Azərbaycan tarixinə həsr olunmuş ümumiləşdirici əsərlərin və monoqrafiyaların tənqidi dəyərləndirilməsindən ibarətdir. Onun Ə. Quliyevin, Ə. Əlizadənin, S. Aşurbəylinin, V. Bartoldun, F. Sümerin, F. Kırzıoğlunun, S. Erşahinin, R. Rəisniyanın, C. Heyətin və başqalarının elmi axtarışları və əsərləri haqqında yazdığı məqalələr bu səpkidəndir.
Tarixçinin bir sıra tədqiqatları Azərbaycanın dövlətçilik ənənələrinə, Azərbaycanın hərbi və ictimai-siyasi tarixinə həsr edilmişdir. O, Qaraqoyunlu, Ağqoyunlu və Səfəvi dövlətlərinin mülki və əsgəri təşkilatına, Səfəvilərin XV əsrdəki fəaliyyətlərinə, I Şah İsmayılın daxili və xarici siyasətinə, I Şah Təhmasibin şəxsiyyətinə, Şirvanşahlar dövlətinin son dövrünə, Səfəvilər dövlətinin qurulmasında türk tayfalarının roluna, Səfəvi – Osmanlı münasibətlərinə və s. bu kimi məsələlərə dair çoxsaylı məqalələrin müəllifidir. Orta əsrlər dövründə Azərbaycan tarixinin sosial-iqtisadi məsələləri tədqiqatçının diqqətini cəlb edən mühüm amillərdən olmuşdur. Alimin XIII–XVII əsrlərdə Bakıda neft hasilatı, XV–XVI əsrlərdə Azərbaycanda feodal torpaq mülkiyyəti formaları, soyurğal təsisatı, tamğa vergisi, monqol-tatar yürüşləri sonrasında Orta Şərqdə oturaq və köçəri əhali qrupları və s. haqqında məqalələri məhz Azərbaycanın və bütövlükdə Şərq aləminin sosial-iqtisadi tarixi üzrə problemlərin öyrənilməsinə həsr olunmuşdur.
O. Əfəndiyevin Azərbaycanın ayrı-ayrı bölgələrinin – Qarabağın, Gəncənin, Şirvanın, Təbrizin, Ərdəbilin tarixinə dair müxtəlif araşdırmaları mövcuddur.
O. Əfəndiyev həmçinin "Azərbaycan Sovet Ensiklopediyası"nın, Moskvada dərc edilmiş çoxcildlik "SSRİ tarixi"nin və "Sovet Tarix Ensiklopediyası"nın, İstanbulda yayımlanmış "İslam Ensiklopediyası"nın müəlliflərindən olmuşdur. O. Əfəndiyev "Azərbaycan Milli Ensiklopediyası"nın redaksiya heyətinin üzvü idi.
O. Əfəndiyev 20-dən artıq kitabın elmi redaktoru olmuşdur. Ağqoyunlu saray tarixçisi Fəzlullah ibn Ruzbehan Xuncinin "Tarixi-aləmarayi-Əmini" əsəri, Şah Təhmasibin təzkirəsi, bir sıra çağdaş tarixçilərin monoqrafiyaları məhz O. Əfəndiyevin redaktəsi altında elmi ictimaiyyətə və geniş oxucu auditoriyasına təqdim edilmişdir.
Uzun illər ərzində AMEA Tarix İnstitutunun "Azərbaycanın orta əsrlər tarixi" şöbəsinə rəhbərlik edən O. Əfəndiyev 6 elmlər doktoru və 12 elmlər namizədi yetişdirmişdir.
Nüfuzlu alim bir müddət həm də pedaqoji fəaliyyətlə məşğul olmuş, müxtəlif vaxtlarda Bakı Dövlət Universitetində və Türkiyənin Mərmərə Universitetində mühazirələr oxumuşdur. O. Əfəndiyev 1994–2004-cü illərdə Xəzər Universitetində çalışmış, burada fəaliyyət göstərən Qafqaz və Mərkəzi Asiya Araşdırmaları İnstitutunun direktoru olmuşdur.
