Location via proxy:   [ UP ]  
[Report a bug]   [Manage cookies]                
Ad: Aysu İsmayılzadə Bahəddin qızı Qrup: H019S Mövzu: Evtanaziya (CM 135) EVTANAZİYA Giriş Evtanaziya sosial-fəlsəfi və tarixi aspektdən Evtanaziya cinayət-hüquqi aspektdən Evtanaziyanın növləri Evtanaziya barədə beynəlxalq təcrübə Nəticə Giriş Cinayət Məcəlləmizin 135-ci maddəsində təsbit olunmuş evtanaziya olduqca mübahisələrə yol açmış, müxtəlif dövlətlərdə fərqliliklərlə təsbit olunmuş cinayət tərkibidir. Evtanaziya ilə bağlı mübahisəli məqamları aydınlaşdırmaq, necə və nə cür təsbit olunmasının düzgünlüyünü anlamaq üçün ona təkcə mövcud qanunvericilik aktları çərçivəsində yanaşmaq düzgün olmazdı, nəzərə alsaq ki Cinayət Məcəlləsində verilən anlayış olduqca qısa və konkretdir. Evtanaziya cinayətinin tam mahiyyətinə varmaq üçün aşağıda ona müxtəlif aspektlərdən yanaşaraq doğru nəticəyə gəlməyə çalışacağıq. Evtanaziya sosial-fəlsəfi və tarixi aspektdən Evtanaziya – sağalmaz xəstəlikdən dözülməz əzablar, ağrılar çəkən şəxsin həyatına xitam təcrübəsinə deyilir. Evtanaziya sözü ilk dəfə XVII  yüzillikdə ingilis filosofu Frensis Bekon tərəfindən işlənilib. O bu sözü “yüngül ölüm” mənasında işlədib, XIX əsrdə isə bu ifadə “kimisə mərhəmətdən öldürmə” mənasını daşımağa başladı. Bu gün dünyanın bir çox ölkələrində, həmçinin Azərbaycanda evtanaziya qanunla qadağan edilir. Lakin evtanaziya sözünün XVII əsrdən işlədilməsinə baxmayaraq evtanaziyanın daha qədim kökləri vardır, hələ qədim Yunanıstanda insanlar passiv və aktiv evtanaziyanı fərqləndirir, aktiv evtanaziyanı insanın və allahların iradəsinə zidd hesab edirdilər, lakin passiv evtanaziyanı tətbiq edir, onu insan həyatına və alın yazısına hörmət kimi başa düşürdülər. Antik dövrdə fəlsəfənin ən yüksək inkişaf etdiyi dövrlərdə evtanaziya, təbiidir ki, filosofların da marağına səbəb oldu. Filosoflar hələ o vaxtdan bunun intihar və ya qəsd olması ilə bağlı müxtəlif fikirlərdə idilər. Lakin fəlsəfənin ataları hesab olunan bir sıra filosoflar; Platon, Sokrat və s. evtanaziyanın mənəvi cəhətdən icazəli olduğuna inanırdılar. Daha sonra Hegel özünün “Hüquq Fəlsəfəsi" kitabında qeyd etdi ki, mülkiyyət hüququ ən önəmli hüquqlardan biridir, beləcə Hegel mülkiyyət hüququnun dairəsini çox genişləndirərək insanın öz bədəni üzərində mülkiyyət hüququ olduğunu, beləcə öz bədəninə istədiyi cür sərəncam verə biləcəyini iddia etdi. Beləcə evtanaziyanın insanın təbii hüquqlarından olan yaşamaq hüququndan başqa mülkiyyət hüququ ilə də əlaqəsi olduğu bir məsələ kimi ortaya çıxdı. Lakin xristian dini yayılmağa başladıqca evtanaziyanın icazəli olduğuna dair fikirlər xeyli azaldı, belə ki xristian dininə inananlar hesab edirdilər ki, ənənvi xristian inanclarına görə evtanaziya “10 Əmr”də qadağan olunmuş qətl cinayətlərinə aiddir və dinə zidd olan bir əməldir. Katolik kilsəsi hələ də evtanaziyanın tam əleyhinə mövqe tutmuşdur. Müasir dövrdə isə evtanaziyanın leqallaşdırılmasını dəstəkləyən 2-ci bir dalğa meydana gəldi. Evtanaziyanın leqallaşdırılması üçün mütəşəkkil hərəkat 1935-ci ildə İngiltərədə C. Killick Millardın “Könüllü Evtanaziya Qanunlaşdırma Cəmiyyəti”ni (daha sonra “Evtanaziya