Xəzərlər
Xəzərlər (ivr. כוזרים (kuzarim), ərəb. خزر (xazar), yun. Χαζαροι (xazaroy), q.rus Козаре, lat. Gazari, Cosri) – əsasən Şimali Qafqazda və Volqaboyu ərazidə yayılmış, bir çox türk mənşəli xalqların etnogenezinin formalaşmasında iştirak etmiş qədim türk tayfalarından biri.[1]
Tarixi
[redaktə | vikimətni redaktə et]Müxtəlif tarixlərdə xatırlanan xəzər boyları haqqındakı məlumatlar min ildən artıq bir dövrü əhatə edir və belə böyük zaman kəsiyində onların yayıldığı ərazilərin zaman-zaman dəyişdiyini nəzərə almayan bəzi Orta əsr salnaməçiləri və son iki əsrdə xəzər məsələsi ilə məşğul olan bəzi alimlər müəyən yanlış fikirlər söyləmişlər. Hətta, vaxtilə ayrı-ayrı alimlər xəzər boylarını abxaz, gürcü, erməni (hay), osetin, fin, rus və başqa xalqlara aid etmişlər, ancaq xəzər problemi dərindən öyrənildikcə tarixi gerçəklikdən uzaq olan belə fikirlər gündəlikdən çıxmışdır, lakin xəzərlərin türk olması artıq şübhə doğurmasa da, onların hansı türk dialektində danışması və ilkin yurdu barədə mübahisələr hələ də davam edir.
Xəzər dövləti güclü olduğu dönəmlərdə onun hüdudları indiki adları ilə desək, qərbdə Azov dənizi, Krım və Dnepr çayı, şimalda Kiyev, Kazan şəhəri, şərqdə Volqa çayının şərq sahilləri, cənubda Dağıstan və Qafqaz dağları idi. Bəzi dövrlərdə isə cənubda Azərbaycanın bir çox bölgəsi də Xəzər dövlətinə tabe olmuşdur. Başqa-başqa etnik tərkibli əhalidən ibarət olan belə böyük əraziləri əsrlərlə nəzarət altında saxlamaq olduqca çətin idi, lakin xəzərlərin hərbi manevr bacarığı o qədər qüvvətli idi ki, tabeliyində olmayan xalqlardan da xərac alırdı. Hətta Bizans və Sasanilər kimi imperiyalar da Xəzər xaqanlığına vaxtaşırı xərac verirdi. Təsadüfi deyil ki, Xəzər tarixini tədqiq edən S. S. Boquş hələ keçən əsrin əvvəlində bu sözləri deyirdi: "Xəzərlərin hökmranlığı bir neçə əsr Kaspi və Qara Dənizdən Baltik dənizinə qədər duyulmuşdur" [2].
Əsrlərlə davam edən Sasani-Bizans müharibələri əsas tranzit yolların Xəzər dövləti ərazisindən keçməsinə səbəb olduğundan İran, Hind və Çindən Avropaya gedən yollara xəzərlər nəzarət edir, İpək yolundan əldə etdikləri çoxlu vergi rüsumundan muzdlu əskərlərdən ibarət böyük ordu saxlaya bilirdilər. Ölkədə çoxlu yaşayış məskəni və şəhərlər salınırdı. Tarixçilər bunların sırasında İtil, Səməndər, Biləncər, Sarkel, Kerç, Suvar, Bulqar, Baqandı və başqa şəhərlərin adını çəkir. Bəzi şəhərlərin adı yazanın dilindən asılı olaraq, fərqli verilir. Məsələn, Tamatarxa (yunan) – Tmutarakan (rus). Bəzən də şəhərin adı yazılan dilə kalka şəklində tərcümə edilir; VIII əsrdən Xanbalık adlanan əvvəlki Saraşen (ağ qala) şəhəri ərəbdilli mənbələrdə al-Bayda (ağ şəhər) kimi verilmişdir.