O. Əfəndiyevin 70 illik yubileyi Xəzər Universitetində, 85 illik yubileyi isə Dünya Azərbaycanlıları Konqresində təntənəli mərasimlə qeyd olunmuşdur.
1996-cı ildə Xəzər Universiteti, 2007-ci ildə isə AMEA Tarix İnstitutu tərəfindən alimin biblioqrafiyası nəşr edilmişdir.
2006–2007-ci illərdə görkəmli alim Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının tarix üzrə ekspert şurasının sədri olmuşdur.
O. Əfəndiyev xarici ölkələrdə ən çox istinad olunan tarixçilərimizdən biridir. İ. P. Petruşevski, H. R. Roemer, Jan Pol Ru, F. Sümer, Y. E. Bregel, İ. Melikoff, A. Allouç, S. Kitaqava, O. Altştadt, K. K. Kutsiya, E. Qrüner, A. Yaman, M. Temizkan, N. Çetinkaya, Y. İ. Vasilyeva, L. P. Smirnova və dünyaca məşhur bir sıra digər əcnəbi tədqiqatçılar onun əsərlərinə dönə-dönə müraciət etmiş, öz tədqiqatları zamanı Oqtay Əfəndiyevin ortaya qoyduğu elmi nəticələrdən bəhrələnmişlər.
O. Əfəndiyev bütün bu nailiyyətləri Azərbaycanın, keçmiş SSRİ-nin, bəzi Avropa ölkələrinin və Türkiyənin arxivlərində, əlyazma kolleksiyalarında və kitab fondlarında keçirdiyi gərgin axtarışların sayəsində əldə etmişdir.
Villem Floorun, H. Halmın, Petruşevskinin, R. Romerin, Jean-Paul Roux, F. Sumer, Y. E. Bregel, I. Melikovun, A. Allouch, S. Kitagawa, O. Altstadt, K. Kutsia, E. Gruner, A. Yaman, M. Temizkan, N. Chetinkaya, E. I. Vasilieva, L. P. Smirnova və başqalarının elmi işlərində Oqtay Əfəndiyevin əsərlərinə istinadlar verilmişdir.[4][5][6]
Oqtay Əbdülkərim oğlu Əfəndiyev 2013-cü il fevral ayının 26-dan 27-nə keçən gecə, 87 yaşında Bakı şəhərində vəfat etmişdir.
Əsərləri
[redaktə | mənbəni redaktə et]- XVI əsrin əvvəllərində Azərbaycan Səfəvilər dövlətinin yaranması (rusca), Bakı, 1961.
- Ze Role de Tribus de Za Zangue Turque dan Za Creation de Z'Etat Safavi de "Turcica", t. VI, Paris-Strasbourg, 1975.
- Фазлуллах Ибн Рузбихан Хунджи. Тарих-и алам-арайи Амини, Баку, 1987.
- The Nomads and The Settled Population of the Middle East in the Past-Mongolian Period. Central Asian Survey, vol.12, № 4, Madison,1993.
- Azərbaycan Səfəvilər dövləti XVI əsrdə [1], Bakı, 1981 (rusca); Bakı, 1993 və 2007 (azərbaycanca).
- Oruc bəy Bayatın – İranlı Don Juanın kitabı, (A. Fərzəliyevlə birlikdə), Bakı, 1988 (rusca).
- Venesiyalılar Şah I Təhmasibin sarayında, Bakı, 2005(azərbaycanca və rusca).
- Rusiya və Avropa Oruc bəy Bayatın – İranlı Don Juanın gözü ilə (A. Fərzəliyevlə birlikdə), Sankt-Peterburq, 2007 (rusca).
- İsgəndər bəy Münşi, Tarixi-aləmarayi-Abbasi – (N. Musalı ilə birlikdə, ön söz, tərcümə, şərhlər və göstəricilər). I cild. Bakı, 2009 (azərbaycanca).