Cəmiyyəti” adlandırılır) qurduğu zaman başladı. Cəmiyyətin irəli sürdüyü layihə Lordlar Palatası tərəfindən 2 dəfə (1936 və 1950) rədd edildi. Daha sonra 1938-ci ildə Amerikada “Evtanaziya Amerika Cəmiyyəti” təsis edildi. Lakin evtanaziyanın leqallaşdırılması prosesi XXI əsrdə başlamışdır. Evtanaziyanı qanuniləşdirən ilk ölkələr 2001-ci ildə Hollandiya və 2002-ci ildə Belçika oldu. 1997-ci ildə Oregon ABŞ-da həkim yardımı ilə intiharı dekriminallaşdıran ilk ştat oldu. 2009-cu ildə Cənubi Koreyanın Ali Məhkəməsi beyni ölən bir qadının ailəsinin həyatı dəstəkləyən sistemlərdən kənarlaşdırılması barədə tələbini təsdiqləmək qərarında “ləyaqətlə ölmək hüququnu” tanıdı. Müasir dövrdə isə hələ də bir çox ölkələrdə evtanaziya krimallaşdırılıb, lakin ortada həll olunmamış problemlər hələ də qalmaqdadır. Evtanaziya cinayət-hüquqi aspektdən Azərbaycan Respublikasında mövcud vəziyyət və evtanaziyaya qanunverici və məhkəmə orqanlarının yanaşdığı mövqe bizim üçün çox vacibdir. Evtanaziya cinayət tərkibini nəzərdə tutan maddə Azərbaycan qanunvericiliyinə ilk dəfə 2 aprel 1999-cu il qanunu ilə daxil olmuşdur, sayca 4-cü olan hazırkı CM-də bu tərkib 135-ci maddədə Evtanaziya başlığı ilə təsbit olunmuşdur. Azərbaycan Respublikasının qanunverici orqanı Evtanaziya cinayətini VIII Bölmə (“Şəxsiyyət əleyhinə cinayətlər”), XVIII Fəsildə (“Həyat və sağlamlıq əleyhinə cinayətlər”) adam öldürmə cinayətinin yüngülləşdirici halı kimi təsbit etmişdir. Hesab edirik ki, bu barədə qanunverici düzgün mövqe seçmişdir. Belə ki istər beynəlxalq, istərsə də milli kontekstdə cinayət hüquq nəzəriyyəsində belə bir mövqe mövcuddur ki, insanın yaşamaq hüququ təbii hüquq hesab olunduğu üçün onun əksi olan ölməyə hüquq da da mövcuddur. Buna görə də evtanaziya nəinki cinayət əməli hesab olunmamalıdır, hətta xeyirxah əməl hesab edilə bilər. Qanunverici orqan orta yolu taparaq və məsələyə olduqca humanist yanaşaraq şəxsin sağalmaz və axır xəstə olduğunu, niyyətin xeyirxah olmasını nəzərə alaraq yüngülləşdirici hal kimi qiymətləndirmiş, bu cinayət üçün yüngül sanksiya nəzərdə tutmuşdur. Evtanaziya cinayət tərkibi haqqında daha detallı məlumat vermək məqsədilə onun obyektinə nəzər salaq. Evtanaziya cinayətinin obyekti şəxsiyyətin həyatının təhlükəsizliyi ilə bağlı olan ictimai münasibətlərdir. Buna görə bu cinayət tərkibinin nəzərdə tutulduğu maddə şəxsiyyətin sağlamlığı əleyhinə deyil, həyatı əleyhinə olan cinayətlərin yerləşdiyi sırada olmalıdır. Cinayətin obyektiv cəhəti xəstənin xahişi ilə onun ölümünü hər hansı vasitə və ya hərəkətlə tezləşdirmədə və ya onun həyatının davam etməsinə kömək edən süni tədbirləri dayandırmaqda ifadə olunur. Bu cinayətdə zərərçəkmiş şəxs qismində ağır və sağalmaz xəstəliyə düçar olmuş hər hansı şəxs çıxış edə bilər. Belə xəstə azyaşlı, yetkinlik yaşına çatmayan şəxs olduqda, onun valideynləri və ya qanuni nümayəndələrinin xahişi ilə xəstəni öldürmə CM-in 135-ci maddəsi ilə məsuliyyətə səbəb olur. Qanunverici həm ağır, həm də sağalmaz xəstələri zərərçəkmiş şəxs qismində tanısa da, hesab edirik ki, yalnız sağalmaz xəstəliyə (fiziki iztirab və əzab-əziyyətlə müşahidə olunan) düçar olan şəxsin xahişi ilə