Xəzər xaqanlığının Xəzər dənizinin quzey-batı yaxasında formalaşması da təsadüfi deyildi. Xəzər dənizi (gölü) tarix boyu türk boylarının əhatəsində olduğundan Oğuz xandan tutmuş, saqa-qamər, manna və alban elbəylərinin, göy-türk və xəzər xaqanlarının, Çingiz və Əmir Teymurun da qurduğu imperiyaların ortasında yerləşirdi. Başqa xalqlardan fərqli olaraq, türk tayfaları min illər boyu bu dənizin başına dönə-dönə fırlanmış, onun hüdudsuz dəniz deyil, böyük göl olduğunu görmüşlər. Bu dəniz-göl əsasən sahilində yaşadığı boyun adı ilə tanınmışdır:
- Kaspi (kaspi boyu)
- Xəzər (xəzər boyu)
- Alban (alban boyu)
- Kimak (kimak boyu)
- Quzğun (quz boyu)
- Bahril-Uz (uz boyu)
- Qurqan (qurqan boyu) və s.
Xəzərlərin özü isə bu dənizi Xəzər deyil, Qurqan adlandırmışdır.[3]
Tarixi mənbələrə görə, gürcü hökmdarı Mirvan (e.ə.167-123) xəzər hücumlarından qorunmaq üçün Dəryal (Dar-yol) keçidində istehkam qurmuşdur. Erməni tarixçisi M. Xorenli (V əsr) yazır ki, II əsrin sonu və III əsrin əvvəllərində (193 və 213-cü illərdə) xəzər və barsil boyları birlikdə Alban ölkəsindən keçib, Ərmən (Ərməniyə) torpaqlarına girdilər. Sasani-Bizans müharibələrində əvvəllər Artsak hökmdarlarına kömək edən xəzərlər III-IV əsrlərdə əsasən Ərmən ərazisində gedən belə savaşlarda daha çox Bizans əsgərlərinə yardım edirdilər və təbii ki, yolları Azərbaycandan keçirdi.
Qərbi Hun imperiyasının tabeliyində olan xəzər boyları Attilanın ölümündən (454) sonra toparlanıb, müstəqil siyasət yeritmək fürsəti əldə etdilər, hətta 457-də yollarındakı sasani qarnizonlarını dağıdıb, İran torpaqlarına endilər və oraları yağmalayaraq, Azərbaycana qayıtdılar. Həmin dönəmdə Kür-Araz bölgələrində möhkəmlənib, İberiya və Ərməniyyə tərəfə basqınlar etdilər.
Bu olaylardan vahiməyə düşən sasanilər hətta Bizansdan yardım istəmək məcburiyətində qalmışdı. Bu dönəmdə Avropanın göbəyində yaranan Avar türk dövləti xəzərləri də öz tabeliyinə almışdı. Xəzərlərin V əsrdə bir müddət Avar dövlətinin tərkibində olması fürsətindən yararlanan sasani şahı Qubad (488-531) onlara qarşı çoxlu istehkamlar inşa etdi. Bəzi mənbələrə görə, guya Dərbəndə qədər belə istehkamlar quruldu.
Xəzər dövlətini quran bəylər Göytürk xaqanları sülaləsindən, aşina soyundan idilər, lakin bütövlükdə xəzərlər Miladdan öncə Urmu gölü hövzəsindən çıxan barsil – azər boylarından olub, Xəzərin quzeyində məskən salan türklər idi. Xəzərlər müstəqil dövlət qurana qədər Saqat (skit), Hun və Avar türk hökmdarlarına tabe olan boylardan olmuş, zaman-zaman onlarla birlikdə, bəzən də ayrılıqda Alban, İber və Ermən ərazilərinə yürüşlərdə bulunmuşlar.
Attiladan sonra Hun imperiyası ayrı-ayrı hissələrə parçalanır. Bunlardan biri də az müddətdə Avar dövlətinin vassalına çevrilən xəzər toplumu idi. Bu dönəmlərdə Xəzər dənizinin quzey yaxalarındakı xəzər yurdları şərqdə qüdrətli imperiyaya çevrilmiş Göytürk xaqanlığının batı sınırlarını təşkil edirdi və bu səbəbdən xəzər bəyləri ilk çağlarda həmin türk dövlətinin Batıdakı təmsilçisi sifətilə türk-xəzər əlaqələrinin genişlənməsinə, onların dövlətçilik gələnəyindən bəhrələnməyə çalışırdılar. Xəzər toplumunu yönətən bəylərin istəyi yalnız 558-ci ildən sonrakı illərdə gerçəkləşməyə başladı. Nüvəsini xəzər toplumunun təşkil etdiyi mərkəzləşmə ilə başlanan bölgə bəylərinin birləşməsi nəticəsində dövlət qurumları tədricən ərsəyə gəldi, 630-cu ildə Göytürk imperiyasının süqutundan sonra bugünkü güney Rusiya çöllərində yeni qüdrətli bir Xəzər xaqanlığı doğuldu.