Təltif və mükafatları
[redaktə | mənbəni redaktə et]- ""Şərəf nişanı" ordeni" — 1986;
- "Şərəfli əməyə görə" medal — 1982;
- Azərbaycan Respublikasının "Şöhrət" ordeni — 2004.[7]
Ailəsi
[redaktə | mənbəni redaktə et]Oqtay Əfəndiyevin atası Əbdülkərim Yusif oğlu XX əsrin əvvəllərində Qafqazın qabaqcıl maarif və elm ocağı sayılan Qori müəllimlər seminariyasını bitirib, bir neçə il ərzində doğma yurdu Göyçay bölgəsində müəllimlik etmiş, xalq maarifi sahəsində böyük xidmətlər göstərib. Tarix elminə və Şərq dillərinə yiyələnmək üçün Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinə daxil olub, bu ali təhsil müəssisəsini uğurla bitirmişdir. Bundan sonra bir müddət, Azərbaycan Pedaqoji İnstitutunda tarix və coğrafiya elmləri üzrə mühazirələr oxuyub. Ölkəmizin bir çox tanınmış alimləri (akademik Ə. S. Sumbatzadə, tarix elmləri doktoru, professor M. X. Şərifli və b.) vaxtilə Əbdülkərim Yusif oğlunun tələbələri olublar. Əbdülkərim Yusif oğlu 38 yaşında vəfat edib. Atası dünyasını dəyişərkən Oqtay Əfəndiyevin cəmi 8 yaşı vardı. Oqtay Əfəndiyev anası Kübra xanımın, dayısı Rəsul Rzanın himayəsi altında tərbiyə və təhsil alıb. Oqtay Əfəndiyevin anası Kübra xanımın Azərbaycanda tibb elminin, səhiyyənin inkişafı prosesində mühüm rolu olub.
Tanınmış Azərbaycan şairi Rəsul Rza Oqtay Əfəndiyevin dayısıdır.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Ислам А. Ученый, веpнувший pодному наpоду шаха Исмаила и его госудаpство (интервью с О. Эфендиевым) // Зеркало. — 2013. — 19 января.
- ↑ Musalı N. Böyük tarixçi, unudulmaz ustad // 525-ci qəzet. — 2013. — 4 iyun.
- ↑ "Azərbaycan Səfəvişünaslığında Oqtay Əfəndiyev mərhələsi". 525.az. 1 June 2021 tarixində arxivləşdirilib.
- ↑ M. Floor, =Willem. Safavid Government Institutions. Costa Mesa, California: Mazda Publishers. 2001. səh. 9.
- ↑ "BĀJ". Encyclopædia Iranica. 1988. 2021-06-02 tarixində arxivləşdirilib.
- ↑ Melikoff, Iren. Les origines du soufisme anatolien. Turcica. 1988. 18.
- ↑ "Azərbaycan Milli Elmlər Akademiyası üzvlərinin "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında". www.e-qanun.az. 14 February 2004. 2 June 2021 tarixində arxivləşdirilib.
Mənbələr
[redaktə | mənbəni redaktə et]- "Vətəndaş həmrəyliyi" qəzeti, 29.03.2013;
- "Xəzər-xəbər" jurnalı, aprel 2013, № 317.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Dr. Namiq Musalı. Ünlü Tarihçi Prof. Dr. Oktay Efendiyev’in Hakk’a Yürüyüşünün Ardından.
- AMEA-nın müxbir üzvləri. Oqtay Əbdülkərim oğlu Əfəndiyev Arxivləşdirilib 2010-12-09 at the Wayback Machine;
- AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor Oqtay Əfəndiyev vəfat edib Arxivləşdirilib 2013-06-18 at the Wayback Machine;
- Professor Oqtay Əfəndiyevin 90 illik yubileyi qeyd olundu
- 26 martda doğulanlar
- 1926-cı ildə doğulanlar
- Bakıda doğulanlar
- 26 fevralda vəfat edənlər
- 2013-cü ildə vəfat edənlər
- 86 yaşında vəfat edənlər
- Bakıda vəfat edənlər
- Tarix elmləri doktorları
- Moskva Şərqşünaslıq İnstitutunun məzunları
- Azərbaycan Milli Elmlər Akademiyasının üzvləri
- "Şöhrət" ordeni ilə təltif edilənlər
- "Şərəf nişanı" ordeni ilə təltif edilənlər
- Əlifba sırasına görə alimlər
- Azərbaycan tarixçiləri
- Azərbaycanlı tarixçilər
- Professorlar
- AMEA-nın müxbir üzvləri