onu öldürmə 135-ci maddə ilə məsuliyyətə səbəb olmalıdır. Bu xəstəliklərə xərçəng şişi, QİÇS-in son mərhələsi, şizofreniya və s. aiddir. Hətta fiziki ağrılarla müşayiət olunan sağala bilən xəstəliklərdə belə xəstənin xahişi ilə öldürülməsi 135-ci maddə ilə tövsif oluna bilməz, belə halda məsuliyyətin 120.1, 120.2-ci maddələrlə yaranmasını daha düzgün hesab edirik. Evtanaziyanın törədilməsində 3-cü şəxs kimi evtanaziyaya meyil etdirən şəxs də mövcud ola bilər. Sayca 3-cü olan CM-mizdə (1960) belə şəxslər üçün cinayət məsuliyyəti nəzərdə tutulsa da, hazırkı qanunvericilikdə belə bir hala rast gəlmirik. Daha düzgün olardı ki, qanunverici 1960-cı il məcəlləsindəki mövqe ilə razılaşsın. Lakin xəstəni evtanaziyaya meyl etdirib onu öldürən şəxs 120-ci maddə ilə cinayət məsuliyyətinə cəlb olunacaqdır. Çünki xəstənin xahişi könüllü olmadığı halda evtanaziya cinayətinin bütün əlamətlərinə rast gəlmirik. Evatanaziya maddi tərkibli cinayət tərkibidir (bütün qəsdən adam öldürmə cinayətlərində olduğu kimi). Cinayət təqsirkarın hərəkət və ya hərəkətsizliyi nəticəsində həyatdan məhrum olduğu andan başa çatmış sayılır. Cinayətin subyektiv cəhəti təqsirin qəsd (dolayı qəsd) formasından ibarətdir. Burada cinayətin subyekti öz hərəkət və ya hərəkətsizliyinin xəstənin ölümünə səbəb olacağını dərk edir, lakin bunu arzu etmir, xəstənin ölümünə şüurlu surətdə yer verir. Azərbaycan ,Respublikasının Ali Məhkəməsinin “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi” haqqında 12 dekabr 2002-ci il tarixli Plenum Qərarında belə deyilir ki, adam öldürməyə cəhd yalnız birbaşa qəsdlə ola bilər. CM-in 135-ci maddəsində nəzərdə tutulan cinayət dolayı qəsdlə törədildiyindən bu cinayətə cəh etmə cinayət məsuliyyətinə səbəb olmayacaq. Hətta təqsirkar şəxsin ölümünü arzu etsə belə, bu onun əməlinin tövsifini dəyişə bilməz. Çünki bu cinayətin əsas tövsifedici əlamətlərindən biri zərərçəkmiş şəxsin ölümü haqqında xahişidir. Cinayətin motivi isə təqsirkarın zərərçəkən şəxsə rəhminin gəlməsi ilə xarakterizə olunur. Evtanaziya cinayətinin subyekti qismində 16 yaşına çatmış fiziki, anlaqlı şəxs çıxış edir. Belə şəxslər qismində zərərçəkmiş şəxsin qohumları, habelə əksər hallarda tibb işçiləri çıxış edirlər. Evtanaziya cinayət tərkibinin elementləri (CM 135) Cinayət tərkibinin məcburi elementləri Cinayət tərkibinin fakultativ elementləri Cinayətin obyekti Ümumi: CM 2-ci maddə Cinsi: VIII bölmə Növ: XVIII fəsil Bilavasitə: şəxsiyyətin həyatının təhlükəsizliyi ilə bağlı olan ictimai münasibətlər Zərərçəkmiş şəxs qismində ağır və sağalmaz xəstəliyə düçar olmuş hər hansı şəxs Obyektiv cəhət xəstənin xahişi ilə onun ölümünü hər hansı vasitə və ya hərəkətlə tezləşdirmədə və ya onun həyatının davam etməsinə kömək edən süni tədbirləri dayandırmaq (hərəkət və ya hərəkətsizliklə ifadə olunur) - Cinayətin subyekti 16 yaşına çatmış anlaqlı fiziki şəxs zərərçəkmiş şəxsin qohumları, habelə əksər hallarda tibb işçiləri Subyektiv cəhət Dolayı qəsd Motiv kimi təqsirkarın zərərçəkən şəxsə rəhminin gəlməsi Evtanaziyanın növləri Evtanaziya özü bir sıra meyarlarına görə təsnifləşdirilə bilər. Bir neçə meyara görə bölgünü aşağıdakı cədvəldə görə