Xəzərlərin ətrafında birləşən türk boylarının bir qismi Xəzərin güney və batı yaxaları ilə yuxarı qalxanlar, bir qismi də saqat, hun və avarlardan qalan tayfalar idi: qamər, kabar, kedar, gögər, aqaçəri, hun, ağ hun, qara hun, haylanturk, saraqur, utiqur, kutriqur, bulqar, savir və s. Yəhudi dinini qəbul etmiş Xəzər xaqanı İosif isə yazdığı məktubda xəzərlərə daha yaxın qohum soy saydığı yalnız on boyun adını çəkir, məktubda bunlardan ikisinin adı tam oxunmur:
Uqur, Turis, Avar, Uquz, Biz.l, T.r.na, Xazar, Yanur, Bulqar, Savir
— С.А.Плетнева. Хазары. M. 1976, səh 7.
Orduda muzdlu əskərlərdən də istifadə edən xəzərlər mahir döyüşçülər idi. Savaşlarda Böyük Xaqan heç vaxt iştirak etməzdi, döyüşə gedən qoşunun başında şad titulu olan xaqanın oğlu ya da yabgu, eltəbər, tudun kimi yüksək dövlət məmuru, bölgə bəyləri, hakim sülalədən olanlar dururdu. Böyük müharibələr vaxtı isə komandan Xaqan bəy olurdu. Tarixi mənbələrdə deyilir ki, savaşda məğlub olub qayıdanları, xüsusilə Xaqan bəyi böyük cəza gözləyirdi, Böyük Xaqan onun var-dövlətini yağmaladır, özünü də ailəsi ilə birlikdə ictimaiyət qarşısında rüsvay edir, bəzən ölümünə də fitva verirdi.
Sasani-Xəzər münasibətlərində xəzər ordusu zaman-zaman dəyişən mövqe tutmuşdur. Xəzərlərə qarşı farslar davamlı olaraq digər Qafqaz xalqlarından bacarıqla istifadə edirdilər. Ərsaq sülaləsi dövründə daha çox Bizansa qarşı birgə vuruşan xəzərlər, sasani sülaləsi vaxtında əksər hallarda Bizansın müttəfiqi kimi çıxış edirdi. Bu siyasət xəzərlərin Güney və Quzey Azərbaycandakı maraqlarına uyğun qurulur, Azərbaycanda nüfuz dairəsini artırmaq istəyənlərə qarşı olurdu. Məhz, Bizans-Xəzər ittifaqı sasani dövlətini çökdürüb, 627-ci ildə birdəfəlik məhv etdi, bundan sonra özünə gələ bilməyən sasanilər bir neçə il sonra isə islam ordularının tapdağı altına düşdülər.
Xəzər-ərəb qarşıdurması 652-ci ildən başalndı. Xilafətlə eyni dönəmdə qüdrətli dövlətə çevrilən Xəzərin əsas maraq dairələri Avropaya yönəlsə də, hələ bir neçə əsr Azərbaycanda ərəb-xəzər savaşları səngimədi, gah ərəb əskərləri Dərbəndə, Biləncəriyə qədər qalxdı, gah da xəzər döyüşçüləri Ərdəbilə, Mosula, Ərmənə qədər endi. Tarixi mənbələrdə deyilir ki, xəzər xaqanının oğlu Barcil 730-cu ildə Ərdəbili tutur, Azərbaycan – Ərməniyyə hakimi Cərrahı və müsəlman əskərləri öldürür. Bundan sonra Albaniya bölgələrində müxtəlif dəstələrə ayrıldıqlarından ərəblərin əks-hücumu başarılı olur, hətta Barcil Muğanda əsir düşmək təhlükəsi qarşısında qalır. Yeri gəlmişkən, qeyd edək ki, Barcilin bu yürüş marşrutunu şərh edən bəzi xəzərşünaslar Güney Azərbaycanı deyil, yalnız Quzey Azərbaycanı göstərirlər. Məsələn, xəzərlərə aid br neçə kitab yazmış arxeoloq-tarixçi S. A. Pletneva İosif xaqanın yəhudi əlifbası ilə yazılmış məktubundakı D.ralan və Ar.d.vil şəklində verilən yer adlarından birinin Dəryal keçidi, digərinin isə guya Qafqaz Albaniyası ərazisində yerləşən Ardebil olduğunu yazır [4]. Xəzərlər quzeydə qurduqları imperiyanın sınırları içinə çəkiləndən sonra da Güney Azərbaycan əhalisi bir müddət ərəblərə qarşu vuruşdu. Yalnız Babək öləndən sonra Azərbaycanda ərəb ekspansiyası başa çatdı.
Xəzər dövləti X əsrin ortalarından artıq son illərini yaşayırdı. Xəzər dənizinin o biri başındakı türk toplumu içində yaranmaqda olan yeni Səlcuq hegemonluğu Xəzərin bu başındakı türk dövlətinin mövcud uluslararası hərbi-diplomatik rolunun əhəmiyətini azaldırdı. Yuxarıda rus knyazları güclənib, Xəzər bölgələrinə vaxtaşırı hücumlar edir, doğudan axınla gələn kuman-qıpçaq boylarının təzyiqi güclənir, hakimiyətdə bir-birinə qarşı, əhalidə isə hakimiyətə qarşı artan narazılıqlar da öz nəticəsini verirdi.
Xəzərlər artıq yeni minilliyə dövlətsiz keçdilər. Xəzər imperiyasından geniş ərazilərdə qalan türk boylarından bəziləri yeni gələn kuman-kəngər-qıpçaq soydaşlarına qarışdı, dillərinə yeni qıpçaq elementləri daxil oldu. Eyni boydan bəziləri aralı düşüb uzaqda, bəziləri də bir-birinə yaxın bölgələrdə qaldı. Xəzər toplumundakı xristian qaqauz boyu Moldova və Polşada, müsəlman kumuk, qaraçay-balkar boyları Xəzər dövlətinin tərkibindəki qafqazdilli (çeçen-inquş, abxaz, avar, lak, dargin, kabardin, adıq, çərkəz və s.) və irandilli (osetin) qonşuları ilə yanaşı Xəzər-Azaq-Qara dəniz arasında, Şimali Qafqaz dağlarının ətəklərində yaşayır. Yəhudi xəzərlərin bir qismi Krımda qaldı və bura XI-XVI əsrlər boyu İtaliyada Xazariya//Qazariya kimi tanındı. Onların bir qismi də indi karay (karaim) adı ilə Polşa və Litvada yaşayır. Yəhudi xəzərlərin bir hissəsi Azərbaycanın quzey bölgələrinə qayıtdı. Aral ətrafı bölgələrdə oturan və xəzər türkmənləri kimi tanına boyun başçısı Yabğunun soyundan törəyənlər də Səlcuq imperiyasını qurdular. Xəzər toponimi Azərbaycandan Anadoluya qədər yayılmışdır. Türkiyədə bunların çoxu yeni adlarla əvəz olunsa da, bəziləri hələ də qalır:
- Vanda – Xazara (Qaraboyun), Xazar (Kırkcalı)
- Trabzonda – Xəzərqrad (İki dərə)
- Qarsda – Kiçik Xəzriyan (Kiçik Sütlücə)
- Kayseri və Bingöldə – Xəzər-şah,
- Elazığda – Xazar (Plyajköy), Xazar gölü [5]
Xəzərlərin ilkin vətənin hara olması da elmdə mübahisəli olaraq qalmaqdadır. VI əsrdə Efesli İohann bu yurdun Skitiya olduğunu, yəni Xəzər dövlətinin ərazisini göstərir. Bizans tarixçisi Feofan Nikifor isə xəzərlərin böyük xalq olduğunu və onların Berziliya ölkəsindən çıxdığını deyir.
Nikiforun dediyi Berziliyanın Dağıstandan yuxarıda olması mümkündür, çünki oralarda xəzərlərə ən yaxın barsil türk tayfaları yaşamışdır, lakin bura hər iki boyun ilkin ata yurdu yox, ikinci ata yurdu ola bilər. Doğrudur, bəzi tarixi qaynaqlar barsilləri hun və bulqar boyları içində verir, lakin Moisey Xorenli xəzər – barsil birləşməsindən danışır.