bilərsiniz. Təsnifat meyarı Növlər Həyata keçirilmə üsulu Aktiv Passiv Xahişin ifadə olunma forması Yazılı Şifahi Xəstənin iradəsi Könüllü İstəkdən kənar Aktiv evtanaziya dedikdə xəstənin ölümünü hər hansı vasitə və ya hərəkətlə tezləşdirmə; ona öldürücü zəhərlərin verilməsi, zəhərli iynə vurulması, ölümə səbəb olan xəsarətlər yerinə yetirilməsi və s. başa düşülür. Passiv evtanaziya isə xəstənin həyatının davam etməsinə kömək edən süni tədbirlərin; ağ ciyərin süni ventilyasiyasının, hemodinamik göstəricilərin süni surətdə dəstəklənməsinin, həyat fəaliyyətini saxlamaq üçün müəyyən yardımçı vasitələrin işlədilməsinin dayandırılmasında ehtiva olunur. Hazırda aktiv və passiv evtanaziya qanunvericilikdə ayrılmasa da, hüquqi nəticələrində ciddi fərq olmasa da, cinayət hüquq nəzəriyyəsi və cəza məsələlərində bu fərq özünü göstərir. Bayaq da qeyd etdiyim kimi, tarixən passiv və aktiv evtanaziyanın hüquqi nəticələrində böyük fərqlər olmuş, passiv evtanaziya xeyirxah əməl hesab olunduğu halda aktiv evtanaziya cinayət əməli hesab olunmuşdur (Qədim Yunanıstan). Bəzi ölkələrdə passiv evtanaziyaya yol verildiyi halda aktiv evtanaziya qadağan olunmuşdur. Amerika Ali Federal Məhkəməsi 25 yaşında keçirdiyi qəza nəticəsində “bitkisəl” həyata daxil olaraq bu prosesdə süni qidalanan Nancy Cruzanın qidalanma balonlarının çəkilərək həyatına son qoyulmasına dair ailəsinin tələbini qəbul edən Missuri Məhkəməsinin qərarını təsdiq etmişdir. Bu qərar da göstərir ki, Amerikada passiv evtanaziyaya razılıq verilir. Niderlandda aktiv evtanaziyaya da icazə verilməkdədir. Xəstənin xahişi yazılı və ya şifahi şəkildə ola bilər. Evtanaziya ilə bağlı başqa ayrı-seçkilik nöqtəsi xəstənin iradəsinin olub-olmaması ilə bağlıdır. Şüuru yerində olan xəstənin razılığını açıq şəkildə evtanaziya olunması məsələsində istifadə etməsi iradəyə bağlı evtanaziyadır. Buna digər bir ifadəylə istəkli (könüllü) evtanaziya deyilir. Xəstə iradəsini istifadə edəcək vəziyyətdə deyilsə istəkdən kənar “evtanaziya”dan bəhs edilir. İstəkdən kənar “evtanaziya” insanın iradəsini heç nəzərə almadan, ölümcül xəstə və ya şikəst olması səbəbindən öldürülməsidir. İstəkdən kənar “evtanaziya”da şəxs ya evtanaziya istəməmiş, ya da istəyinə dair ona heç bir sual verilməyib. Bunun evtanaziya ilə tək ortaq cəhəti öldürülən adamın xəstə olmasıdır. Lakin yuxarıda vurğuladığımız oxşarlıqlarına görə, əsasən evtanaziya növləri arasında sayılması doğru deyil. Lakin evtanaziya adı altında tətbiq olunduğundan onun haqqında danışmağa gərək duyuruq. Tarixdəki ilk sistematik tətbiqinə Alman Faşizmi dövründə şahid olunub. Alman diktatoru Adolf Hitler, “yaşaması faydasız və xırda tərkibli insan cəmiyyətdən atılmalıdır” deyərək, əqli xəstələri xroniki xəstələri, şikəstlər və müalicəsi mümkün olmayan xəstələrin məhvinə qərar verdi. Bunu Yəhudilərə qarşı soyqırım və rejim müxaliflərinə qarşı qırğınlarda oxşar üsulları yönəltməklə davam elədi. Numberq mühakimələri vasitəsilə, ruhi xəstaxanalarda və digər xəstəxanalarda “evtanaziya” adı altında həyata keçirilən qırğınlar sənədlənmiş formada yerləşir. Müalicəsi çətin və ya mümkünsüz təxminən 200.000 xəstə və əqli xəstə, qaz otaqlarında, ya