Xəzərlər və Azərbaycan türkləri
[redaktə | vikimətni redaktə et]Xəzərlərin Şimali Qafqaza nə vaxt gəlmələri haqqında müxtəlif mülahizələr mövcuddur. İlk dəfə tarixçi Movses Xorenlinin "Ermənistan tarixi" əsərində 3-cü əsrin 1-ci yarısında Dərbənd keçidindən keçərək Qafqaz Albaniyasına hücumları, habelə alban tarixçisi Movses Kalankatlının "Alban tarixi" əsərində Sasani hökmdarı II Şapurun dövründə baş vermiş hadisələrlə əlaqədar adları çəkilir. Xəzərlər dəfələrlə Sasanilərin və Bizansın tabeliyində olan Cənubi Qafqaz torpaqlarına hərbi yürüyüşlər etmiş, onların müəyyən bir hissəsi Azərbaycan ərazisində məskunlaşmışdır. Mənbələrin məlumatına görə, Sasani hökmdarı Xosrov Ənuşirəvan 10 min xəzər ailəsini Azərbaycana köçürtmüşdü. 6-cı əsrin son rübündən Xəzərlər Türk xaqanlığının tərkibinə daxil oldular. 7-ci əsrin 20-ci illərinin sonunda İran-Bizans müharibələrində Bizansın müttəfiqi kimi Cənubi Qafqaza yürüş etmiş türk qoşununun əsas hərbi qüvvəsini Xəzərlər təşkil edirdi[6].
7-ci əsrin ortalarında Qərbi Türk xaqanlığının süqutundan sonra Aşina türk nəslinin başçılıq etdiyi xəzər tayfa birliyi Cənub-Şərqi Avropa çöllərində erkən feodal dövləti olan müstəqil Xəzər xaqanlığının əsasını qoydu. Bu dövrdən Cənubi Qafqaz, xüsusilə Azərbaycan uğrunda təqribən yüz ildən çox davam edən xəzər-ərəb müharibələri başlandı. Azərbaycan torpaqları dəfələrlə əldən-ələ keçdi. Ərəb canişinləri əsir alınmış Xəzərləri ailələri ilə birlikdə Azərbaycanda yerləşdirirdilər. 965-ci ildə Kiyev knyazı Svyatoslavın Xəzərin paytaxtı İtili dağıtması və oğuzların hücumu Xəzər xaqanlığını zəiflətdi və onun süqutuna səbəb oldu. Xəzərlərin əsas məşğuliyyətləri köçəri maldarlıq idi. 8-ci əsrdən əhalinin bir hissəsi oturaq həyata keçərək, əkinçilik və bağçılıqla məşğul oldu. Xəzər xaqanlığı dağıldıqdan sonra Xəzərlər müxtəlif türk xalqları ilə qaynayıb-qarışdılar. Xəzər dənizinin adı Xəzərlərlə əlaqədardır. Ordubad rayonundakı Xəzəryurd dağ adından görünür ki, Xəzər ailələri bu bölgədə də yaşamışlar[6].
Azərbaycan türklərinin etnogenezində və Azərbaycan dilinin (Azərbaycan türkcəsinin) formalaşmasında xəzərlərin böyük rolu olmuşdur. Təsadüfi deyil ki, dilçi Elbrus Əzizov müasir Azərbaycan dilinin bəzi dialektlərinin yaranmasını xəzərlərlə bağlamışdır. Eramızın ilk əsrlərindən başlayaraq xəzərlər Şimali Qafqazdan mütəmadi olaraq Qafqaz Albaniyası ərazisinə yürüşlər edirlər. VIII-IX əsrlərdə Xəzər-ərəb müharibələrinin əksəriyyəti də məhz Azərbaycan ərazisində baş vermişdi. Bunların nəticəsində xəzərlərin bir hissəsi tədricən Azərbaycan ərazisində məskunlaşmışdır. Azərbaycanda Xəzərdağ (Füzuli rayonu), Xəzəryurd (Ordubad rayonu), Xəzər-yaylaq (Lerik rayonu) toponimləri xəzər etnonimini saxlamışdır. Qiyasəddin Qeybulayev qeyd edir ki, Azərbaycandakı Tərnəvit, Ulaşlı, Kəbirli, Qaraçorlu və b. toponimlər xəzərlərin tərnə, kulas, kəbər və karaçor tayfalarının məskunlaşdığı yerlərdir.