da ac buraxılmaq vasitəsilə öldürülüb. Sağlam insanların necə və nə qədər öldürüldüyünə dair qəti bir məlumat isə əldə edilməmişdir. Könüllü evtanaziya, müalicəsi tibbi cəhətdən imkansız xəstəlik qarşısında, iradəsi yerində olan xəstənin tələbi ilə icra edilməli olan tibbi yolla həyatın sona çatdırılmasıdır. Könüllü evtanaziya bu sahədə aparılan tədqiqatların hamısından aydın olduğu kimi ən çox qəbul edilən evtanaziya növüdür. Bunun əsas səbəbi xəstənin iradəsini müstəqil həyata keçirməsinin mümkün olmasıdır. Tibb işçiləri arasında keçirilən və genişmiqyaslı tədqiqatlardan biri olan Şapiro araşdırmasından çıxarılan nəticəyə görə: Həkimlər, şüuru açıq xəstələrin evtanaziya tələblərinin həyata keçirilməsində özlərini, şüuru qapalı olan xəstələrə nisbətən daha rahat hiss edirlər. Ən hörmətlə qarşılanan evtanaziya tələbləri isə terminal dövrdən əvvəl bu barədə təlimatlandırılan xəstələrin olmasıdır. Evtanaziyanın qanuniləşdirilməsi üçün işlər aparan qrupların təklifləri də yenə əsasən könüllü evtanaziya istiqamətindədir. Evtanaziya barədə beynəlxalq təcrübə Yaşamaq insanın ən öndə gələn hüququdur. Digər hüquq və azadlıqlar məhz yaşamaq hüququndan sonra gəlir. Yaşamaq hüququnun nə zaman bitməsi də mühüm əhəmiyyət kəsb edir. Belə qəbul olunur ki, beynin fəaliyyətinin dayanması ölüm faktı kimi qəbul oluna bilər. Belə olan halda, hələ də öz funksiyalarını yerinə yetirən digər orqanların transplantasiya məqsədilə həkim tərəfindən ayrılması cinayət hesab olunmur. Çünki beynin fəaliyyətdən düşməsi ilə hüquqi fakt yaranmış olur. Şəxsin özünün könüllü olaraq həyatdan getməsi imkanı yəni evtanaziya hüququ ən aktual problemlərdən biridir. Bu məsələyə də yanaşma iki cürdür. Birincisi, bəzi ölkələrdə (Hollandiya, İsveçrə və s.) evtanaziya leqallaşdırılıb. Evtanaziya tərəfdarları öz fikirlərini belə əsaslandırırlar ki, sağalacağına ümid olmayan şəxsin artıq əzab çəkməsinə şərait yaratmaq lazım deyil və özü istədiyi təqdirdə həyatdan getmək imkanı verilməlidir. Əks fikrin tərəfdarları isə əsaslandırırlar ki, həyat insanın özü tərəfindən yaradılmayıb və insan özü bundan imtina edə bilməz. Bu həm də sui-istifadə hallarını artıra bilər, həm də müalicə üsulunun tapılması istisna olunmur. Ölümcül xəstələrə evtanaziya hüququ vermiş ilk ölkə olan Hollandiyada qanunvericiliyə görə, ölümcül prosedurun tətbiq ediləcəyi xəstə ən azı 12 yaşında olmalıdır, prosedur yalnız bu xəstənin əzablarının dözülməz, xəstəliyinin sağalmaz olması və həkimlərin də heç nə ilə yardım edə bilməmələri sübut edildikdən sonra həyata keçirilə bilər. Bu zaman pasiyentin təkrar razılığı mütləq şərt sayılır. Evtanaziya barədə qərarı ən azı iki həkim verməli, qərara şübhə yarandıqda isə məsələyə prokurorluq baxmalıdır. Avropa Şurasının Parlament Assambleyası hələ 2005-ci ildə hər hansı adamın istəyindən asılı olaraq insan həyatına son qoyulmasını pisləyən qətnamə qəbul edib. Ekspertlərin dediklərinə görə, pasiyent dözülməz ağrılar hiss edəndə, psixoloji cəhətdən “sınanda”, narkotik və ağrıkəsici preparatların təsiri altında olanda evtanaziyaya qərar verir. Onun seçimi isə eqoizm və ya tam əksinə, ailə üzvləri ilə qohumlarını ona qulluq etmək