XX əsrin ortalarında xəzərlər haqqında Təbərinin məlumatını şərh edən akademik B. Dorn yazır: "İslamdan öncə Xəzər Dərbəndi ifadəsi Azərbaycanın güneyində Rey ilə İrak arasındakı şəhəri bildirir" [7] Təbəriyə görə, xəzərlərlə vuruşan Xosrov Ənuşirəvan onlardan 10 minini Azərbaycanda yerləşdirdi. VI əsrin ikinci yarısındakı olaylardan bəhs edən əl-Bəlazuri hələ Ənuşirəvanın (531-579) vaxtında "xəzər axınının Dineverə qədər uzandığını, Cürzan və Erranın bu dönəmdə xəzərlərin əlində olduğunu" söyləyir və məhz bu sasani şahının xəzərlərlə qohumluq əlaqəsi qurmağa cəhd etdiyini deyir [8].
Xilafət orduları ilə VII əsrin ortalarında qarşılaşan xəzərlərin xeyli hissəsi əvvəl Kürdən yuxarı, sonralar isə Dərbənddən yuxarı çəkilməli oldu. Lakin İslam dövründə də onlar Azərbaycanı tam tərk etmədilər. Xəzər-ərəb qarşıdurması başlayanda Arazdan yuxarı bir sıra bölgələr və Gürcüstanın bir hissəsi xəzərlərə tabe idi. Əl-Bəlazuri qeyd edir ki, Böyük Boğa vaxtında Şamxor şəhəri yenidən quruldu və buraya xəzər əhalisi yerləşdi [9] Qəbələni Xəzər adlandıran həmin tarixçi qeyd edir ki, 737-ci ildə də Mirvan 40 min xəzəri Samur-Şabran arasında yerləşdirdi. Bəzi türk boylarının xəzərləri sabir adlandırması (əl-Məsudi) faktını da nəzərə aldıqda və o dönəmdə Aran-Şirvan bölgəsində 100 min sabir ailəsinin (yarım milyon xəzər) yaşadığını xatırladıqda [10], onda bugünkü Azərbaycan türklərinin formalaşmasında xəzər faktorunun önəmin aydın olur.
Xəzər tarixində qədimə endikcə onların Azərbaycanla bağlılığı artır. Xəzərlərin Azərbaycandan şimala getməsini arxeoloji dəlilər də təsdiqləyir. Arxeoloqların Dağıstanda apardıqları tədqiqatlar göstərir ki, əvvəllər burada olmayan yeni tipli maddi mədəniyyət növü Miladdan öncəki minillikdə, əsasən VII – IV əsrlərdəki bəzi silah növləri, lüləyli su dolçası, atçılıqla bağlı fərqli nəsnələr nümunəsi Cənubi Qafqazdan gətirilmişdir [11]. Xəzər arxeoloji mədəniyyətinin tədqiqatçısı S. A. Pletneva yazır ki, Aktaş çayının qolu Yarıksu kənarında salınmış Azar (Xazar)-qala m.ö II – m.s IX əsrlər boyu fasiləsiz mədəniyyət qatları ilə seçilir [12].
Ərəblərin Azərbaycana ayaq açdığı ilk çağlarda "Araz qırağındakı Beyləqanda bir kəndlinin xəzər dilində səlis danışması" (əl-Kufi) faktı xəzərlərin danışdığı dilin o dövrdə xalq arasında geniş yayıldığını göstərir. "Kartli tarixi" abidəsi həmin çağda Tiflisdə danışılan dillər sırasında xəzərlərin dilini (xazaruli) də qeyd edir [13]. Bu deyilənlər "Azərbaycan və tabeliyindəki bölgələr xəzər məmləkətidir" (Təbəri) fikrinə haqq qazandırır və xəzərlərin ilkin ata yurdunu məhz Azərbaycanda axtarmağa istiqamət verir. Maraqlıdır ki, İosif xaqan Xəzər dənizinin adını Xəzər deyil, bu dənizin güney sahilində yaşayan boyların adı ilə Qurqan adlandırır. Bu da göstərir ki, xəzərlər quzeyə saqa boyları ilə və onlardan bir neçə əsr sonra Güney Azərbaycandan getmişlər. Burada xəzər adının azər şəklində işlənən variantı da köməyə gəlir.
Qədim azər boyları içində yaranan bu iki dialekt fərqi hər hansı bir etnonimlə də fərqləndirilə bilərdi. Görünür, İbn Xaldunun "xəzərlər türkməndir" [14] deməsi məhz bu fərqi bildirir. Bu gün Azərbaycan dili ilə türkmən dili arasında olan həmin fərq aydın görünür. Hətta, Azərbaycan sözünün bu dillərdə tələffüz forması da qədim dialekt fərqini ortaya qoyur. Hələ neçə əsr əvvəl türkmən şairi Əndalıp "Oğuznamə" əsərində deyirdi:
Ki andan sonq Irak, Şirvan-Şamakqa,
Taki Xəzərbeçan, Arzılum yakqa...
Ki andan sonq barıp Eyranı aldı,
Irak, Xəzərbeçan, Teyrannı aldı.
"Koroğlu" dastanının türkmən variantında Qöroqlı (Koroğlu) bir boyda özünü xəzirbeycanlı ("azərbaycanlı") kimi təqdim edir. Həmin boyda belə cümlələr vardır:
"-Menin, aslı kərim xəzirbeycanlı" [15]
"-Ay, xəzirbeycanlı sövdaqər, sen yaqşı qeldin . . ." [16]
Azərbaycan əhalisinin azər dilində danışdığını qeyd edən ərəb-fars mənbələrinə və Azari bölgəsini m.ö. VIII əsrdə Urmu gölü ilə Kərkük arasında göstərən asur qaynağına [17] əsaslanıb, xəzərlərin ilkin Ata yurdunun Azari ilə bitişik olan qədim Bars bölgəsi olduğu qeyd edilir.[18] Assur, Urartu yazılarında Parsua // Barşua şəklində verilən həmin bölgə Manna çarlığının tərkibində idi[19] və burdan çıxıb, Quzey Azərbaycana, oradan da Quzey Qafqaza gedən barsil – xazar boyları burada ikinci Barsil – Xəzər ata yurdunu salmış, bu yeni yurdda min il sonra digər soydaşlarını toparlayıb, qüdrətli Xəzər imperiyasını qurmuşlar.[20]
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ "Encyclopedia Britannica – Khazar". 2015-05-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-02-24.
- ↑ С.С.Богушь. История царства Херсонеса Tаврийского. С.Пет. 1806, səh 278
- ↑ F. Cəlilov – Azər xalqı, II nəşri, Bakı, 2006, səh 38 – 42
- ↑ С.А.Плетнева. Хазары. M. 1976, səh 8
- ↑ Ş.Kuzgun. Hazar ve Karay türkleri. Ankara, 1993, səh 175.
- ↑ 1 2 Naxçıvan ensiklopediyası. Bakı. 2002. səh. 202.
- ↑ Б.Дорн. Известия о хазарах восточного историка Tабари. "Журн.Mин.Н.П.", ч.XLIII, №78, səh 13
- ↑ Ş.Kuzgun. Hazar ve Karay türkleri. Ankara, 1993, səh 53
- ↑ В.В.Бартольд, Сочинения, V т. M., 1968, səh 599
- ↑ A.Z.Velidi Toğan. Umumi Türk Tarihine giriş.(3 baskı), İstanbul, 1981, səh 171
- ↑ История Дагестана. I т. M. 1967, səh 86-89, 94-95
- ↑ С.А.Плетнева. Хазары. M. 1976, səh 29
- ↑ Картлис Цховреба. I т. Tбилиси, 1955, səh 16
- ↑ А.П.Новосельцев. Хазарское государство и его роль в истории Восточной Европы и Кавказа. M. 1990, səh 79
- ↑ Гер-оглы. Туркменский героический эпос. М.1983, səh 165
- ↑ Гер-оглы. Туркменский героический эпос. М.1983, səh 166
- ↑ Ciovanni B. Lanfranchi and Simo Parola. The Correspondence of Sarqon II, Part II. (State Archives of Assyria. v. V, Helsinki Un.Press, 1990, səh 166
- ↑ F. Cəlilov – Azər xalqı, Bakı, 2006, II nəşri, səh 38
- ↑ S. Qaşqay – Manna dövləti, Bakı, 1993
- ↑ F. Cəlilov – Azər xalqı, Bakı, 2006, II nəşri, səh 36 – 38
Ədəbiyyat
[redaktə | vikimətni redaktə et]- Q.Qeybullayev-Azərbaycan türklərinin təşəkkülü tarixindən,Bakı,1994
- E.İ.Əzizov-Azərbaycan dialektlərinin etnik tərkibinə dair,Bakı,1983
- Q.Qeybullayev-Azərbaycan toponimikası,Bakı,1986