məcburiyyətindən qurtarmaq istəyi ilə bağlı olur. Qeyd edək ki, Belçika 2002-ci ildə dünyada Niderlanddan sonra ikinci dövlət olaraq evtanaziyanı leqallaşdırdı. Daha sonra Belçika senatı könüllü olaraq ölümcül xəstəliklərdən əzab çəkən uşaqların da həyatlarına son qoyulmasına icazə verən qanuna səs verdi. Qanuna əsasən, əgər uşaq əlacsız xəstədirsə, eləcə də ağrılardan əziyyət çəkirsə o, evtanziyaya məruz qala bilər. Sosioloji sorğunun nəticələrinə görə, belçikalıların çoxu qərarı dəstəkləyib. Katolik kilsəsi isə qanuna qarşı çıxış edir. Hazırda Rusiya Federasiyasının qanunvericiliyi də evtanaziyanı sadə qəsdən adam öldürmə tərkibi kimi təsbit etmişdir, halubki RSFSR 1922-ci il CM-in 143-cü maddəsində göstərilirdi ki, öldürülənin təkidi ilə ona yazığı gələrək adam öldürmə cəzalandırılmır. Lakin bu normal cəmi 5 aydan artıq müddətdə qüvvədə olduqdan sonra qanundan çıxarılmışdır. RF-nın sadə qəsdən adam öldürmə cinayətini biz düzgün addım hesab etmirik, Azərbaycan qanunvericiliyi yüngülləşdirici hal kimi təsbit etməklə daha ədalətli addım atmışdır. Qeyd etmək lazımdır ki, Almaniya, Kanada, Lüksemburq, Kolumbiya, Yeni Zellandiya da evtanaziyanı leqallaşdırmış ölkələr sırasındadırlar. Beynəlxalq təcrübədə tez-tez ölmək istəyən şəxslərin həmin ölkələrə gedərək ölmək arzularına çatdıqları hallara tez-tez rast gəlinməkdədir. Nəticə Müasir texnologiyanın inkişafı nəticəsində insanların ömrünün süni yollarla uzadılması olduqca normal hala çevrilmişdir. Bu da xəstənin fiziki, mənəvi əzab çəkməsi öz xahişi ilə öldürülə bilməməsi hallarında, xüsusən də xəstə öz iradəsini ifadə edə bilmədiyi hallarda həkim və ailə üzvləri üçün böyük çətinliklər doğurur. Passiv olaraq xəstənin ömrünün uzadılması üçün müəyyən tədbirləri görməyən həkimlər qatil hesab olunaraq cinayət məsuliyyətinə səbəb olur, bir tərəfdən də xəstənin yaxın ailə üzvləri belə tədbirlərin dayandırılması tələbi ilə məhkəmə iddiası qaldırırlar. İstər xəstəni, istər tibb işçilərini, istərsə də xəstənin yaxın qohumlarını çətin vəziyyətə salmayacaq nəticənin ən qısa müddətdə əldə ediləcəyinə ümid edirik. Hesab edirik ki, Azərbaycan qanunvericiliyi mövcud vəziyyət üçün ən yaxşı variantı özündə təsbit edərək evtanaziyanı yüngülləşdirilmiş hal kimi CM-də təsbit etmişdir. Ədəbiyyat siyahısı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin Kommentariyası. H.e.d., prof. F.Y.Səməndərovun redaktəsi ilə. “Hüquq yayın evi”, Bakı, 2013, I hissə. Azərbaycan Respublikasının Cinayət Məcəlləsi. “Hüquq yayın evi”, Bakı, 2019. Azərbaycan ,Respublikasının Ali Məhkəməsinin Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında 12 dekabr 2002-ci il tarixli Plenum Qərarı. Encyclopedia Britannica, Euthanasia (britannica.com/topic/euthanasia). John D Papadimitriou, Euthanasia and suicide in antiquity: viewpoint of the dramatists and philosophers, Journal of the Royal Society of Medicine, 2007 january. Firavan Əlizadə, Evtanaziya: Ölüm hüququ yoxsa cinayət?, Elsa Azərabaycan Hüquq Jurnalı IV buraxılış, 2015-2016. Səmədağa Səmədzadə, Evtanaziya: Ölüm hüququ yoxsa cinayət?, Elsa Azərabaycan Hüquq Jurnalı IV buraxılış, 2015-2016. Hegel, Hüquq Fəlsəfəsi, 1821. 10